Kulis.az Nəriman Qasımoğlunun Qasım Qasımzadə haqqında yazdığı ""Sular pərisi" poeması: müharibə onun müharibəsi deyildi" adlı məqaləni təqdim edir.
Qasım Qasımzadə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsilinin ilk illərində Şərqşünaslıq fakultəsinin türk bölməsinin tələbəsi olmuş, sonradan filologiya fakültəsində oxumuşdur. O illərdən qalma səliqəli dəftərləri var. Türk bölməsində oxuyarkən Türkiyə yazıçılarının əsərlərindən, qəzetlərindən bəzi parçaları bu dəftərlərə köçürürmüş.
Bunlardan biri Türkiyənin “Qaragöz” qəzetində dərc edilmiş xəbərdir. 2-ci dünya müharibəsi illərində Qara dənizdə torpedo atəşilə sıradan çıxarılaraq batmış, ekipajı alman mühafizə gəmiləri tərəfindən xilas edilmiş bir alman yük gəmisi haqqındadır:
Kara denizde bir alman şilebi batırıldı
Bir kaç gün evel limanımızdan kalkarak Karadenize açılan 2.700 tonila toluk “Tiyoles” şilebi Kilyosun’un 8 mil açığında bir torpil yarası alarak hemen batmıştır. Şilebin mürettabatı kara sularımız haricinde kendisine refakat etmeğe başlıyan alman himaye gemileri tarafından kurtarılmıştır (“Karagöz”).
Müharibə dövründə tərtiblədiyi dəftərdə bu qəzet xəbəri diqqətimi niyə çəkdi?
Məlum etdim ki, həmin məlumat 22 yaşlı Qasımın ilk poemasının yazılmasına təkan veribmiş.
“Sular pərisi” adlandırdığı poemadır. Əlyazmasında əsəri 1945-ci il martın 3-də bitirdiyini qeyd edir. İndiyədək çap olunmamışdır. Poemasını çapa vermək üçün cilalamamış, qaralama vəziyyətində saxlamışdır: çox güman, dərc etdirmək fikrində deyilmiş. Dərcinə nail olsaydı, şəksiz, əsəri tənqidə tutub sovet senzurasının qadağalar siyahısına salardılar.
Poemada öncə milli mənsubiyyətləri aydın olmayan bəhriyəlilər (hərbi gəminin matrosları) arasında gedən söhbətdən, eləcə də süjeti izləyərkən sezmək olur ki, sovetləri təmsil edirlər. Aralarında ölümdən qurtulan bir şəxs var, dəniz döyüşündə batmış gəmidən əsir götürülmüşdür. Poemada “alman”, “faşist” qəbilindən o zamanki işlək sözlər yoxdur. Müəllif “sovet”, “bizimkilər”, “düşmən” kimi sovet dövrü müharibə ədəbiyyatına xas sözlərini də işlətmir.
Matrosların içində ahıl birisi gəmidəkilərin diqqət kəsildiyi bir yerdə qağayıların nədən dəstə-dəstə cəmləşdiyini onlara izah edir. Deyir, qağayılar dəniz ortasında adətən harasa cəm olaraq qonurlarsa, deməli, orada fəlakət qurbanları qərq olmuşlar, qağayılar həmin qurbanları özlərinə yem etmək üçün sulara baş vururlar.
Alman kimliyində anlaşılan əsir dərhal söhbətə qoşularaq gördüklərini danışır. Əhvalat üç-bir nisbətində təyyarələr arasında getmiş hava döyüşünün təsvirindən ibarətdir. Tək təyyarənin üzərində ulduz nişanından oxucu sovetlərə məxsus olduğunu kəsdirə bilir. Bu ulduz nişanlı təyyarənin pilotu iki rəqibini pulemyot atəşi ilə sıradan çıxarır, fəqət bu zaman zədələnən təyyarəsini də salamat qalan düşmən təyyarəsinə çırpır, katapult edərkən ölümcül yaralı vəziyyətdə sulara gömülür:
Saçı dağıldı küləkdə,
Ah, o ki, dilbər mələkmiş…
Inandırram gözəllikdə,
Cəsurluqda o qız təkmiş.
...Bir mənanı saldı yada
O uçuşun nihayəti.
Sığışamaz liraya da
O mə’nanın şe’riyyəti.
