Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür
27 aprel 2024
# 10:00

Kulis.az Dino Bussatinin “Tatar çölü” romanı haqqında Fəxri Uğurlunun "Gözləməklə keçən ömür" adlı essesinin birinci hissəsini təqdim edir.

Əslində, bu romanın adı “Tartari səhrası” kimi tərcümə olunmalıdır. Əski Avropanın xəritələrində, coğrafi əsərlərində Xəzərdən şərqə doğru nəhəng əraziləri, Türküstandan Sibirə qədər uzanan çölləri, səhraları Tartari (yaxud Tartariya, rus variantında - Tatariya) adlandırırdılar. Bu anlayışın yaranması monqol-tatar yürüşlərinə bağlı olsa da, yunan mifologiyasından gəlmə Tartar (Aid adlı ölüm səltənətinin altındakı sonsuz boşluq, dibigörünməz uçurum) istilahının təsiri altında söz şəklini dəyişib. Bu baxımdan, orijinala tam sədaqətli olmasa da, romanın “Tatar çölü” adı altında təqdimi onun ruhuna da, fəlsəfəsinə də, müəllifin məramına da tam uyğundur.

Dino Bussatinin adı haqlı olaraq Frans Kafka ilə yanaşı çəkilir. Onun iyirminci əsrin Bekket, Akutaqava, Kortasar, Rulfo, Abe, Heminquey, Laqerkvist, Sartr, Selincer, Markes... kimi azman nasirləriylə ruh, düşüncə qohumu olduğunu görmək elə də çətin deyil. Xorxe Luis Borxes, Alber Kamü kimi dahilər onun şah əsərinə yüksək dəyər veriblər.

Yazıçının otuz üç yaşında tamamladığı ilk romanı 1940-cı ildə işıq üzü görüb. Əsərdə heç bir kəskin süjet, macəra, qəfil dönüş yoxdur, fabula olduqca adi, kompozisiya sadədir. Hadisələrin hansı zamanda, hansı məkanda, necə deyərlər, hansı xanın dövranında baş verdiyi bilinmir. Bəzi əlamətlərinə görə əsərdəki zaman on doqquzuncu əsrə, məkan İtaliyanın şimalına bənzəyir. Roman pritça janrında, alleqorik üslubda qələmə alındığından burada baş verənlər həm real mahiyyət, həm də məcazi məna daşıyır.


*

Hərbi məktəbi bitirib leytenant rütbəsi almış Covanni Droqo ölkənin quzey sərhədindəki Bastiani qalasına göndərilir. Nə vaxtsa dövlətin dayaq nöqtələrindən olmuş bu qala xeyli vaxtdır hərbi əhəmiyyətini itirib, buradakı qarnizonu daha çox ənənəni pozmamaq üçün, qalanın keçmişinə hörmət naminə saxlayırlar. Ucqar Bastiani qalasının hasarından o yana ucsuz-bucaqsız Tatar çölü başlanır.

Keçmişdən üzübəri qala keşikçiləri hər zaman buradan təhlükə gözləyiblər. Onların arasında belə bir əfsanə dolaşır ki, nə zamansa bu barsız-bəhərsiz səhrada peyda olmuş köçəri tayfalar şəhərləri, qalaları viran qoyublar. Günün birində barbarların hücumu mütləq təkrarlanacaq, ona görə də qaladakı qarnizon qəfil hücuma daim hazır olmalıdır. Qarı düşmənin gözləntisi nə qədər həyəcan doğursa da, bu intizar qalada xidmət keçən gənc zabitlərə ümid də verir: bəlkə nə vaxtsa onlardan biri yağıyla savaşda şücaət göstərib bütün ölkədə qəhrəman kimi ad çıxaracaq.

Leytenant Droqo da Bastiani qalasına bu ümidlə üz tutur. Ancaq elə ilk gündən onun xəyallarına ləkə düşür, hələ uzaqdan qalanın saralıb-solmuş divarlarını görəndə leytenantın romantik arzuları da soluxub təravətini itirir. Qaladakı yeknəsəq həyat onu tezliklə bezdirir, Covanni qərara alır ki, həkimlə danışıb yüksək dağlıq ərazidə xidmət üçün yararsız olduğu barədə arayış alsın. Komendantın sağ əli mayor Matti leytenantın əhvalını görəndə ona təskinlik verib deyir ki, əgər istəsə, ərizə yazıb başqa yerə dəyişdirilməsini xahiş eləyə bilər.

Növbəti tibbi komissiyanın keçirilməsinə hələ dörd ay var. Covanni düşünür ki, eybi yox, düçar olduğu məyusluğa dörd ay tab gətirər.


Dino Bussati

Gənc zabitlərdən biri leytenant Droqonu qala divarının üstünə çıxarır. Oradan sirli şimal ölkəsinin bəhərsiz boz torpaqları, daşlı-qayalı Tatar çölü görsənir. Bu çöllük haqqında qalada çoxlu əfsanə dolaşır: guya o torpaqlarda od püskürən təpələr, bəyaz qalalar, qara çadırlar, gödək ayaqlı ağ monqol atlarına süvar olmuş vahiməli qoşunlar var.

Tezliklə Covanni xidməti qarovula çıxır. Növbətçi hissədə ciddi qayda-qanun, sərt intizam hökm sürür. Leytenant Droqo ilə eyni vaxtda növbə çəkən çavuş Tronk iyirmi iki ildir qalada xidmət göstərir, buranın hər dəlmə-deşiyini gözüyumulu tanıyır, qalanın nizamnaməsini əzbər bilir, onun hər bir hərfinə kölə sədaqətiylə riayət eləyir. Tronk Bastianidə yaşamağa necə alışıbsa, məzuniyyətini də burada keçirir, onun getməyə yeri, darıxmağa kimsəsi yoxdur.

Gecə anasına məktub yazanda Covanni qaladakı cansıxıcı mühiti, dözülməz şəraiti ona necə varsa o cür təsvir eləmək istəyir, fəqət zavallı qadının ürəyinə xal salmaqdan qorxub olanları tərsinə, hər şeyi yalan yazır. Bizim Azərbaycan oğulları da vaxtilə əsgərlikdən evlərinə yalanla, gopla dolu belə məktubları çox yazıblar.

Günlər, həftələr ötdükcə leytenant Droqo qaladakı şəraitə, hətta gecələrin səssizliyində çəndən daman suyun divarın o üzündən gələn yeknəsəq səsinə də alışır. Ona məlum olur ki, Bastiani qalasında Tatar çölündən gələsi fəlakət buludlarını intizarla gözləyən xeyli zabit var. Barbar köçəri ləşkərinin hücumu onların həyatını büsbütün dəyişib möcüzələr yarada bilər. Bu zabitlərin ömrü vahiməylə intizarın qovuşuğunda keçir, onlar düşməndən həm qorxur, həm də onun sayəsində həyatlarını mənalandırmağa, qəhrəmanlıq göstərməyə ümid bəsləyirlər. Bu səbəbdən çoxu qaladan qopa bilmir, hətta on beş ildən bəri burada şəxsi heyətə xidmət göstərən dərzi belə müdam tezliklə evinə qayıdacağını deməklə öz başını aldadır.

Bir sözlə, Bastiani qalası ölkənin şərəfini, namusunu qoruyan hərbi məntəqədən çox sürgün yerinə, cəza evinə, dinc qurucu həyata yararsız ünsürlərin saxlandığı təcridxanaya bənzəyir.

*

Quş kimi qəfəsinə alışan Droqo dörd ayın tamamında qərarını qəfil dəyişir, qaladan ayrılmaq istəmir. Düşünür ki, qarşıda hələ çox vaxtı var, nə zaman istəsə, qulluq yerini dəyişə bilər. Bir gün möcüzə doğası Tatar çölünün sirli cazibəsi onu da özünə çəkir. Bu, elə bir cazibədir ki, çoxları onun orbitindən çıxa bilmir. Əgər insan hərbi təlim keçibsə, əynində zabit mundiri, əlində dolu silahı varsa, demək, onun düşmənə də ehtiyacı var. Yoxsa o silah, o mundir, o təlim nəyə yarayar? Peşəsindən yarımayan zabit başqa neyləsin, şöhrəti, ad-sanı nəylə qazansın? Onlara savaş lazımdır, bu savaşda onlar ya qəhrəmancasına həlak olacaqlar, ya da qəhrəman olacaqlar.

Bu arzunun, iddianın gücünədir ki, yaraşıqlı, kübar leytenant Anqustina səhhətinin ciddi zəiflədiyinə, üstəlik, iki illik qulluq müddətinin başa çatdığına baxmayaraq qaladakı xidmətindən ayrılmır, qarlı-çovğunlu qış günündə ona aşkar nifrət bəsləyən mayor Mattinin rəhbərliyi altında hərbi tapşırığı yerinə yetirmək üçün (tapşırıq da insan ayağı dəyməyən quşqonmaz yerlərdə bir neçə metrlik ərazini düşmənin əlindən “alıb” oraya bayraq sancmaqdan ibarətdir) sərt zirvəyə qalxanda soyuğa tab gətirməyib həlak olur.

Bastiani qalasındakı nizam-intizam ehkamçılığı romanda saxta patriotizmə parodiya kimi təsvir olunub. Qalanın çölündə otlayan ağ atı görəndə sərhəd keşikçilərinin vətənpərvərlik isterikası pik həddə, tragikomik stadiyaya çatır. Axı barbar köçərilərin də atları ağ olur!

Fəqət bu at əsgər Lazzarinin atıdır, necəsə əldən çıxıb özünü çöllüyə verib. Lazzari qala qapılarının hələ örtülmədiyini fürsət bilib atını tutmağa gedir, qayıdanda darvazanın bağlandığını görür. Keşikçi onun əsgər yoldaşı, həmişə zarafatlaşdığı, ləqəblə çağırdığı biridir. O, Lazzaridən parolu soruşur, ancaq Lazzari çöldə olduğu müddətdə parol dəyişib. Zavallı nə qədər yalvarırsa, keşikçi qapını açmır, əvəzində nizam-intizam aşiqi çavuş Tronkun səssiz razılığıyla çiyin yoldaşını sinəsindən güllələyib öldürür.

Müəllif bununla bizə insanlığa sevgidən, səmimiyyətdən, mərhəmətdən uzaq qanunpərəstliyin nə qədər antihumanist olduğunu göstərir: insan qanun üçün, dövlət üçün deyil, qanun, dövlət insan üçündür; əgər söhbət insanın qorunmasından gedirsə, bəlli məqamda qanunun yanından keçmək də olar.

ardı var...

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
# # #