Hekayə
Ağlı kəsənəcən elə bilirdi ki, Qəmsiyyə onun doğmaca anasıdır. Amma, qulağı çalanda ki, ata-anası avtomobil qəzasında həlak olublar, onunla arasında sirli pərdə asıldı, ildırım sürətilə “analığı”ndan soyudu – elə bil, onun yetim qalmağında qız günahkar idi. “Ömrü boyu ərə getməmiş, bakirə və yaşlanmış qızı indiyədək necə doğma anam kimi bilmişəm...” – içində qövr edən suallara cavab almaq üçün Qəmsiyyə ilə qabaq-qənşər oturub dərdləşməyə üzü də gəlmirdi. Elə bil, qız, bu sirri indiyədək ondan gizlətdiyi üçün bağışlanmaz günah işlətmişdi.
“Yetim” sözünün soyuqluğunu o qədər çək-çevir eləmişdi ki, bu soyuqluq onun iliyinə, şah damarına qədər yerikləmişdi. Dostları ürkə-ürkə, ürək ağrısıyla ona yetim olduğuna işarə edəndə, daha "urfu da incimirdi". Çünki, ilk dəfə – məsələdən xəbər tutandan sonra Sona arvadın dizinin yanını kəsdirib özünə lazım olan qədər məlumat almış və özünü toxdaq tutmağı qərara almışdı. Sona arvad onun uşaqlıq dostu Fərəcin nənəsi idi. Onun isti, simsar nəvazişini həmişə duymuşdu. Sona məhəllənin xeyir-şər yeməyini bişirən idi – bozbaşına, aşına-aşqarasına söz ola bilməzdi. Həmişə onu və nəvəsini yanına çağırar, mağarın arxasında oturdub qabaqlarına da iri buludda aş, kasada bozbaş qoyardı. O vaxtlar hələ yetim olduğunu bilmirdi Turqay...
Yaşa dolduqca yuxularında doğma ata-anasını görürdü, qeyri-ixtiyari suallar onu ağuşuna alırdı, – “Görəsən anam məni sevibmi?”, “Atasızlıq dərdini qabaqda çoxmu duyacağam?”, “Qəmsiyyə məni niyə öz doğma balası kimi böyütməkdən yorulub bezmir?”... Hərdən düşünürdü ki, onsuz da Afrikada doğulan uşağın qismətinə aclıq, Əfqanıstandakı uşağın qismətinə müharibə yazıldığı kimi, onun da qismətinə yetimlik, hələ o dünyaya gəlməmişdən qabaq yazılıbmış – qədəriylə barışırdı. Amma böyüdükcə halına heyfi gəlirdi.
Qəmsiyyə də Turqayın çox dəyişdiyini duymuşdu. Onsuz da gizli saxlanacaq bir şey yox idi – “Nə vaxtsa bilməliydi”. Son vaxtlar Turqayın ailə şəkillərinə tez-tez baxdığını görəndə səssiz-səmirsiz öz otağında daimi yerində asılmış rəsmi də gətirib ona vermişdi. Bu rəsm möhtəşəm bir tablo idi. Yağlı boya ilə işlənmişdi. Turqayın bu şəkildə 2-3 yaşı ancaq olardı. Yaraşıqlı bir qadın - ən təəccüblüsü o idi ki, bu qadın onun anası deyildi, ənənəvi üslubda işlənmiş “qulluqçu” idi – onu taxta vannada çimizdirirdi.
Atası nimdaş stulda yaxasıaçıq yayxanıb qədəhdən nəsə içir və qadının çırmalanmış biləyi, azacıq açılmış yaxasına baxırdı. Şəkildə hər şey köhnə, əntiq aşyalarla bəzədilmişdi – xalı, taxta vanna, çömçə-ləyən, pəncərə, personajların paltarları, saç dəbləri, rəngin çalarları, qadının çalması – hər şey. Normal olan Turqayın uşaqlığı və atasının canlı üzüydü. Bu şəkli sifarişlə çəkən rəssamın çoxdan öldüyünü Qəmsiyyədən eşitmişdi. O, tez-tez atasının gözlərinin içinə baxaraq onun ruhuyla qovuşmaq istəyirdi, amma bəbəklərindən o yana adlaya bilmirdi. Düşünürdü ki, “Allah necə bir obrazdırsa, ata da o qədər mücərrəddir”.
Uşaq, güllərin adını bilməsə də, qoxusuna görə pisini yaxşıdan ayırd edə bilir – ən azından qızılgülü görəndə adını bilməsə də tikanına görə başqa güllərdən fərqləndirə bilir. O, da “ata” nəyə deyilir bilirdi, ancaq tikanlı, ya xoş qoxulu olduğunu bilmirdi. Kimsə öz ata-anasından danışanda o susurdu. Hər kəs “Ata gözəl şeydir” deyəndə, o, sadəcə çiyinlərini çəkirdi. Onlardan nə bir qoxu, nə bir səs, nə də vəsiyyət qalmışdı – qalan quruca şəkillər, bir də atasının canlı baxışları olan tablo idi.
Atasının baxışları nə qədər canlı olsa da, ölü, çürümüş baxışlar onun ürəyini riqqətə "gətirə bilmirdi" – “Sən, vaxtilə mənu qucagında gəzdirib bəhərini yedirdiyin eyni torpağın altında, mən isə hələ də üstündəyəm. Sən torpağın altından mənə baxırsan, mənsə, hələ də yaşayıram – budur mənim üstünlüyüm” – elə bil atasına yandıq verirdi, amma içi qan ağlayırdı. Atasının ölümündən doğulmuş biri kimi günahkar sayırdı özünü – “Yaxşı ki, məndən qabaq ölmüsən – ölümündə günahkar olmadığıma sevinirəm. Mənə elə baxma, əziyyət çəkib tez ölməyəydin! Atalıqdan bezib o dünyaya qaçan qorxaqsan sən! Kiminləsə haqq-hesabın olubsa, mənə dəxli yoxdur! Əmi-dayımın olmaması daha gözəl – bu əsl azadlıqdır! Hesabat verəcəyim bir Allah qalır, kim bilir, bəlkə gələcəkdə onun da başını yeyərəm – ikinizsiniz müqavilə bağlayıb məni bu dünyaya yetim gətirən. Yetimliyimlə kef çəkirəm. Bəlkə də xeyirxahlığından yetim qalmışam. Amma qaraqabaqlığımı da yetimliyimin ayağına yazıram.
Bəlkə də sağ olsaydın məni köləyə çevirərdin, yük olardın mənə - axı mən sənin mülkiyyətin sayılardım. Yaxşı ki, yoxsan. Yoxsa, sənin qarşında da borcum olardı. Torpağa dönmüş ata artıq mənim üçün heç bir toxumu cücərdəcək gücdə deyil. Səndən və anamdan çox Qəmsiyyəyə məxsusam mən – onun daha çox haqqı var mənə “övladım” deməyə" - əlini atasının üzünə sürtüb için-için sızıldayırdı. Ağız-burnunun mütüyünü silib ağladığına "peşiman olurdu" - "Əlini əmgəyimə qoyub üzümü yuyan o mələk qulluqçu isə hər kimdirsə, ona vurulmuşam. Kaş Qəmsiyyənin yerinə o olaydı, məmnuniyyətlə onunla evlənərdim” - deyirdi.
Orta məktəbi bitirəndə kəşf eləmişdi ki, atasının bir bəbəyində güclə seziləcək “T” hərfi yazılıb. Bu, heç bir rəssamın yan qaça bilmədiyi gizli imza idi. Lupa tapmışdı – tablodakı bəbəyin sirrini öyrənmək istəyirdi. Tablonun hər millimetrini diqqətlə izləyirdi – şəkildə başqa şifrə yox idi. Qəmsiyyə soruşmuşdu, – “Nə axtarırsan elə?”. “Xəbərin varmı ki, atamın bəbəyində “T” işarəsi var?” – sual etmişdi. O, dilucu, – “Yox” – demişdi. “Görəsən bu nəyin işarəsi ola bilər, rəssamın adımı?” – fikrə gedəndə, Qəmsiyyə, – “Sənin adın olmasın, bəlkə də atanın adına – “Tahir”ə işarədir? Ya da sən demiş, rəssamın imzası...” – deyib mətbəxə keçmişdi. Adətən söhbətləri alınanda Turqay cəhd edirdi ki, Qəmsiyyəylə söhbətləri bir az da uzansın. Ancaq qız açıq-aşkar onunla söhbətdən qaçırdı. Bir dəfə qızdan soruşmuşdu, – “Atam şəkildəki kimi yaraşıqlıydı?”. O, qısaca, – “Çox yaraşıqlıydı” – deyib söhbətin davamı olmasın deyə mətbəxtdən 2-3 saat çıxmamışdı. Turqay hiss edirdi ki, qız, onun ailəsi ilə bağlı suallardan çəkinir və həmin vaxtlarda ondan lap kənar qaçırdı.
Turqayda azca kəkovluq vardı deyə, qız, ancaq o, sözü qırıq-qırıq deyib kəkələyəndə gülümsünürdü. Dostlarına zarafatla deyirdi: “Süddən tez kəsildiyim üçün kəköy olmuşam”. Nə, kimsənin onun yetimliyi ilə oynasına imkan verməzdi, nə də üzdə yetimliyin “qəmini çəkməzdi”, – “Öz yetimliyini dərk edənlər niyə qəm çəkməlidir ki?”. Fərəclə hər söhbəti edirdilər. Bir dəfə Fərəc ondan soruşmuşdu, – “Yetimlik ağırdırmı?”. O isə, – “Yetimlik xoşbəxtlikdir. Çox qəribədir, – biri yetim ömür yaşayır, o biriləri də onun həyatını yozur. Mən halımdan məmnunam, qardaş. Heç fikrimi-dərdimi çəkib-eləmiyin. Sizlərdən fərqliyəmmi – yetim olmaq fərqli bir hissdirmi? Bunu anlamıram, çünki, valideynim sağ olsaydı, onda birinci sualı anlayardım, Qəmsiyyə var deyə, yetimliyi də hiss edə bilmirəm” – demişdi. Amma valideynlərinin ölümünü yozanlar o qədər olmuşdu ki, özü bezmişdi bu ölümün səbəblərindən. Axırda, sadəcə qəbul etdi və soruşan hər kəsə dedi ki, “qəzada ölüblər”. Qəzanın şahidi olan birinin, – “Maşın yarğana yuvarlanmamışdan qabaq, qadın arxa oturacaqdan sürücünü əl çanyasıyla döyürdü” – deməsindən bilirdi ki, valideynləri bir-biriylə heç də yaxşı yola getmirmişlər. Sonralar bu müəmmanı açmaq istərdi, – “Görəsən anam atamı niyə maşında döyürmüş? Bəlkə, ayrılmaq istəyirmiş, atam ona başqasıyla xəyanət edirmiş?” – Sona xala bunlar barədə heç nə deməmişdi, o da çox üstünə getməmişdi, – “Olan olub, nə dəyişəcək ki...”. Kefinin pəjmürdə vaxtları otağına girəndə, divardan asılmış tabloya baxıb, – “Necəsən, ata? Mən səndən yaxşıyam – yaşayıram!” – atasına acıq verirdi.
Onun ağlı kəsənə qədər Qəmsiyyə ona yetimliyin, anasızlığın nə olduğunu daddırmamışıdı. Bir-birini qarşılıqlı olaraq həm gizlincə sevir, həm də deyəsən qorxub çəkinirdilər. “Qəmsiyyənin timsalında ana gözəl və qorxulu bir şey olmalıdır” – düşünürdü. Qəmsiyyə barəsində bildikləri ancaq bunlar idi: atasının uzaq qohumudur; ailəsi zəlzələ zamanı uçqun altında qaldığından təhsilini yarımçıq qoyub evə qayıdıb; valideynlərinin birgə qərarı ilə evlərinə qulluqçu kimi gətirilib – bu qədər sadə və yetərli. Heç vaxt qızla yanaşı getməzdi ki, görənlər – “Bu qız onun analığıdır” – deməsinlər. Bir-birlərinə yük deyildilər, bir-birinin qarşısında öhdəlikləri də yox idi – ikisi də azad idi. Turqay Fərəcə, – “O, mənim evimdə qalır, mən isə əlim bir işə çatanacan müvəqqəti olaraq onun hesabına dolanıram. Nə olsun ki, onu doğma anam bildiyim vaxtlar çox sevirmişəm. Amma indi, ona qarşı heç tüküm də tərpənmir” – deyirdi. Amma razılaşanda ki, əslində Qəmsiyyədən tam asılıydı – onun çörəyini yeyir, aldığı paltarlarını geyir, onda, qız ondan necə qaçırdısa, o da qızdan gen gəzirdi.
Xatırlayanda ki, qız, hələ də o yuxulayanda xəlvətcə yorğanı onun üstünə çəkib, – “Mənim varım-dövlətim, gülməşəkərim” – deyib ona pərəstiş edir, onda fikirləşirdi ki, – “Onu heyrətə salacaq bir fərasətim olsaydı, acza onu sevindirərdim”. Arıq, amma əndamlı, lal-dinməz və qıvraq yerişli, xoşsifət olsa da üzündə ciddiyət və zəhm olan, gözəgəlimli, 45 yaşda özü boyda bir sirr olan bu qıza baxıb, – “Elə gülməşəkərlik məni tam qane edir, qızla pərdəni aralamasaq yaxşıdır” – qənaətinə gəlmişdi. “Görəsən it saxlayan Şakirlə məni saxlayan Qəmsiyyənin arasında nə fərq var? İtlər heç olmazsa xeyirxah və sədaqətli olurlar, insan isə qudurğandır. Bu qıza çox borc yüklənmişəm. Bəlkə ona başqasına ərə getməyi təklif edim – axı o da qadındır, niyə mənə görə həyatını puç edib məni də minnətli etməlidir ki? Evdə kişi olsaydı ondan kişiliyi öyrənərdim. Amma mən Qəmsiyəyə nisbətən kişiydim – bəlkə də onun gözündə tək kişiyəm. Kim bilir, mənim kimi fərsizdən bu qıza yaxşı övlad olacaqmı? Amma atam öldüyü üçün, demək bu evin kişisiyəm və ailəmin tək üzvü olan bu qıza qayğı göstərməliyəm”.
Günaha meyilli olan vaxtlarında Qəmsiyyənin mərhəm sirrlərini bilməyə çalışırdı. Amma indiyədək nə alt paltarını görmüşdü, nə də onun hamamda yuyunduğunu. Qız, otağına hər girəndə, vərdiş idi – qapını arxadan kilidləyərdi. Turqay, həm də qızdan indiyədək görmədiyi tənəsindən çəkinərdi – axı qız onu öz peyğəmbəri bilir... İnsanın təmizliyi ilahi hissin əsl möcüzəlisiydi – o adamı pisliyə bulaşmağa qoymur. Turqayın gözündə Qəmsiyyə günah götürməyən saf bəndə idi.
Qəmsiyyə on beş ilə yaxın idi ki, 3 saylı “Uşaq İncəsənət Məktəbi”nin xadiməsi idi. İş yeri elə yaşadıqları bina ilə yanaşıdir. Bir süpürgəçi maaşı ilə öhdəsində qalmış Turqayı heç nədən korluq çəkməyə qoymamış, təkbaşına od ayaqlamışdı. Taleyin onu sapand daşı kimi bu ailəyə necə atdığını yaxşı xatırlayırdı. Turqay böyüyəndən sonra bir damın altında küsülü kimi gəzirdi – elə bil bir-birilərindən çəkinəcək qəbahət iş tutmuşdular. Bircə narahat olanda, ya da Turqaya söz qandırmaq, onun nəsə etməli olduğunu eşitdirmək istəyəndə dilinin altında mızıldanır, “Qızım sənə deyirəm, gəlinim sən eşit” üsuluyla istəklərini ona anladırdı. Məsələn, görəndə ki, Turqay evin zibilini zibil yeşiyinə yox, qabdan kənara tullayıb, onda “tullayanın” qarasınca deyinərdi – “Allah insaf vermiş, zibili qabdan kənara tullayıb, milçək dolacaq camaatın ev-eşiyinə, söyüş yeyəsi olacaq...” – deyib öz-özünə “gileylənərdi”.
Qəmsiyyə ömrünü hədərə getmiş saymazdı, sadəcə bəxti Turqayınkı kimi qara gəlmişdi – iki qarabəxtli insan eyni çatı altında yaşamağa məhkum idilər. Turqayı iki yaşından öz doğma balası kimi sevə-sevə böyütmüşü. Həmişə qəbul etmişdi ki, tək qadın dul qadından yaxşıdır. İstəyənləri olmuşdu, amma özünü Turqaya – çörəyini yediyi ailənin son nişanəsinə xərcləməyi qərara almışdı. “Onu kimsə mənim əlimdən ala bilməz. Elə məni də onun əlindən alacaq adam qalmayıb. Mənə acıqlanacaq bir günah da işlətməmişəm ki, yanında gözükölgəli olam” Turqayın gənc şüurunun dərinliklədində nə ki xeyirxahlıqlar dilinə gəlirdisə, Qəmsiyyə can-başla onu yerinə yetirirdi. Turqayın hökmləri peyğəmbər hökmü kimiydi. Qız, işçi arı kimi ona qulluqdan usanmırdı...
* * *
Son vaxtlar Qəmsiyyəni xoşbəxt etmək barədə düşünürdü. “Qəmsiyyə məni atsa, əsl yetim bax onda qalardım” – bundan çəkinirdi. Öz soyuq davranışıyla onu itirməkdən qorxurdu və nə yolla olursa olsun, vaxtı ötmüş bu qızla aralarındakı sirli pərdəni mərhəm hisslərlə götürmək qərarına gəlmişdi. “Bəlkə də anamın ölümünə tab gətirməzdim, məni bu əzabdan xilas etmək üçün tez ölüb. Amma o öldü və mən onu yada da salmıram. Əlimdəkini qorumaq daha ağıllı bir addımdır”.
Sona arvad bir dəfə yemək pay göndərəndə Turqay gördü ki, qız öz otağına çəkilib ağlayır. Qapını dinşədi, qız nəsə mızıldanırdı. Bircə onu eşidə bildi: “Oğlun da eynən sənin kimidir”. Əvvəl elə bilmişdi ki, Sona arvadın payını sədəqə kimi qəbul edib. Amma indiyədək bu evə Sona xaladan başqa kimsə pay göndərməmişdi, göndərsəydilər də Qəmsiyyə almazdı – onun mərdliyi buna imkan verməsdi, öz balasına sədəqə yedirməzdi. “Qəmsiyyə olmasaydı yəqin ki, istəməsəm belə, mən sədəqə götürərdim...” – içinin göynərtisinə yerində gərildi. “Varlılar qanmır ki, yetimə əl uzatmaq onların vəzifəsidir və bu, sədəqə şəklində verilməməlidir”. Yediyini yemişdi, qalanını Qəmsiyəyə saxladı.
Bir gün Turqay yuxudan qalxanda gördü ki, səhər yeməyi stolun üstünə düzülüb, amma qızın yataq otağının işığı yanılı qalıb. Qapını itələdi. Qapı açıq idi. Qəmsiyyə xəstələnmişdi, sifəti qıpqırmızıydı. Yataqdan duracaq halı yox idi. Çalmasını düzəldib dikəlməyə çalışsa da Turqay qoymadı, – “Narahat olma...” – deyib qıza yaxınlaşdı, əlini ovcuna aldı. Qız od tutub yanırdı. “Soyuq suyla döşəmə yumaqdan özümü soyuğa vermişəm yəqin” – dedi. Turqay ona sakitcə dərman içirdi, zoğal mürəbbəli çayı verib otaqdan çıxanda qızın dilinin altında dediyini eşitdi: “Boyuna qurban olum sənin”... İkinci çayı gətirib yatağın yanındakı stulun yanında qoydu. Amma otaqda onunla tək qalmaqdan elə bil utandı. Öz yatağına çəkilib üzüqoyulu yatağına sərildi. “O xəstələnib – bu ölüm xəbərdarlığıdı. O da məni atıb getsə, mən yaşamaram...” – için-için hıçqırdı. “Onu bu evə, mənə və ailəmə bağlayan sevgisinin ucundan tutub onu sevməliyəm. Onu itirmək mənə ölümdür - əsl yetim qalmaqdan qorx, Turqay..!” Bir qədər sonra həmin alqışı yenə eşitmək istədi, mətbəxtdən yenə çay götürüb içinə mürəbbə saldı, Qəmsiyyənin otağına keçdi. Amma o, hələ bayaqkı çayı içib qurtarmamışdı. Üzünə gülümsündü, – “Yaxşılaşmışam, əziyyət çəkmə” – dedi, – “Bircə Mayis müəllimə xəbər ver ki, xəstəyəm, bu gün işə çıxa bilməyəcəyəm, yola versin”– Turqay itaətkarcasına otaqdan çıxdı.
* * *
Qəmsiyyə hava işıqlanmamış qalxıb işə getmişdi. Son günlər işdən yorğun gəlsə də əvvəlki əziyyətlərində səngimə yox idi. Amma bir az huşsuz olmuşdü. O gün Turqay səhər yeməyini yeyəndə gözü sataşdı ki, qız öz açarını götürməyi unudub. Uşaqlarla bayıra çıxmalıydı. Qəmsiyyənin açarını vermək üçün onun iş yerinə getdi. Qız döşəməsilən taxtanı çənəsinə dirəyib qapısıaçıq otaqda rəssamın öz şagirdinə hikkəylə dediklərinə yazıq-yazıq qulaq asırdı. “Dəli Mayis”in yenə gözləri qızmışdı, şagirdini elə danlayırdı ki, elə bil Pikasso ilə dalaşırdı:
– Əlin düz işləyir, ancaq başın yox! Şəkil qıraqdan gözəl görünür, ancaq yaxından diqqətlə baxanda heç bir məna yoxdur! Sən çayın şəklini çəkməməlisən – suyun səsini çəkməlisən! Bulud, səma şəklini nənəm də çəkər – sən səmada quşların səsini çəkməlisən! Uşağın üzündə gülüş yox – xoşbəxtliyin şəklini çəkməlisən! Allahın şəklini çəkməlisən! Əllərinlə yox, ürəyinlə çəkməlisən! Bunu sənə neçə dəfə izah etməliyəm axı!
Zavallı qız devikib onu anlamağa çalışırdı. “Kül olsun uşağını dəli Mayisin yanına göndərənin lap təpəsinə! Bu adamdır ki, nəsə də öyrədə bilsin!? Bunun nəyi, harası “savadlı rəssamdır”, “gözəl müəllimdir? Gərək adam birinci növbədə insan olsun ki, sonra bir şeylər öyrədə bilsin” – Turqay ürəyində rəsm müəlliminə acıqlandı.
Qəmsiyyə isə bir-iki əl döşəmə silib yenə də hikkəli rəssamın dediklərinə şəklənir, heyrətdən içini gəmirirdi. “Səni təpənnən vurul, o uşaqdı hələ, nə bilir Allahın üzü necədi!” – adəti üzrə yenə mızıldandı. Turqayı görcək, silgi taxtasını gizlətmək istədi – elə bil xadiməliyindən çəkindi. Turqay isə salamsız-kalamsız açarı uzadıb dəhlizdən çıxdı.
...O gecə Qəmsiyyə evə gəlmədi. Turqay yuxulamış, qızın evdə olmadığından xəbərsiz qalmışdı. Səhər oyananda görməyə alışdığı yeməkləri də stolun üstündə görmədi. “Axşam evə gəlməyib yoxsa?!” – güc-bəla ilə idman şalvarını əyninə geyib Qəmsiyyənin iş yerinə götürüldü. Yolboyu onun içini bir şey gəmirirdi və ürəyindəki fikri ağlından qovmaq üçün dilinin altında yalvarırdı, – “Sənin qurbanın olum, Allah, bircə Qəmsiyyəni mənim əlimdən alma. Onu sağ-salamat görüm”...
Məktəbin qapısı açıq idi – silgi taxtası da qapıya söykənili qalmışdı. Qapısı açıq sinif otağına girdi – “dəli Mayis”in otağına. Gördüklərinə inanmadı...
* * *
Qəmsiyyə qollarını Mayisin stolu üstündə cütləyib başını qoyub mışıl-mışıl yatırdı. Yuxuda yorğun-yorğun inildəyirdi. Turqayın ürəyi yerinə gəldi. Onun çalması sürüşüb düşmüş, üst-başı, alnı, xadimə xalatının biləyi, əlləri rəngli boyanın içindəydi. Hiss olunurdu ki, təzəcə yuxuya gedib. Turqay pəncələri üstə içəriyə keçdi. Malbert otağın ortasında qalmışıdı. Stolüstü lampanın mavi işığı malbertin üzərindəki rəsmi işıqlandırırdı. Bu rəsm bir möcüzəydi! Mavi işığın altında dil açıb danışan canlı rəsm idi. Burda hər şey vardı – səsli-küylü qıjnov çaylar, hüzur qoxan mavi səma, qayğısız uçuşan quşlar, möcüzəli Xoşbəxtlik Dumanına bürünmüş al-əlvan gül-çiçəklər, kəpənəklə oynayan qayğısız uşaqlar, Allah bilir daha nələr, nələr... Çox maraqlı idi ki, bütün bunlar hamısı bir Gözün içinə yerləşdirilmişdi. Gözün bəbəyi Yer Kürəsi idi, kənarında işıq saçan Günəş də vardı, qaranlığı işıqlandıran Ay da, gözdən axaş yaş damlalarında sayrışan Ulduzlar da. Bu tabloda Qaranlıqla Gündüz birlikdəydi. Bütün rənglər Qaranın işığında alışıb yanırdı. Səhər şeyinin ətri duyulurdu rəsmdən, yağışdan sonra Təmiz Havanın ciyərlərə çəkilməsindən aldığın Nəfəs vardı bu şəkildə. Bu rəsm Yuxu Rahatlığı idi. Bu tablo Allahın gözüydü – Yeri, Göyü birlikdə görən, mərhəmətli Allahın gözü...
Turqay barmağının ucuyla ehmalca şəklə toxundu – rəngi qurumamışdı, – “Rəsmin qurumasını gözləyib yuxuya dalıb”... – gülümsündü. Qəmsiyyəyə boylandı. Onun pırtlaşıq hörüklərini, saçına düşən dəni ilk dəfə görürdü. İçindən qızın telini sığallamaq keçdi, qızla arasındakı buzu sındırmağın əsl vaxtıydı, amma sanki yenə əli üşüdü – əli havada qaldı. Ürəyində qürurunu lənətlədi.
Mayisin “şap-şup” topal addımları dəhlizdə eşidildi. Qəmsiyyə səsə yerindən dik atıldı. Turqayı qarşısında mil görəndə quruyub dimdik qaldı, heç yaylığını da başına çəkmədi. Artıq hər şeyin üstü açılmışdı – Turqay onun saçlarını görmüşdü. Hər şey Turqayın bu saat verəcəyi qərardan asılı idi. Rəngə boyanmış xalatını tələsik çıxarıb şkafın gözünə atdı, yaylığını qaydaya saldı, üz-gözünün rəngini sildi. Malbertə doğru cumanda Turqay şəkli götürüb arxasında gizlətdi. Nəzərləri toqquşdu. Turqay gülümsünürdü. Qəmsiyyə isə suçluydu – gözlərini gizlətməyə çalışırdı. Bircə onu dedi ki, – “Elə et ki, bilməsin...”. Turqayın əynindəki buz qılaf bircə anda əridi. Qəmsiyyə ondan ilk dəfəydi ki imdad diləyirdi. İçini vulkan istisi bürüdü və Qəmsiyyənin boynunu bir əliylə öz sinəsinə sıxıb saçını qoxladı və sonra öpdü...
“Dəli Mayis” artıq otağındaydı. Turqayı görcək, – “O-o-o.., “bradyaqa”, üzünü görək! Sən bu vaxtlar duran deyildin, nə yaxşı gəlmisən?” – deyib ona əl uzatdı. Ancaq yarıyolda əli malbertin üstündəki tabloya çöndü. Şəkildən gözü qamaşdı. Dala-qabağa ləngər verdi, rəsmə əyildi. Baxdıqca bu möhtəşəmlikdən vahimələnir, fərəhlə, – “Bomba!.. Kayf!.. Super!.. Əla! Cənnət!” – deyib uçmağa qanad axtarırdı, az qalırdı ki rəsmin içinə girsin, orda ağacların kölgəsində oynayan uşaqlara qoşulub şənlənsin. Şəkli götürüb pəncərənin işığına tutdu, – “Kim çəkib!?” – soruşdu. Turqay yenidən Qəmsiyyəni sinəsinə sıxıb dedi, – “Anam. Mənim mələk anam çəkib” – anasının boyalı yanağından öpdü. Və birdən nəyəsə gözü sataşdı, nəsə xatırlayıb tablonu Mayisin əlindən aldı və tələsik malbertin üzərinə qoydu. Şəkil rəfinin üstündəki iri lupanı götürüb Yer Kerəsinin ortasında Qara Dəliyi əks etdirən balaca Bəbəyi incələdi. Axtardığını orda görmədi. Qəmsiyyə gülə-gülə soruşdu, – “Nə axtarırsan?”. Turqay, – “”T”-nı...” – mızıldandı.
– Tapa bilməzssən. Bu dəfə elə yerdə gizləmişəm ki, nə qədər çalışsan da tapa bilməyəcəksən – deyib sevincək gülümsündü və arxadan Turqayın boynunu qucaqladı.
Turqay:
– “T”-nı tapmasam bağrım çatlar. Yerini de, harda gizləmisən – lap uşaq vaxtı elədiyi kimi şitənməyi gəldi.
– Şəklin ən dərin yerindədir – ürəyin içində.
– Bəs ürək hardadı, nə deməkdir bu “T”?
– Həyatımın mənası, gözümün nuru “Turqay” deməkdir... – Qəmsiyyə əlindəki rəngə bulaşmış əski ilə gözünün yaşını silirdi.
Ana-bala bir-birinə sarılmışdılar – “dəli Mayis” də dəli kimi gah onlara, gah da tabloya baxır, yerində devikib qalmışdı, – “Mavi lampa işığı... Mən niyə indiyədək bunu bilməmişəm?”... – deyirdi.
31 mart – 04 aprel 2015