Kulis.az V. Q. Belinskinin N. V. Qoqola məktubunu təqdim edir.
Məqaləmi oxuyanda, orada qəzəbli adam gördüyünüzü deməkdə haqlısınız. Əslində, kitabınızı oxuyandan sonrakı vəziyyətimi ifadə eləmək üçün seçdiyiniz epitet hələ çox zəifdir. Amma Siz bunu istedadınızın pərəstişkarı olanların çox da ürəkaçan olmayan rəylərinə aid etməklə yanılırsız.
Yox, burada daha ciddi səbəb var. Təhqir olunmuş qürurla birtəhər barışmaq olardı, məsələ təkcə bunda olsaydı, bu barədə susacaq qədər ağıllı adam olduğumu düşünürəm. Amma həqiqət hissini, insan ləyaqətinin təhqirini udmaq olmur. Yalan və əxlaqsızlığı din pərdəsi altında, yalan və qırmancların köməyi ilə həqiqət və xeyir kimi təqdim eləyirlərsə – bu yerdə susmaq olmaz.
Bəli, mən sizi çox sevmişəm. Öz vətəninə bağlı olan, onun ümidlərini, şərəfini, şöhrətini sevən bir adam ölkəsinin şüur, inkişaf yolundakı öndərlərindən birini necə sevə bilərsə, mən də Sizi elə sevmişəm. Və bu sevgiyə olan haqqını itirəndən sonra, Sizin bir dəqiqəlik də olsa, sakitliyinizi itirmək üçün əsasınız vardı. Bunu deməklə mən öz sevgimi Sizin istedadınıza verilmiş böyük qiymət olduğunu iddia eləmirəm. Amma bu sevgi təkcə özümün deyil, nə mənim, nə də sizin heç vaxt görmədiyimiz, eyni zamanda sizi heç vaxt görməyən adamların sevgisinin ifadəsidir.
Mən nə kitabınızın alicənab ürəklərə saldığı kədəri, nə də bu kitab işıq üzü görən kimi vəhşicəsinə sevinən düşmənlərinizin – həm ədəbiyyata dəxli olmayan (Çiçikovlar, Nozdrevlər, Qorodniçilər), həm də adlarını yaxşı bildiyiniz, ədəbiyyata dəxli olan düşmənlərinizin halını sizə izah edə bilməyəcəm.
Özünüz yaxşı görürsünüz ki, kitabınızdan hətta ruhən ona çox yaxın olan adamlar belə üz çevirdi. Bu kitab dərin, səmimi inanclarla yazılmış olsaydı belə, insanlara belə təsir etməli idi. Əgər bu kitabı hamı (bəzi adamlar var ki, onların yaxşı rəyinə sevinməmək üçün onları görüb-tanımaq lazımdı) yer üzündəki niyyətlərə səmavi yolla yetişmək kimi hiyləgər, amma həddən artıq maskalanmış vasitə kimi qəbul ediblərsə – bunun da günahı təkcə Sizdədi. Burada təəccüblü olan bir şey varsa, bu da Sizin təəccüblənməyinizdi.
Məncə bunun səbəbi Sizin Rusiyanı fikir adamı kimi (bu rolu Siz kitabınızda uğursuzca oynamısınız) deyil, yaradıcı adam kimi tanımağınızın nəticəsidi. Özü də bu, Sizin fikir adamı olmamağınızdan irəli gəlmir, sadəcə Siz illərdir ki, Rusiyaya öz gözəl uzağınızdan baxmağa alışmısınız, o uzaqdan isə hadisələr olduğu kimi deyil, onları görmək istədiyiniz kimi görünür.
Siz öz gözəl uzağınızda yaşayırsınız, Rusiyaya uzaqsınız, öz içinizdə ya da məhdud bir çevrədə yaşayırsınız, amma özünüzün Rusiyaya təsirinizlə mübarizə aparmaqda özünüz də aciz qalarsınız. Buna görə də Siz Rusiyanın xilasının mistikada, asketizmdə, pietizmdə deyil, sivilizasiyanın, təhsilin, humanizmin uğurlarında olduğunu görməmisiniz. Ona dualar (bu duaları o çox oxuyub), dini moizələr (bu moizələri o çox eşidib) deyil, xalqda əsrlərdi çirkin və nəcisin içində tapdanmış insani ləyaqət hissinin oyanması, kilsə təlimi ilə idarə olunan deyil, sağlam məntiq və ədalətlə idarə olunan hüquq və qanunlar və onların ciddi icrası lazımdı. Bunların əvəzinə Rusiya adamların özlərinə heç bir haqq qazandırmadan, «zənci – insan deyil» deyən amerikalı plantatorlar sayaq insan alveri elədiyi, adamların özlərini adları ilə deyil, ləqəbləri ilə (Vanka, Steşka, Vaska, Palaşka) çağırdıqları, nəhayət, insan şəxsiyyəti, şərəfi, şəxsi əmlakı üçün heç bir zəmanətin, adi polis asayişinin olmadığı, sadəcə müxtəlif xidməti oğru və quldurların yaşadığı ölkədir.
Bu gün Rusiyada ən aktual, müasir milli məsələ: təhkimçilik hüququnun ləğv edilməsi, fiziki cəzanın ləğvi, imkan olduğu qədər heç olmasa, indi mövcud olan qanunların icrasıdır. Bunu hətta hakimiyyətin özü də hiss eləyir – o, mülkədarlarının öz təhkimliləri ilə necə davrandığını, birincilərin hər il nə qədər kəndli öldürdüyünü yaxşı bilir. Hakimiyyətin hərdən ağdərili zəncilərin xeyrinə əl atdığı gülünc yarımtədbirlər və birsaplı qırmancı üçtelli şallaqla əvəz eləməyi də buna sübutdur. Hazırda apatiyalı mürgüdə olan Rusiyanın həyəcanla məşğul olduğu məsələlər bunlardı!
Və belə bir zamanda özünün möhtəşəm, bədii, dərin həqiqətlə dolu əsərləri ilə Rusiyanın özünüdərkinə səbəb olaraq, bu ölkəni güzgüdə özünə baxmağa məcbur edən böyük yazıçı barbar mülkədarları İsa və kilsə adına öz kəndlilərini daha çox çapıb-talamağı öyrədən bir kitabla peyda olur. Bumu məni heyrətə gətirməməliydi? Siz mənim həyatıma qəsd eləməyə cəhd etsəydiniz belə, mən Sizə indi bu biabırçı sətirlərinizə görə elədiyim qədər nifrət eləməzdim. Bütün bunlardan sonra siz istəyirsiz ki, kitabınızın səmimiyyətinə inansınlar? Yox, Siz doğrudan da, Şeytanın deyil, İsanın həqiqətlərinə inansaydınız, o mülkədara elə yazmazdınız. Ona yazardınız ki, tabeliyindəki kəndlilərini İsa ona qardaş buyurub, qardaş isə qardaşın qulu ola bilməz, o bu kəndlilərə azadlıq verməlidi, ən pis halda ancaq onların xidmətlərindən istifadə etməklə kifayətlənməlidi. Və bunu mümkün qədər onları istismar etmədən, insafla eləməlidi.
Hələ «Ay səni, kirli baş-ayaq!» ifadəsi...Siz onsuz da öz ağalarına inanıb, özünü adam saymadığı üçün yuyunmayan bu mujikləri təhqir etməyə hesablanmış bu ifadəni hansı Nozdrevdən, hansı Sobakeviçdən eşitmisiniz? Bəs sizin idealını Puşkinin povestindəki axmaq qadının (onun fikrincə günahkarı da, zərərçəkmişi də kötəkləmək lazımdı) sözlərində tapdığınız rus ədaləti və məhkəməsi anlayışınız? Onsuz da bizdə çox vaxt məhz belə olur, əgər günahsızlığını pulla satın almaq imkanı yoxdursa, məhz günahsızı ittiham eləyirlər! Və belə bir kitabı siz mürəkkəb daxili proseslərin, ali mənəvi aydınlanmanın nəticəsi hesab eləyirsiniz? Belə ola bilməz. Siz ya xəstəsiniz və tezliklə müalicə olunmalısınız, ya da...fikrimi tamamlamağa cəsarət eləmirəm...
Qırmancın moizəçisi, cəhalət apostolu, qaramatın tərəfdarı, tatar ərəblərinin məddahı.... – siz neynirsiz? Ayaqlarınızın altına baxın, siz uçurumun üstündə dayanmısınız. Bu təlimi siz pravoslav kilsəsi ilə əsaslandırırsınız, bunu hələ bir az başa düşmək olar – axı bu kilsə həmişə qırmancın dayağı və despotluğun hamisi olub – amma İsanı bu məsələyə niyə qatmısınız? Siz pravoslav kilsəsi lə onun arasında ümumi nə tapdınız axı?
İsa insanlara azadlıq, bərabərlik, qardaşlıq təlimi keçdi və bu təlimi öz əzabları ilə möhürlədi, öz təliminin həqiqiliyini bununla təsdiqlədi. Və bu günə - kilsə təşkil olunub ortodoks prinsipləri hoqqalarını başlatmayana qədər insanların xilası da onda idi. Kilsə isə iyerarxiya yaratdı, qeyri-bərabərliyin tərəfdarı, hakimiyyətin yaltağı, insanlar arasındakı qardaşlığın düşməni oldu və bu günə qədər də belədir. Amma İsa təliminin mənası ötən əsrin fəlsəfi cərəyanları sayəsində açılıb. Məhz buna görə də, Avropada öz kinayəsi ilə fanatizm və cəhalət tonqallarını söndürən hansısa Volter İsanın oğlu adına sizin istər şərqli, istərsə də qərbli rahiblərdən, arxiereylərdən, mitropolitlər və patriarxlardan daha çox layiqdir. Doğrudanmı siz bunu bilmirsiz? Axı bunu hər bir gimnaziyaçı bilir...
Doğrudanmı Siz, «Müfəttiş»i, «Ölü canlar»ı yazan adam, mənhus rus ruhanilərini katolik mənəviyyatından dəfələrlə üstün tutaraq, ona mədhiyyə oxuyursunuz?
Deyək ki, siz ikincinin nə vaxtsa nəsə olduğunu, birincinin isə kübar hakimiyyətin köləsindən başqa heç nə olmadığını bilmirsiniz. Amma doğrudanmı Siz bizim ruhanilərin ümumxalq nifrətə layiq olduğunu, rus xalqının ona nifrət elədiyini bilmirsiz?
Rus xalqı ədəbsiz lətifələri kimin barəsində barəsində danışır? Rahib, rahibin arvadı, rahibin qızı, rahibin köməkçisi barədə. Rus xalqı kimə zırrama nəsli, axmaq, yabı deyir? Rahiblərə! Məgər Rusiyada rahib acgözlüyün, xəsisliyin, yaltaqlığın, arsızlığın simvolu deyilmi? Guya Siz bütün bunları bilmirsiz? Qəribədir! Sizə elə gəlir ki, ruslar dünyanın ən dindar xalqıdı? Ağ yalandı! Dindarlığın əsasları pietizm, tanrı xofu, möminlikdi. Ruslar isə tanrının adını dilinə gətirərkən dallarını qaşıyır. O, ikonalar haqda bu məntiqlə düşünür – yarayar, dua eləyərik, yaramaz, küpün ağzını örtərik. Diqqətlə fikir versəniz, rusların xislətcə ateist xalq olduğunu görərsiniz. Onda xurafatçılıq ola bilər, amma dindarlıqdan əsər-əlamət yoxdur. Xurafatçılıq sivilizasiyanın inkişafı nəticəsində keçib-gedə bilər, amma dindarlıq dərin köklər buraxır.
Fransa buna canlı misaldır, bu ölkədə ziyalı, təhsilli adamların arasında da qatı katolik, ya da xristianlığın başını buraxsa da, hansısa tanrının varlığına inadla inanan insanlar var. Rus xalqı belə deyil: mistik ekzaltasiya onun xislətinə yaddır, onun ağlı, sağlam məntiqi yerindədi, yəqin ki, onun gələcəyindəki tarixi hadisələrin nəhəngliyi də elə bundadı. Bu xalqın hətta ruhaniləri də əsl dindar deyil – sakit, soyuq, asketik nəzərləri ilə seçilən bir neçə fərqli, istisna şəxsiyyət hələ heç nə demək deyil. Bizim ruhanilərin əksəriyyətinin əlamətdar cizgiləri yekə qarın, teoloji pedantlıq və vəhşi cəhalətdir. Onu fanatizmə qarşı dindar dözümsüzlükdə ittiham eləmək insafsızlıq olardı, əksinə, iman işində nümunəvi indiferentizmə görə ona tərif demək lazımdır. Dindarlarasa bizdə ancaq müxtəlif sektalarda rast gəlmək olar ki, onlar da olduqca az saydadır və bir-birinə ziddir.
Sizin rus xalqı və onun hakimləri arasındakı sevgi münasibətlərinə oxuduğunuz mədhiyyənin detallarına varmaq istəmirəm. Birbaşa deyirəm: bu mədhiyyənin oxuyandan sonra sizə rəhm edənlər də olmadı, biz hətta Sizə çox yaxın olan adamların da gözündən düşdüyünüzü gördük. Şəxsən mənə gəlincə, mütləqiyyətin ilahi gözəlliyindən (deyirlər bu sizə sərf eləyir) həzz almağı vicdanınızın öhdəsinə buraxıram. Amma ağıllı davranaraq, onu özünüzün gözəl uzaqlarınızdan seyr eləməyə davam edin – yaxından baxanda o çox da gözəl və təhlükəsiz deyil.
Bircə şeyi vurğulamaq istəyirəm: avropalı, xüsusilə də katolik olan avropalı dindarlıq havasına düşəndə, o yer üzünün güclərinin qanunsuzluğunu ifşa edən yəhudi peyğəmbərlər kimi, qeyri-bərabər hüququn ifşaçısı olur. Bizdə isə əksinədi, insan (hətta ən əxlaqsılı) psixiatr həkimlərin dindarlıq maniyası adlandırdıqları xəstəliyə düçar olanda, o yer üzündəki allaha göydəki allahdan daha çox yaltaqlanır. Özü də bunu elə cəni-dildən eləyəcək ki, tanrı özü onu qul ədəbinə görə mükafatlandırmaq istəsə belə, özünü insanların gözündən salacağının fərqinə varar. Budur qardaş, rus insanı budur.
Yadıma düşdü ki, kitabınızda bunu böyük və qeyd-şərtsiz həqiqət kimi iddia eləyirsiniz ki, sadə xalqa savad nəinki lazım deyil, hətta ziyandı. Heç bilmirəm, buna görə sizə nə deyim? Qoy Sizin vizantiya allahınız sizi bu vizantik fikrə görə bağışlasın, əgər bunları kağıza yazanda doğrudan da nə elədiyinizi bilmirdinizsə...
Mənə deyə bilərsiniz ki, «Ola bilər, mən yanılmışam. Fikirlərimin də hamısı yalandı. Amma siz nəyə görə yanılmaq haqqımı mənim əlimdən alırsınız? Yanılmalarımın səmimi olduğuna inanmaqdan niyə imtina eləyirsiniz?».
Cavab verirəm: çünki bu istiqamət Rusiyada birinci deyil. Düzdü kitabınız indiyə qədər yazılanlardan daha çox ağıl və istedadla yazılıb. Amma Sizdən əvvəlkilər daha həvəs və davamlılıqla işləyiblər. Nəticə əldə eləyənə qədər cəsarətlə hərəkət eləyiblər, hər şeyi vizantiya allahına verib, şeytana heç nə saxlamayıblar. Sizsə həm allaha, həm şeytana şam yandırırsınız, ziddiyyətlərə qapılırsınız, Puşkinə, ədəbiyyata və teatra bəraət qazandırırsınız amma Sizin qənaətinizcə bunlar insan ruhunu xilas etmək iqtidarında deyil, amma onu məhv eləməyə qadirdi.
Bu xalqın Sizin fikirlərinizin səmimiliyinə inanmasını düşünəndə, özünüzü rus cəmiyyətinin gözündə çox yüksək tutmusunuz. Axmaq adamlara yaraşdırılacaq şeylərə dahi adamlarda rast gələndə eyni reaksiyanı vermək olmur. Bəziləri bu qənaətə gəliblər ki, sizin kitabınız yaxşı mənada dəliliyə yaxın olan əqli pozğunluğun nəticəsidir. Amma onlar bu qənaətlərindən imtina eləməli oldular, axı məlumdur ki, kitab bir günə, bir həftəyə, bir aya yazılmayıb, onun ərsəyə gəlməsi bir və ya bir neçə il aparıb, bu fikirlərdə ciddi əlaqə var. səliqəsizcə səpələnmiş fikirlər əslində yaxşıca hesablanıb, hakimiyyətə oxunan mədhiyyə isə dindar yazarın yer üzündəki yaşayışını yaxşıca təmin edir. Buna görə Peterburqda belə şayiələr gəzir ki, kitabı yazılmasının səbəbi sizin varisin oğluna mənəvi ata olmaq niyyətinizdir. Hələ bundan əvvəl Peterburqda sizin Uvarova Rusiyada kitablarınızın yanlış başa düşülməsi barədə şikayət və təmənna dolu məktubunuz müzakirə olunurdu. İndi özünüz düşünün, bu kitabın sizi nəinki bir yazıçı, bir insan kimi də cəmiyyətin gözündən salmasına təəccüblənmək olarmı?
Gördüyüm qədərilə siz rus xalqını yaxşı başa düşmürsünüz. Onun xasiyyətini rus cəmiyyəti müəyyənləşdirir, bu cəmiyyətdə isə ağır məşəqqətlər altında əzilən təzə qüvvələr qaynayır və özünə çıxış yolu tapmadığı üçün bizdə ancaq apatiya, nisgil yaradır. Tatar senzurasına baxmayaraq, hələ ancaq ədəbiyyatda həyat və hərəkət var. Buna görə bizdə yazar adı belə hörmətə layiqdi, buna görə bizdə azacıq istedad qarşılığında belə ədəbi uğurlar belə asan əldə olunur. Şair adı, ədib ünvanı çoxdan epoletlər və zabit mundirlərinin şöhrətini kölgələyib. Buna görə bizdə azacıq istedadla müşayiət olunan liberal davranış belə ümumxalq diqqəti ilə qarşılanır. Buna görə özlərini səmimi ya qeyri-səmimi şəkildə pravoslavlığın, hakimiyyətin və kütlənin ixtiyarına verən şairlərin şöhrəti bir anın içində yox olur. Bir-iki sədaqət şeiri yazıb, kamer-yunker mundirini geyinəndən sonra xalqın sevgisindən məhrum olan Puşkin buna bariz misaldır.
Və siz kitabınızın özündəki bəd ovqata görə deyil, hamının üzünə səsləndirdiyiniz həqiqətlərin ifrat ağırlığına görə rüsvay olduğunu düşünürsünüzsə, çox yanılırsınız. Gəlin düşünək ki, Siz bunu qələm əhli barədə düşünə bilərdiniz, amma sadə camaat bu kateqoriyaya daxil deyil axı. Doğrudanmı «Müfəttiş» və «Ölü canlar»da bu xalqın üzünə dediyiniz həqiqətlərin belə sərt olmadığını düşünürsünüz? O əsərlər yazılanda bu xalq Sizə daha çox qəzəblənmişdi, amma bu qəzəb «Müfəttiş»i və «Ölü canlar»ı gözdən salmadı, amma axırıncı kitabınız sizi rüsvay elədi. Bu məsələdə xalq haqlıdı,: o rus yazıçılarında özünün yeganə öndərlərini, müdafiəçilərini, onu mühafizəkarlıqdan və qaramatdan qurtaracaq xilaskarını görür. Və buna görə də xalq öz yazıçısına pis, istedadsız kitabı bağışlamağa hazırdı, amma ona zərər vuracaq kitabı bağışlamağa hazır deyil. Bu cəhət, xalqda hələ körpə olsa da, nə qədər təzə, sağlam hissiyyatın olmasını göstərir və onun gələcəyinə ümid bağlamağa səsləyir.
Əgər Siz Rusiyanı sevirsinizsə, kitabınızın rüsvay olmasına mənimlə birlikdə sevinin!
Bir az özündənrazılıqla deyim ki, mən rus xalqını azdan-çoxdan tanıyıram. Kitabınızı oxuyanda onun xalqa deyil, hakimiyyətə, senzuraya pis təsir eləyəcəyindən ehtiyat elədim. Hakimiyyətin kitabınızı minlik tirajlarla nəşr etdirib, ucuz qiymətə satacağı barədə Peterburqda söhbət yayılanda, bəzi dostlar məyus oldular. Amma mən o vaxt bu adamlara dedi ki, bu kitab uğur qazanmayacaq və tezcə unudulub gedəcək. Budur, indi kitabınızdan daha çox onun barəsində yazılan yazılar xatırlanır. Bəli, ruslarda həqiqət instinkti hələ inkişaf eləməsə də, bu hiss onlarda çox dərindi!
Sizin müraciətiniz, səmimi ola bilərdi. Amma bunu ictimaiyyətə çatdırmaq fikri olduqca uğursuz idi. Sadəlövh möminliyin vaxtı çoxdan keçib, hətta bizim cəmiyyətdə belə. Bu insanlar artıq başa düşürlər ki, harda dua eləməyin heç bir fərqi yoxdur. Başa düşürlər ki. Yerusəlimdə İsanı axtaranların ya ürəklərində heç vaxt İsa olmayıb, ya da onlar İsanı çoxdan itiriblər. Başqasının əzabını görəndə iztirab çəkməyə qadir olan, əzabkeşlərə baxanda dünya başına dar olan adamlardı ürəklərində İsanı gəzdirənlər və onlara Yerusəlim-zad lazım deyil. Təlqin etməyə çalışdığınız itaət, əvvəla yeni fikir deyil, ikincisi, onun bir tərəfində dəhşətli yekəxanalıq, o biri tərəfində insanlıq ləyaqətinin ən rüsvayçı təhqiri ilə təqdim olunur. Nəsə qeyri-müəyyən bir mükəmməlik əldə etmək, möminliklə hamının fövqündə durmaq – bu ya yekəxanalığın, ya da ağıldankəmliyin ifadəsidir ki, hər iki halda riyakarlığa, saxtalığa aparır.
Bununla belə siz nəinki başqaları haqda – bu, sadəcə nəzakətsizlik olardı - elə özünüz barədə də iyrənc ifadələrlə danışırsınız ki, bu da artıq idbar görünür. Çünki yaxın adamının üzünə şillə vuran adam çaşqınlıq yaradırdı, öz üzünə şillə vuran adam iyrənc görünür. Yox! Siz ancaq qaramata bürünmüsünüz, sizdə aydınlanma-filan yoxdur. Siz bizim dövrün əsl xristian təliminin nə ruhunu, nə də formasını başa düşməmisiniz. Sizin kitabınızdan ölüm qorxusunun, şeytanın və cəhənnəmin qoxusu gəlir. O nə dildir, o nə ifadələrdir! «Cındırlar indi adam olub!» doğrudanmı siz belə düşünürsünüz ki, bu bibliya dilidir? Ciddi bir həqiqət var ki, insan yalanlara qurşananda, ağıl və istedad onu tərk edir. O kitabın üstündə adınız olmasaydı, orda özünüzdən bir yazıçı kimi bəhs etməsəydiniz, bu söz və ifadələr yığınının müəllifi «Müfəttiş»i və «Ölü canlar»ı yazan adamdır?
Şəxsən mənə gəlincə, təkrar eləyirəm: məqaləmi tənqidçilərinizə verdiyiniz cavablara reaksiya hesab etməklə yanılmısınız. Məni qəzəbləndirən təkcə bu olsaydı, mən elə bu məsələyə reaksiya verməklə kifayətlənər, qalan şeylər barədə isə sakit və təmkinlə danışardım. Amma bu da düzdü ki, Sizə diqqət göstərənlərə qarşı münasibətiniz elə də yaxşı deyil. Başa düşürəm, özünün axmaq tərifləri, çılğınlığı ilə adamı gülünc vəziyyətə salan səfehləri yerinə otuzdurmaq vacibdir, amma bu olduqca ağır işdi – çünki hətta saxta sevgiyə də qəddarlıqla cavab vermək insanlıqdan deyil.
Amma Siz, ağlı ilə seçilən adamlar olmasa da, hər halda axmaqlardan bəhs etmirdiniz. Bu adamların əsərinizi oxuyandan sonrakı heyrətləri sizin onlar barəsində dediklərinizdən daha çoxdur. Hər halda, onların Sizə qarşı entuziazmı təmiz və alicənab mənbədən qaynaqlanır, buna görə də, o adamları ümumi və şəxsi düşmənlərinizin ayağına vermək, üstəlik, onları əsərinizin tənqidi zamanı ifrat ittihamçı olmaqda ittiham etməyiniz ağıllı hərəkət deyildi. Əlbəttə, Sizin başınız kitabınıza qarışdığından, bunu ehtiyatsızlıqdan eləmisiniz, amma Vyazemski, aristokratiyada knyaz, ədəbiyyatda isə gədə olan bu adam Sizin fikirlərinizi inkişaf etdirərək, Sizə rəğbət bəsləyənlərə (ən çox da mənə) «danos» göndərdi. O yəqin ki, bunu Sizə minnətdarlığından elədi – axı Siz onun kimi sözü sözə calayan bir adamı böyük şair elan eləmişdiniz. Bunlar çox pis şeylərdi! Sizin istedadınızın dostu olanlarla ədalətli davranmaq vaxtını gözlədiyinizi (Siz qürur nümayiş etdirərək, düşmənlərə bunu nümayiş etdirmişdiniz ) isə mən bilmirdim, bilə də bilməzdim, açığı heç bilmək də istəməzdim. Mənim qarşımda Sizin kitabınız vardı, məqsədləriniz deyil. Mən Sizin kitabınızı oxudum, təkrar-təkrar az qala yüz dəfə oxudum və bu kitabdakı hər şey mənim ruhumu ağrıtdı, təhqir elədi.
Əgər mən hisslərimə tam sərbəstlik versəydim, bu məktub qalın bir dəftərə çevrilə bilərdi. Mən bunu nə qədər çılğınlıqla istəsəm də, heç vaxt sizə bu barədə yazmaq istəməmişdim. Baxmayaraq ki, Siz hamıya barənizdə həqiqəti yazmaq hüququ vermişdiniz. Rusiyada yaşadığım müddətdə mən bunu eləyə bilməzdim, çünki oradakı Şpekinlər başqalarının məktublarını açıb oxuyurlar. Özü də bunu şəxsən maraqlandıqlarına görə deyil, bu işin onların xidmət borcu olduğuna görə eləyirlər.
Amma bu yay vərəm xəstəliyi məni ölkədən getməyə məcbur elədi. Nekrasov Sizin məktubunuzu mənə Zaltsburna göndərdi. Bu gün mən buranı tərk eləyib, Annenkovla birlikdə Parisə yollanıram. Məktubunuzu gözlənilmədən almağım mənə imkan verdi ki, kitabınızı oxuyandan sonra sizin barənizdə düşündüklərimin hamısını özünüzə deyim. Mən yarımçıq danışmağı bacarmıram, mən biclik eləməyi bacarmıram – bu, mənim xislətimə yaddır. Ya Siz, ya da qoy zaman mənə barənizdə yanıldığımı sübut eləsin. Buna ən birinci özüm sevinərəm, amma Sizə dediklərimə görə peşmançılıq çəkmərəm. Burada söhbət mənim ya Sizin şəxsiyyətinizdən getmir. Barəsində danışdığımız məvhum məndən, hətta Sizdən də dəfələrlə yüksəkdə dayanır. Söhbət rus cəmiyyətindən, Rusiyadan gedir.
Bu da mənim axırıncı, yekun sözüm: əgər Siz qürurlu bir barışqanlıqla sözün əsl mənasında dahiyanə əsərlərinizdən imtina etmək bədbəxtliyin yaşamısınızsa, onda indi səmimi barışqanlıqla axırıncı kitabınızdan imtina etməli, onun nəşrinin günahından tövbə eləməli və günahınızı əvvəlki dahiyanə əsərlərinizi xatırladacaq yeni kitablarla yumalısınız.
Zaltsbrunn
15 iyul, 1847-ci il
Tərcümə: Günel Mövlud
kultura.az