Bəyanata yazıçıdan sərt cavab gəldi

Bəyanata yazıçıdan sərt cavab gəldi
16 yanvar 2013
# 12:00

Azərbaycan Yazıçılar Birliyinin yazıçı Mahirə Abdulla ilə bağlı bəyanat vermiş, onun ünvanına müxtəlif ittihamlar səsləndirmişdi.

Mahirə Abdulla Kulis.az-a göndərdiyi məktubda ittihamlara münasibət bildirib.

Mahirə Abdullanın məktubunda deyilir:

Hörmətli Ədalət Əsgəroğlu, hələlik bu yazıda yalnız sənin “Yazıçılar Birliyindən sərt ittiham”larına cavab verirəm. Sonra istədiyin qədər söz güləşdirə bilərsən. Cavabları da bəri başdan hazırdır.

Birinci, “El havasındakı” müsahibəm barədə.

Sənsən AYB-ni dediyin “yalan yuvası”na çevirən! Yazını mənim barəmdə veriblər, mənim də qarşı tərəf kimi fikir bildirmək ixtiyarım var. Bunu səndən soruşmayacağam, həm də cavabda çox gecikmişəm. Günay xanımla bir dəfə, yalnız müsahibə vaxtı görüşmüşük. Suallar mətbuatda gedən yazılar əsasında qurulub, cavabları mən vermişəm. Mən BDU-nun jurnalistika fakültəsini əlaçı diplomuyla bitirmişəm. Jurnalist stajım onun yaşı qədərdir. Kiminsə mənim yerimə yazı yazmasına da, yazdırmasına da yol vermərəm.

Belə mənasız şər-böhtanlarından ruhlanıb yenə deyirsən: “ Onlar yalan-palanla dolu çirkabı ictimai bir qurumun ünvanına sızdırmaqla ədəbi mühitdə çaşqınlıq yaratmağa çalışırlar. İstəməzdik ki, “publika.az” ictimai fəlakətlərə yol açan bir yalan yuvası olsun...”

Bəlağətə bax! Sən hansı ictimai fəlakətdən danışırsan? AYB kiminsə mirası, dədəsi evi deyil. Üzvü olduğum qurumun rəhbərliyini biz yazarlar seçmişik. Demokratik ölkədə hər kəsin söz demək hüququ var. Bu müsahibənin hansısa sən dediyin “ictimai fəlakətə” söz açması gülünc fikirdir.

Ümumiyyətlə, “ictimai fəlakət” sözünün mənasını bilirsənmi? Əminəm ki, bilmirsən.

Ədalət Əsgəroğlu, sən özünü AYB-nin məsul vəzifəlisi adlandırırsan. O zaman AYB-dən daha nüfuzlu dövlət qurumları barədə bu sözləri deyəndə hansı məqsədi güdürsən: “Ancaq 10 ildir ki, Yazıçılar Birliyi təqdimatı Mədəniyyət və Turizm Nazirliyinə göndərir. Prezident Administrasiyasına isə təqdimatı nazir göndərir. Axır zamanlar bizim göndərdiyimiz bütün təqdimatlar nazirlikdə it-bata düşüb. Biz fikirləşirdik ki, yəqin bu fəxri adları yığışdırırlar. Ancaq fəxri adların yığışdırılması təkcə ədəbiyyata şamil olunmamalıdır axı. Onda bu adlar niyə bu günün özündə də incəsənət xadimlərinə verilir? Deməli, məqsəd başqadır”.

Deməli, bu sözlərlə ölkədə, ədəbi mühitdə çaşqınlıq və ictimai fikir yaradan da sənsən.

Kimliyimiz barədə. Sənin dediyin “stul, yer, vəzifə, ad davası” edən sənsən. Sənsən belə şeylərin tamarzısı. Həsəd içini gəmirir. Sənin cəmi 7-8 kitabın var. Mənim 18 şeir, nəsr, publisistik kitabım və albomum var. Hazırda 4 cildlik kitablarımı çap etdirmək istəyirəm.

