Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi

Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi
8 iyun 2024
# 12:00

Kulis.az İlqar Fəhminin "Yorğunluğun serenadası" yazısını təqdim edir.

Hər dəfə iş otağıma girib stol arxasına əyləşən kimi, ilk olaraq onun gözlərinə baxıram. İş stolumla üzbəüz olan qədim kaminin üstündə onun portreti asılıb. Bu portreti Vaqif Səmədoğlunun vəfatından bir müddət sonra Anar müəllim göndərmişdi və tapşırmışdı ki, İlqar otağında saxlasın.

Səbəbini bilmirəm, soruşmağa da utanmışdım, eləcə kaminin üstündən asmışdım. Və artıq 9 ildir ki, onunla göz-gözəyəm. 9 ildir ki, onun gözlərini oxuyuram. Amma hər dəfə otağa girib yerimə əyləşərək, başımı qaldırıb onun gözlərinə baxanda, elə bilirəm ki, ilk dəfə görürəm. Şeirləri kimi. Hər dəfə kitabını götürüb vərəqləyəndə, elə bilirsən ki, ilk dəfə oxuyursan...

O üzügülər simadakı gözlərdə də, hər dəfə diqqətimi cəlb edən məhz yorğunluq hiss olub. Amma bu fiziki yorğunluq deyildi. Yox, heç mənəvi yorğunluq da deyildi... Estetik yorğunluq idi. Çox duyğusal, ekspressiv bir insan, sanki öz ətrafına topladığı və öz fərdi dünyasını formalaşdıran gözəlliklərdən yorulmuşdu.

Qəribədir ki, onun şeirləriylə ilk tanışlığımda da eynən, bu cür hisslər yaranmışdı. Bu misralar yalnız və yalnız estetikadan yorulan və bu gözəlliyin içində tənha qalıb darıxan duyğusal bir ruhun məhsulu ola bilər.

Pis günlər oxşamaz biri-birinə,

Birində özün susarsan, birində telefon.

Anar müəllimin bir romanında bu misralar yeni fəslin parafrazı kimi verilmişdi, uşaqlığımdan beynimə mismarlanmışdı.

Bu misraların bütün energetikasını isə valideynlərimi itirəndən sonra, tək yaşadığım illərdə daha yaxından hiss elədim. Otağın küncündəki sarı telefona hər dəfə baxanda, zəng yerinə bu misraları eşidirdim. Günlərlə susan telefon, sanki məndən xəcalət çəkirdi və təkrar-təkrar bu misraları pıçıldayırdı.

İlk dəfə oxuyanda bu şeirin tam məzmununu da bilmirdim. Vaqif Səmədoğlunu isə daha çox musiqiçi, teleaparıcı kimi tanıyırdım... Amma bilirdim ki, darıxır, yaman darıxır...

Doxsanıncı illərin ortalarında kitablarını oxudum. Estetik yorğunluq hissi və özünəməxsus darıxmaq duyğusu, sanki bütün şeirlərindən sızırdı... Amma bu yorğunluq və bu darıxmaq hissinin qəribə bir özəlliyi vardı. Onlar gözəl idi. Ağrısı da, əzabı da, darıxmağı da... Bu cür gözəl darıxmağı, bu cür estetik yorulmağı yalnız o bacarırdı - Vaqif Səmədoğlu.

Onu əhatə eləyən musiqili-poetik dünyanın içində tənha qalıb darıxan, amma bununla bərabər, heç kimi o məhrəm dünyanın içinə buraxmayan Vaqif Səmədoğlu...

Sonradan Yazıçılar Birliyində işləməyə başladım, "Ulduz" jurnalına tez-tez gələn Vaqif Səmədoğluyla tanış oldum. Amma heç vaxt xüsusi yaxınlığımız olmadı. Tək yaşadığım vaxtlarda onun şeirləriylə illərlə həmsöhbət olduğumu da ona demədim. Şeirlər kitabının səhifələrini şəkillərlə doldurub, oxunmaz hala saldığımı da bildirmədim.

Elə bil adamın heyfi gəlirdi onun tənhalığına, darıxmağına mane olmaq, müdaxilə eləmək. Elə kənardan müşahidə edirdim. Boynundakı fotoaparatı, üzündəki qəribə ironik təbəssümü.

İndi də kaminin üstündəki portretə baxıram. Hələ də tanımıram. Hələ də darıxmağının həsrətini çəkirəm. Gözəl darıxmağın. Gözəl yorulmağın...

Tez-tez son qurultayımızdakı çıxışını xatırlayıram. Ölümündən yeddi-səkkiz ay əvvəl idi.

Uşaq vaxtı tez-tez Yazıçılar Birliyinə, atasının yanına gəlib-getdiyi günləri yada saldı...

Məhz onda hiss eləmişdim onilliklərlə sürən bu darıxmağın səbəbini. O öz ömrünü yaşamırdı. Elə bil, atasının ömrünün xəyali davamını yaşayırdı.

İndi də orda, atasıyla bir yerdədir. Görəsən, indi də darıxırmı?

# 4986 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər