Mollanın ayağısürüşkən qızı

Mollanın ayağısürüşkən qızı
30 may 2013
# 11:34

Mirmehdi Ağaoğlu

2005-ci ilin sonları idi. Əsgərlikdən gəlmişdim. İşsizdim. Gündüzlər yatır, gecələri səhərə qədər internet-klubda olurdum.

Onda hələ sosial şəbəkələr yox idi. Əsasən hansısa saytların çat otaqlarında müxtəlif nikli adamlarla danışırdım. Həyatım olduqca banal və yeknəsək idi, problemlər isə dizdən. Mən real həyatın ağrılarından qaçmaq üçün virtual həyata can atır, orda təsəlli axtarırdım.

Günlərin bir günü çatda Rusiyada yaşayan bir qızla tanış oldum. Onunla xeyli danışdıq. Səhərə qədər olan söhbətimizin nəticəsində mən tədricən ona isinişdim. Hiss edirdim ki, görünməyən tellərlə bağlanıram.

Onun varlı bir adamın qızı olduğunu öyrənəndən sonra sanki daha da bağlanmışdım ona. Xəyallarımda mən artıq Rusiyada idim, onunla idim. Nə bilim nələr...

Olduqca qəribə bir situasiyaya düşmüşdüm. Özüm də bunun absurd olduğunu bilirdim. Biz onunla virtual həyatda nə qədər mehriban olsaq da, bir-birimiz üçün darıxsaq da, heç

üzümüzü də görməmişdik.

Mənim elədiyim sadəcə əyləncə və ya baş qatmaqdı. Bihudə bir iş idi. Ancaq mən bunu qəbul edə bilmirdim. Ərə getməli qızlar kimi xəyallar qururdum. Virtual aləmdə düzəltdiyim bu “səadət” həyat gerçəklərindən daha doğma idi.

Baba Vəziroğlunun “Yuxu” povestini oxuyanda o illəri bir daha xatırladım. Bu povestin qəhrəmanı Səlim müəllimin dərdləri mənə olduqca doğma gəldi. Elə bil, mənim yaşım qədər bir dövr əvvəlin qəhrəmanı deyil. Sanki bu günümüzün adamıdır.

“Yuxu” müasir ünsiyyət vasitələrinin insanın həyatına təsirinə olduqca bariz nümunədir. Gündəlik həyat qayğılarından bezgin halda kompüterin qarşısına keçib orda xəyal və arzularından ibarət bir dünya quran, o dünyada xoşbəxt olan, o dünyanın adamı olan bir insandır. Sadəcə bir fərq var. Səlimin başına burada oyunu emailin əcdadı olan adi məktub gətirir.

Səlim kimdir? Səlim 10 il əvvəl ali məktəbi bitirib rayonlarına təyinat almış adi sovet müəllimidir. 10 il əvvəl Bakıda təhsil alıb, bütün kasıb balaları kimi o da yataqxanada yaşayıb, özü kimi kasıb yataqxana yoldaşları ilə isinişib-dostlaşıb, bütün tələbələr kimi qız sevib, qız bəyənib. Zabitə adlı tələbə yoldaşına aşiq olub, amma sevgisini elan etməyə cəsarəti çatmayıb. Vaxt gəlib, vədə yetişib Səlim kəndə qayıdıb, Zabitə isə aspiranturada qalıb.

O evlənib, bir-birinin ardınca dörd qızı, bir oğlu dünyaya gəlib. Kənddə müəllim işləyən Səlimin maaşı ailəni dolandırmağa güclə yetir. Üstəlik anası da onu yarıtmazlığına görə xeyli danlayır. Səlimin xarakteri barədə, ümumiyyətlə Baba Vəziroğlunun digər qəhrəmanlarının xarakteri barədə bir az sonra danışarıq, hələlik isə mövzudan qaçmayaq və süjetimizi davam etdirək.

Səlimin günləri bir-birindən adidir. Hər ayın axırı maaşı “mağazinçi” Dadaşın nisyələrinə gedir. Səlim gündüzləri məktəbdə keçirir, arada nəzarəti anasının əlində olan kiçik təsərrüfatda vurnuxur, axşamlar isə Sərdar və Həzi müəllimlə yığışıb o “zəhrimar”dan dadır.

Poçtalyon Qasımın gətirdiyi məktubların içində Zabitənin də məktubu var. Zabitə yazır ki, heyf kəndə getdi, şəhərdə qalsa idi indi o da aspiranturada qalardı, elmi dərəcə alardı. Zabitə onu şəhərə dəvət edir, hətta qeydiyyata düşməyə ona kömək edə biləcəyini də bildirir.

Səlim son vaxtlar tez-tez Zabitə ilə məktublaşır, onu indi kənddə yeganə maraqlandıran şey Zabitənin məktublarıdır. Səlim Zabitədən məktublarına cavab gözləyir və hər dəfə də bu məktublarda gizli mənalar axtarır.

Bu zalım qızı Zabitə də az aşın duzu deyil, məktubda yazır ki, hələ ərə getməyib, özünə layiqli ər axtarır. Səlimin evli olmağından xəbərsiz olan Zabitə hətta işarə vurur ki, sən də qocalırsan, evlənmək vaxtındı, sonra heç mən də sənə ərə getmərəm.