Deyirsən: “Abbas Abdulladan çox illər sonra AYB-yə məsləhətçi ştatına işə götürülən (işsiz qaldığına görə) Mahirə Abdullanın əmək kitabçasında “Kitab evində həmkarların sədri” vəzifəsi qeyd edilib”. Bəlkə AYB-nin kadrlar şöbəsində mənim şəxsi işimi qəsdən itiriblər, ya sən məlumatsızsan. Əmək kitabçam özümdədir, göstərə bilərəm. Mən AYB-yə gələnədək qəzet redaktoru, “Yazıçı” nəşriyyatının böyük redaktoru, Respublika kitab evinin direktoru, 1200 nəfər işçisi olan “Azərkitab” Respublika kitab ticarəti birliyi həmkarlar komitəsinin sədri olmuşam. 28 yaşında Sumqayıt şəhər sovetinin deputatı idim. Azərbaycan Yazıçılar, Jurnalistlər, Rəssamlar birliklərinin üzvüyəm. Psixologiya üzrə fəlsəfə doktoruyam. AYB-də işimdə qüsursuz çalışmışam. Sənin kimi bir-iki nəfər şəxsi maraqları pozulan insandan başqa hamı mənə hörmət edir.

Bəs sən kim olmusan? AYB-dək heç bir məsul işdə çalışmamısan. Bu, bir daha sübut edir ki, sən özün AYB-yə təsadüfən düşmüsən. Buna görə işini bilmirsən. Bununla 2-ci dəfədir mənim adım haqsız hallanır. Amma sən mövqeyindən istifadə edib ədəbi aləmi zibilləyirsən.

Görəsən sənin kimi qalmaqalçı, yazı qabiliyyəti olmayan, belə vulqar rəsmi açıqlama yazan ikinci mətbuat katibi varmı? Hətta bilmirsən ki, Mətbuat xidmətinin işi ictimaiyyəti çaşbaş salmaqdan ibarət deyil, qurumu ləyaqətlə təmsil etməkdir. Həm də mənim kimi təhqir olunan üzvlərini qurumdan kənarda müdafiə etməkdən ibarətdir.

Sən isə həmişə ziyalı bir qurumda düşmən cəbhəsi açıb, istedadlı insanları gözdən salır, ara qarışdırırsan. Öz adından danışmaqla rəhbərliyi də, bizi də nüfuzdan salırsan. Başqaları yox, sən istedadlı adamların “izinə” düşüb hücum edirsən. Guya irfan şeirlər yazırsan, amma ürəyində zərrəcə Allah xofu yoxdur. Unutma ki, mən hələ Yazarlar Birliyində olmamışam, ziyalı qadına hücuma haqq qazandıran insanlara və sənə bircə sualım olacaq: “Bu yalanları düzmü sayırsınız? Siz ananıza, bacınıza hücum edən insana haqq qazandırardınızmı və onlara hansı məsləhətləri verərdiniz?”

Desələr, sən yalan danışırsan, bu olmayıb, mən bunu haqq qazandırmaq kimi başa düşüb, bu lənətlənmiş qurumda bir saniyə də ayaq saxlamayacağam. Mənim dövlətim, xalqım bu çürüyən AYB deyil.

Sən isə şəxsi məsələlərin barədə yalnız öz adınla danışa bilərsən. Sən AYB rəhbərliyinin yazıçı qadınlara əsil münasibətini, hörmətsizliyini, şəxsən mənə “bacımızsan” deyən bir insan kimi ortaya qoydun. Həm də bu çaşbaş yazınla öz çətin psixoloji durumunu açıqladın. Sən şəxsi marağından ötrü həmişə baş yarmısan, mən yox. Çünki son zamanlar qayınatan Ayaz Vəfalının redaktoru olduğu, AYB büdcəsini söküb, divar qəzeti səviyyəsində çıxan “Ədəbiyyat” qəzetinin müdafiəsindən başın açılmır. Bu gün ürəyin yana-yana AYB rəhbərliyini müdafiə edirsən, azmı olub onların üzünə durub bəyanatlar verdiyin, çınqıl-daş atmağın?

Nə istəyirsiniz, insanları əzəcəksiniz, səslərini çıxartmasınlar? Şəxsən mənim cəlb olunduğum hadisə barədə vaxtında obyektiv məlumat verilsəydi, belə vəziyyət yaranmazdı. Bu baxımdan bu qalmaqalın əsas səbəbkarının biri elə sənsən.

