O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda
14 aprel 2025
# 12:20

Kulis.az Yunus Oğuzun “Nadir şah” romanı haqqında filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Hökmdar bədii-fəlsəfi niqabda” essesini təqdim edir.

Ədəbiyyatda tarixin təsviri nəinki tarixi kontekstin dərindən dərkini təmin edir, həm də oxucuya tarixi hadisələrə baxışın unikal perspektivini təklif edir. İctimai şüura təsir etmək, tarixi yaddaşı formalaşdırmaq qabiliyyətinə malik olan tarixi romanlar həm də məlum faktların yenidən analizini, tarixi şəxsiyyətlərə alternativ baxışı gündəmə gətirir, keçmişlə indiki zaman arasında bir körpüyə çevrilərək unikal mədəni dəyər yaradır.

Yunus Oğuz “Nadir şah” romanında Səfəvilərin hakimiyyətinin zəiflədiyi və vətənimizin parçalanaraq məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda tarixi bir addım atıb özünü şah elan edərək Azərbaycanın paramparça olmaq prosesini bir qədər ləngitməyə nail olan Nadir xan Əfşar obrazının işığında Azərbaycan tarixinin təlatümlü və həlledici bir dövrünü bədii mətndə yenidən canlandırır.

Tarixi romanlar müəllifi bu romanı ilə Azərbaycan ədəbiyyatında bir ilkə imza atır, tarixi və bədii mətnlərdə təzadlı fikirlər və münasibətlə xatırlanan Nadir şahın hekayətini tarixi mənbələrə əsaslanaraq yenidən yaradır. Uzun müddət bu böyük sərkərdə bizə qaniçən, qəddar, Səfəvi hakimiyyətini qəsb edən kimi təqdim olunmuşdur.

Yunus Oğuzun “Nadir şah” romanı tarixdə ikili münasibət bəslənən bu türk hökmdarın yolunu işıqlandırır, onun əsl tarixi obrazını oxucuya təqdim edir. Vaqif Yusifli yazır: “Yunus Oğuzun "Nadir şah" romanı böyük fateh haqqında bizim təkcə bildiklərimizi deyil, bilmədiklərimizi də açıqlayır və beləliklə, tamamlanmamış "Tarixi-Nadir" öz bədii-tarixi təcəssümünü də bu romanda tapır.”

Sələflərindən fərqli olaraq Yunus Oğuz qələmə aldığı romanda Nadir şahı böyük strateq və sərkərdə kimi təsvir edir, onun Səfəvi xanədanına son qoyaraq özünü şah elan etməsini, hakimiyyətə gəlməsini millətin və vətənin birləşdirilməsi uğrunda atılmış önəmli tarixi addım kimi vurğulayır. Zəifləyərək öz missiyasını yerinə yetirə bilməyən Səfəvi dövlətinin yadlar əlində oyuncağa çevrilməsi qorxusunu anlayan Nadir şah bu hərəkəti ilə Azərbaycanın bütövlüyünü, milli varlığını da məhv olmaqdan qurtarmağa cəhd edir. Hafiz Mirzə Nadir şah romanının ideoloji önəmi barəsində yazır: “Əvvəlcə onu qeyd edim ki, məşhur bir sərkərdə olaraq Nadir Şah tariхdə haqqı daha çoх tapdalanan şəхsiyyətlərdəndir...

Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti Yunus Oğuzun təqdim etdiyi "Nadir şah" romanına qədər bu böyük hökmdarın məhz misli görünməmiş qəddar bir şəхsiyyət olduğunu qəbul edir, bunu etiraf edən pyes və məqalələr yazırdı.... Yunus Oğuz bu əsəri ilə həm də хalqın öz övladlarına böyük rəğbət və məhəbbət abidəsini ucaltdı.”

Ədəbiyyatda tarixi şəxsiyyətin təsviri interpretasiyaya əsaslansa da yazıçı ilk növbədə faktlara fokuslanmalı, kobud səhvlərə və anaxronizmlərə yol verməmək üçün tarixi mənbələri diqqətlə öyrənməlidir.Tarixi şəxsiyyətin bədii obraz kimi uğuru isə daha çox yazıçının inandırıcı psixoloji portret yaratmaq istedadından asılıdır. Tarixi şəxsiyyət öz dövrünün xarakterik düşüncə və mental dəyərlərinə malik olduğundan yazıçı tarixi konteksti düzgün canlandırmalı, qəhrəmanın şəxsiyyətinin formalaşmasına, tarixdəki roluna sosial, siyasi və mədəni amillərin necə təsir etdiyini göstərməyi bacarmalıdır.

Yunus Oğuzun qələmə aldığı "Nadir şah" romanında bu böyük türk hökmdarının və sərkərdəsinin parlaq obrazını yaratmağa nail olub. Romanın ən anlamlı və simvolizmlə, müəllif mesajları ilə dolğun məqamlarından biri Əmir Teymurun məqbərəsinə Nadir şahın söylədiyi monoloqdur:

“Əmir Teymurun qəbri önündə dayandım. Ona ehtiramla baş əyib, içimdə ucadan salam verdim:

- Salamlar olsun sənə, ey böyük cahangir!

Elə bil qeybdən səs gəldi və bu səs yalnız mənim içimdə ifadə olundu:

- Sənə də salamlar olsun, ey böyük cahangir!

- Sənin yanında mən böyük cahangir deyiləm.

- Cahangirsən! İndiyə qədər heç kəs sənin kimi elə ustalıqla Hindistanı tutmamışdı. Sən isə bunu etdin!

- Mənim ustadım sənsən, ey böyük sərkərdə!

- Ustad məsələsi çoх qəliz şeydir. Mənim ruhum bəzən səndə ola bilər. Bunu da Allahdan başqa heç kim bilmir.

- Ustad, bu dünyada heyfsləndiyin bir döyüş varmı?

- Var. Sultan Bəyazidlə döyüşə görə heyfsilənirəm.

- Niyə, ustad?

- Ona görə ki, Sultanı Vyana qapılarından geri qaytardım. Halbuki Sultanın Avropanı almasına az qalmışdı. Həm də Bəyazidlə çoх amansız döyüşüm İstanbulun alınmasını əlli il ləngitdi. Baх, buna heyfslənirəm. Bir də təəssüf edirəm ki, Moskvaya girməyib yarı yoldan qayıtdım. O zaman Moskvanı almaqla bütün Rusiyanı müsəlman etmək olardı. Mən bunu etmədim.

- Niyə yarı yoldan qayıtdın, ustad?

- Səbəbləri çoхdur. Əsası türk dünyasında birliyin olmaması idi. Əgər sənin buna imkanın olarsa, yarı yoldan qayıtma.

- Ustad, indi Türküstanın çoх hissəsi mənim hakimiyyətim altındadır.

- Hakimiyyət məsələsi nisbidir. Vaхtilə mən Türküstandan çıхıb Azərbaycanı, Anadolunun yarısını almışdım. İndi sən Azərbaycandan çıхıb eyni yerləri alırsan. Mən də sənin kimi bütün İslam – türk dünyasını birləşdirmək istəyirdim. Amma buna nail ola bilmədim. Mən öləndən sonra oğlanlarım, nəvələrim bir-birləri ilə amansızcasına və ölənə qədər vuruşdular. Deməli, birlik üçün qılınc əsas deyilmiş.

- Bəs əsas nə imiş, ustad?

- Elmdir, elm! Bu birlik üçün elm əsasdır. O zaman nahaq yerə qılıncıma arхalanıb, sufilərin elmini darmadağın etdim. Azərbaycanda, Naхçıvanda onların ustadı Fəzlullah Nəimini əbəs yerə şaqqalatdırdım. Onun məni o vaхt cahil adlandırması haqlı oldu. Bütün qələbələrin rəhni elmdir…”

Yunus Oğuzun bütün romanlarında etnoqrafik məqamlar öz əksini tapır, yazıçı türklüyü, milli ruhu bütün aspektləri ilə təqdim etməyə çalışır. Bu romanda da yazıçının daha sonralar qələmə alacağı “Əmir Teymur-zirvəyə doğru” romanında olduğu kimi qurd totemi ilə - türkçülüyün rəmzi ilə qarşılaşırıq. Gələcəyin şahı olan Nadiri uşaqlıqda canavarlardan qurd xilas edir.

Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhəti – tarixi həqiqətə sadiqlik bu romanda da özünü göstərir. Diplomat kimi də öz fəhmi və uzaqgörənliyi ilə seçilən Nadir şahın xarici elçilər və nümayəndələrlə dialoqları onun obrazının ştrixlərini tamamlayır. Ziddiyyətli tarixi şəxsiyyət olan Nadir Şahin oğlu Rzaqulu хanla münasibətləri fonunda bir atanın və bir hökmdarın faciəsinin böyüklüyünü göstərən Yunus Oğuz bu epizodla əsərin kulminasiya nöqtəsini tamamlayır.

Nadir şahın amalı böyükdür, o güclü sərkərdə və starteqdir. Lakin siyasi arenada uğurla çıxış edə bilmir, daxili vəziyyəti düzgün qiymətləndirməyi bacarmır və nəticədə hiyləgər saray mühiti, ixtilafları onun məhvinə səbəb olur.

Qeyd etməliyik ki, Yunus Oğuz Nadir şahın obrazını yaradarkən tarixi dövrün, mühitin icəliklərinə də xüsusi diqqət yetirmiş, milli – etnoqrafik məqamlarla zəngin bir roman yaratmağa nail olmuşdur. Nadir şahın türk kökünü, onun “seçilmiş” olmasını, böyük Turan ideyasını gerçəkləşdirmək üçün apardığı mübarizəni, daxilində yaşadığı ağrılarını böyük ustalıqla bədii mətnə çevirməyə nail olan yazıçı bu tarixi romanı ilə Nadir şaha əbədi abidə ucaltmışdır.

“Nadir şah” romanı, sadəcə, tarixi əsər deyil, bu həm insanın güc, şöhrət, əzəmət üçün ödədiyi bədəlin ağırlığı, həm də zamanda silinməz iz qoyaraq ölümündən sonra belə düşmənlərinin qorxulu röyası olan bir sərkərdə haqqında hekayətdir.

# 313 dəfə oxunub

Oxşar xəbərlər

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

20:29 15 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

17:00 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
# # #