(Ernesto Gevara dela Serna)
Boğulan küçüyün qınağı
(hekayə)
Syerra-Maestra dağlarında günlərimiz xeyli məşəqqətli keçirdi və həmin günlərdən biri yaddaşımda xüsusilə silinməz iz buraxıb. Sançes Moskeranın bir dəstə əsgərinin iziylə gedərkən biz Turkino çayını əhatəyə alan Aqua-Reves vadisinin şux meşələrlə örtülü, sıldırım qayalarına ehtiyatla dırmanmağa məcbur idik.
Kəndlilərin daxmalarını yandıran, özlərini isə öldürən o Moskera qansız cəlladın biriydi və başının dəstəsiylə həmin günlərdə Nevada yüksəkliyinə tərəf yola düzəlmişdi. Oranı öz aramızda «Topalın platosu» da adlandırırdıq. Əslində bu, yüksək bir təpə sayılmalıydı və zirvə qismi dümdüz idi. Sonradan həmin yerə «Ölü platosu» adı verildi.
Sözünü etdiyim vaxtlarda Kamilo Syen-fuetosun dəstəsi orada məskunlaşmışdı və o, özünün say-seçmə on iki adamıyla birlikdə düşmənin qabağını kəsməliydi. Yüz əllidən çox düşmən əsgərinin qarşısına çıxmaq üçün onlar üç ayrı dəstəyə bölünmüşdülər. Mənim vəzifəm isə Sançes Moskeranın əsgərlərinə arxadan hücum etməklə, onları mühasirəyə salmaq idi. Ona görə də biz düşmənlə aramızda bəlli bir məsafə saxlayaraq irəliləyir, daxmaların damından yüksələn tüstülərə və düşmən əsgərlərinin çığır-bağırına görə hərəkət yönümüzü seçirdik. Düşmən dəstəsi arxayın şəkildə, yolun tən ortasıyla irəlilədiyi halda, biz sıldırım qayalara dırmanmağa məcbur idik.
Ov iti cinsindən olan, bir neçə həftəlik küçüyü çıxmaq şərtiylə, hələlik hər şey yolunda gedirdi. Bu heyvan biz hərbi bazadan çıxandan bəri dalımızca düşmüşdü. Dostum Feliks bir neçə dəfə küçüyü qovmağa cəhd göstərsə də, o, dəstənin ardınca düşüb gəlməyindəydi. Çətin keçilən yerlərə gəlib çıxmışdıq. Biz cəngəllikləri yarıb keçir, böyrü üstə düşən, üzəri lianalarla örtülü ağacların üstündən adlayırdıq.
Düşməndən aralanmayaq deyə, addımbaşı cürbəcür əziyyətlərə qatlaşır, onu duyuq salmamaqdan ötrü səssiz-səmirsiz irəliləməyə çalışırdıq. Silah yoldaşlarımız ayaqlarının altda quru budaqlar şaqqıldamasın deyə, ehmallı davranırdılar. Min bir cəhdlə qoruduğumuz bu sükut qəflətən küçüyün şikayət dolu hürüşü və zingiltisi ilə pozuldu: zavallı heyvan yıxılan ağacın üstündən adlaya bilmədiyindən bizlərdən kömək istəyirdi.
Yoldaşlardan biri geri dönüb küçüyə yardım elədi və dəstə təkrar yola düzəldi. Bir qədər sonra dincəlmək qərarına gəldik və aramızdan birisini gözətçi qoymaq şərtiylə, talaya səpələndik. Bu ara küçük təkrar hürməyə və zingildəməyə başladı: bununla onu talada təkbaşına atıb gedəcəyimizdən qorxduğunu bildirirdi hər halda.
Vəziyyəti belə görcək, qətiyyətlə dedim: «Feliks, bu heyvanı susdurmaq lazımdır. Küçüyü boğmasan o, əməliyyatı pozacaq». Mat-məəttəl mənə baxan Feliks dinməz-söyləməz yerindən qalxdı. Silah yoldaşlarımızın yaratdığı çənbərin mərkəzində o, küçük ilə üz-üzə qalmışdı indi. Cibindən ağır-ağır çıxartdığı və küçüyün boğazına keçirtdiyi ipi Feliks artıq düyünləməyində idi. O ara küçük quyruğunu bulamağından qalmırdı.