Göy dalğalar yıkadılar
Onun siyah saçlarını.
Cəm oldu orda martılar
Bulmaqçün öz şikarını.
Katapult edən qəhrəman qızın qara saçlı təsviri ilə müəllif azərbaycanlı kimliyinə işarə edir.
Gördüklərini nəql edən alman əsiri sözünü bitirəndə səsi titrəyir, qəmli gözlərini dikir qağayıların cövlanına. Yanında bir gənc əyləşmişdir, ovcunda tutduğu şəklə baxıb ağlayır. Əsir fərqindədir ki, danışdığı əhvalatda həlak olan pilot qız onun sevgilisi imiş.
Yaşlı sovet matrosu gənci ovundurmağa çalışır: qədim Misirdə məhsul bol olsun deyə ən gözəl qızları Nil çayına atırmışlar; “odlar ölkəsi”ndə isə Əhrimənin qəzəbindən təbii fəlakətlər baş verərkən xalq nicat tapsın deyə yurdun ən gözəl qızı “sığınaraq ilahi qüdsiyyətin gücünə” özünü pərvanə tək oda atırmış.
Poemada diqqət çəkən məqam alman faşistlərinin döyüş gəmisindən əsir alınmış şəxsə Qasımzadənin münasibətidir. O da mənəviyyatlı birisi kimi oxucuda şəxsinə rəğbət yaradır. Əsirlikdə ikən hərəkətlərində saxtakarlıq, rəqibilərinə yarınmaq yoxdur.
Rəqib olsaq da, sağ olun, lütf etdiniz siz mənə,
Yoxsa, şəksiz, batmış idim bu ümmanın dibinə -
deyən alman əsiri onu ölümün cəngindən alıb xilas etmiş sovet matroslarına minnətdarlığında səmimidir. Azərbaycanlı pilot qızının qəhrəmanlığından heyranlıqla danışarkən təyyarəsi suya gömülən öz həmvətəni – bir alman pilotunun taleyinə rəqiblərinin hüzurunda da acıdığını açıqca ifadə edir:
Necə idi onun halı?
Görənin qəlbi dağlanar.
Məğlub olub əsir düşən, sovetlərə qarşı döyüşmüş birinin bu xarakterdə təsviri sovet senzurasından necə keçə bilərdi? Əlbəttə, 1945-ci ilin mart ayında poemasını qələmə almış gənc Azərbaycan şairi ən azı mətbuatda oxuduğu nümunələrin timsalında anlamış olmalı idi ki, bu səpkidə yazdığının dərcinə imkan verməzdilər.
“Vur, ölən faşistdir, insan deyildir” (M.Rahim) pafoslu poetik şüarın, düşmənə təbii amansızlıq ovqatının hakim kəsildiyi o dövrün müharibə mövzulu poeziyası fonunda Qasımzadənin düşmən əsgərini insaniyyətini qoruyub saxlamış şəxs kimi təqdim edən poeması tamamilə xaric səslənərdi.
Ümumiyyətlə, özəlliklə onu vurğulamalıyam ki, “Sular pərisi”ndə düşmən cəbhəsindən olana Q.Qasımzadənin münasibəti 2-ci dünya müharibəsinə yanaşmasından irəli gəlirdi.
Gənc Qasım müharibə mövzuda yazdığı nümunələri “lirik şeirlər” adlandırdığı dəftərində yerləşdirmişdir. Şair həmkarları kimi onun da bu qəbildən lirik nümunələrində cəbhədən və cəbhəyə məktublar, sevgililərin məktublarında sadiqlik andları, vüsala ümid motivləri üstünlük təşkil edir. “Sular pərisi”nin süjet xəttinin nakam eşq ağrısı kontekstində təqdimi bu səpkidədir. Müharibə bitəndən sonra isə “Gəl, qucaqlaşaq” şeirini yazır Qasım. Şeirdə qələbə sevinci vüsal sevinci ilə tamamlanır:
Qələbə qartalı bir qanad açdı,
Səadət dünyaya min şölə saçdı...
Ayrılıq ahları deyilmiş nahaq,
İndi gəl, sevgilim, gəl qucaqlaşaq.
Nəzərə çarpan odur ki, Qasım müharibə dövrünün ideoloji tələbləri müstəvisində düşmənləri “almanlar” deyə ümumiləşdirmirdi. Bunun bir sıra səbəbləri üzərində dayanmaq, elə bilirəm, maraqlı olar.
Birincisi, müharibə illərində poeziyaya sevgi, qismən də təbiət mövzusunda lirik şeirlərlə gələn Qasımın bədii düşüncəsi dövrün aparıcı siyasi basqılarına hələ məruz qalmamışdı. Bunu onun bəzi şair yaşıdları haqqında da söyləmək olar. Onların da müharibə şeirlərində
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm, mən də bu gündən,
Bu gün bir süngüdür, əlimdə qələm,
Mənim bayrağıma göz dikir aləm...(Səməd Vurğun) –
misraları qəbilindən səfərbərliyə, düşmənlə döyüşə çağırışın, sovet əsgərlərinə müraciətlərin, vətənpərvərlik ruhunun poetik dillə şüarlanması deyil, əsasən müharibənin ağı-acılarının səsləndirilməsi daha qabarıqdır. Birbaşa döyüş çəbhəsinə işləyən əvvəlki şairlər nəslinin tanınmış nümayəndələrinin şeirlərində isə müharibə dəhşətləri təsvirlərinin ümumi qayəsi düşmənə birmənalı kin aşılamaq, ondan intiqam almaq motivlərinə tabe tutulur.
Bu barədə və, ümumiyyətlə, müharibə dövrü Azərbaycan ədəbiyyatı haqqında mərhum akademik Bəkir Nəbiyevin “Kamalın təntənəsi: Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” monoqrafiyasında əhatəli təhlillər var. Süleyman Rüstəmdən gətirilən sitatların birində onu da görmək olur ki, döyüşlərin şıdırğı vaxtında sovet insanının duyğuları yalnız düşmənə nifrət üstündə köklənməli, matəm əhval-ruhiyyəsi isə, yerli-dibli gözardı edilməli imiş:
Yurdumu başdan-başa gəzdim, dolandım eşq ilə,
Bir mətanət gördüm öz xalqımda, matəm görmədim.
Bir dənizdir hər könül, hər dalğası bir dağ kimi,
Kin, qəzəb gördüm bütün gözlərdə, şəbnəm görmədim.[1]
Ağır dövrün siyasi konyukturası şərtləndirdirirdi ki, qələbə naminə milyonların qurban getdiyi zamanda insanlara üz vermiş fərdi kədər vətənin ümumi kədərindən ayrı tutula bilməz. Bu ideoloji xətt “Sular pərisi”ndə keçmir. Azərbaycanlı matrosun şəxsi kədəri əlahiddədir. O, hələ sevgilisinin həlakından xəbərsiz olanda belə alman gəmisinin batırılmasını xatırlayıb bayram edən döyüş yoldaşlarının sevincini heç paylaşmır da, sadəcə öz aləmindədir, sevgilisini düşünür. Bəd xəbəri alman əsirindən duyub matəmə batır, ağlayır. Alman əsiri də həm müharibə qurbanı kimi öz durumundan və gördüklərindən bir növ matəm əhvalındadır. Poemada iki şəxsin – alman əsirinin və azərbaycanlı gəncin belə təqdimi, əlbəttə, Qasımın müharibəyə şəxsi yanaşmasını ifadə edir. O, mətbuata vermədiyi, içini didən dost itikisinin ağrısını misralandırdığı qeydlərində də belədir, kədərinin ifadəsi fərdi, məhrəmanədir, ümumxalq kədəri içində deyil:
“22 yanvar, 1943-cü il, qardaşım Soltanın faciəsinin 2-ci ildönümünə kiçik xatirə
Xeyli keçmiş gecədən, ulduz yanır... Ay batır,
Zülmət işıq yerləri bürüməyə can atır.
Yuxu getmir gözümə. Yatmamışam hələ mən.
Deyirlər ki, gəncliyə bu gün vida etmisən.
Sən sevmirdin ölümü, sənə yaraşmırdı bu,
Atəş kimi qovurur ürəyimi bu duyğu!..
Qurumayır gözümdə yaş,
Əziz qardaş, əziz qardaş!!..
