Kulis.Az Məti Osmanğlunun tərcüməsində özbək yazıçı Məmmədəli Mahmudovun “Sevgi” hekayəsini təqdim edir.
“Göylər də, hava da, su da - dünyada nə varsa hamısı məhəbbətdən yaranıb”, - babam belə deyərdi .
Göyə çalan ağ buludların ətəyinə çatar-çatmaz zirvədən qanrılıb aşağı boylandım: buradan meşə gözətçisinin dərənin dibindəki koması kibrit qutusu, komanın arxasındakı it isə qarışqa boyda görünürdü. Gözətçi Artıkbay ağa qohumum düşürdü. Onunla hal-əhval tutmaq niyyətilə aşağı endim. Komanın qapısı bağlı idi. Ətrafda ins-cins gözə dəymirdi. “Hər payız olduğu kimi Artıkbay ağa indi də pambığa getmiş olar”, – düşündüm. O, hər dəfə xaşara – pambıq yığmağa gedəndə ailəsi kəndə köçürdü. Dərədə kimsəsiz qalmaq qorxulu idi...
Bəs görəsən iti niyə burada qoyublar?... Bunu düşünə-düşünə komanın arxasına keçdim. Yosun basmış qara çopur daşın oyuğu ağzındakı iri ağ it dişlərini qıcayıb çəmkirməyə başladı. Ov tüfəngimi koğuşlu qoz ağacına söykəyib, mülayim nəzərlərlə ona baxdım. Bir az mırıldanıb, sakitləşdi. Yanına gəlib, başını tumarladım. Quyruğunu bulayıb, başını ayaqlarıma söykədi. Birdən zingilti səsi gəldi. Alaqaranlıq it damının içində dörd balaca küçük gözümə dəydi. Yiyəsinin iti niyə burada qoyub getdiyini indi anladım: balaca küçüklərin yolda tələf ola biləcəyindən ehtiyatlanmışdılar. Beynimdən “onlar ac olarlar” fikri keçdi. Ətrafa göz gəzdirdim. Beş-altı addım aralı armud ağacının altındakı sinidə çörək, ət və sümük qoyulmuşdu. “Ev yiyəsi yəqin vaxtaşırı bura baş çəkir”, - düşünüb yüngül nəfəs aldım...
Gözətçi komasından aşağıda kükrəyib axan çaya endim, çay boyunca dərə yuxarı yol aldım. Yolumun üstünə tülkü və qaban çıxdı. Atmadım. Biz tərəflərdə vəhşi heyvanlara güllə atmaq yasaq idi. Sözün düzü, elə mənimçün də ov bir bəhanə idi, təbiət qoynuna havamı dəyişməyə çıxmışdım. Axşama qədər dağları dolaşdım, kahaya girdim, qayalara dırmaşdım. Günəş dağın arxasına çəkilməyə başlayanda isə kəndə doğru yol aldım.
Bənövşə rənginə çalan qayanın yanından hərlənib keçəndə qarşımda yenə Artıkbay ağanın koması peyda oldu. İt yuxarıdan maviyə çalan çayın qırağına enib, iki qabaq ayağını qatlayaraq çaydan su içirdi. Bir az dincimi almaq üçün qayanın üstünə əyləşdim. Birdən it başını sudan qaldırdı, özünü toparlayıb, havanı dinşədi. Yerindən qopub, var gücü ilə gözətçi komasına tərəf götürüldü. Bir şey anlaya bilməyib, diqqət kəsildim.
Alman ovçarkasına oxşayan iri canavar küçüyün birinin boynunu ağzına almışdı. Bədənim ürpəşdi. Yerimdən dik atılıb, tüfəngi üzümə qaldırdım. Nişan aldığım vaxt ox kimi süzüb özünü yetirən it dişini canavarın qulağına keçirdi. Canavar özünü tarazlayıb, itin belindən dişlədi. İt özünü canavarın dişindən qurtardı, canını dişinə tutub bir də ona cumdu. Ölüm-dirim döyüşü başladı, gah canavar iti üstələyirdi, gah da it canavarı. Xeyli davam eləyən bu döyüşdə itlə canavar bir-birini al-qana qərq eləmiş, haldan düşmüşdülər. Ancaq bir-birindən əl də çəkmirdilər. Mən yerimdə donub qaldığımın fərqinə vardım və dərhal yerimdən qopub itin köməyinə yüyürdüm. Canavar başını götürüb ayağını çəkə-çəkə qaçdı. Öləcəyini görüb ona güllə atmaqdan vaz keçdim.
İt büdrəyə-büdrəyə, sürünə-sürünə özünü armud ağacının altındakı balasına çatdırdı. Balasının başı al-qırmızı qana bələnmişdi, gözü kasasından çıxmış və naməlum bir nöqtəyə dikilib qalmışdı, boynu qopmuşdu. İt balasını uzun müddət yaladı, uzun müddət zingildədi. Sonra sürünə-sürünə it damına tərəf gəldi. Diri qalan üç balası onun sinəsinə çökdü.
Nəhayət, küçüklər başlarını ana qancığın əmcəklərindən araladılar. Doymuşdular. İt qan içindəki başını qaldırıb əvvəl balalarına, sonra da ümidlə yazıq-yazıq mənim üzümə boylandı. Son nəfəsini verib, canını tapşırdı. Gözlərim yaşardı. Xeyli müddət bu kədərli mənzərənin önündə donub qaldım. Axşam düşmüş, ətraf qara pərdəyə bürünmüşdü. Əlimdə tüfəng olsa da, bu insansız yerin dəhşətli sükunətindənmi, ya da hiss olunmadan dərənin üstünə yeriyən qaranlığın zəhmindənmi – nədənsə içimi bir vahimə bürümüşdü. Tələsik komadan aralı yer qazıb itlə balasını orada basdırdım. Armud ağacının budağına asılmış torbanı götürüb, içindəki qurutları gözətçi komasının üstünə sərdim. Küçüyün üçünü də torbaya salıb, özümlə kəndə gətirdim...
1977-ci il
Özbəkcədən çevirdi: Məti Osmanoğlu