Az sonra xırda quyruq qıc olurmuş kimi dartılmağa başladı və onun hərəkətləri itin çıxartdığı xırıltılara uyğunlaşdı. O anlar bizə bir əsr qədər uzun gəldi. Ən nəhayət, küçük son dəfə dartındı və birdəfəlik qacıdı. Artıq o arıq, balaca varlıq başını yana əyərək çəmənlikdə donub qalmışdı. Biz isə bircə kəlmə də kəsmədən yolumuza davam elədik.
Sançes Moskeranın dəstəsi bizdən xeyli aralanmışdı, ona görə də tələsməliydik. Qəfildən uzaqda atəş səsləri eşidildi. Əsgərlərimiz düşmənlə döyüşə girən Kamiloya dəstək məqsədiylə yoxuşla üzüaşağı, kəndə sarı cumdular. Küçədə ehtiyatla irəliləyirdik, istənilən an düşmənlə rastlaşa bilərdik. Ona görə də kəndin sonuncu daxmasına çatana qədər xeyli vaxt keçdi.
Digər daxmalar kimi bu da kimsəsiz idi və düşmən əsgərlərinin bu evdə olduğunu sübut edən heç bir nişanəyə rastlamadıq. İşi belə görəndə bizim dəstədən bir cüt kəşfiyyatçını Nevada platosuna yolladıq. Az sonra geri dönəndə onlar bildirdilər ki, orada da heç kəs yox imiş və üstü təzəcə torpaqlanan məzarı açanda orada əsgərin dəfn olunduğunu görüblər.
Mərhumun köynəyinin ciblərində tapılan sənədlərə baxan kəşfiyyatçılarımız anlamışdılar ki, girdiyi döyüşdə düşmən təkcə o əsgəri itiribmiş. Kəşfiyyatın əldə etdiyi bütün məlumat bundan ibarət idi. Həmin yüksəkliyin çevrəsində dəstəmiz müəyyən izlərə rast gəlsə də, bir bəni-adəm gözə dəymirmiş.
Yorğun-arğın və ruhdan düşmüş halda biz öz hərbi bazamıza dönməli olduq. Düşməndən gizlənməyə gərək qalmadığı üçün vadidən keçən yolla, qorxusuz-ürküsüz irəlilədik.
Gecəyə doğru Mar-Vede kəndinə çatdıq. Əhali kəndi tərk elədiyindən biz boş evlərdən birində məskunlaşdıq. Yoldaşlar yuka (qida kimi işlənən meyvəköklü bitkidir – A.Y.) ilə çoşqa qızartmağa girişdilər. Az sonra axşam yeməyi hazır oldu. Kim isə qonşu evlərin birindən tapdığı gitaranı dınqıldatmağa başladı. Görünür, Moskeranın əsgərlərindən birtəhər canını qurtarmağa çalışan kəndlilər qaçarkən özləriylə hər hansı qənimət götürməyə macal tapmamışdılar.
Heç bilmirəm o gecə nə idi bizə təsir edən: qəmli musiqi, bürkülü gecə, yoxsa ki, yorğunluq…
Döşəmədə oturub, yemək yeyən Feliks sümüyü bir kənara elə atmağını gördü, o dəqiqə haradan çıxdığı bəlli olmayan bir ov iti onu qamarladı. Həmin an evə gözlənilmədən sükut çökdü. Başının sığallanmasından xoşhallanan it gözlərini Feliksdən ayırmırdı.
Bu vaxt hamımız günahkar baxışlarla bir-birimizi süzdük. Ürəklərimizdə soyuq bir sızıltı dolaşdı o ara. Qarşımızdakı itin baxışlarından bu gün əbəs yerə boğduğumuz o küçüyə xas, xəfif bir qınaq oxunurdu.