|
Əlizadə Əsgərli
Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair
(əsasən 1990-cı illər)
XX əsrin 60-80-ci illərdə Azərbaycanda və ondan kənarlarda (rusdilli Azərbaycan sənətkarları) mövzu-problem baxımından tiploloji romanlar meydana çıxmış, ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. 90-cı illər romanları isə keçid dövründə, Azərbaycanda gedən ictimai-siyasi hərəkat və Azərbaycan-Ermənistan müharibəsi şəraitində meydana çıxdığından vaxtında ədəbi – tənqidi qiymətini ala bilməmişdir.
90-cı illər (və bundan sonrakı illər) romanları (əlbəttə, bunlar say etibarilə azlıq təşkil edir) sənət və dəyərləndirmə meyarları baxımından ədəbi tənqiddə görünməkdə, onlara elmi-nəzəri və analitik baxış güclənməkdədir.
XX əsrin sonlarında ədəbi proses sistemli şəkildə elmi tədqiqata cəlb olunmamışdır. Mövcud monoqrafik işlər əhatəli deyil. Professor Aydın Dadaşov “Müstəqillik dövrünün dramaturgiyası” adlı monoqrafiyasında dövrün tanınmış dramaturqlarını təhlil predmeti götürmüş, hətta, dramatik əsərlərin mövzu-predmet baxımından tipologiyasını müəyyənləşdirmişdir. Lakin müstəqillik dövrünün poeziya və nəsri haqqında sistemli monoqrafiyalar yoxdur. Bu dövrün poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığı ilə bağlı məqalələr, resenziyalar və rəylər yazılmışdır. Lakin ayrı-ayrı sənətkarlar haqqında demək olar ki, kitablar yoxdur.
90-cı illərdə İ.Şıxlı, Anar, Elçin, S.Əhmədov, M.Süleymanlı, S.Rüstəmxanlı kimi müəlliflərin, habelə gənc ədəbi nəsillərin romanları da yaranmış, janr tipologiyası etibarilə müxtəliflik ifadə etmişdir. Bu baxımdan roman-xatirə, roman-tale, tarixi roman, ictimai (sosial) roman, habelə, ictimai-siyasi roman tipləri qeyd oluna bilər.
Tənqidçi-ədəbiyyatşünas, prof. Nazif Qəhrəmanlının “Ədəbiyyat və əbədiyyət” məqalələr toplusunun1 iki bölümü nəsrlə bağlıdır: “Nəsr və zaman”, “Fərd və tarix”.
Alim “Nəsr və zaman” bölümündə “Əli və Nino haqqında hekayə”, “Müdriklik çağının tələbləri”, “Nəsr düşüncələri”, “Dirilər üçün rekviyem”, “Unudulmaz vəhşət nağılı” və ya “Ədəbiyyatda yaşanan repressiyalar”, “Qazamat gərdişinin hərarəti”, “Təbiət vurğunu”, “Qovuq” kitabının müəllifi Aygün Həsənoğluya məktub”. “Mənzər Nigarlının hekayələri”, “Sənətkar yetkinliyi”, “Həyat eşqi”, “Törədiləcək bir qətlin tarixçəsi”, “Etiqadımızın süzülən işığı” və ya “İdrakımızın güvənc yeri”, “Böyük dönüşün başlanğıcı”, “Tarix və yaxın gerçəkliklər”, “Fərdlə yeniləşən tarix” məqalələrini çap etdirmişdir. Bu məqalələr müstəqillik dövrünün ədəbi prosesi, habelə, Əli Əmirlinin “İldırımötürən”, “Meydan”, “Ölü doğan şəhər” romanları, Afaq Məsudun “Başlanğıc”, Ağarəhim Rəhimovun “Cinayət və etiraf”, İsa Hüseynovun “İdeal”, “Əbədiyyət”, Söhrab Tahirin “İki dəfə yox olmuş adam”, “Sevgisində itən qız”, “Sonuncu şah”, Əzizə Cəfərzadənin “Zərrintac Tahirə”, “Bəla”, “İşığa doğru” və “Eşq sultanı” əsərləri haqqındadır.
Prof.Nazif Qəhrəmanlı XX əsrin bəzi görkəmli yazıçılarının bədii üslubundan danışmış, maraqlı ümumiləşmələr vermiş aparıcı nasirlərin bədii təhkiyəsindəki rəngləri ayırmağa çalışmışdır. Müəllifə görə Anarın nəsri fikrin intensiv axarı, mənəvi-əxlaqi situasiyanın süjet kəsb etməsi ilə fərqlənir. Sabir Əhmədlinin obyektiv təhkiyəsi tədrici, ləngərli, şaxələnən süjetə malikdir. Bu süjetdə 20-30-cu illərin epik vüsəti, 60-cı illərin sərt tənqidləri birikir. Əlibala Hacızadənin romanları (povest və hekayələri) lirik-emosional situasiyanın aparıcı roluna görə fərdiləşir; hərtərəfli, səbrli dialoqları onun nəsrinin dramaturji məziyyətini artırır, reklamı və təbliğatı gücləndirir. Daha çox ədəbi-estetik ekvilibristika Elçin təhkiyəsinin çıxış nöqtəsidir, hər hansı ekzotik zəmin və ya əşya onun üçün vacib məqam olur. Romançılıqda mifoloji (“Mahmud və Məryəm”), tarixi (“Ağ dəvə”) və dedektiv (“Ölüm hökmü) axtarışlara tapınmaq Elçin nəsri üçün səciyyəvidir.