Elə Səlimi dəli-divanə edib evindən didərgin salan da bu məktub olur. Səlim yenidən öz gənclik illərinə qayıdır. Yenidən tələbəlik eşqi alovlanır. Bakını atıb gəldiyinə görə nələri itirdiyinin fərqinə varır. Qərara gəlir ki, ən qısa müddətə əbrəş qoyunu satıb şəhərə getsin və bir dəfəlik Bakıda məskunlaşsın. Bu planda Zabitə ilə sevgili olmaq, sevişmək, hətta ailə qurmaq, onun evində yaşamaq da var. Bu planda təkcə ailəsi yoxdu-səkkiz nəfərlik böyük külfəti.

Məktub Səlimə hər dərdini unutdurur, hətta bu gün dananı çöldə qurd-quşun yeməsini də unudur. Danadan xatirə yalnız yaralı qıçına sarınmış parça qalıb. O da pencəyinin cibindədi. O sarğı ilə rayon mərkəzində ayağı zədələnmiş qızının ayağını sarıyacaq.

Sonra Səlim Bakıya gedəcək. Xəyallarının əksinə, tələbə vaxtı qaldığı yataqxananın komendantı Aslanov onu nə xatırlayacaq, nə də köhnə içki məclislərini yada salacaq. Üstəlik ondan sonuncu növ nömrənin pulunu da alacaq. Xalası oğlu, institutu bitirəndən sonra Bakıda qalıb evlənmiş Bəhruzu da görəcək. Bəhruz əvvəl onun planına sevinib alqışlayacaq, amma dilinə o zəhrimar dəyəndən sonra dişinin dibindən çıxanı deyəcək: Elə bil Bakıda yel əsib qoz tökülüb.

Səlim yenə ayılmayacaq YUXUdan. Ancaq avtomat telefondan Zabitəyə zəng edəndən sonra, onun xəttin o başından 30 saniyəlik səsini eşitdikdən sonra, soyuq davranışını görəndən sonra ayılacaq. Yalnız onda üzünə su çilənmiş kimi YUXUdan ayılacaq.

Onda da gec olacaq. Elə günorta avtobusuna minib kəndə qayıdan Səlim qızı Səlimənin ölüm xəbərini eşidəcək. Qızının yarasına sarıdığı parçadan qızcığaz zəhərlənib vəfat edib.

Səlim çox zəif təbiətlidir, təpərsizdir, gücsüzdür. Baba Vəziroğlunun digər qəhrəmanları Molla Qurban kimi, Murtuz kimi, Səltənət xala kimi.

Molla Qurban da neçə ildir bir kəndin ağsaqqalı, mollasıdır. Kəndin heç bir yası onsuz keçmir. Haram malda gözü yoxdu. Quranı pulla oxumur. Dünya malında gözü yoxdu. Amma di gəl ki, evinin içində söz sahibi deyil, arvadı öz bildiyini edir, oğlu Bəhlul harama qurşanıb. Qızı Zərqələm Briqadir Mayıldan elə çöldəcə ot tayasının dibində hamilə qalıb. Elə bil Molla Qurbanın uşaqları deyillər.

Molla Qurban da YUXUdadır, neçə illərdir, göylə əlləşir, namazdan sonra dualarını əskik etmir. Gözü göylərdədi, evinin içini görmür. AYILanda isə artıq gec olur. Onun səhvlərini ancaq ölüm düzəldə bilərdi.

Səlim də, Molla Qurban da təsirə düşən adamlardılar, bu da onların zəifliklərindən, iradəsizliklərindən doğur. Səlim heç nəyi ölçüb biçmədən bir məktuba Bakıya gedir, Molla Qurban isə qayını Kərimin təkidi ilə sübh namazını qılmadan (neçə ilin mollası üçün böyük qəbahət!) evdən çıxır.

Qızının ölümündən sonra Səlim dəyişirmi? Yenə də Bakıda haqqında xəyallar dalırmı? Yazıçı bu barədə dəqiq məlumat vermir, amma işarələr var.

Üstəlik Səlim xislətli insanlar heç vaxt YUXUdan ayılmazlar. Elə insanın əsl xisləti bu deyilmi? Oxu daşa dəyən insan ya “belə olmasaydı məni həyatım başqa cür olardı”larla, ya da guya onu xoşbəxt edəcək “uydurma”, heç vaxt gəlməyəcək gələcəklə yaşamırmı? Böyük qövmləri, dinləri yaşadan qiyamətin, Xilaskarın, Mehdinin, Messanın gəlişi və “cənnət” yaşatdığı kimi fərdləri də qəlblərində gəlişinin gözlədikləri kiçik xilaskarlar, isalar, mehdilər yaşadır.

Mən bilmirəm ömrümün o işsiz, problemlərlə dolu qışını necə başa vurdum. Təkcə o yadımdadır ki, bir qız var idi. Heç üzünü də görməmişdim. Heç əsl adını da bilmirdim. Heç mənə dünyanın o başından yazanın qız olub-olmadığını da bilmirdim. Bildiyim təkcə bu idi: Tezliklə onunla qovuşacam və bütün həyatım dəyişəcək.

Biz bilmirik, Səlim sonra yenidən Bakı haqqında xəyallar qurdumu, ya yox. Bildiyimiz təkcə odur ki, qızının ölümündən sonra Səlim yenə Sərdargillə yığışıb o zəhrimardan vurur və bir də Səlim kimi adamlar heç vaxt bir dəfəlik YUXUdan ayılmazlar. Onların AYIlmağı yenidən YUXUlamaq üçündür. Elə müəllif də sonda buna işarə edir: “...Səlim müəllimin anası yuxudan oyanıb həyətə çıxacaq və...bu povest də təzədən başlanacaq”.

# 6601 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #