Kamal Abdullanın hekayəsi
("Səhvlərimizin qrammatikası" silsiləsindən)
Şahlar, sultanlar, imperatorlar və onların bənzərləri haqqında tarixi, fəlsəfi, külturoloji tədqiqləri kifayət qədər oxuyandan sonra o, nəhayət, belə bir nəticəyə gəldi ki, bu mövzu onun mövzusu deyil. Milli Akademiyanın Dil və Təfəkkür institutunun elmi işçisi Zahid Fərzəli, beləliklə, heç də "bənzər" mövzusundan əlini birdəfəlik çəkmirdi. O bununla, sadəcə, "hökmdarlar" xəttini bu mövzunun içindən uzaqlaşdırırdı. "Bənzər" probleminə marağını isə qətiyyən qeyb etməmişdi. Cavanlığına baxmayaraq tanınmış alim olan Zahid Fərzəli bundan sonra "bənzərlər"in qədim və orta əsr Azərbaycan klassik şair və yazıçılarının həyatındakı rolunu tədqiq etməyi qarşısına məqsəd qoyacaqdı.
O əmin idi ki, qədim şairlər yaşadıqları müxtəlif dövrlərdə, ta ki fotoqrafiyanın icadına qədər, öz bənzərlərilə sirli və maraqlı münasibətlər yaşayıblar. O da təbiidir ki, söhbət ancaq tanınmış və məşhur şairlərdən gedir.
Bu fikrini və məqsədini işlədiyi institutun Elmi Şurasında bir qədər təmtəraqlı şəkildə bəyan etdikdən sonra Zahid Fərzəli qaliblər ədası ilə iş yerinin dəhlizlərində gəzən zaman rəqibini elə indicə fəndə salıb məğlub etmiş pəhləvana oxşayırdı. Rəqib dediyimiz mövzu idi -- bənzərlər qalereyası mövzusu. O isə, nəhayət, bu mövzunun sərhədlərini dəqiqləşdirib başının üstünü alan, fənd işlədib nəfəsini kəsməyə hazır olan pəhləvan.
Bizə məlum olan bu səbəbdən Zahid Fərzəli özünü xeyli xoşbəxt hiss edirdi.
İlk olaraq Zahid Fərzəlinin yadına, əlbəttə ki, ədəbiyyatımızın sönməz günəşi Füzuli düşməliydi, o da düşdü.
Füzulinin bənzəri varmıydı, yoxmuydu, o bunu bilmirdi. Yəqin ki, şah bənzəri kimi bənzəri olmazdı – buna ehtiyac yox idi. Amma Füzulidə ikiləşmə var idi. Bu ikiləşmə bənzərin bir başqa forması, təcəssümü deyilmiydi, idi. Bu düşüncələr onu müəllimi Kamran Abbaslının təhrikiylə Füzuli qəzəlinin sonuncu beytinə gətirdi. "Füzulinin qəzəl sonunda öz-özünə müraciəti digər şairlərin qəzəl sonundakı özlərinə müraciətdən fərqlənir." Müəllimi -- Füzulini və daha kimləri ona ürəkdən sevdirmiş, indi artıq özünə danılmaz ustad saydığı mərhum Kamran Abbaslı belə deyirdi.
Digərlərində bu, nə qədər formal, qəzəl janrının tələblərinə riayət xətrinə və adicə janra yarınmaq kimi səslənirdisə, -- Kamran Abbaslı israrla davam edirdi, -- Füzuli özünün sonda səslənən "ey Füzuli!" müraciətilə bir o qədər canlı və oynaq idi, elə bil, şair öz-özünə deyil, bir başqasına üz tutub dediyini deyir. Bu başqası da qəribə bir başqası idi. Onda uşaq məsumluğu vardı. Amma eyni zamanda bu bir başqası həm də Füzulinin özü idi. Həm özü idi, həm də özü deyildi.