Mövlud Süleymanlının romanları (hekayə və povest) mənəvi-etnoqrafik səciyyəlidir. Təhkiyə bədii nitqin folklor arsenalına söykənir, deyim-intonasiya elementləri ilə zənginləşir, arzu-dilək, xeyir-dua, alqış-qarğış kimi dil vasitələri ilə güclənir. Onun şərti metoforik üslubu fərdi regional cizgiləri ilə seçilir.
Əli Əmirli analitik yazıçılarımızdan biridir. Lakin onun üslubunda klassik-ədəbi manera və yığcam yazı üslubunun maraqlı bir vəhdəti müşahidə olunur – tənqidçi qənaəti belədir.
Prof.N.Qəhrəmanlı onu da qeyd edir ki, Əli Əmirlinin meydan mövzusunda ilk iri həcmli əsəri “Meydan” romanı, habelə, “İldırımötürən” povesti nəsrimizin axtarışlarına təkan olmuşdur.
“Ölü doğan şəhər” romanı miqrasiya fəlakətlərini, Sumqayıt hadisələrini, ailələrin ağrı-acılarını əks etdirir. Tariximizə keçmişimizlə bu günümüzün, əlahiddə 90-cı illərin ədəbi hadisələri kimi baxılır. Elçinin “Ölüm hökmü” romanında bir xətt 37-ci il hadisələri ilə bağlıdırsa, Çingiz Ələkbərzadənin “Zindan” romanı “qazamat” mövzusunda olub avtobioqrafik səciyyəlidir. Söhrab Tahirin “Sevgisində itən qız”, “Sonuncu şah” əsərləri şahlığın mahiyyəti haqqında əsərlərdir. Əzizə Cəfərzadənin “Zərrintac Tahirə” romanında dərviş düşüncəsi, sufi təfəkkürü bütün Yaxın və Orta Şərqin, habelə Azərbaycanın bədii-elmi fikrinə də güclü təsir göstərmişdir. “Bakı-1501”də ələvilik, “Eldən-elə” romanında Nematullahilik və Bəktaşilik, “Zərrintac Tahirə”də babilik, “İşığa doğru” romanında isə vəhabilik əsas ideoloji xətt olmuşdur. Prof. N.Qəhrəmanlıya görə “İşığa doğru” romanını “Zərrintac Tahirə”nin davamı saymaq olar. “Bəla” əsərindəki vəhdət ideyası yazıçının əvvəlki əsərlərindəki torpaq, qeyrət və vətən sevgisinin davamıdır. “Xəzərin göz yaşları” romanı isə 1938-ci il repressiyalarından bəhs edir. Afaq Məsudun nəsri isə dialektik baxışın məqamları üzərindədir.
Müstəqillik dövrünün əsas mövzularından biri Qarabağ-torpaq hadisələri ilə bağlıdır. Bu dövrdə Sabir Əhmədlinin “Axirət sevdası”, Vidadi Babanlının “Ana intiqamı”, Elçinin “Bayraqdar”, Əlibala Hacızadənin “Möcüzə”, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Hüseynbala Mirələmovun “Yanan qar”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, Ağarəhim Rəhimovun “Canavar balası”, “Qoşa qanad”, “İkili dünyam”, “Haray”, “Əsgər anası”, “Xəyanət”, Nigarın “Daş hasar”, Əlabbasın “Halal qan”, Mahirə Abdullanın “Narkoman”, “Əvvəl-axır”, “Agah”, “Ağdərədən üzü bəri”, Elçin Mehrəliyevin “90-cı illər”, Nüşabə Məmmədlinin “Zəngulə”, Elza Mollayevanın “Əsir ürəklərin fəryadı”, Nigar Qarayevanın “Daş hasar”, Fazil Günayın “Qara qan”, Zümrüdün “Yarımçıq nəğmə”, Əli İldırımoğlunun “Aqibət”, Əlibala Hacızadənin “Möcüzə”, Kərim Dünyamalının “Qana boyanmış illər”, Novruz Rəhimovun “Qara qatar” əsərləri qələmə alınmış, xalqın qanlı faciələri hadisələr fonunda ümumiləşdirilmişdir.
Anarın “Otel otağı” Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, Elçin Hüseynbəylinin “Qoca”, Vidadi Babanlının “Mənim gizlinlərim”, Vaqif Nəsibin “Bu dünya daşlı qala”, Yusif Kərimovun “Qarabağ şikəstəsi”, Davud Nəsibin “Cavanşirsiz məmləkətim” romanları da müstəqillik dövrünün ədəbi məhsullarıdır. Sabir Əhmədlinin “Kütlə” romanı meydan hərəkatı, milli azadlığın bədii ifadəsi ilə bağlıdır.
Prof.Təyyar Salamoğlunun “Tarixi və çağdaş ədəbi prosesə aid araşdırmalar” monoqrafiyasında1 İsmayıl Şıxlının “Ölən dünyam” romanı Gəncə hadisələri, XI qızıl ordunun Gəncəni ələ keçirməsi, Azərbaycan xalqının tarixi taleyinin qara səhifələrini öyrənmək baxımından təhlil predmeti olmuşdur. Dos.Salidə Şərifova “Ədəbi prosesə nəzəri baxış”2 monoqrafiyasında 2006-2007-ci illərin ədəbi nümunələrinə tənqidi münasibətini ifadə etmişdir.
Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova müstəqillik dövründə “Azərbaycan ədəbi tənqidi müstəqillik illərində”3, “Yeni təfəkkür və ədəbi tənqid”4 kitablarını çap etdirmişdir. Hər ikisi ədəbi tənqidin tənqidi ilə müəyyəndir.
Müəllifin “Azərbaycan ədəbi-tənqidi müstəqillik illərində” monoqrafiyası 1990-cı illər ədəbi tənqidinin mənzərəsini təfərrüatlı canlandırır. Müstəqillik dövrünün ədəbi tənqidi vacib problemləri ilə tədqiqata cəlb olmuşdur. Ədəbi tənqidin yeni tarixi şəraitdə, yeni təfəkkür zəminində təzahürü, ədəbiyyat tarixçiliyinə, sovet dövrü ədəbiyyatına yanaşmanın özünəməxsus cəhdləri, ədəbi irs məsələləri, tənqidlə çağdaş ədəbi prosesin qarşılıqlı ünsiyyəti tədqiqat predmeti olmuşdur.
“Yeni təfəkkür və ədəbi tənqid” monoqrafiyasında müasir Azərbaycan ədəbiyyatşünaslığı, tənqidi və nəzəri-estetik fikrinin məsələləri çağdaş təfəkkür işığında tədqiqə cəlb olunmuşdur. E.Akimova monoqrafiyada ədəbi tənqidə baxışında ənənə ilə bərabər, orijinal təfəkkürü, daha çox ədəbi tənqidin obyektiv meyarlarla analiz və sintezi, yeni şeir (müstəqillik illərinin şeiri) haqqında nəzəri-estetik fikrin, habelə, bədii tərcümənin müəyyənləşdirilmiş tezis və müddəaları ilə görünür. Monoqrafiya bir də onunla əhəmiyyətlidir ki, “Poeziya və zaman” bölümündə çağdaş poeziyamızın mövcud mənzərəsi, bədii üslub polifoniyasındakı axtarışlar, eksperiment səciyyəli estetik təcrübə öyrənilib ümumiləşdirilmişdir.
Nəsr bölməsini “Nəsrdə Qarabağ disskursu” ilə başlamış E.Akimova Elçinin “Qarabağ şikəstəsi”, “Bayraqdar”, Aqil Abbasın “Dolu”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark”, Əli Abbasın “Qaraqovaq çölləri”, M.Süleymanlının “Erməni adındakı hərflər” əsərlərindəki mövzunun aktuallığını və müasirliyini səciyyələndirmişdir.
E.Akimovanın M.F.Axundov, Y.Qarayev, B.Nəbiyev, K.Talıbzadə , Aydın Talıbzadə, Vaqif Yusifli, Cavanşir Yusifli tənqidinə analitik tənqidi, mühakiməli münasibəti də maraqlıdır. İlqar Fəhminin “Aktrisa”, “Akvalank”, Qanturalının “Mustafa”, Sayman Aruzun “100 il inqilab”, Kamal Abdullanın “Unutmağa kimsə yox” bədii əsərlərinə ənənəvi, yeni tənqid təfəkküründə elmi-nəzəri baxış əhəmiyyətlidir. Alimin Teymur Kərimlinin “Hicran ömrü” kitabı haqqında fikir və düşüncələri də duyumludur.
Anarın “Ağ qoç, qara qoç” romanı1 tarixi ilə mifoloji olanın birliyidir. Qanlı yanvar, Qarabağ müharibəsi fonunda millətimizin apardığı mübarizənin müəyyən mərhələsini, tarixi keçmişimizin milli şüurumuzdakı yaddaşını, Sabir Rüstəmxanlının “Göy tanrı” romanı tarixi, etnoqrafik planda olub, türk xalqlarının tarixən dövlətçilik ənənələrinin müasir milli inkişafda siyasi rolunu ifadə edir. Nüşabə Məmmədlinin “Zəngulə”si sosial romandır, erməni əsirliyinə düşmüş azərbaycanlıların fiziki məhrumiyyətlərinin gerçəkləridir. Mahirə Abdullanın “Əvvəl-axır” romanında müharibənin törətdiyi rəzalətlər, dağıntılar, erməni vəhşiliklərinə qarşı etirazlar, Elza Mollayevanın “Əsir ürəklərin fəryadı” romanı Yuxarı Qarabağ və ətraf bölgələrin işğalı, erməni millətçiliyinin xəstə mahiyyətini göstərir. Əlibala Hacızadənin “Möcüzə” romanında dövrümüzün sosial-siyasi olayları, yaranmış böhran şəraitində millətin əzmkarlığı və mübarizliyi, Ermənistandan qovulmuş azərbaycanlıların acı taleyi, habelə, 20 yanvar hadisələri, Vidadi Babanlının “Gizlinlər” romanında sovet dövrünün ədəbi dairələrdə doğurduğu aşınmalara münasibəti, A.Rəhimovun “Qoşa qanad”1, “İkili dünyam”2, “Səfalət”3 və “Girdab”4 romanlarında 20 yanvar faciəsi, Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ hadisələrinin inikası, milli ədavət, qaçqın və köçkün ailələrinin faciələri, insanların tale və aqibəti geniş epik lövhələrdə ifadəsini tapmışdır.
Ağarəhim Rəhimovun “Yaddaşda yaşar xatirələr”, “Ovlaq keçidi”, “Qoşa qanad” romanları 90-cı illərin ədəbi məhsullarıdır. Bu əsərlərə ədəbi tənqiddə janr tipolojisi baxımından müxtəlif münasibət vardır. Tənqidçi T.Əlişanoğlu onu “Yaddaşda yaşar xatirələr”i xatirə-roman5, “Sənədli publisistik əsər”, “Bir ailənin tarixçəsi”6, “Pedaqoji poema”, bəzən isə memuar-roman adlandırmışdır7. Prof.Bədirxan Əhmədli romanı xatirə-roman8 kimi qiymətləndirmişdir. Prof.Nizami Məmmədov əsəri roman-esse, “İkili dünyam” romanını roman-xronika9, prof.Ə.Əsgərli isə ictimai (sosial)-siyasi roman hesab etmişdir10.
“Qoşa qanad” romanına da ikili münasibət vardır. T.Əlişanoğlu onu “Əsil insan haqqında hekayət”1, Ə.Əsgərli isə roman kimi səciyyələndirmişdir. “Ovlaq keçidi” ədəbi tənqiddə həm povest, həm də roman adlandırılmışdır. Həcmi nisbətən az olmağına baxmayaraq, müəllif onu romanları sırasına daxil etmişdir. Fikrimizcə bu əsər romandan çox, epik-analitik povestdir. Tənqidçi S.Şərifova da “Ovlaq keçidi” əsərini povest hesab edir2. T.Əlişanoğlu, T.Salamoğlu A.Rəhimovun “Səfalət” və “Girdab” romanlarını dilogiya, “Səfalət”, “Girdab”, “Cinayət və etiraf” romanlarını bir yerdə trilogiya da hesab edirlər3.
Tənqid və ədəbi proses özünü həm də “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti”, “Kredo”, “Kaspi”, “Alatoran”, “Tənqid.net” kimi ədəbi orqanlarda, habelə, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət”, “Həftə” qəzetlərinin ədəbiyyat əlavələrində və saytlarda göstərmişdir. “Yeni Si”, “Litaz”, “Kultaz”, “Azadlıq radiosunun oxu zalı”, “Bizimki” kimi saytlar ədəbi prosesin gedişatı və ümumiləşdirilməsinə ədəbi-tənqidi və estetik qiymət vermişdir.
Müstəqillik dövrünün ədəbi prosesində S.Əhmədlinin “Ömür urası”, “Axirət sevdası”, İ.Məlikzadənin “Şehli çəmənlərin işığı”, M.Süleymanlının “Köç”, “Qırmızı şeytan”, K.Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Əvvəl-axır yazılanlar”, S.Elcanlının “Qanlı quzğun meydanı”, Ə.Muğanlının “Taleyin gülünc oyunu”, Ə.Muğanlının “Gecikmiş etiraf”, Ə.Məmmədxanlının “Babək”, A.Məsudun “Suiti”, Ü.Bünyadzadənin “Qansızlar”, Ə.Əmirlinin “Meydan”, A.Abdullazadənin “Qanlı yaddaş”, T.Hüseynovun “Yanıq Abdullanın yuxuları”, “Qartal müqəvvası”, R.Tağının “Düşmənimin xətrinə”, “Pozitiv. Neqativ”, M.Nurun “Tərs kimi, Q.Sadıqzadənin “Son mənzili Xəzər oldu”, İ.Qarayevin “Bir kəndin uşaqları”, S.Azərinin “Sonsuzluq”, V.Babanlının “Ömürlük cəza”, M.Nigarlının “Yola dikəli gözlər”, A.Rəhimovun “Gəlinqayada qoşa məzar”, “Ulu kəndim”, Z.Qafarlının “Sənin bir havan var”, “Çatdı bu dünyanın axırı”, “Bu qara yellərin əsməyi kəsmir”, M.Cəfərlinin “Qəzəb”, A.Dadaşovun “Ceviz ağacı”, O.Fikrətoğlunun “Şirvan Şəşəngisi”, Ə.Bağırovun “Başdaşı”, Gülruxun “Bir ömrün çalarları”, Elçinin “Xüsusi sifariş”, “Hövsan soğanı”, “Mehmanxana nömrəsində görüş”, B.Bərdəlinin “Bürkü”, Ş.Həsənoğlunun “Günəş ardınca”, M.Orucun “Namərd körpüsü”, S.Vəzirovanın “Tale damğası”, “Savab yiyəsi”, B.Bayramovun “Karvan yolu”, N.Rəsulzadənin “Gecə qatarında hadisə”, A.Tağıyevin “Bil və agah ol”, Ç.Ələkbərzadənin “Dünyanın qopduğu yer” Ə.Əzimzadənin “Qara kahada həyəcan”, R.Səməndərin “Şəhidlər”, “Toylar yarımçıq qaldı”, “Binə şəhidləri”, “İham Fərizə dastanı”, “Azad Qaradərəlinin “Soyxa”, “Kişi familiyası”, M.Namazın “Yol evi” əsərləri, habelə, nəsr kitabları Azərbaycan gerçəklərini yeni təsvir və ifadə vasitələrilə təqdim etmək nəzərindən əhəmiyyətlidir.
Əzizə Cəfərzadənin “Bəla”, Davud Nəsibin “Cavanşir” , “Cavanşir məmləkəti”, Ələviyyə Babayevanın “Rəngbərəng yuxular”, Xeyrəddin Qocanın “Marallar” , Seyran Səxavətin “Nekroloq” , Mövlud Süleymanlının “Lider” , Əlibala Hacızadənin “Əsərləri” , A.Rəhimovun “Romanları” , Sabir Əhmədlinin “Axirət sevdası” , Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qarda açan qar çiçəyi” , “Dolu” , “Qaraqovaq çölləri”, Əkbər Qoşalının “Ölü yuxusu” əsərləri isə 2000-ci illər nəsrimizin örnəklərindəndir. Bütün bu əsərlərdə tarixiliklə müasirliyin bədii vəhdəti, patriarxallığa qayıdış və milli şüur yaddaşına çağırış həmin əsərlərin uğurlarındandır.
Tənqid və ədəbiyyatşünaslıq ədəbi prosesə həssas olmuş, klassiklərimizin əsərlərinə monoqrafik qiymət verilmiş, müstəqillik dövrünün şeir, nəsr və dramaturgiyası təhlil predmeti olmuşdur.
Müstəqillik illərinin ədəbiyyatı dərslik, dərs vəsaitləri, dissertasiya və monoqrafiyalarda özünə yer almışdır. Tehran Əlişanoğlunun “Müstəqillik illərində Azərbaycan ədəbiyyatı” dərsliyi, Elnarə Akimovanın “Azərbaycan ədəbi tənqidi müstəqillik illərində”, “Yeni təfəkkür və ədəbi tənqid”, Nərgiz Cabbarlının “Yeni nəsil ədəbiyyatı”, “Ədəbiyyatdan intibaha”, Ə.Əsgərlinin “Bir nəsrin poetikası” monoqrafiyaları nəşr olunmuşdur.
Ədəbi prosesin tərkib hissəsi kimi roman janrı mif, folklor, mənəvi-əxlaqi, milli bəşəri dəyərlərdə habelə, azərbaycançılıq ideyalarında izlənilmişdir.
90-cı illər ədəbi prosesinin öyrənilməsində təsvirçilik keyfiyyəti çox, analitik müəyyənlik az olmuş, ədəbi tənqid özünü tənqiddə də bir irəliləyiş doğurmuşdur. Ədəbi dövrləşdirmə, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik, bədii təsərrüfatın təhlili, yeni poetik təfəkkür fərdiyyəti tənqidin problemlərindən olmuşdur. Modernizm, postmodernizm, ədəbi-fəlsəfi cərəyanlar, simvolist, eksperiment, formalist və s. şeirə münasibət ədəbi-nəzəri fikri məşğul etmişdir.
Nəsrin mövzu və məzmunu tarixi, müasir, ideya və patriarxallıq, əxlaq və mənəviyyat, sosioloji və psixoloji, etik və estetik mündəricə ilə bağlı olmuşdur. Nəsrin uğurları və qüsurları elmi məqalə və monoqrafiyalarda analiz edilmişdir.
Əlizadə Əsgərli,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor
|
|
|
|
Nəriman ƏBDÜLRƏHMANLI
Görməzlik sindromu
“Kaspi” qəzetinə açıq məktub
Hörmətli redaksiya!
Əslində, bu yazı Sizə ünvanladığım açıq məktub deyil, çoxdan bəri ürəyimdə qövr eləyən bir mətləbi bölüşmək ehtiyacıdı.
Mən təbiətimə görə polemika adamı deyiləm.
Bəlkə ona görə ki, heç vaxt Allahın verdiyi ömür möhlətini mübahisələrə, müzakirələrə, çəkişmələrə sərf eləmək istəməmişəm. Mənə görə, hər kəs öz işini abırla, vicdanla görsə, heç bu cür polemikalara da ehtiyac qalmaz.
Amma bəzən elə hadisələr baş verir, həm də həmin hadisələr elə davamlılıqla, bir-birinə oxşar şəkildə baş verir ki, susmaq olmur, nəticəsini əvvəlcədən açıq-aydın görsən də, hansı ümidləsə bəzi adamlara haqqı, ədaləti, vicdanı xatırlatmaq fikrinə düşürsən.
Əlbəttə, bu da təsəllidi, belə məsələlərin sözlə düzələcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bununla belə, hər halda, fikrimi qəzetiniz vasitəsilə oxucular çatdırmağı lazım bildim ki, heç olmasa, qəlbində ədəbiyyat sevgisi olanlar həqiqətin harda gizləndiyi ətrafında düşünsünlər.
“Kaspi” qəzetinin ötən şənbə sayında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərlinin “Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair” məqaləsini oxuyanda ikili hiss keçirdim.
Əvvəla sevindim ki, artıq müstəqillik dövrü ədəbiyyatımız araşdırılır, tədqiqatçılarımız ədəbi pərakəndəliyin və bulantının yaratdığı qarmaqarışıqlıqdan baş çıxarmağa cəhd göstərirlər. Bunu ancaq alqışlamaq olar.
Həm də araşdırıcıların tədqiqata cəlb elədikləri müəlliflər və əsərlərinin adlarıyla tanış olanda yenə təəssüf hissi keçirdim ki, o qələm sahibləri ya ədəbiyyatda haqqı olan bir sıra nasirləri qəsdən görməzliyə vururlar, ya da onların yazdıqlarını tədqiqata cəlb eləmək iqtidarında deyillər. Buna isə ha çalışdımsa, “görməzlik sindromu”ndan başqa ad tapa bilmədim.
Mənim fikrimcə, tənqid, o cümlədən də ədəbi tənqid həmişə subyektivliyə söykənir. Yəni, Allah bəndəsi tənqidçi əsərləri öz zövqünə, intellektual səviyyəsinə, ədəbi və sairə marağına, şəxsi münasibətinə görə seçir. Kimsəyə deyə bilməzsən ki, niyə filankəsin əsərindən yazmısan, bəhmənkəsin əsəri daha güclüdü, ondan yazsan, yaxşı olardı. Tənqid, xüsusilə, gözəlim Azərbaycanda həddən artıq şəxsi, həm də incə və üstəlik, intim məsələdi. İrad tutarsan, möhtərəm tənqidçi durub deyər: “Kefim belə istəyir, sənə nə?” Bu müdrik sualın qarşısında da dilin quruyub qaxaça dönər.
Amma ədəbiyyatşünaslıq subyektivliyə söykənə bilməz, əlahəzrət ədəbiyyatşünas mümkün qədər obyektiv olmağa, dövrün ədəbi mənzərəsini dolğun yaratmağa cəhd göstərməlidi. Əks təqdirdə öz şəxsi imici bir yana, ədəbiyyatşünaslığa ləkə gətirər. Sovet dövrü ədəbiyyatımızın “ağ ləkələr”ini silmək üçün indi hansı əziyyətlər çəkildiyi hamıya məlumdu.
Professor Əlizadə Əsgərli məqaləsində xülasənin əsasən 90-cı illəri əks etdirdiyini vurğulasa da, istinad elədiyi tədqiqatçıların – professorlar Nazif Qəhrəmanlı, Təyyar Salamoğlu, Tehran Əlişanoğlu, Nizami Məmmədov, tənqidçi-ədəbiyyatşünaslar Nərgiz Cabbarlı və Elnarə Akimovanın araşdırmalarından məlum olur ki, 2000-ci illərdə ortaya çıxmış romanlara da (məsələn, Şərif Ağayar, Seymur Baycan, Qan Turalı, Sayman Aruzun) müraciət olunub. Amma təəssüf doğuran da elə müraciətdəki xoşagəlməz tendensiyadı, məni də fikrimi bildirməyə vadar eləyən məhz elə həmin ənənəçilik, həmin şübhəli kriteriyalardı.
***
Tədqiqatçılar ədəbi səviyyəsi araşdırmalarda müraciət edilmiş romanların əksəriyyətindən üstün olan əsərləri niyə unudublar? Bu barədə fikirləşəndə ağlıma “ədəbi korrupsiya” deyimi gəlir. Belə çıxır ki, ədəbiyyatşünaslığımız da tənqidimiz kimi “kimdən istəyirəm, ondan da yazıram” formuluyla yaşayır.
İsa Hüseynov fenomenini unutmaq günahdı. İndi onu, demək olar, başqa dünyanın adamı sayırlar. Bununla belə, o neçə-neçə ədəbi nəsli bir-birinə bağlayan bənzərsiz ədəbi simadı.
Bəlkə, Çingiz Hüseynovu rus yazıçısı sayırlar. Amma Natiq Rəsulzadə də rus dilində yazır axı. Çingiz Hüseynov müstəqillik dövrü ədəbiyyatımızın ən nəhəng simalarından biridi – son romanlarını oxuyanlar, yəqin ki, bunu təsdiq eləyırlər.
Əkrəm Əylisliyə indi münasibət aydındı. Amma o müstəqillik dövründə “Ətirşah Masan” romanını yazıb axı. İndi müəllifə münasibətə görə əsəri görməzliyə vurmaq doğrudumu?
Əgər müstəqillik dövrünün romançılığından söhbət gedirsə, Ağarəhim Rəhimova geniş yer ayırıb, artıq Azərbaycanın sərhədlərini çoxdan aşmış, əsərləri dünyanın onlarla ölkəsinə ayaq açmış Kamal Abdullanın təkcə əsərlərinin adını çəkməklə xatırlatmaq hansı ədəbi kriteriyalardan xəbər verir?
Əgər müstəqillik dövrünün romanından söhbət gedirsə, niyə Afaq Məsudun “Suiti” əsərinin adı çəkilir, “Azadlıq” romanısa unudulur? Dövrün portretini yaratmaq sarıdan çox maraqlı cəhd olan həmin əsər niyə ədəbiyyatşünasların diqqətindən kənarda qalıb? Məqalədəki yeganə “Afaq Məsudun nəsri isə dialektik nəsrin məqamları üzərindədir” cümləsi nəyi ehtiva eləyir?
Yaxud Firuz Mustafanın müstəqillik dövrünün ilk illərində qələmə alınmış, kifayət qədər maraqlı onan “Dəniz köçü” və “Qapı” romanlarına nədən belə ögey münasibət göstərilir?
Tənqidçilər Səfər Alışarlının “Maestro” romanı barədə niyə susurlar? Bəlkə bu əsərdəki siyasi çalarlar kimlərisə qane eləmir. Amma söhbət bədii məziyyətdən gedirsə, siyasi çaları qabartmağa ehtiyac varmı?
Tutaq ki, Əlabbasın “Qaraqovaq çölləri” romanı (yeri gəlmişkən, bu roman məqalədə əvvəlcə Əli Abbasın əsəri kimi verilib, sonra da Aqil Abbasın əsərləri siyahısında xatırlanıb) son illərin məhsuludu. Bəs onun ədəbi aləmdə kifayət qədər maraqla qarşılanan “Qiyamçı” romanı müstəqillik dövrü ədəbiyyatımızın maraqlı ədəbi məhsulu kimi niyə nəzərə alınmayıb?
Lap son illərdə işıq üzü görən romanlardan söhbət getdiyi halda mərhum yazıçımız Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” kimi koloritli əsəri nə səbəbə görə xatırlanmır?
Müstəqillik dövrü nəsrimizin ən məhsuldar qələm sahiblərindən olan Aslan Quliyevin “Yazıçını savaşı”, “Keçmiş döyüşçü və oğlan”, “Payız”, “Sonuncu” romanları hansı ədəbi kriteriyalarına görə tədqiqata cəlb olunan əsərlərdən zəifdi?
Etimad Başkeçidin son illərin ən maraqlı ədəbi təzahürlərindən sayılan “Min yol mənə söylər” romanı niyə dəyərincə qiymətləndirilmir, öz halal haqqını ala, ədəbiyyatşünaslıq araşdırmalarında yerini tuta bilmir?
Ya da Fəxri Uğurlunun on iki hekayədən ibarət, əslində, hər hekayə həcmindən asılı olmayaraq, özünəməxsus roman sayılan “Tanrı dağları” silsiləsi niyə ədəbiyyatşünaslarımızın diqqətindən kənarda qalıb?
Müstəqillik dövründə “Bərpaçı” kimi təhkiyə və duyum baxımından maraqlı olan bir romanın tədqiqata cəlb olunmaması hansı mətləblərdən xəbər verir – bu məndən ötrü çox maraqlıdı.
Əgər söhbət ədəbiyyatdan gedirsə, Pərvizin “Öləngi” və “Yad dildə” romanları hansı səbəbdən repressiyaya uğrayıb – sözün doğrusu, bunu dərk eləməkdə çətinlik çəkirəm.
Aqşin Yeniseyin “Göləqarğısancan” romanı bütün çatışmazlıqlarına baxmayaraq, istedadla qələmə alınmış nəsr nümunəsidi – bunu tənqidçilərimiz niyə gözardı eləyiblər?
Bəlkə bu sətirlərin müəllifinin “Könül elçisi”, “Yalqız” və “Yosuz” romanları Azərbaycan ədəbiyyatının faktı deyil, sonuncu ikisi müstəqillik dövrünün ədəbi portretni yaratmaq cəhdi sayılmır?
Sadalamaları kifayət qədər uzatmaq olardı. Amma oxuyanlar bədbinliyə yozmasınlar, bununla kiminsə qələm adamlarına, yaxud onların əsərlərinə münasibətini dəyişəcəyimizə inanmırıq. Sadəcə, eyni adamlarını daim ötəri xatırlanması, “unudulması”, yaxud da qəsdən görməzliyə vurulması nə tənqidimizə, nə də ədəbiyyatşünaslığımıza şərəf gətirər.
***
Nə adlarını çəkdiyim yazıçılar, nə də özüm sarıdan narahatam. Nə qədər ögey münasibət göstərilsə də o qələm sahiblərinin yaratdıqları ədəbiyyatda var, bununla sanbalından nəsə itirməyəcək. Amma son hesabda həmin imzalar və əsərlərdən yoxsul olan dəbiyyatşünaslığımız itirəcək. Bunasa ancaq təəssüf eləmək olar.
Əlbəttə, tənqidçilərin də, ədəbiyyatşünasların da bir arqumentini əvvəlcədən nəzərə alıram: bütün müəllifləri, bütün əsərləri əhatə eləmək mümkün deyil. Şübhəsiz, möhtərəm qələm sahibləri özlərinə görə bu arqumentlərində haqlı ola bilərlər. Amma onda istər-istəməz belə bir sual yaranır: bəs niyə, demək olar, tədqiqatçıların hamısı eyni müəllifləri, üstəlik, ədəbiyyata hansı qapıdan gəldikləri məlum olan bir sıra “yazıçılar”ı unutmurlar?
Niyə, məsələn, Anar, Elçin, Mövlud Süleymanlı, Aqil Abbas, Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov, Əli İldırımoğlu, Nigar Mollayeva, Fazil Günay... unudulmur, Afaq Məsud, Firuz Mustafa, Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Əlabbas, Aslan Quliyev, Etimad Başkeçid, Fəxri Uğurlu... və bu sətirlərin müəllifi unudulur?
Belə çıxır ki, biçarə yazıçı ailəsinin boğazından kəsib əsərini çap etdirməklə kifayətlənməməlidi, həm də bir-bir əlahəzrət tənqidçilərə və ədəbiyyatşünaslara çatdırmalıdı, üstəlik də görüm-baxım eləməlidi ki, bəlkə yazdığı onun diqqətini çəksin, lütf göstərib öz siyahısına daxil eləsin.
Ya da təkcə yazmaq bəs eləmir, gərək həm də elə nüfuz, yaxud vəzifə sahibi olasan ki, tənqidçilər və ədəbiyyatşünaslar əsərini əldə eləmək üçün özləri sənə müraciət eləsinlər. Əks təqdirdə yazdığın ədəbiyyatda ötəri xatırlanmaqla, “və sairə” ifadəsilə qalacaq.
Yaxud gərək elə “cırmaqlayan”, ədəbiyyat bir yana, ədəbdən də kənara çıxan bir şey yazasan ki, onu əsər hesab eləyən də, eləməyən də fikrini bildirmək məcburiyyətində qalsın.
Bir neçə il əvvəl tənqidçi İradə Musayeva telefon söhbətimizdə nəsr yazdığımı öyrənəndə çox təəccübləndi, etiraf elədi ki, bundan xəbəri yoxdu. Həmin məqamda özümdən utandım. Təbii ki, tənqidçinin subyektivlik səlahiyyətinə hörmət elədiyimə görə incimədim də.
Səmimi deyirəm, mənim heç vaxt tənqiddən umacağım olmayıb, indi də tənqidi şəxsi zövq, münasibət və vicdan məsələsi sayıram, heç bir tənqidçi deyə bilməz ki, filan kitabımı verib haqqında yazılmasını xahiş eləmişəm. İndiyədək yazılanların hamısı zövqünə və ədəbi əxlaqına inandığım qələm adamlarının öz istəyilə üzə çıxıb. Məndən ötrü Kamal Abdullanın, Əsgər Rəsulun, Sabir Bəşirovun, Nurafizin, Tapdıq Yolçunun, Zakir Məmmədin, Əlabbasın, Aslan Quliyevin, Rüstəm Kamalın, Etimad Başkeçidin, Fəxri Uğurlunun, Rafiq Hümmətin, Afiq Muxtaroğlunun..., ədəbi zövqünə etibar elədiyim digər qələm sahiblərinin, nununla yanaşı hələ şəxsən tanımadığım oxucuların fikirləri daha sanballıdı.
Amma, bir daha təkrar eləyirəm, ədəbiyyatşünaslıq bu kriteriyaların əsiri ola bilməz, dövrün mənzərəsini yaradan ədəbiyyatşünas müəllifə və əsərə münasibətindən aslı olmayaraq, hər kəsin haqqını tanımağa borcludu.
Ola bilsin, bu yazını “subyektiv mülahizələr” adlandıranlar tapılacaq, fikirlərim ətrafında polemika yaranacaq.
Amma ədəbiyyatımızdakı “görməzlik sindromu”nun mövcudluğunu çətin ki danmaq mümkün olsun.
Hər şey göz qabağındadı axı...
2 fevral 2014-cü il
Nəriman ƏBDÜLRƏHMANLI
P.S. Fevralın 8-də 80-cilər ədəbi nəslinin istedadlı nümayəndəsi, çağdaş Azərbaycan ədəbiyyatında öz nəfəsi və yeri olan şair Əlisəmid KÜRün 60 yaşı tamam olur. Qələm dostumuzu təbrik eləyir, can sağlığı arzulayır, yeni əsərlərini oxumağa ümid bəsləyirik.
|