Mən 24 ildir AYB-nin üzvüyəm. Mənzil, ad almamışam, kitablarım çap olunmayıb, bir yazar kimi Bakıdan kənara çıxmamışam. Məsləhətçilikdən əlavə ekspert qrupunun sədriyəm. Bura gələndən illərlə yığılıb qalan 700 qəbul sənədini qaydaya salmışam. Bununla AYB-də çox bazarlar bağlanıb.

Sən mənə “stul, yer, vəzifə, ad davası” edirsən deyirsən, amma özün çətinə düşən kimi mən AYB-də işləyib ailə saxlayıram deyirsən. Ədəbiyyat aləmində ən urvatsız təbəqə qadın yazıçılardır. Sovet dönəmindən sonra bir qadın yazar da “Xalq şairi, “Xalq yazıçısı” adını almayıb. AYB rəhbərliyi – sədr və katiblik həmişə kişilərdən ibarət olub. Ömürlük prezident təqaüdünü yalnız yuxuda görərik.

Mən xahiş etməmişəm mənə ad versinlər, yenə çaşma, mən haqqımı istəmişəm. Mən yalnız bunu istəməmişəm. İstəmişəm yubiley tədbirimi keçirsinlər, əlimdəki 4 cildlik kitablarımı çap etsinlər. Amma nazirliyə bir məktub gedib, bunu başıma vurursunuz. Başıma vurulacağını bildiyim üçün mən o adı istəmirəm. Haqlı olduğumu görürəm, bəlkə də təşkil olunanlar elə bu məktuba görəymiş. İndi ürəyiniz soyusun.

Nə üçün AYB öz üzvləri üçün mümkün olanı mümkün etmir? Bəli, mən də, bütün istedadlı yazarlar da dövlətin bizə qayğısını görmək istəyirik. Bəzilərinə olar, bizə yox? Buna istedadımız da, haqqımız da çatır. Məsələn, sən bir dəfə mənzil almısan, indi ikincisinə əl qatmısan. Evsiz yazarlar ola-ola bir nəfərin neçə dəfə ev alması insafdırmı?

Dediyim yaltaqlıq sənin öz boyuna biçilib. Mən AYB-də “Rəsul Rza” mükafatı almayan bəlkə də yeganə yazaram. Mən çox məqalələr yazmışam, amma Rəsul Rzadan heç nə yazmamışam. Rəsul Rza təfəkkür şairidir, amma ruh şairi Nigar Rəfibəylini daha çox sevdiyim üçün ondan bircə məqalə yazmışam. Habelə, ara qatma, mən Anarı böyük yazıçı sayıram, onun yaradıcılığından cəmi iki maraqlı məqalə yazmışam.

İstəyin budur yazmayım? Anardan yazmaq sənin fikrincə qəbahətdir?

Uzun müddət ədəbiyyatdan uzaq düşməyimi başıma vurursan. Müharibədə əzizləri itkin düşən, əri əsirlikdə, özü ölüm yatağında olan, 4 körpəsiylə yataqxanaya sığınan cavan bacım əziz idi, yoxsa yazı-pozu? Bəsdir ürəyimizi tapdaladınız! O zaman artıq 4 kitabı çıxan, AYB üzvü olan bir yazarla maraqlanmadılar. Amma sənin cəmi 7-8 kitabın var, Xocalı barədə 5-10 səhifəlik poemana 3-4 dəfə təqdimat keçirtmisən.

Mənim isə Vətən, torpaq haqqında 18 kitabım var. Şəxsən sən bircə misramı da yaza bilməzsən. Çünki böyük əsərləri sənin kimi cılız ürəkli insanlar yarada bilməz.

Deyirsən, mən neqativ halları niyə indiyədək dilimə gətirməmişəm? Deyirəm ki, belə təşvişə düşmüsünüz. Əgər bu gün AYB-də kimsə həqiqəti bilib susursa, hətta üzümə dururlarsa, mənim kimi işdən çıxarılmaqdan ehtiyat edirlər. Böyüklər böyük maraqlarını güdürlər, istəmirlər nəsə dəyişsin. Sadə işçilər ailə saxlayırlar. Mən heç kəsi qınamıram. Sən deyilsən mən AYB-də işləyib ailə saxlayıram deyən?

Məgər bizim ailəmiz yoxdur?

AYB-də elə işçilər var ki, heç üzünü görməmişik, elələri var, aylarla işə gəlmir. Məni əsəbiləşdirib xəstə saldınız. Müalicə olunmağa haqqım çatmır? Sən deyilsən, şəkərdən...nədən əziyyət çəkən? Narahat olma, mənim yalnız qan təzyiqim var, bu günlərdə yenə işə çıxacağam.

Sənin kimi insanlar isə 24 il AYB üzvü olan yazar qadına günün günorta çağı iş otağında olunan hücumu iki yazarın münaqişəsi kimi qələmə verib, diqqəti bir çox problemlərdən yayındırmaq istəyirlərsə, səhv edirlər. Mənim yeganə günahım odur ki, gərək AYB-dəki xanım kimi başımı əyib Abbas Abdullanın qapazlarına dözəydim, AYB-nin rəhbərliyi də mənə “afərin” deyəydi. Bu, baş tutmadı, Ədalət müəllim!

Sən “AYB-yə müraciət edib daha dürüst söhbəti dövriyyəyə buraxmaqdan” danışırsan. Anar müəllimlə bir kəlmə kəsməmişəm, o da məni çağırıb, bir söz soruşmayıb. Dekabrın əvvəlində 2 dəfə yalan məlumat yaymısan: “Anar müəllim “dava salanları” çağırdı, danladı və barışdırdı. Birlikdə bir də belə olayın baş verməməyini tələb etdi... Anar müəllim yaşlı-başlı adamları “stul” davasına görə AYB-dən çıxarmayacaq ki?”

Yalan məlumat verməyin bəs deyil, elə bil uşaq hədələyirsən: “ağızları nədir, barışmasınlar”.

Məntiqin olsun, AYB katibliyinin iclasından mətbuatdan xəbər tutmuşam. Stol davasının isə Abbas Abdullaya nə dəxli var idi? Deyirsən ki, “təhqir olunan, söyülən, döyülən Abbas Abdullanı hüquq-mühafizə orqanlarına şikayət məqsədindən AYB-nin rəhbərliyi çəkindirdi”. Sən kimsən məni hədələyirsən? Dünən hücum etmişdim, sabah döymüşəm, deyirsiniz. Mən sənin qarşına tək çıxmışam, siz dəstəylə. Dediyin dürüstlük budurmu? Bəlkə xüsusi təmkininlə seçilirsən? AYB haqqında başqa yazılara o saat “tutarlı” cavablar verə bilirsən. Xalq yazıçısı Əkrəm Əylisli bir demişdi, beş cavabını verdin. Hətta təhqirə təhqirlə! Sən kimsən sağa-sola adamları dalayırsan? Nə üçün AYB-nin ünvanına bu qədər sözlər deyilir?

Bəs keçən həftə koridorda 2 AYB işçisinin qaydasız döyüşünü niyə katibliyə çıxarmadın?

Səninlə Saymanın gedişləriniz mənə 37- ci ili xatırladır.

Təhqirlər, yaltaqlıq, nanəciblik, oyunbazlıq, mənfəət güdmək sənin ağ yalanlarının yanında heç nədir, Ədalət Əsgəroğlu! Amma indi 37-ci il deyil. Nə üçün həqiqəti danıb özünü hörmətdən salırsan? Mənim səndən fərqim odur ki, yalan danışmıram. Sən yanvarın 11-dək bir dəfə də mənə zəng etməmisən, telefonlardan çıxarış edərəm, amma sən 2 dəfə yalan açıqlama yazmısan.

Bu qədər saxtalıq olmaz! Dediyin mişar daşıyla sənin kabinetinin qapısını hörmək lazımdır ki, dahiyanə iftiraların axıb binanı murdarlamasın.

Abbas Abdulla nə deyir desin, mən ondan şikayət etməyəcəyəm, özü nə edir etsin. Sonda Allahın bir adı da həqiqətdir, ey yalançı Allah şeirləri yazan! Mən susanda sən şəxsiyyətimi alçaldan açıqlamalar verdin. Buna görə məsuliyyət daşıyırsan.

Bu gün Anar müəllim kimi yazıçıları dilə-dişə salan sənin kimi vəzifəsindən sui-istifadə edib, bizi şəxsi davalara çəkənlərdir.

Sən həm də yaddaşsızlıqdan əziyyət çəkirsən. “Üzvlərin əksəriyyətinin istedadsız olduğunda” məni günahlandırmaq nə qədər gülüncdür. Məndən öncə sizlərin təqdimatı və vasitəçiliylə AYB-yə 1500 nəfərdən çox üzv qəbul olunub, indi hələ dəqiq sayıni bilmirik. Anar müəllim isə belə deyib: “...böyük nöqsanımız budur ki, Yazıçılar Birliyini çox şişirtmişik, üzvlər həddindən artıq çoxdur. Birini bir adam zəng eləyir xahiş edir, nəsə müxtəlif səbəblərdən üzvlər qəbul edirik. İndi 1500 üzvümüz var, onlardan bəlkə də yüzü yazıçıdır, 1400-ü yox”.

Sən mətləbi qəsdən qarışıq salıb, AYB-dəki “demokratik” sistemə şəkk gətirirsən. İndiyədək bilmirsən ki, ekspert qrupunun üzvlüyə qəbul etmək səlahiyyəti yoxdur. Biz yalnız sənədləri təqdim edirik, qəbul katiblikdə olur. Katiblik istədiyi sənədi qaytara bilər.

Mən hamının dediyini daha az deyirəm. Sən isə hələ bu günədək vəzifəndən yararlanıb öz şəxsi mövqelərini ortaya qoyursan. Sənin “Sayman Aruzla olan olay da həmçinin... şər, böhtan, iftira – Abbas Abdulla olayı eynən Sayman Aruzla olan olayın eyni notlu ssenarisidir” sözlərini özünə qaytarıram.

Ədalət Əsgəroğlu, mən dediyimə məsuliyyət daşıyan insanam. Sayman Aruzu yenə mənim üstümə qaldırdınız. Sayman bu gün AYB rəhbərliyini birbaşa mənə qarşı qoyur, yenə adınızdan danışır. Saymandan dediyi hər sözün təsdiqini tələb edəcəyəm. Sən onun mətbuatda gedən “Quzey Azərbaycan vətəndaşları elə o fars köləsi olan güneyli “soydaş”larımızın əlində əsirdirlər.” “Güneydə bizə işgəncə verən, zindana salan, basqı altında saxlayanlar elə, özümüzdən olan satılmışlardır” sözlərinə haqq qazandırırsansa, daha Vətən, torpaq haqqında yazma. Bu sözlər, Saymanı milləti təhqir edən sözlərinin bir faizi də deyil.

Necə olur, Əkrəm Əylisli səni kölə təfəkkürlü adlandıranda dözmürsən, amma bütün millətimizə kölə deyilməsini qulaqardına vurursan? Nə üçün həqiqəti bu qədər təhrif edirsiniz? İki yazıçını sizlər üzbəüz qoydunuz? “Təhqir olunan, söyülən, döyülən Abbas Abdulladır” deyirsən. Sən demə, mən əsl cəngavərəm, bilməmişəm.

Abbas Abdulla ilə aramızda daim hörmət olub. Amma siz xəstə bir şairin maaşını qaldırmaq əvəzinə yalandan canıyananlıq edirsiniz. Bu suala cavab ver ki, nə üçün rəhbər işçilərin, elə sənin də maaşın məndən, Abbas Abdulladan, elə aşağı təbəqə kimi saxladığınız işçilərdən 2 dəfə çoxdur?

Mən bunları və daha başqa nöqsanları Anar müəllimə yazılı demişəm, faydası olmayıb.

Mənim “Anarın şəxsiyyətinə bol-bol təhqirlər işlədən, hikkə-təkəbbürlə, qəzəblə, kinlə ətrafa zəhər səpələyən” (sənin sözlərin) xanımı müdafiə etməyimə gəlincə, sən özün bu yazınla hansı mədəniyyəti ortaya qoydun? Özünə sual ver, nə üçün istedadlı insanları o qədər sıxırıq ki, onlar dillənirlər?

Məni niyə cəzalandırmağa çalışırsınız? Mən ki susub durmuşdum. Amma sənin səsin hamıdan bərk çıxırdı, çünki bizi AYB-də təsadüfi sayırsan. Bil ki, AYB şəxsi biznes deyil, kimdənsə minnət götürək, başımıza vurula. Sən bu quruma qara ləkəsən ki, silməklə təmizlənmirsən. Mən çox yerlərdə çalışmışam, amma Sayman və sənin kimi bu qədər saxta, gözünü qırpmadan yalan danışan insanlar görməmişəm. Elə buna görə də nəfəsi yalanla gedib gələn Sayman Aruz onu ifşa edənlər barədə belə əsassız sözlər yazır: “İçimizdə olan satqınlar dayanmadan işləyirlər. Millətini sevənləri şərləməklə nəyəsə nail olmaq istəyirlər. Bu sözləri yaymaqla Anar Rzayevin, Fikrət Qocanın, Milli Təhlükəsizlik Nazirliyinin işini sual altına qoyurlar. Belə çıxır ki, Sayman Aruzu müdafiə edənlərin hamısı İrana işləyir”.

Heç olmasa şair adına hörmət et, Allahdan qorx. Bir xəcalət çək! Utanmadan ailəmə də əl qatırsan. Özünə gəl və özünü yığışdır. Bir ailədə 3 nəfərin AYB üzvü olması baş alçaqlığı deyil. Mən həmişə Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Günel Anarqızı, Səməd Vurğun, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və başqa yazıçı ailələri ilə fəxr etmişəm. Mənim həyat yoldaşım da, qızım da səndən istedadlı yazarlardır. Onlar haqqına təqaüd alıblar. Elə sən də, kürəkənin və “Ədəbiyyat” qəzetinin redaktoru olan qayınatan Ayaz Vəfalı, başqa qohumların da o təqaüdü alıbsınız.

Üzümə durub desən, bu olmayıb, təəccüblənmərəm. Yaltaqlıq odur ki, hamının yaxşı bildiyi həqiqət kiminsə xeyrinə təhrif olunur.

O zaman sənin “Ev havası”na pəncərə olaraq üfunəti təmizləmək məcburiyyətində qalırıq...” sözlərinə cavab verirəm. Bu üfunət sənin yalanlarının qoxusudur ki, AYB-nin də canına çöküb. İki dəfə zərərçəkən insanın iştirakı olmadan iclas keçirilir. Heç olmasa, bəziləri həqiqətin üzünə baxa bilmirlər, amma sənə və işi-gücü bilinməyən Saymana görə xəcalət çəkirəm ki, rabitəsiz, ayağı, başı bilinməyən cümlələrinizin buxovundan çıxa bilmirsiniz.

AYB-də yenə təhqirlər var, dava-dalaş da var. Hələ kəsici alətlər AYB-də yalanların başını kəsməyib, amma sizin təpikləriniz, yumruqlarınız o müqəddəs binanın divarlarını möhürləyib. Bu yaxınlarda sənin AYB-nin koridorunda Əsəd Cahangirlə əlbəyaxa tutaşmanda araçılıq edən başqa sair qarnına dəyən təpikdən bir neçə saat divarın dibindən ayağa qalxa bilmədi. Sadəcə mən sənin kimi xəbis deyiləm ki, iş yoldaşıma qara yaxım.

Mən AYB-də öz yerimdə, öz ştatımdayam. Stol söhbətini siz salmısınız, fikrimi soruşmusunuz, demişəm. Kiminsə mənfəətinə çalışan kənar işçilər yaradıcılıq otağımızı da “fəth” edib, bizi iş yerimizdən didərgin salırlar.

Danışığını çaşma, özünü nəzarəti də itirmə. “İkrah doğuracaq ifadələri” məhz sən işlədirsən. Haqlı tənqid səni yaman silkələyib. AYB kolxoz deyil ki, mənim kimi 24 illik üzvlük stajı olan yazarı tənqidə görə qapıdan çıxarasınız. Məni işdən və AYB üzvlüyündən çıxarmaq o qədər asan olmayacaq. Mən getsəm, sən və bəzi yaltaqlar məndən qabaq gedəcəklər. Mən heç nə itirməyəcəyəm, amma sən çoxdan didişdiyin ev payından məhrum olacaqsan. Mən belə kabinetləri çox görmüşəm, amma isti kabinetini itirmək sənin üçün faciə olacaq.

Mənim səbrimdən ibrət götür. İnsanlar özləri özlərini sənin kimi belə ifşa edirlər: Özün deyirsən ki, «evin havası» dəyişsə yaxşıdır”.

Yalnız indi səninlə şərikəm, Ədalət Əsgəroğlu! AYB-ni sənin kimi qəlbi kif atmışların üfunətindən təmizləmək vaxtı çatıb.

# 2526 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #