Kulis.Az Güllü Yoloğlunun “Körpü” jurnalında çap olunmuş “Şirin erməni qızıdırmı?! (Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair)” məqaləsini təqdim edir.
Ötən əsrin sonlarında Türk Dünyasının bir çox yerlərinə Azərbaycan, onun tarixi, ədəbiyyatı və s. haqqında məqalələr göndərirdim. O yerlərdəki dostlarım həmin məqalələri öz dillərinə çevirib qəzet və dərgilərdə çap etdirirdilər. «Xakas çiri» qəzetindəki «Karabax – xara sad», «Ana sözü» qəzetindəki soyumuz, soykökümüzlə bağlı çoxsaylı məqalələr, «Tıvanın anıyaktarı» qəzetindəki Azərbaycan folkloru ilə bağlı yazılarım və s. buna misaldır. Belə yazılardan biri də Nizami Gəncəvi ilə bağlı idi. Bu məqaləni yazmamışdan öncə şairin əsərlərini rus dilində nəzərdən keçirmiş və dəhşətə gəlmişdim…
Təbii ki, bundan sonra Nizami Gəncəvi haqqında məqalə yazdım, Ufadakı dostum, yazıçı-jurnalist Fərzənə Akbulatovaya göndərdim və tezliklə dahi şairimizi ən gözəl tərəflərdən tanıdan məqaləm «Sovet Başkortostanı» (16 avqust 1990) qəzetində işıq üzü gördü.
Nizami əsərlərinin rus dilinə tərcümələrini o vaxtdan diqqətdən keçirməyə başlamışam. Bunun üçün ilk öncə «Azərbaycan ədəbiyyatı kitabxanası 20 cilddə» seriyasından dahi şairin seçilmiş əsərlərindən ibarət olan 5-ci cildə müraciət etdim (Nizami Qəndjevi. İzbrannıe. – Baku, Azerneşr, 1989, 727 s.). Bu cildə dahi şairin qəzəl, qəsidə və poemaları daxil edilib. Buradakı ön söz, izahlar, tərtib işi və lüğət mərhum professorumuz Rüstəm Əliyevə məxsusdur. Nəfis şəkildə tərtib və çap olunmuş bu cild də digərləri kimi istənilən bir kitab rəfinin yaraşığıdır…
Onu da qeyd etmək lazımdır ki, sevimli şairimizin əsərləri 1986-cı ildə Moskvada «Bədii ədəbiyyat» nəşriyyatında beş cilddə çap olunub. Haqqında danışdığım beşinci cild həmin beş cildliyin qısaldılmış şəklidir…
Məlumdur ki, Nizaminin əsərlərini biz həm orta məktəbdə, həm universitetlərdə öyrənirik. Artıq uzun illərdir ki, Azərbaycan və dünya nizamişünasları şairin yaradıcılığı haqqında dəyərli elmi əsərlər yazır, samballı tədqiqatlar aparırlar. Bu səbəbdən də onun əsərlərini Azərbaycan türkcəsində oxuyanlarda, demək olar ki, elə bir ciddi sual yaranmır. Bizi nə Nizamiyə fars şairi deyənlər, nə onu hansısa digər etnik qrupa bağlayanlar, nə də uzun illər Şirinə erməni deyənlər, onlara rəvac verən azərbaycanlı tədqiqatçılar narahat etmir.
Çünki bütün bu məsələlər Ərməniyyənin, ərmənin, Albaniyanın nə və hara olduğunu yaxşı bilən Azərbaycan oxucusu üçün həllini çoxdan tapmışdır. Bəs rusdilli oxucu nə fikirdədir? Axı onun fikri Nizaminin əsərlərinin rus dilinə tərcüməsindən və eləcə də bu dildəki tədqiqatlardan, elmi məqalələrdən çox birbaşa asılıdır.
Bəlkə də bu sətirləri oxuyanların bəziləri rusdilli oxucunun fikrinin onun üçün heç bir əhəmiyyəti olmadığını deyəcək. Lakin istər Sovetlər Birliyi dönəmində, istərsə də bu günümüzdə milli ədəbiyyatlar böyük və geniş bir coğrafiyada digər dillərlə müqayisədə daha çox rus dili vasitəsilə oxunur və tanınır. Hələ onu demirik ki, bir sıra türk xalqları (özəlliklə də Rusiya daxilindəki türklər) da bir-birini bu dil vasitəsilə daha yaxşı anlayırlar. İstər klassik, istərsə də çağdaş ədəbiyyatımıza verilən qiymət rus, ingilis və s. dillərə tərcümənin keyfiyyətindən bu yöndən çox asılıdır. Buna görə alimlərimiz arasında mübahisələrə səbəb olan bir sıra əsərlərin xarici dillərə tərcümələri ayrıca diqqət və təftiş tələb edir…
Lakin bu yazıda bizi maraqlandıran konkret bir məsələdir: Nizaminin «Xosrov və Şirin» poemasının ruscaya tərcüməsi, özəlliklə isə əsərin əsas qəhrəmanlarından olan Şirinin etnik-milli mənsubiyyəti məsələsi. Bununla bağlı «Xosrov və Şirin» poemasının ruscaya tərcüməsi üzərində daha çox dayanmaq istərdik.
Poemanı fars dilindən ruscaya K.Lipskerov tərcümə edib. Fars dilini bilmədiyimdən əsərin orijinaldan tərcüməsinin keyfiyyəti barədə bir söz deyə bilməyəcəm. Məni narahat edən ruscaya tərcümədə indiyədək poema haqqında nizamişünas alimlərimizin dediklərinə zidd məqamların mövcudluğu, istər redaksiya heyəti, istərsə də ön sözün müəllifinin bu məqamlara münasibəti, daha doğrusu münasibətsizliyidir.
Qeyd edim ki, heyrətlənmək üçün heç də poemanı başdan ayağa oxuyub orada göz çıxardan, qulaq deşən söz, zərərli sətiraltı məna axtarmaq lazım gəlmir. Əsərin ayrı-ayrı başlıqları iri şriftlərlə oxucuya «gəl-gəl» deyir: «Poezdka Şapura v Armeniö za Şirin» (s.126), «Priezd Xosrova v Armeniö k Mixinbanu» (s.156)… Bəs görək, Şapur Xosrova Şemora (Məhin Banu) haqqında nə deyir:
«… В гoрах Армении oна блуждает летoм,
Меж рoз и тучных нив, пленясь ярким их цветoм…» (с.122).
«Хoсрoв видит Ширин в истoчнике» bölümündə isə oxuyuruq:
«…Oн (Хoсрoв – Г.Й.) взвил кoня, чтoб бил oн менее дoрoгу,
Oн прoтoрил себе к Армении дoрoгу…» (с.146).
«Şirini suda görən Xosrov onu tanımır:
«…Oн сердце беднoе oт девы светлoлицей
Oтвел. К армянскoй oн oтправился стoлице…» (с.153).
«Пoстрoйка замка для Ширин» bölümündə guya ova gedən Xosrov oradan da «в Армению бежал, oтцoвский брoсив дoм» (с.154).
Nəhayət, «Приезд Хoсрoва в Армению к Михин-Бану» bölümündə «Baxarzan»a gələn Xosrov Məhinbanu ilə görüşür… Buradan belə çıxır ki, Xosrov Ermənistana, Məhinbanunun yanına gəlir. Nədənsə, Məhinbanu Xosrovun qarşısında əyilib yeri öpur:
«Михин-Бану встает. Пoцелoвавши землю,
Oна сказала: «Шах!» Oн oтвечает: «Внемлю».
«Мoю стoлицу, гoсть, сoбoй укрась; Берда
Так весела зимoй! Ты сoберись туда»» (с.158).
- deyərək Xosrovu Bərdəyə dəvət edir. Təklifi qəbul edən Xosrov Bərdəyə gedir. Məhinbanu da taxt-tacı ilə oraya köçür. Xosrov burada Novruz gecəsindən də xoş gecələr keçirir. Burada hər şey, hətta kömür də erməniləşdirilir:
«Армянский угoль здесь, oн пoднимает пламя,
Пoдoбен негру oн, вздымающему знамя…» (с. 158).
Bu qonaqlıqda Xosrov «Barsema vaça», yəni «yeməyə başlamaq olar» adətinin iştirakçısı olur (s.163).
Xosrovun Məryəmlə evləndiyini eşidən Şirin Şapura tənələr yağdıraraq Xosrova da ismarıc göndərir:
«…Картину ты сыскал в румийскoй мастерскoй,
К армянскoй сладoсти чтo ж тянешься рукoй?
…Цветы румийскoгo ты oбрываешь дoла,
Так не терзай венец армянскoгo престoла…» (с.213).
1982-ci il nəşrində bu hissə Azərbaycan türkcəsinə tərcümədə ötürülmüş, 1947-ci il tərcüməsində isə belə verilmişdir:
«Rumun ki, nəqşinə olmusan yoldaş,
Ərmən halvasından əl çək, uzaqlaş.
Rum bağından çoxlu güllər dərmisən,
Gəl ərmən bağını talan etmə sən» (s.177).
K.Lipskerovun tərcüməsinə görə, Şemoranın ordusu İsfahana qədərdir. Dərbənd də onun ixtiyarındadır. O, qızılgül açanda Muğanda olur, yayda «Armeniə» dağlarında, payızda Abxaziyada ov edir, qışı paytaxt Bərdədə keçirir. Hələ «армянский престoл», «армянский угoль», «армянская стoлица», «гoры Армении» və s.!!! Necə olub ki, bütün bunlar kitaba 25 səhifəlik ön söz yazan R.Əliyevin nəzərindən qaçıb? Bəlkə o, kitaba baxmadan ön söz yazıb?! Bəzən belə hallar olur. Ancaq yox! Kitabdakı tərcümədən gətirilən misallar, lüğət, izahlar və s. göstərir ki, kitabın içindəkilər R.Əliyevə yaxşı tanış imiş. Bundan başqa mərhum professorumuz «Xosrov və Şirin» poemasına həsr etdiyi «Поэма о бессмертной любви» (Baku, 1991) kitabında da bu tərcümədən istifadə edir və yazır ki, «istər Şərq, istər yunan, istərsə də Suriya tarixi xronikası yekdilliklə təsdiqləyirlər ki, Xosrovun çoxsaylı arvadları arasında iki xristian qadın vardı – Mariya və Şirin». Elə oradaca bu məsələyə bir də toxunan alimə görə, «…anonim Suriya xronikası məlumat verir ki, Xosrovun iki xristian arvadı olub: «армянка Ширин» и «рoмейка» (румийка) Мариам…»(с.103 (s.103). Erməni Şirinə heç bir münasibət bildirilmir.
Beləliklə, bir neçə yerdə mənbələrə əsaslanaraq Xosrovun «armənka Şirin» və «rumiyka Mariam» kimi iki xristian arvadı olduğunu qeyd edən müəllifə görə, «yuxarıda deyilənləri ümumiləşdirərək… əsaslı nəticəyə gəlmək olar: Xosrovun digər arvadları arasında iki xristian arvadı vardı: biri imperator Mavrikinin nəslindən olan Məryəm, o biri isə sevimli arvadı Şirin» (s.105). Oxucu elə başa düşməsin ki, bizi Xosrovun erməni və rum qızları ilə evlənməsi narahat edir. Əsla! Özü bilər. Bunun bizə heç bir istisi, soyuğu yoxdur…
Tanınmış nizamişünas olan R.Əliyev «Xosrov və Şirin» poeması və eləcə də Nizami Gəncəvinin özü haqqında deyilən qərəzli və qərəzsiz fikirlərin hamısına bələd idi. Məhz belə bir alimin ruscaya tərcümələrə «etinasızlığı» təəccüb doğurur. Onun M.Şaginyan və onlarla digər erməni filoloqunun yazdıqlarından da xəbəri olmamış deyildi. Axı, onların bir çoxunun yazıları, kitabları uzaqda deyil, lap Azərbaycanın göbəyində – Bakıda çap olunurdu. Məsələn, Marietta Şaginyan özünün 1981-ci ildə Bakıda «Yazıçı» nəşriyyatında çap etdirdiyi «Этюды о Низами» kitabında yazır: ««Xosrov i Şirin» рассказывает о любовных перепитиях между армянкой, или арранской царевной и персидским царем Хосровом» (s.23).
Göründüyü kimi, Marietta «xanım» bir gülləyə iki dovşan vurur, Şirini «armənskaə ili arranskaə üarevna» adlandırmaqla Arranı da ovlayır. Onu da qeyd edək ki, M.Şaginyanın bu kitabı hələ 1955-ci ildə Yerevanda nəşr olunmuşdur. Azərbaycan alimləri tərəfindən layiqli cavabını almayan erməni «alimi» kitabı Bakıda çap etdirməklə onların milli təəssübkeşliyinin zəifliyini bir daha sübut etdirib…
M.Ə.Rəsulzadə «Azərbaycan şairi Nizami» (Bakı, 1991) əsərində yazırdı (kitab 1941-ci ildə yazılmışdır): «Gecəni gündüzə qataraq yol gələn Şapur bir yaz mövsümündə Ermənistan dağlarına yetişir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklərdə vaxtını keçirərmiş» (s.108). «Daha sonra digər istiqamətdə yola düşən Xosrov Ermənistan hüduduna gəlir…» (s.111). Elə buradaca oxuyuruq: «Yalnız Şəbdizin qeyri-adi sürəti nəticəsində Xosrov yaxasını düşmən əlinə vermir və təhlükədən canını qurtarıb Azərbaycana – Muğana gəlir. Burada o, məiyyəti ilə gəzintiyə çıxmış gözəl Şirinlə görüşür və onlar tanış olurlar» (s.111-112). Sanki hər şey qaydasındadır. Xosrov Azərbaycanda – Muğanda Şirinlə tanış olur. Lakin M.Ə.Rəsulzadə bizi çox sevinməyə qoymur, yazır: «Erməni şahzadəsi Şirin – xristian, İran padşahı Xosrov – atəşpərəst idi» və elə buradaca «Əsli və Kərəm» dastanına toxunaraq yazır: «Qəribə deyilmi ki, qədim İran əfsanəsinin təsvir etdiyi bu məhəbbət, eyni coğrafi ərazidə cərəyan edən daha sonrakı məhəbbətlərin əsasını ehtiva edir: məsələn, xalq eşq dastanlarından birinin qəhrəmanları Kərəm - müsəlman, Əsli də xristiandır» (s.171).
H.Araslı 1982-ci il nəşrindəki ön sözdə Məhinbanu obrazını «ədalətli şah obrazı», onun xalqla rəftarını isə «ədalətli» adlandırır. Nizaminin özü tərəfindən poemanın əvvəlində Şemoranın, yəni Məhinbanunun idarə etdiyi ölkə cənnətə bənzədilsə də, Şirin taxta çıxanda bütün bunların yalan olduğunu görürük. Sən demə, ölkə o qədər acınacaqlı vəziyyətdə imiş ki, Şemora öldükdən sonra
Şirinin əlinə çatanda şahlıq,
Ölkədən hər yana yayıldı işıq.
Ədalətlə etdi rəiyyəti şad,
Məhbuslar olundu həbsdən azad.
Şəhər qapısından bir bac almadı,
Heç bir əkinçidən xərac almadı.
Zülmdən qurtardı bütün məzlumlar,
Dünyada zülmdən qalmadı əsər…» (tərc. R.Rzanındır).
R.Əliyev ön sözündə «Xosrov və Şirin» poemasını A.S.Puşkinin «Yevgeni Onegin»i ilə müqayisə edir, Azərbaycanın (Arranın) paytaxtı Bərdədən, İran şahı Xosrovdan, «xeyirxah və qüdrətli» (bu «qüdrət» sahibi görəsən niyə Xosrovun qarşısında diz çöküb yeri öpürdü?! – G.Y.) Məhinbanudan, onun idarə etdiyi Arrandan bəhs edir, Şirini Nizamidən də çox tərifləyir. Eyni kitabın içindəki tərcümədə isə tamam başqa şeydən bəhs olunur.
Demə, Arran heç də Azərbaycan deyilmiş, M.Şaginyanın da dediyi kimi, «Armeniə»ymış, Bərdə heç də Azərbaycanın deyil, «Armeniə»nın paytaxtıymış, Şirin heç də Əfrasiyab nəslindən olan türk qızı deyil, «armənskaə sladost» imiş. Şemora heç də ölkəni yaxşı idarə etmirmiş, xalq zülm içində çabalayırmış. Şirin onu bu zülmdən qurtarıbmış. Deməli, Məhinbanu heç də bu qədər tərifə layiq deyilmiş, Şirin heç də türk əxlaqına sahib bir türk qızı deyilmiş və buna görə də bugünkü qızlarımıza örnək ola bilməzmiş… (Nizamişünas Azadə Rüstəmova Şirini «azərbaycan gözəli» adlandırır (A.Rüstəmova. Nizami Gəncəvi. –«Elm», Bakı, 1980, s.10, 45)).
Redaksiya heyətində on yeddi nəfər tanınmış alimimizin adı olan (ölənlərə rəhmət, qalanlara can sağlığı) Azərbaycan Ədəbiyyatı Kitabxanası 20 cildliyinin V cildi ilə bağlı qeydlərim tək «Xosrov və Şirin» poemasına aid deyil. Ermənistanı qədim dövlət kimi göstərən misralar «İsgəndərnamə»nin ruscaya tərcüməsində də kifayət qədərdir:
«…Мча в Армению тьмы войсковых своих силl,
Ноги ветру он взвихренным прахом скрутил…» (s.501).
«…Лишь в Армнию ввел войско страшное Дарий,
Судный день наступил; все дымилось в пожаре.
Но не знал Искендер, что армяне в плену,
И что полчища Дарий повел на войну…» (s.502).
Məlum olur ki, K.Lipskerovun bu tərcüməsi («İsgəndərnamə» poemasını da K.Lipskerov farscadan tərcümə etmişdir) Azərbaycanda birinci dəfə deyil ki, çap olunur. «Xosrov və Şirin»in sözü gedən tərcüməsi Bakıda 1947, 1948, 1955-ci və digər illərdə də çap olunmuşdur. Yəni demək olmaz ki, Azərbaycan ədəbi ictimaiyyətinin bu tərcümədən xəbəri yoxdur. Bəlkə də kimlərsə tərcümədəki qeyd etdiyimiz məsələlərə nə vaxtsa toxunub. Lakin görünür, ümumilikdə götürəndə, bu məqamlar tarixçilərimizi, filoloqlarımızı, etnoqraflarımızı o qədər də narahat etməyib. Əks halda eyni tərcümə 1986-cı ildə Moskvada, 1989-cu ildə yenə də Bakıda çap olunmazdı. Azərbaycan türkcəsinə isə «Xosrov və Şirin» poeması 1940-cı ildə şair Rəsul Rza, 1941-ci ildə Ə.Sadıqov tərəfindən tərcümə olunub. R.Rzanın tərcüməsi sonralar 1947, 1948, 1962, 1982-ci illərdə təkrar çap olunub. Bu tərcümədə K.Lipskerovun «Armeniə», «armənskiy» kimi tərcümələri «Ərmənistan», «Ərməniyyə», «ərmən» kimi verilib:
«Arandan başlamış Ərmənə qədər,
Onun fərmanına boyun əyirlər» (s.45).
«Şapuru göndərdi Ərmənistana» (s.71).
«Bildi qorxub şahdan, ova getmişdir,
Düz Ərmənistana səfər etmişdir» (s.82).
Bu nümunələr «Xosrov və Şirin» poemasının 1947-ci il nəşrindən götürülüb. Bizcə, Nizami Gəncəvinin poemalarına fars dilini yaxşı bilən bir tədqiqatçının yenidən baxması lazımdır. Nizami elə bir dövrdə yaşayıb ki, o vaxtlar Azərbaycanın Qarabağ problemi yox idi. Ermənilərlə münasibət indiki qədər kəskin deyildi. Nizami özü də beynəlmiləlçi şair idi. Onun əsərlərində dünyanın bir çox xalqlarının nümayəndələrini (slavyan, çin, rum, türk, fars, hind və s.) görürük. Yunanıstandan, Həbəşistandan, Hindistandan, Çindən, slavyan tayfalarından yazan şair yan-yörəsindəkilərdən də yaza bilərdi.
Bir də ki, bu poema fars əfsanəsi əsasında yazılmışdır. Sovet dövrü tədqiqatçılarının da bu məsələni kəskin qoymamasının səbəbi kimi xalqlar dostluğu ideyasının təzyiqini göstərmək olar. Biz sadə bir oxucu kimi həqiqəti bilmək istərdik. Əgər doğrudan da, Nizami Gəncəvinin əsərlərinin orijinalına yenidən baxmağa ehtiyac yoxdursa, yəni yuxarıda qeyd etdiyimiz məqamlar tərcüməçinin uydurmasıdırsa, onda nizamişünaslar K.Lipskerovun tərcüməsi ilə bağlı öz mütəxəssis sözlərini deməli, onun Azərbaycanda, dediklərini sübut edə bilsələr, Rusiyada da çapının qarşısını almağa çalışmalıdırlar.
Rusca tərcümənin daha geniş oxucu və mütəxəssis dairəsini əhatə etdiyini nəzərə alsaq, belə çıxır ki, sözü gedən məqamlar Azərbaycandan başqa hər yerdə elə yuxarıda göstərilən şəkildə də qəbul olunur. Bu isə Azərbaycan nizamişünaslığına heç də baş ucalığı gətirmir.