Bu cür müzakirələr zamanı Müəllim, Zahid Fərzəlinin yadına Heraklitin məşhur "Bir çaya iki dəfə girmək olar, yoxsa yox?" sualını salırdı. Sonra da Bertran Rasselin bu suala cavabını xatırlayırdı: "Həm olar, həm də olmaz." Di gəl, ay Zahid Fərzəli, bunu adam kimi başa düş, görüm, necə düşürsən?! Necə yəni, həm olar, həm də olmaz?!
Bir dəfə isə Müəllim lap ağ elədi, ona dedi ki, əgər sən bu iki məqamı eyni vaxtda təsəvvür edə bilmirsənsə, səndən nəinki dilçi, ümumiyyətlə, alim çıxmayacaq. O vaxt Zahid Fərzəli bərk təəccüblənmişdi. Bu axı necə ola bilər?! Aristotelin sözü olmasın, insan ya diridir, ya da ölüdür. Çaya ya girirsən, ya da girmirsən. Bu boyda əksliklər bir yerdə ola bilməzlər axı…
Təkəbbürlü Müəllim isə onun bu təəccübünə, sadəcə, saymazyana bir istehza ilə gülümsünmüş və dediklərini bir daha təkrar etmişdi. Bu zaman o, Rasselin cavabını hətta bir qədər dəyişdirmişdi:
- Həm həmən çaydır, həm də həmən çay deyil. Bax, bunu lazımdır təsəvvür eləmək!
"Bu adam məni ələ salır!" -- o zaman belə düşünən Zahid Fərzəlinin daxilində tufanlar oynamış, əlacsızlıqdan dili-dodağı əsmişdi. Necə nifrət eləmişdi Kamran Abbaslıya, bunu bir Allah bilir. Həm ona nifrət eləmişdi, həm də ona dərin pərəstişdən özünü xilas edə bilmədiyinə görə özünə nifrət eləmişdi. Bax, budur, ikisi bir yerdə, bu dəfə alındı! Həm sevgi, həm nifrət. Çay isə… Çay isə qəliz məsələdi. Bir çaya iki dəfə həm girmək olar, həm də olmaz – o bu iki məqamı bir yerdə təsəvvür edə bilmir və heç zaman da təsəvvür edə bilməyəcək. Deməli, ondan alim çıxmayacaq. Təəssüf, çox təəssüf.
İndi isə… o bunların ikisini eyni vaxtda təsəvvür edə bilir. Amma kinayəsi dilinin ucunda həmişə hazır olan Müəllim artıq həyatda yoxdur. Kamran Abbaslı ilə onun tələbəsinin indiki qabiliyyətini eyni məqamın, Avqustinin o böyük anının içinə salmaq mümkün olmadı. Yenə də təəssüf…
İlk dəfə məhz Müəllim onun diqqətini "Platon, deyəsən, xəstələnib" cümləsinə yönəltdi. Sonralar müəllifin özü haqda danışmasına, özü də bir cümlə ilə böyük bir mətləbi ehtiva etməsinə o, Platonun "Kratil" adlı dialoqunda olan kimi daha heç yerdə rast gəlmədi. Müəllim bu cümlənin vurğunu idi. Yox, belə deyək: o, bu cümləni sevirdi. Bu cümlənin əfsunundan çıxa bilmirdi. Yavaş-yavaş, nəhayət, öz sevgisini sevimli tələbəsinə də "yoluxdura" bilmişdi. Zahid Fərzəlıi Platonun bu zəif, naçar, məzlum cümləsindən müəllimi qədər təsirlənmişdi. Kamran Abbaslı rahat nəfəs ala bilərdi. Estafet sədaqətli və qaynar bir ürəyə ötürülmüşdü. Qadının gücü onun zəifliyindədi, deyirlər. Bu cümlənin də gücü zəifliyindəydi.
Sevgi estafetini sevimli tələbəsinə ötürəndən sonra Kamran Abbaslı rahat nəfəs aldı və onun bu cümləyə marağı qat-qat azaldı. Məsələn, belə bir məqamı yada salmaq olar.
Zahid Fərzəliyə elə gəlirdi ki, müəlliminin və sonralar özünün də çox sevdiyi Borxesin hətta özü haqda yazdığı "Borxes və Borxes" hekayəsində belə "Platon, deyəsən, xəstələnib" cümləsinin dramasına yaxınlaşan ehtiras yoxdur. Müəllimi isə onunla razılaşmırdı. Kamran Abbaslı bu barədə başqa cür düşünürdü. Bir dəfə aralarında hətta çox ciddi fikir ayrılığına gətirən mübahisə də oldu. Kamran Abbaslı deyirdi ki, sən Platonu Borxes qədər tanımırsansa, bu isə belədir, o zaman sənin qiymətverməndə ən adi "dostluq" prinsipi işləməlidir. Borxesinki daha tutumludu, vəssəlam. Zahid Fərzəli, müəlliminin Borxesə qarşı bu "sədaqətsizlik" nümayişini anlamır, mübahisə edir, dirənirdi. Allah, Allah, necə də gülməli idi onun tərsliyi?! İndi, əlbəttə ki, razılaşardı. İndi bu cümlə onun gözündə təkcə zəif deyildi, həm də miskin idi. Amma indi Borxes vurğunu Kamran Abbaslı yox idi. Bu yoxluq Ziyad Fərzəlinin ürəyini üzürdü.
Ona aydın idi ki, özünə müraciətlə özü haqda danışmağı hökmən bir-birindən ayırmaq lazımdır. Özü haqda çəkinmədən əsərin içində danışan ən maraqlı müəllif isə, heç şübhəsiz, Platon idi. "Kratil"də təsvir olandan daha gözəl, daha mükəmməl bu, özünü harda göstərə bilərdi?!
Platon "Kratil" adlı dialoqunda ölümə məhkum edilmiş ustadı Sokratın zindandakı son saatlarını təsvir edir. Ölüm ayağında təsəlli vermək üçün onun yanında olan dostların bir-bir adını çəkir. Özünün bu ağır məqamda müəlliminin yanında olmamasını isə belə izah edir: Platon, deyəsən, xəstələnib…
Məhbəsdə ölüm hökmü ilə yatan bir adamın görüşünə gəlmək, görünür, o uzaq zamanlarda da qorxulu imiş. Kimsə deyə bilər ki, belə deyil, mətndə buna işarə yoxdur. Əlahəzrət Fakt isə başqa şey deyir və o deyilən bundan ibarətdir: Platon zindana öz müəllimi ilə vidalaşmağa gəlməyib!
Platon, əslində, bu əsərində özü öz barəsində yazır. Qəribə olan isə budur ki, özü özü haqda yazanda o, "deyəsən" sözünü işlədir. Belə çıxır ki, sən demə, Platon tam əmin deyilmiş, nəsə bu məsələdə şübhəli bir məqam varmış… guya!!! Əslində isə, bu mətndəki "deyəsən" sözü Platonun vicdanı ilə qorxusu arasındakı məsafədir. Əzabı, tərəddüdü, şübhəsi, iztirabıdır.
"Deyəsən" sözü bədii cəhətdən bu cümlənin "faragat" duruşuna bir plastika gətirir, onun quluncunu yumşaldır. Nəticədə, cümlədəki hökmü, informasiyanın ağırlığını yumşaldır, mətnin gərginliyini azaldır. Platon bir insan kimi səhvini açıq-aşkar hiss edir, hadisənin üstündən xeyli zaman keçsə də, o özünü bağışlamır. Onun əzabı bu dərin qatları olan, ikiüzlü "deyəsən" sözünün içinə sığışıb. Özü haqda yazdığı gizli peşmançılıq etirafı həmən məzlum cümlənin dərinliyindən bu günəcən boylanır.
Kamran Abbaslı istedadına həmişə inandığı tələbəsinin Platonu belə ciddi-cəhdlə müdafiə etməsinə ürəyində haqq qazandıraraq o zaman demişdi:
- Dirənməyin xoşuma gəldi. Buradan Füzuliyə və onun öz-özünə müraciətinə bir addımlıq yol qalır. Düşünürsən, nə deyirəm?!
Bu ilhamverici sözlərdən sonra Zahid Fərzəli əməlli-başlı dirçəlmişdi. O "bir addımlıq yol"u bu günəcən min bir əzabla gedirdi və aylar, illər keçməsinə baxmayaraq, gedə-gedə dişini-dişinə sıxıb sürətini nə qədər artırırdısa da, Axilles heç zaman tısbağanı ötüb keçə bilmədiyi kimi o da öz imkanlarını ötüb keçə bilmirdi və ancaq indi ləhləyə-ləhləyə gəlib Müəllimin dediyi o sirli, amma sadədən sadə məqama yetişə bilmişdi.
O məqam isə bundan ibarət idi. Füzulinin özünün-özünə müraciəti o biri şairlərin öz-özlərinə etdikləri müraciətə bənzəmir. Bu müraciət çox-çox gizli xətlərlə Platonun "deyəsən" sözünə gedib bağlanır. Amma necə?!
Müəllimi ona öyrətmişdi ki, Şərq ədəbiyyatında qəzəlin sonunda müəllif öz adını çəkən zaman bunu, adətən, ənənəyə sədaqətini nümayiş etdirmək üçün, bir növ "xala, xətrin qalmasın" edir. Füzuli isə, xeyir. O burda özü-özü ilə mübahisə etmədən ötüşə bilmir. Füzuli, elə bil, arzu-kamla, ciddi-cəhdlə, tələsə-tələsə qəzəlin sonuna can atır ki, özünü həmən qəzəli yazdığı o son gecə son dəfə neştərləsin. Sanki bütün qəzəl bir yana, sonluq isə o biri yanadır. Qəzəlin sonundakı Füzuli qəzəli yazan Füzulinin həmsöhbəti, övladı, atası, dostu, hətta düşmənidi. Eynən Məcnun ona köməyə gedən Nofəlin qoşununu daşladığı kimi Füzuli də öz-özünü daşlayır. Elə bil, o qəzəl boyu sözlərin arxasında gizlənib, biz onu görmürük. Qəzəlin sonunda isə dəniz səthində, sözlərin sakit boy sırasında əvvəlcədən görünməyən nəhəng bir dalğa qəfildən hündür və qorxunc dağ kimi peyda olur və hər şeyi öz ənginliyinin içinə alır. Bu sözləri deyərkən Kamran Abbaslının gözləri süzülür, səsi ahəstiyir, elə bil, o öz-özüylə danışırdı.
Kamran Abbaslı bir səhər işə gələrkən elə otağın ağzındaca üzünü Zahid Fərzəliyə tutub şux səslə dedi:
- Danışmışam, sən elə indi get Əlyazmalar fonduna, qədim nüsxələr şöbəsinə. Mənim adımdan yaxınlaş Səlvinaz xanım var, ona. Ən göyçək qadın odu orda, baxan kimi tanıyassan. O sənə bir əlyazma verəcək. Gətirib gəl mənə, gözləyirəm. Tez ol, ləngimə.
Onun Səmhari ilə tanışlığı belə başladı.
Füzuli haqqında yazan və həyatda onu görən yeganə təzkirəçi Səmhari idi. Təəssüf ki, o, müasirləri tərəfindən layiqincə qiymətləndirilməmişdi. Bəzilərinin fikrinə görə, bunu anlamaq olardı. O, elə dərin bir mütəfəkkir, elmdə öz dəst-xətti olan ustad söz və zehin sahibi deyildi. Bu adamın ən əsas məziyyəti Füzulini həyatda görməsi və gördüyü adamı canlı olaraq təsvir edən ilk və son şəxs olmasıdır. Biz indi əgər Füzuli haqqında, onun həyatı, yaşayışı, görünüşü ilə bağlı azacıq da olsa təsəvvürümüz varsa, bunu Səmharinin yazdığı "Əsrari-kəvakib" əsərindən öyrənmişik. Sonra şairin həyatından kim yazıbsa, bu əsərin təsiri ilə yazıb. Bir başqaları isə düşünürdülər ki, elə bircə buna görə Səmharinin adı ədəbiyyat tarixində ədalətsiz olaraq qiymətini almayanların siyahısına cəsarətlə daxil edilə bilər.
O bir başqa sualdır ki, bəs nə üçün bu təzkirəçilər, əlyazma sahibləri, mirzələr Füzuli ilə bağlı Səmharinin adını bir dəfə də olsun çəkməyiblər, onu, bir növ, unudublar. Belə bir müəllifin varlığı və yazdıqları haqda nə ədəbiyyat tarixində, nə də orta əsrlər fəlsəfi tədqiqtlarda heç bir məlumata rast gəlmirik?! Bu sualın öz cavabı vardır. Cavab isə sadədir. Onu ciddiyə almayıblar.
Səmhari yazır ki, Füzulini ilk dəfə gördüyü zaman onun özünün, Səmharinin on iki-on üç yaşı olub. Amma belə kiçik olmasına baxmayaraq bu uşaq artıq yaşlanmış bir şairi elə qüdrətlə yadında saxlayıb və çox sonralar öz kitabını yazarkən onu elə canlı şəkildə təsvir edib ki, oxucu sanki Füzulini öz yanındaymış kimi yaxından görür, bu azmış, hələ nağıllarda olan kimi onun keşiyini çəkən təbiətin hənirtisini də hiss edir.
Səmharinin şair haqqında yazdığı hissə budur. O öz əlyazmasının əvvəlində, 58-ci səhifədə bunları yazır:
"Füzuli ləqəbi ilə şeirlər yazan əməli-saleh Məhəmməd ibn Xülus, ibn Əhməd, ibn Hamid mənim rəhmətlik atamın Kərbəlanın şəhər bazarı altındakı Yetimlər məhəlləsi adlanan səmtində yerləşən mülkünün üzbəüzündə bir kiçik, palçıqdan tikilmiş evdə yaşayırdı. Bizim evlərin arasından bazar yolu keçirdi, yolun da qırağı ilə o biri tərəfə yaxın yerdən bir kiçik arx axırdı.
Mən balaca uşaq idim, olardı on iki, on üç yaşım. Evimizin hasarına dırmaşıb küçə ilə bazara gəlib-gedən adamlara, tacirlərin malını bazara daşıyan səsli-küylü arabalara, atlı cəngavərlərə, piyada zəvvarlara, Kərbəla ziyarətçilərinə tamaşa etməkdən doymazdım. Hər üstü yük dolu dəvə başını yırğalaya-yırğalaya evimizin qabağından keçib gedəndə mən elə biliridm ki, o mənə salam verir. Mən də onun salamını alırdım.
Axşamın həzin zamanında arxın o biri tərəfində bir kişi görünərdi. Əynindəki uzun bəmbəyaz köynəyi kəfənə oxşayan bu orta yaşlı kişinin başında adətən qara rəngli dəsmalı olardı. O, arxın o biri tərəfindəki həyətin palçıq hasarına dirənmiş taxta oturacağa oturar və başlardı əlindəki uzun xurma çubuğunu torpaq üstündə ora-bura gəzdirib qəribə işarələr cızmağa. Fikri-zikri bu işarələrdə olardı. Hərdən başını onlardan ayırıb arxın lil sularına gözünü dikər, bir müddət qımıldanmadan baxardı, uzaqdan mənə elə gələrdi ki, bu adam arxla danışır, nəsə deyir, arxın suları da ona cavab verir. Hərdən də, bir axşam ərzində bir, ya iki dəfə, başını qaldırıb arxın bu biri tərəfinə, bizim ev tərəfə, hasarın üstündə oturan bu balaca oğlana, yəni, diqqətlə onun tərəfə baxıb gözlərini torpaqda işarələr cızan çubuqdan çəkməyən mənə nəzər salardı." Bunu Səmhari belə yazır.
"Mən bu zaman cəhd edirdm, başımı bağçamızda bitmiş xurma ağacının hasara dırmaşan quru budaqlarının arxasında birtəhər gizlətməyə çalışırdım. Bir dəfə hətta arxın o biri tərəfindəki adam mənim ona göz ayırmadan baxmağımdan bəlkə də rəncidə olub əlindəki çubuğunu mənə tərəf silkələdi. Amma bəlkə də rəncidə olmamışdı, bir məqam mənə elə gəldi ki, o hətta gülümsəyir, çubuğunu silkələyib bu şəkildə mənə, elə bil, nə isə bir işarə göndərir. O zaman mən hasarın üstündən sürüşüb-düşüb oğurluq üstə yaxalanan adam kimi ürəyim titrəyə-titrəyə evimizə qaçmışdım. Evdə mənə demişdilər ki, qorxma, nəfəsin gəlsin yerinə, o adam Məhəməd Füzuli adında bir fəzilət sahibidir. Ondan qorxmağa ehtiyac yoxdur. Şairdir.
Mən atamdan soruşdum:
- Ey mənim mehriban atam, şair nədir?
Atam mənə cavab verdi:
- Şair bizim hiss etmədiyimizi hiss edir, deyə bilmədiyimizi deyir, başa düşmədiyimizi başa düşür. O, Allah-təalanın sevimli bəndəsidir.
…Mən Füzuli adlanan o məşhur insanı ilk dəfə bu cür görmüşdüm. Bir dəfə isə qəribə bir iş oldu.
Mən heç cür marağıma güc gələ bilmirdim. Onun əlindəki çubuqla torpaqda nə şəkillər çəkdiyini bilməkdən ötrü hər axşam hasar üstdə od içində qovrulur, yanıb yaxılırdım. Hasar üstündə ta ki gecədən xeyli keçənə qədər oturduqdan sonra ayağa qalxıb aram-aram evinin qapısından balaca həyətinə girib yox olanacan, gözdən itənəcən mən bu adamı izləməkdən yorulmurdum. Amma bir faidəsi yox idi. Hər dəfə ayağa qalxmazdan öncə bütün yazdığı işarələri çubuqla ora-bura üstündən əyri-üyrü xətlər çəkib pozurdu.
Bir gecə isə belə olmadı. Onu həyətdən çağırdılar. Ev tərəfdən, deyəsən, zəif bir səs gəldi. O, əlindəki çubuğu havada saxladı, hasarın o biri tərəfinə qulaq verdi, nədənsə səsi eşidəndən xeyli sonra diksindi, sonra qalxıb çubuq əlində gedib tələsik həyətə girdi. Bu dəfə çubuğu torpaq üstündə gəzdirib bayaqdan bəri çəkdiyi işarələri pozmağı unutdu.
Mənim ürəyim şiddətlə vururdu. Əsl zamanı gəlmişdi. Nəhayət, mən qonşumuzun torpaq üzərində çubuqla nə çəkdiyini gedib öz gözlərimlə görəcəkdim. Bir az da hasar üstə gözləmək qərarını verdim.
Hava tamam qaraldı, ulduzlar göy üzündə öz yerlərini tutdular. Ay o qədər uzaqda idi ki, işığı güclə gəlib bizim evimizin həyətinə çatırdı. Küçədən adamların ayağı büsbütün kəsildi. Nə gələn qaldı, nə gedən. Mən ehtiyatla hasardan sürüşüb küçəyə düşdüm.
Əyilə-əyilə gəlib arxın qarşısında dayandım. Elə ayağımı atıb bu bir addımlıq arxın o biri tərəfinə keçmək istəyirdim ki, qəfildən qulağıma bir səs gəldi. O səs mənə dedi: "Tələsmə və ayağının altına diqqət elə." Mən başımı aşağı əyib ayağımın altına diqqət elədim. Bİr şey görmədim. Sonra üstündən "hop" eləyib keçmək istədiyim arxa diqqətlə baxdım. Bu zaman isə, bəli, qorxudan gözlərim dörd oldu. Bəs mən nə gördüm?!
Ya imam Hüseyn, mən hələ belə şey həyatımda görməmişdim. Arx deyildi bu. Bu bir enli və dərin, itiaxan, dalğalı və qapqara sularının şaqqıltı saldığı qorxunc bir çay idi. Bu qorxunc çayı, mən özümü öldürsəydim də, nə üzüb o biri sahilinə keçə bilərdim, nə də gəmi olsaydı, gəmiylə keçə bilərdim. Bu çayı heç Sindbadın özü də üzüb keçə bilməzdi. Mən qorxmuşdum. "Bismillah" deyə-deyə kor-peşman, suyum süzülə-süzülə geri qayıtdım. Evimizin hasarı, şükr olsun, yerində idi. Hasarın üstünə dırmaşdım. Həyətə tullanmazdan əvvəl döyüşdə məğlub olmuş əsgər kimi son dəfə başımı çevirib arx tərəfə baxdım. Arx həmənki kiçik arx idi, lilli suyu yenə də həvəssiz, zorla axıb gedirdi."
"Əsrari – kəvakib" əsərində böyük şair Füzuli haqda olan hissə Səmharinin dedikləri bu sözlər ilə beləcənə bitir. Kitabda isə Səmhari Füzuliyə aid yazdığı bu hissədən sonra mağara şairi Müşriqə keçir. Kitabın bu yerində dağlara çəkilib yalnız bundan sonra rahatlıq tapan və müdriklik zirvəsinə qalxıb insanlarla hər cür əlaqəsini kəsən, ancaq yazdıqlarını bir oğlan uşağı ilə aşağı, adamların arasına göndərən (bu oğlan uşağı yenə də haman Səmhari özü idi) və müqabilində yer-yeyəcək, pal-paltar alan Müşriq Sübhanverdi barədə Səmhari özünün fəlsəfi izahlarına keçir. Füzuli ilə bağlı məqamlara isə Səmhari bir daha qayıtmır.
Füzulinin həyatı ilə əlaqədar başqa bir qiymətli məlumat naməlum bir müəllifin "Günahların aqibəti" əsərində əksini tapıbdır. Bu əsər Səmharinin əsərindən xeyli sonra yazılıb və ondan daha məşhurdur. İlk dəfə bu naməlum müəllif diqqəti ona çəkir ki, Füzulinin qəzəl sonunda özünə müraciət etməsi bütün digər müəlliflərdən fərqlənir. Nə üçün belədir -- bunun öz sirri var. Naməlum müəllif bizim marağımıza səbəb olan bunları deyir:
"Füzuli özü boynuna almışdır ki, o, qəzəl sonunda özünə müraciət etmir. Füzuli artıq əlyazması itmiş bir müxəmməsində keçmiş şeirlərini nəzərdə tutub belə deyirmiş: Mən qəzəl sonunda çox zaman özüm özümə müraciət etmirdim. Evimin qabağından axıb gedən balaca lilli arxın o biri tərəfində hasar üstdən mənə saatlarla usanmadan və diqqətlə baxan bir balaca oğlan uşağına deyirdim son sözlərimi. Əsl Füzuli qəzəlin sonunda mən yox, o olurdu. O oğlan hasar üstündə olmayanda belə mən yenə də onun təəccübdən iri açılmış gözlərini xatırlayıb onunla danışmağıma davam edirdim."
Əlbəttə ki, Füzuli oğlan uşağı deyərkən Səmharini nəzərdə tuturdu.
…Zahid Fərzəli gecəli-gündüzlü ömrünü sərf edib öyrəndiyi "İkiləşmə və öz-özünə müraciət" adlı mövzu zaman keçdikcə onun özünü gerçək həyatda təqib etməyə başladı. Hər şey Müəllimin ölümü ilə başladı. Bakıdan Lvova uçarkən göydə naməlum bir səbəbdən qəzaya uğrayan təyyarənin bəxtsiz sərnişinləri arasında Kamran Abbaslı da var idi. Bu xəbər bütün elm və ədəbiyyat aləmini silkələmişdi.
Bir müddət keçdi və günlərin bir günü institutda belə bir xəbər ayaq tutub yeriməyə başladı ki, bəs guya Kamran Abbaslını Truskavetsdə parkda mineral su içən yerdə görən olub. O, guya Truskovetsə təyyarə ilə yox, qatarla gedibmiş. Adamlar əməlli-başlı sevinməyə macal tapmamış, "yox, oxşadıblar" deyə başqa bir xəbər gəldi. Sonrakı xəbəri isə artıq Müəllim özü göndərmişdi. O, həyatının sonuna qədər bu balaca, amma sevimli şəhərdə qalmağı barədə dostlarına, uzaq qohumlarına bildiriş göndərirdi. Deyəsən, Kamran Abbaslı həm var idi, həm də yox idi. Zahid Fərzəli öz-özünə möhkəm söz verdi ki, vaxt tapıb hökmən özü təyyarəyə minib Lvova, ordan da Truskovetsə gedəcək və bu şübhəli məqamın üstünə, əlbəttə ki, birdəfəlik işıq salacaq.
Bir müddət sakitlik oldu. Kamran Abbaslının varlığı, yoxluğu ilə bağlı anlaşılmaz və gərgin bir tərəddüd, ümidsiz bir şübhə təkcə adamların ürəyində deyil, institutun dəhliz və divarlarında da gizildəyə-gizildəyə qalmışdı. Hamı, elə bil, ən son xəbərin müntəzirində idi. Və, nəhayət, bu son xəbər də gəlib çıxdı. Xəbər belə idi. Müəllim, nəhayət, bu günlərdə Bakıya qayıdıb. Daha sonra bu xəbərə kiçik bir əlavə edildi. Bakıya dönəndən sonra o, bir dəfə də olsun evdən bayıra çıxmayıb, bir həftədir evində xəstə yatır. "Allah-Allah, bu nə qarabasmadır?!" deyə düşünən Zahid Fərzəli "bu gün yanına gedərəm, sabah yanına gedərəm", bu cürə günü günə satdı və bir gün artıq özünün də inandığı, bəlkə inanmaq istədiyi sonuncu ağır xəbəri eşitdi. Müəllim vəfat etmişdi. Çox üzülsə də dəfnə gedə bilmədi. Bunun üzürlü səbəbi oldu. Sadəcə o, dəfn zamanı Bakıda deyildi. Türkmənistana "Maxtımqulu" günlərinə dəvətliydi. Ora isə getməyi Zahid Fərzəli çoxdan arzu edirdi.
Vətənə qayıtdıqdan sonra İnstitutda səhər tezdən əvvəl-əvvəl iş yoldaşları ilə Müəllimin macəralı ölümünü müzakirə etdilər. Sözləşdilər ki, elə axşama yaxın qəbir üstünə getsinlər. Elə bil, adamların üstündən yük götürülmüşdü. Müəllimin bu macəralı həyatı, nəhayət, özünün rahat sonluğuna qovuşmuşdu. Hər kəs iş otağına dağılırdı ki, İnstitutun katibəsi əlində bir parça kağız parçasını yelləyə-yelləyə şux addımlarla onlara yaxınlaşdı. Yenə də Truskavetsdən xəbər gəlmişdi. Kamran Abbaslı onların hamısına, Zahid Fərzəliyə isə xüsusi olaraq, salam göndərirdi və ondan Türkmənistandakı konfransın necə keçməsini maraq edirdi. Ətrafda hamı çaşıb qalmamışdımı, çaşıb qalmışdı.
…"Platon, deyəsən, xəstələnib" cümləsindən daha məzlum, daha zərif və daha gözəl cümlə, görəsən, yer üzündə varmı?!
SON