Onu Sabirə bənzədirdilər

Onu Sabirə bənzədirdilər
10 may 2013
# 07:30

Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə) Kürdəxanı qəsəbəsində dünyaya gəlib. Bakı Rabitə Texnikumunu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra taleyini Bakı Metropoliteni ilə bağlayıb, orda sərasər 25 il mexanik kimi çalışıb. Metroda çalışdığı vaxtlarda şeirləri “Metro” qəzetində çap olunub. İlk qəzəlini 13 yaşında yazıb.

Yaradıcılığa lirik qəzəllərlə başlayan Baba Pünhan 90-cı illərdən satirik şeirlər yazmağa başlayır və yaradıcılığının satirik yönü ilə uğur qazanır. Sadə xalq dilində yazdığı oynaq şeirləri tezliklə dillər əzbərinə çevrilir. Çoxları ona zəmanəmizin Sabiri deyirdi. O, satiralarında sələfi Sabir kimi sosial problemləri ictimailəşdirirdi, həqiqəti bəzək-düzəksiz yazdığından xalq onu sevirdi. İndi onun yazdıqları az qala zərb-məsələ çevrilməkdədir. “İt günündə”, “Noolub ala?”, “Sənk yu” şeirlərini bilməyən çox az adam tapılar.

Baba Pünhanla tanışlığımı xatırlayıram. 1998-ci il idi. Zağulba Mədəniyyət Sarayında Seyid Əzim Şirvaninin oğlu Mir Cəfərin xatirəsinə həsr edilmiş bir tədbir keçirilirdi. Tədbirin təşkilatçılarından biri də mən idim. Mərhum xalq şairi Qabili, tarixi romanlar müəllifi Əzizə Cəfərzadəni də dəvət etmişdik. Tədbiri qəzəlxan Arif Buzovnalı aparırdı. Axıra yaxın söz saqqallı bir kişiyə verildi, o, əlində ümumi dəftər mikrofona yaxınlaşıb bir neçə satirik şeir dedi. Gözləmədiyimiz halda zalda alqışlar qopdu. Məni maraq bürüdü. Buzovna kəndinin axundu Hacı Soltandan soruşdum ki, bu kişi kimdir? Dedi ki, Baba Pünhandır. Meyxanaya bir qədər yaxın olsa da əruz vəznində yazdığı qəzəllərin ironik üslubu xoşuma gəlmişdi. Tədbirdən sonra tanış olduq. “Boz Oğuz” nəşriyyatının direktoru Rəhimağa İmaməliyev ondan dönə-dönə xahiş etdi ki, qəzəllərini yığ gətir, kitabını nəşr edək. Baba da gülüb “yox əşi, nə kitab, mən hələ yazdıqlarımı kitab üçün hazır bilmirəm” dedi.

Sonra çay süfrəsi arxasında xeyli söhbətimiz oldu. Baba Pünhan o axşam bizə özüylə gətirdiyi ümumi dəftərdən xeyli şeir oxudu. Hər dəfə də şeiri oxuyub bitirəndən sonra ondan xahiş edirdilər ki, yenisini oxusun. Bu adamın şeirlərində Sabir ruhu vardı və qulağa xoş gəlirdi. O gündən sonra ara-sıra tədbirlərdə rastlaşırdıq, deyirdi “buzovnalı balası, sənin deyəsən qəzəllə heç aran yoxdu”. Deyirdim qəzəlin nöqtəsini Vahid qoydu, amma sizin şeirləriniz xoşuma gəlir. Dedi, mən əruzda yazıram, amma gül-bülbüldən yox, xalqın dərdlərindən.

Məhz bu cəhətinə görə Baba Pünhan xalq içində Vahid qədər populyarlıq qazandı.

Son dəfə Baba Pünhanla “Torqovı”da rastlaşdım. Deyəsən 2004-cü il idi. Hal-əhvaldan sonra dedim ki, Baba, məndə heç sizin kitabınız yoxdu. Dedi vallah, əlimdə indi kitab yoxdu, olsaydı, sənə bağışlayardım. Bir az gəzişdikdən sonra mənə dedi ki, burda gözlə, gəlirəm. Yaxınlıqdakı kitab mağazasına girən Baba Pünhan ordan öz kitabıyla çıxdı. “Mən nə dedim ki?” adlı həmin kitabı öz dəst-xətti ilə mənə bağışladı. “Müəllifdən əzizim Kənana xatirə hədiyyəsi. Hacı Pünhan. 17 fevral 2004”.

Bu, bizim Baba Pünhanla son görüşümüz oldu...

Baba Pünhanın xalq tərəfindən sevilməsində ANS kanalının xüsusi rolu oldu. “Qulp” verilişinin aparıcısı Mübariz Əsgərov Baba Pünhanla tanışlığını belə xatırlayır:

“Bir dəfə “Vahid” Muğam Mərkəzinin rəhbəri Hacı Şahinlə söhbət edirdik, söhbət əsnasında o, dedi ki, Baba Pünhan adlı bir şair var, olduqca maraqlı satirik şeirləri var. Bəlkə onu verilişinə dəvət edəsən? Dedim onun şeirlərindən gətir, oxuyum, baxaq görək nə yazır. O da Babanın bir şeirini mənə oxudu. Şeirdə bu misralar diqqətimi çəkdi:

İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə.

Şeir diqqətimi çəkdi. İlk dəfəydi ki, özünü itə, iti də özünə bənzədən bir şairə rast gəlirdim. Hacı Şahinə dedim onu çağırın, gəlsin. Beləliklə, Baba Pünhanı 1998-ci ildə “Qulp” verilişinə dəvət etdik, öz şeirlərini oxudu və bu, çox böyük marağa səbəb oldu. Baba Pünhan hər bazar günü verilişimizdə qəzəllərini, satirik şeirlərini oxuyurdu. Onu ilk dəfə efirə biz çıxardıq. O, xalqın dərdlərindən yazırdı, onun şeirlərində Qarabağ yanğısı vardı, vətəndaş mövqeyi vardı. Ona görə də siyasi mövqeyindən asılı olmayaraq hamı onu sevirdi. Baba Pünhan bənzərsiz şair idi. Onun yeri həmişə görünür. Mən hələ də onun yoxluğuna inana bilmirəm. Nə qədər “Qulp” verilişi var, Baba Pünhanın qəzəlləri, satiraları səsləndiriləcək. Baba Pünhan həmişə bu xalqın şairi olaraq qalacaq”.

Baba Pünhanın yaxın dostlarından biri də yazıçı Orxan Fikrətoğludur. Yadıma gəlir, bir dəfə “İçərişəhər” metrostansiyasının yaxınlığında Orxan bəylə rastlaşdım, dedi ki, “Baba reanimasiyadadır, dua et, o, sağalsın...” Və gözləri doldu. İki-üç gündən sonra eşitdik ki, Baba Pünhan dünyasını dəyişib.

O, hələ 1991-ci ildə infarkt keçirmişdi. 2000-ci ildə Həcc ziyarətindən qayıdandan sonra ürəyindən əməliyyat olunmuşdu. 2004-cü ilin 5 aprelində isə Mərkəzi Kliniki Xəstəxanada yenidən əməliyyat olundu. İki gün sonra evə dönən şairi vəziyyəti qəfildən pisləşir və o, koma vəziyyətinə düşür. Onu 9 gün komada süni nəfəsvermə aparatı ilə saxlayıblar. Aprelin 17-də dünyasını dəyişib. Doğulduğu Kürdəxanı kəndində torpağa tapşırılıb.

Biz Orxan bəylə rastlaşanda Baba Pünhanın ömrünə iki gün qalmışdı.

Orxan Fikrətoğlu Baba Pünhan haqqında belə deyir:

“Baba şeir yazan deyildi, şair idi. Onun şeirlərində ağrı var, onun yazıları ağrıyır. O, səsini ucaldırdı ki, hamı o deyənləri eşidib bir nəticə çıxarsın. Amma heç kim onu eşitmirdi”.

Baba Pünhanın vəfatından sonra “Ədalət” qəzetində “Adilərin qeyrisi” adlı bir yazı yazmışdım. Bu, ikinci yazıdır. Amma Baba Pünhan haqqında nə qədər yazsaq da onun şeirləri öz müəllifini daha yaxşı tanıdır.

Ruhu şad olsun!

# 3074 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #