Ədəbiyyat turizmi nə deməkdir?

Ədəbiyyat turizmi nə deməkdir?
10 iyul 2013
# 12:00

“The Guardian” qəzetinin arxivində Charlotte Higginsin Bakı haqqında (Wacky Baku) məqaləsi var. Məqalədə bir intellektual turistin Bakıda necə darıxmasından bəhs edir, Bakının astarını üzünə çevirir. Düzdür, yazı on il əvvəl çap olunub, ancaq konkret onun pislədiyi məsələlərdə nə dəyişib?! Ch.Higgins kimdir, bu qəzetin İncəsənət şöbəsinin rəhbəridir. İncəsənət mövzularında kitablar yazır. Təsadüfi adam deyil. Bakıdan əvvəl və sonra onlarca şəhər haqqında tərifli, tənqidli yazılar yazıb...

Amma yarım milyon əhalisi olan balaca Edinburq haqda belə səyahət rəyləri həmişə təriflə dolu olur, Edinburq birmənalı şəkildə maraqlı mədəniyyət şəhəri hesab olunur. Dünən Edinburqa bir həftəlik səfərdən qayıtmışam. Edinburqun metrosu yoxdur. Tramvayı hələ bu günlərdə çəkilməkdədir, tərslikdən bizim qaldığımız otelin qabağında bir həftə dır-dır-dır rels düzdülər. Yolları Bakının mərkəzi küçələrinin yolları kimi şümal deyil, yamaq-yamaqdır. Binaları qaşınmır, çirklidir. Ancaq turistlər buranı çox sevir.

Həm şəhərin dərəli-təpəli relyefinə, Leyt çayına, tarixi binalarına, Edinburq qəsrinə, Kalton təpəsinə görə. Həm şəhərin ədəbiyyat-sənət həyatına görə.

Burda hər şey – köhnə şəhərin kilsələri, təzə şəhərin binaları, qəbristanlıqlar, qəsr, Valter Skot qülləsi, şəhərdə gözə dəyən hər bir şeyə ədəbiyyatdan, sənətdən jaket geydirilib. Misal üçün, pul muzeyi. Bu muzeydə pul, bank tarixindən gələn eksponatların hərəsi haqqında bir hekayə yazıblar, muzeydən çıxanda elə bilirsən qəhrəmanları pulkəsənmaşın, pulqabı və puloğurlayan siçovul olan bir roman oxudun.

Və ya Şotlandiya parlamenti. Siyasi mərkəzdir, onların Milli Məclisidir, ancaq baxanda gözlərinə inanmırsan, postmodern arxitekturalı binada yerləşir. Bu, 2004-cü ildə tikilmiş taxtadan-dəmirdən-şüşədən yarımçıq kubik-rubikə oxşar bir inşaatdır.

Hər daşın haqqında bir nağıl yazıb vurublar üstünə. Məsələn, Parlament meydanında təxminən mən boyda beş dənə daş qoyublar, birinci daş - Şotlandiyanın çox uzaq geoloji keçmişinin rəmzidir, hələ qitələr indiki düzümündə olmayan vaxtlarda Şotlandiya haradaymış, nə şəkildə daşlardan ibarətmiş, guya oradan bir nümunədir bu romantik daş. İkinci daş bir neçə milyon il sonranı təmsil edir... Və nəhayət, gələcəkdə - 250 milyon ildən sonra qitələr birləşəndə Şotlandiyanın yeri hara olacaq, bir ehtimali xəritə, bir gələcək daşı və o daşın hekayəsi.

Yaxud da Edinburq qəsrini tanıdan sözlər. İçərişəhər boyda ərazidə, şəhərin mərkəzində, çox hündürdə, sönmüş vulkanın, bazalt qayaların üstündə yerləşən əzəmətli bir qəsrdir. İki saatlıq uzun növbələrdən sonra girirsən bu qəsrə və elə bil rəvayət gecəsinə düşürsən. Turistlərə qəsrin bir-birindən təsirli hekayələrini danışmağa başlayan audio-bələdçilər satılır. Doğrudan da adam kədərlənir. Sarsılmaz olsun deyə, bazalt qayaların üstündə tikilən bu qəsri elə bu bazalt qaya ələ verirmiş. “Bazaltın kimyəvi xüsusiyyəti elədir ki, su saxlamır. Buna görə mühasirələr vaxtı həmişə bu qəsr susuzluqdan təslim olurmuş. Bazalt qayanı sarsılmaz bilib qəsri onun üstündə tikəsən, sonra da elə o bazalta görə asanca diz çökdürüləsən...”

Edinburqlular öz yazıçılarının nəinki ev-muzeylərini, kitablarında bəhs etdikləri məkanları, kitabların süjetlərini də xarici turistlər üçün gəzinti turlarına çeviriblər. Paketləyiblər, üstünə qiymət yapışdırıblar. Elə bil, Bakıya gələn xarici turistlər üçün “1937-ci il turu”, “Əli və Nino turu”, nə bilim, “Molla Nəsrəddin turu” turu açmışıq. Bunun üçün Bakının xəritəsində 1937-38-ci il hadisələrinin olub keçdiyi ünvanları bəlirləmək, sonra onlardan bir xətt keçirib düz Nargin adasındakı güllələnmə səngərinə doğru uzatmaq lazım imiş. Necə ki, Edinburqa gələn turistlərə çoxlu ədəbiyyat turları təklif olunur. Misal üçün:

  • Şotland yazıçı J.A. Hendersonun kitabları əsasında cızılmış “Edinburq-ruhlar şəhəri” adlı qorxulu yerləri, paranormal ruh ocaqlarını, tarixi qəbirstanlıqları gəzdirən tur. Adambaşına 20 manat. Bu turların hər birinin internet səhifəsinə də baxmanızı təvəqqe edirəm. www.cityofthedeadtours.com

  • Edinburq Ədəbiyyat kafeləri turu. Professional aktyorlar bu tura bilet alan ağıllı turistləri şəhərin ədəbiyyat kafelərini gəzdirir, onları ədəbiyyat pab və kafelərində çağdaş yazıçılarla görüşdürürlər. www.edinburghliterarypubtour.co.uk

  • Sonra Edinburq Kitab sevənlər turu. Yazıçılar Muzeyinin qarşısında start götürən bu tur turistləri Walter Scott, Robert Louis Stevenson, Robert Burnsın həyat və yaradıcılığıyla tanış edir, “faktlar və əyləncə, şərhlər və gülüş” vəd edir. Turun aparıcısı Allan Foster adlı bir şəxsdir ki, o həm də “Ədəbiyyat səyyahı Edinburqda” adlı cib kitabı yazıb turistlər üçün. www.edinburghbookloverstour.com

  • Detektiv romanlar müəllifi şotland Ian Rankinin çox satılan “Müfəttiş Rebus” kitablarıyla bağlı hər şeyi əhatə edən bir tur. www.rebustours.com

  • “Trainspotting” adlı tur. Çağdaş şotland yazıçısı, 1958-ci il təvəllüdlü Tim Bell-in “Trainspotting” romanı və ona çəkilmiş eyniadlı film haqda söhbətlər turu, Leyt qəsəbəsinin mənzərəsi fonunda gəzintilə birlikdə. www.leithwalks.co.uk

Hələ “Harry Potter”-in müəllifi J.K.Rowlingi ihamlandıran yerləri gəzdirən tur da var. Dövlət də, insanlar da, incəsənətə və ədəbiyyata bayraq qədər, kral qədər, pul qədər ciddi yanaşırlar. Əlbəttə ki, bu adamların bildiyi bir şey var ki, belə edirlər. Baxırsan ki, çox böyük, içəridəki kolleksiyaların yerləşəcəyindən qat-qat böyük ərazilər və binalar verilir qalereyalara, muzeylərə. Şotlandiya Müasir Sənət Qalereyasını götürək. Həyətində iri bir göl salıblar, bir-birindən aralı çoxmərtəbəli iri binalar veriblər. Yəqin ki, şəhərə mədəni şəhər obrazı yaratmaq üçün.

Bir binaya baxırsan, Şotlandiya Hekayə qiraəti Mərkəzi (Scottish Storytelling Centre), o birisinə baxırsan, hər axşam şeir gecəsi keçirən Şotlandiya Poeziya Kitabxanası. Bu da Saint Andrew Meydanı, burda müasir şairlərin şeirlərini oxuyurlar, başqa sözlə, təbliğ edirlər. Hələ hər ilin avqustu Edinburq Ədəbiyyat Festivalı. Əgər UNESCO başdan-ayağa bütöv bir şəhəri mədəniyyət abidəsi kimi qoruma altına alırsa, bu, həmin şəhərin indiki sakinlərinin yox, keçmiş sakinlərinin qüdrətidir. Tikiblər, qoyub gediblər. Ancaq UNESCO Edinburq şəhərinə təkcə mədəniyyət abidəsi statusu verməyib, həm də ayrıca Ədəbiyyat Şəhəri statusu verib. Bu, artıq indiki sakinlərinin qüdrətidir.

Edinburq adamda sənət həssaslığı yaradır. Küçədə hər yana o gözlə baxmağa başlayırsan ki, indi bu dəqiqə Nə İsə çıxacaq qarşıma. Və çıxır. Adi ara küçələrlə getdiyin yerdə bir də görürsən bir kilsənin üstünə “Sin” (Günah) yazılıb, pəncərələrinə od-alov rəsmləri vurulub, içəridə gecə klubu yerləşir. Yaxud postmodern parlamentlə üzbəüz bir böyük dinozavr qalereyası var. Məktəb uşaqları üçün. Orda tualetlərin yerini nişan verən bir lövhə vurublar divara. İşarələrin biri qadın, biri kişi, o biri dinozavr.

İstədin-istəmədin baxan kimi özünü o lövhədə axtarırsan, bir anlıq qadın işarəsilə dinozavr işarəsinin arasında qalırsan.

# 8238 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #