Kulis.az Aqşin Yeniseyin "Yazıçının dili ana dili deyil" adlı yeni yazısını təqdim edir.
Peşəkar yazıçı dili üsluba, üslubu mövzuya görə seçir. Yazıçının dili ana dili deyil, ana dilindəki sözlər əsasında yaratdığı müstəqil müəllif dilidir. Oxucunun bu dili anlayıb-anlamayacağı, ümumiyyətlə, peşəkar üçün ölçü deyil.
Yazıçı bu gen dünyada yalnız mövzusu, üslubu və özünün müəllif dili qarşısında məsuliyyət daşıyır.
Söhbət ədəbiyyatda tirajı və tipajı ilə təmsil olunan carilərdən getmir.
İlin əvvəlində "Tarix və Tale" romanının Türkiyənin Dil, Kültür və Tarix Qurumu tərəfindən müəlliflik hüququnun alındığını və bu kitabın "Turan Ədəbiyyatı" layihəsində Azərbaycan ədəbiyyatını təmsil edən ilk kitab olacağını yazmışdım.
Doğrusu, romanın Anadolu türkcəsinə tərcüməsindən narahat idim. Çünki bəzən gün ərzində dilin müxtəlif qatlarına enib-qalxaraq yalnız birini yaza bildiyim cümlələrin heç öz oxucu və yazıçı mühitimiz tərəfindən qəbul olunmamasından sonra bu cümlələrin ikinci bir dildə ikrah oyatmayacağından əmin deyildim.
Kitabın Türkiyədə tərcüməsinin İmdat Afşar bəyə həvalə olunması bu narahatlığa son qoydu. Birincisi, İmdat bəyin bizi Türkiyə türkcəsinə çevirdiyindən xəbərim vardı, ikincisi, İmdat Avşar imzasının Türkiyədə bir hekayə ustasının imzası olduğunu çoxdan bilirdim. Yəni kitabımı tərcümə edənin özü də öz dilində usta bir yazıçı idi.
İmdat bəyin tərcümə ilə bağlı ilk mesajı bu oldu: Romanın üslubunu yaradan uzun cümlələrin heç birini bölməyəcəyik, arxasınca da cümlələrlə istədiyi kimi rəftar edib üslubun başına oyun açanların Türkiyədə də tərcümə sənətinə ədəbiyyata dəxli olmayan səhələrdən gəldiyini söylədi.
Cümləni bölüb, əyib, çərtib əsərin dilini öz aləmində oxunaqlı hala salmaq yalnız tərcüməçinin şəxsi uğuru sayıla bilər, amma bu kosmetik cərrahiyyə birmənalı olaraq müəllifin və əsərin faciəsidir. Çünki kənar sahələrdən gələn tərcüməçini əsərin mövzusu və üslubu maraqlandırmır, o, çox vaxt heç mövzu və üslubun nə olduğunu da bilmir. Onun qandığı şey, sadəcə, əsərin dilidir ki, bu dil də vasitədir, xidmətçidir. Tərcüməçinin dil dediyi şey qulluqçusu olduğu oxucunu razı salmalıdır.
Halbuki peşəkar yazıçı üçün dil vasitə deyil, mövzunu və üslubu nəzarətdə saxlayan bir üst orqandır. Bu icraedici orqanı peşəkar mətndə mövzu və üslub özü təyin edir və ona səlahiyyətlər verir. Möhtəşəm əsərin ortaya çıxmasında yeganə vasitəçi müəllifin özüdür; mövzunun, üslubun və dilin öhdəliklərini yerinə yetirən əmr qulu. Uzun cümlə mövzunun və üslubun sağlamlığı naminə dilin müəllifdən tələb etdiyi bir ustalıqdır. Yoxsa elə hər yerindən duran usta çiy kərpicdən piramida tikərdi.
İmdat bəyin ədəbiyyatdan gələn bu peşəkar tərcüməçiliyi sayəsində bu gün Türkiyə Dil Qurumunun professorlarından romanla bağlı çox yüksək fikirlər eşidirik. Ehtiyac olanda paylaşaram.
Bütün bunları niyə yazdım?
1. Əsərlərinizin yad dildəki taleyini hər tərcüməçinin öhdəsinə buraxmayın.
2. Almanaxlarda çap olunacaq yazılarınızı imkan daxilində özünüz tərcümə etdirin. Bu yaxınlarda Türkiyədəki "Hece" jurnalında bir şerimin tərcüməsinə rast gəldim. Şerin üç sözdən ibarət adında dörd səhv vardı; "sirroz" sözü "sevda", "qaraciyər" sözü "ürək" kimi tərcümə olunmuşdu.
3. Yaxşı tərcüməçiləri hamının tanımasına çalışın. Məsələn, yazıçı kimi hekayələrini Ankaradakı illərdən izlədiyim İmdat Avşarı bu yay həm də bir tərcüməçi kimi kəşf etdim və çox istərdim ki, yerli müəlliflərimiz Anadolu türkcəsində onun ifasında təmsil olunsun.
Bütün sahələrdə olduğu kimi, tərcümə sahəsində də bizə fədakarlar, qəhrəmanlar yox, peşəkarlar lazımdır.