22.1.45-ci il, Bakı.
saat 3-35 (gecə)”
Yeri gəlmişkən, Q.Qasımzadə müharibədə həlak olmuş yaxın həmdəmi, təzəlikcə şeir yazmağa başlayan, şeirləri hələ mətbuatda dərc edilməyən istedadlı dostunun faciəsini uzun illər qəlbində daşıdı, onun uzaq Belorusda bir əsgər məzalığında qəbrini tapdı, haqqında məqalə yazdı, səngərlərdən ailəsinə yazdığı məktubları dərc etdirdi.
Anlaşılandır ki, müharibə dağıntılarına, faciələrinə nifrətli olsa da, Qasım dövrün ideoloji çağırışlarına qəlbinin səsi ilə qoşula bilməmişdi. Digər yandan, poeziyaya yeni gəlmiş gənc şair səngərdə sovet döyüşçülərinə ünvanlı poetik nidalarını ustadları sayaq şövqlə, ilhamla səsləndirə bilməzdi. Hərçənd buna bəzən cəhdlər də edirmiş. Həmin cəhdlərə Hitleri hallandıran şeirlərində qismən rastlaşırıq: “Gəlirəm”, “Qoyub qaçır Odessanı”, “Başıma düşəydi daş (Hitlerin dilindən)”.
“Gəlirəm” rədifli şeirdən bir neçə sətir:
Geyib dava paltarını, aslan tək cumub gəlirəm,
Qoy xəbər olsun Hitlerə, çatıbdır dövran, gəlirəm.
Zalım Hitler, çox axıtdın anaların göz yaşını,
Bir-birinə həsrət qoydun çox könüllər sirdaşını.
Adolf! Çəkdin bir zamanlar qürurundan göz-qaşını,
İndi fürsət mənimkidir, əmr edir dövran gəlirəm,
Müqəddəs kindən yaranmış qəlbimdə ümman, gəlirəm...
Sözün açığı, bu şeiri təbəssümsüz oxuya bilmirəm. Çünki Hitlerin timsalında alman faşist ordusunun üzərinə yerimək üçün Qasım, ümumiyyətlə, “dava paltarını” geyinməmişdi. Ona rəsmi çağırış gəlsə də, atası Xansuvar bəy oğlunu müharibədən yayındırmağa çalışmış, buna nail olmuşdu. Qasımı arxa cəbhədə müəllim kimi fəaliyyətini əsas gətirib nüfuzlu tanışları vasitəsilə “ehtiyat” siyahıya saldıra bilmişdi.
Bir dəfə ona zarafatla irad tutmuşduq ki, “müharibə vaxtı niyə aradan çıxmısan?” Gülümsünərək verdiyi cavab bu olmuşdu ki, “müharibəyə getsəydim, bu sualı mənə verə bilməzdiniz, sadəcə dünyada olmazdınız sual verəsiniz”, yəni həlak olardı, biz övladları da dünyaya gəlməzdik. Bu zarafatı onunla ara-bir müharibədən söhbət düşəndə yenə edirdik, artıq bir söz demir, sadəcə gülümsünürdü.
Xatırlayıram, bir dəfə də onunla televiziyada sovet-alman futbol yarışına baxırdıq. Biz övladlarının azarkeşliyi təbii olaraq sovet komandasına idi. Necə azarkeşlik etməyəsən ki, üstəlik sovet yığmasının tərkibində sevimli bakılı futbolçumuz Anatoli Banişevski də vardı. Elə ki, alman futbolçuları hücuma keçir, Qasım müəllim “vur, vur” deyə-gülə almanlara azarkeşlyini bizə nümayiş etdirirdi. Elə bilirdik, həmin zarafatımızın acığını çıxır. Amma ağlımıza gəlməzdi ki, “Böyük Vətən müharibəsi”ni o zaman Qasımzadə ailəsi, əslində, heç özlərinin müharibəsi saymırmış. Nəsil-şəcərə mənsubiyyətinə görə sovetlərin təqiblərindən min bir fəndlə yaxa qurtaran, xilas olan ailə sovet vətəni uğrunda ölümə getməyi ağlından belə keçirə bilməzdi.
Cumhuriyyət dövründə Zəngəzur qəza rəisinin 1-ci müavini vəzifəsində çalışmış babası Şahsuvar bəy Kələntərovun (Hüseynbəyov) tarixə düşmüş döyüş qəhrəmanlıqları Azərbaycan torpaqlarının, kəndlərinin erməni təcavüzlərindən qorunması ilə bağlı idi. Bu barədə o zamanın erməni mətbuatında da məlumat var: "Ermənilərin Sisyan, Ağudi, Dərəbas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar ki, məşhur quldurbaşı Keri Əngələkət (Angeğakot) kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış türklərin böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi..."[2] Başqa bir epizod isə Şahsuvar bəyi bölgədə əsl xalq qəhrəmanına çevirmişdi. Yaxın kəndlərdə əhaliyə qarşı törədilən vəhşiliklər barədə xəbəri eşitcək xüsusi bir əməliyyat planı-filan hazırlamadan beşatılanını götürüb atına minərək baş verən hadisə yerinə çapır. Tabeliyində olanlar isə ondan əmr gözləmədən arxasınca yollanırlar. Atışmada Stepan adlı erməni quldubaşını Şahsuvar bəyin gülləsi yerə sərir. Sonradan bu hadisədən ilhamlanan aşıqlar onun şəninə nəğmə qoşurlar:
Şahsuvar bəy beşatılan bağladı,
Ermənilər zarı-zarı ağladı.
Hayın getdi, vayın qaldı, İstepan,
Bodulqada (yəni butulkada – N.Q.) payın qaldı, İstepan.
Əlbəttə, nəsildən-nəslə ötürülən bu əhvalatı Qasım bilirdi. Gənc şair onu da bilirdi ki, atası Xansuvar bəy hələ Şahsuvar bəyin qızı ilə evlənməmiş gələcək qaynatasını atın quyruğuna bağlayıb camaat içində hörmətsiz etmək istəyən boşevik fəallarının üstünə tüfəng qaldırmış, həmin atı tüfənginin atəşilə öldürmüş, onlara “bəydən əl çəkməsəniz, sizi də belə gəbərdərəm” demişdi.
Övladını qorumaqla bağlı atalıq instinkti öz yerində, Xansuvar bəyin tədbirli tərpənərək Qasımı müharibədən yayındırmasının başqa bir səbəbi də, əlbəttə, sovetlərə münasibəti idi.
Ailə hekayətləri öz yerində, dövrün ideoloji burulğanına yenicə düşməyə başlayan yeniyetmə Qasımın şəxsən özünün də alt şüurunda müharibənin məhz azərbaycanlılara aid olmadığı fikrini qüvvətləndirən başqa bir səbəbi ünsiyyətdə olduğu gənc dostlarının mühitində tapırıq. Bu mühitdə onun həmyaşlarından “İldırım” antisovet təşkilatının üzvləri Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov, Azər Ələsgərov, Hacı Zeynalov da vardı. 1990-cı il noyabrın 28-də televiziyada İslam Səfərli haqqında çıxışının arxivində qalan mətnində onları yaxın dostları kimi xatırladığı, “milli mənafe fədailəri kimi həbs edildiklərindən sonra ədəbi qüvvələrin yeni nəslinə etimadsızlıq” yaranması qeyd olunur. Həmin televiziya çıxışında maraqlı bir epizod 1948-ci ildə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət bölməsinə rəhbərlik edərkən göstərdiyi fəaliyyətlə bağlıdır. Deməli, qəzetin şöbə müdiri kimi "Ədəbi gənclik" rubrikası altında portret-oçerklər verdirirmiş. Biri Gülhüseyn Hüseynoğlu haqqında imiş. Buna görə cəzalandırılmaq təhlükəsi varmış. Yazır: “...Sabahı eşitdik ki, Gülhüseyni tutublar. Komsomolun Mərkəzi Komitəsində birinci katibin yanındakı yığıncaqda öz yoldaşlarımızdan birisi (vaxtilə orqanda işləmişdi) məni ittiham etdi ki, yaradıcılığını partiyaya, sovet dövlətinə həsr edənlər dura-dura (özünü nəzərdə tuturdu, yeganə gənc şair idi ki, Beriya haqqında şeir yazmışdı) tərifnamə çap etdirmisən, indi buyur cavab ver. Mən bu kəmfürsət, namərd həmlədən özümü güclə ələ alıb onun öz üsulu ilə hücuma keçdim: "Nə bilmək olar, - dedim, - bəlkə elə günü bu gün evinə çatmamış səni də tutdular... Sənin də "xalq düşməni" olmadığını biz hardan bilək?" Gülüşdülər, elə bil, təhlükəli xata-bəladan sovuşdum... Bir qədər sonra aspirantlığa təzəcə qəbul edilmişdim ki, belə bir xəbər çatdırdılar: "ictimai keçmişi şübhəli olduğu üçün ideoloji işə buraxıla bilməz" göstərişi ilə aspirantılqdan xaric olunmuşam. Yenidən necə bərpa edilməyim uzun söhbətdi...” Yeridir qeyd edim ki, G.Hüseynoğlu ilə dostluqlarının tarixi tələbəlik illərinə gedib çıxır. Q.Qasımzadə danışırdı ki, yazısında adlarını çəkdiyi şəxslərlə tez-tez görüşür, dostyana söhbətlərdə gənclər millətin taleyinə dair o zaman üçün xeyli romantik görünən arzularını dilə gətirirmişlər. Amma dostlarının gizli antisovet təşkilatından (“İldırım”) onun xəbəri yoxmuş. Həmin təşkilatın intensiv fəaliyyəti zamanı, bəlkə də təhlükəsizlik orqanlarının artıq izinə düşdüyü bir vaxtda Qasım məzuniyyət götürüb ailəsi ilə Kəlbəcər yaylağına köçübmüş. Deyirdi, onun özünü həbsdən xilas edən, çox güman, bu təsadüf oldu, yoxsa onu da aparmışdılar. G.Hüsenyoğluna aid “Azərbaycan gəncləri”ndə portret-oçerk dərc etdirməsi yaylaqdan qayıtdığı günlərə təsadüf edibmiş. Əslində, Q.Qasımzadədən hər hansı təqib təhlükəsini sovuşduran başqa bir məqam onunla bağlı olubmuş ki, həbs edilən təşkilat üzvləri nəciblik göstərərək, ümumilikdə “millətçi dairə”yə daxil olan dostları barəsində müstəntiqlərinə heç bir ifadə verməyibmişlər. Qasım müəllim bunu da minnətdarlıqla xatırlayırdı.
Dostluqlarına dair maraqlı bir epizod yazıçının həbsdən qayıdanda küçədə Qasımla rastlaşmağı ilə bağlıdır. Qasım yenicə evləndiyi həyat yoldaşı Tamara xanımla şəhərdə gəzintidə imiş. Bir də baxır, təsadüfən üzləşdikləri şəxs Gülhüseyndir. Qucaqlaşıb öpüşürlər. Gülhüseyn həbsdən yenicə qayıtdığını bildirir. Qasım o zaman üçün məbləği az olmayan bir dəst pul çıxarıb dostunun cibinə basır. Bu əhvalatı G.Hüseynoğlunun öz dilindən də eşitdim. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Qabilin 70 illiyi qeyd olunurdu. Çıxışçılardan biri G.Hüseynoğlu idi. Qabildən, dostlarından söz salarkən Q.Qasımzadəni də yad edərək həyatında iz salan həmin epizodu xoş bir xatirə kimi iştirakçılara danışdı.
Qasımzadənin gənclik dövrü mühitində baş vermiş bir epizod isə birbaşa müharibəyə münasibətlə bağlıdır. İstanbulun Haseki xəstəxanasında sağalmaz xəstəliyə düçar yatan vaxt yazdığı bir məqaləsi var: “Sönən işıq, yanan işıq”. Məqalə ailəsi sovet dövründə təqiblərə məruz qalmış, 2-ci dünya müharibəsi illərində Türkiyəli anası və bacısı ilə Kəlbəcərə sürgün edilmiş dostu, tarzən, musiqi nəzəriyyəçisi Orxan Orxanbəyli haqqındadır. O.Orxanbəylinin 80 illiyi münasibətilə yazdığı əhatəli məqaləsini Q.Qasımzadə 1993-cü ilin 27 apreli ilə tarixləndirmişdir. Mövzu ilə əlaqədar diqqətimi daha çox çəkən məqam yazıda yer almış bir xatirəsidir: “O zaman biz bir dəstə ziyalı - inşaat mühəndisi ixtisaslı Aslan müəllim Aslanov (sonralar maarif nazirinin müavini və başqa məsul vəzifələrə irəli çəkilmişdi), onun xalası oğlu, hələ o vaxtlar rus imperiyasına qarşı nifrətini qəzəblə bildirməkdən çəkinməyən Mansur müəllim, əczaçı Rafiq, doktor Qaragözov və başqaları Orxanbəylinin tarının başına yığışardıq. Hansı duyğununsa cazibəsi bizi bir-birimizdən qopmağa qoymazdı. Bu dostluq müharibədən sonra Bakıda davam etdi. Bircə ideya mücahidimiz Mansur yox idi. Müharibədən qayıtmadı. Məndən heç bir sirrini gizlətməzdi. Deyirdi ki, cəbhəyə yollasalar bu işğalçı ordunun sırasında vuruşmayacağam, girəvə tapıb əsir düşəcək, Türkiyəyə gedəcəyəm. Onun taleyinin bilinməzliyi indi də sinəmdəki göynərtilərdən biridir. Mən adsız-sansız bu milli istiqlal təşnəsinin yarım əsr əvvəl dediyi sözləri, mətləbdən yayınsan da, eynilə elan etməyi özümə borc bildim. Nə isə...”[3].
Daha ayrıntılı variantını Qasımzadənin öz dilindən şəxsən eşitdiyim bu xatirə mənə “Əli ilə Nino” romanında Əli xan Şirvanşirin 1-cü dünya savaşında iştirakdan yayınması epizodunu xatırladır. Əsəri bir daha vərəqləyirəm ki, həmin əhvalatı dəqiqləşdirim.
“Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada idi. Bunun mənə və Ninoya çox az dəxli var idi” – deyir əsərin baş qəhrəmanı.
Onu savaşda iştiraka təhrik edən atası ilə dialoq da maraqlıdır:
“- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən?
- Bəli, ata, getmək istəmirəm.
- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır.
- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq cəbhələrdə də yox.
- Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır.
- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqlandırmır.”
Əli xan Şirvanşirin məhz Azərbaycanın müstəqilliyinə son qoyan bolşeviklərlə döyüşə atılaraq şərəflə və qəhrəmancasına həlakı ibrətamiz olmaqla yanaşı, onun ideoloji görüşlərini tamamlayan, tapındığı idealını təsdiqləyən mahiyyətdədir.
Əsərin sonunda ölümündən əvvəl baş vermiş əhvalatların Əli xanın cibindən çıxan xatirə dəftərində yazıldığı bəlli olur. Bu da məndə Q.Qasımzadənin gündəliyindəki bir qeydi ilə assosiasiya yaratmaya bilmir. Vaxtilə atasının tədbiri ilə gənc yaşlarında müharibədən yayınan Q.Qasımzadə 70 yaşının ərəfəsində, milli müstəqilliyimizin ilk illərində, vətənimizin hərbi təcavüzə uğradığı o məşum zamanda, 1993-cü ilin aprel-iyun aylarında İstanbulun Haseki xəstəxanasında tutduğu gündəliyində yazırdı: “...Vallahi, billahi, ən səmimi ürək sözümdür, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağıma qarışsın. Bilmirəm bu təmənnamı necə çatdırım ki, məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedə başqa mənafeyim olmayıb”.
Ümid edirəm, apardığım bu paralelə görə oxucu da məni qınamaz...
Bütün bunlarla bərabər, qeyd etməliyəm ki, Q.Qasımzadə faşizmə, Hitlerə nifrətində yetərincə səmimi olmuşdur. Onun müharibə dövrü Azərbaycan ədəbiyyatının parlaq nümunələri barədə yazdığı elmi yazıların da belədir.
Əlbəttə, yenə vurğulayım, Q.Qasımzadə “Sular pərisi”ni çap etdirə bilsəydi də dərhal tənqidə tuş gəlməli idi. Bu kontekstdə istər-istəməz Səməd Vurğunun “İnsan” mənzum dramını xatırlamalı oluram.
Q.Qasımzadə əlyazmasında “Sular pərisi”ni 1945-ci il martın 3-də tamamladığını yazır. “İnsan”ın bəzi hissələri həmin il “Vətən uğrunda” ədəbi dərginin 1-ci və 2-ci saylarında dərc edilibmiş. Çox güman, həmin hissələri Qasım oxuyubmuş. Ola da bilsin, bir alman gəmisinin atəşə məruz qalaraq batması ilə bağlı qəzet xəbərindən təkan alıb qurduğu süjetdə alman zabitinin əsirliyi məsələsində “İnsan”da azərbaycanlı qəhrəmanların faşist əsirliyində olması əhvalatının da təsiri var.
Məncə, bu əsir obrazlarını, onların düşdüyü vəziyyətləri bir qədər qarşılaşdırmaq yerinə düşər. Q.Qasımzadənin təsvirində alman əsiri insaniyyətini itirməmiş biridirsə, “İnsan”dakı alman zabitləri, alman intellektualı tamamən vəhşi məxluqlar kimi təsvir edilir, onlar üçün müqəddəs heç nə yoxdur, məqsədləri yalnız qan tökmək, əxlaqsız həyat tərzi sürməkdən ibarətdir. Faşistlərin belə təsviri, dramın yazıldığı zaman üçün, əlbəttə, təbiidir. İlk oxunuşdan təəccüb doğuran məqam isə bütün bu naqisliklərin “alman milləti” adına ümumiləşdirilməsidir. Azərbaycanlı filosof Şahbaz alman millətində yaxşı heç nə yoxdur düşüncəsindədir. Hətta alman dahilərini də bəyənmədiyini – Nitşeni qəbul etmədiyini, Hötenin “Faust”unu insan qüdrətinin məğlubiyyətini təlqin etdiyinə görə sevmədiyini bildirir. Bir az da irəli gedərərk səmimi dost, sirdaş, ata, oğul olmaq, qəlbdən sevmək, “babalar eşqilə bəxtiyar olmaq”, “ədalət, insanlıq, şərəf və namus” kimi insana məxsus sifətlərin “alman qəlbində” olmadığını vurğulayır, “ölümdən zövq alan tək almanlardır” deyir, əsir azərbaycanlı əsgər Dildarın “yaxşı, nə korlamış bəs bu milləti?” sualına isə belə cavab verir:
Yalnız qarətçilik... talana uymaq...
Könüllər mülkünü xaraba qoymaq.
Özgə zəhmətilə yaşamaq fikri
Alman millətinin bu axmaq fikri
Əsrlərdən bəri azardır, azar –
Hələ nə dərmanı, nə təbibi var.[4]
O zamana görə millətçilik tarixi bir əsrdən, təcavüzkar faşizmi isə bir-iki onillikdən artıq olmayan ölkəni bütün əhalisi ilə birgə əsrlərcə ləkəli millət kimi təqdim etmək mahiyyətcə Hitler ideologiyasının ayrı-ayrı millətlərə irqçi münasibətini xatırladır. Bu münasibətin fonunda eyni dövrdə yazılmış “Sular pərisi”də alman əsirinin Qasımzadənin qələmində müharibə qurbanı qəbilindən adi humanist insan kimi təsviri heyrət doğurmaya bilmir.
S.Vurğun qəhrəmanının “irqçi”liyindən təəccüblənən, müəllifi qınamaq ovqatına düşən diqqətli müasir oxucu, elə bilirəm, gərək fərqində ola ki, almanların millət olaraq qeyri-insani təqdimi müharibə dövrünün ifrat tələbindən irəli gəlirdi. Bu məqamda müharibə dövrünə aid rus-sovet ədəbiyyatında düşmənin daha çox “nemtsı” (“almanlar”) leksemi ilə ümumiləşdirilməsinin də təsirindən danışmaq olar. Yeri gəlmişkən, dövrün ideoloji təlimatı öz yerində, bunun rusların kütləvi şüuruna asanlıqla sirayətinin bir səbəbi həm də “nemtsı” sözünün etimolojisi ilə bağlı olmamış deyildi: qədim slavyan dilində bütün yadellilər “nemtsı”, yadlara aid keyfiyyət “nemetskiy”, yadların yaşadığı ərazi “nemetçina” imiş.[5]
“İnsan”da düşmənin “almanlar”, “alman milləti” olaraq ümumiləşdirilməsi akademik B.Nəbiyevin də diqqətindən yayınmamış, fəqət bunu siyasi hakimiyyətin ümumilikdə almanlar əleyhinə ideoloji təlimatla gəlişdirdiyi tələbində deyil, “millət haqqında marksizm-leninizm dünyagörüşü ilə bir araya sığmayan” qüsur kimi “Şahbazın fikir və mülahizələrində bəzi obyektiv olmayanları”n sırasında “Şahbazın subyektiv düşüncələrinin məhsulu” qəbilindən təqdim etmişdir.[6]
Ədəbiyyat tarixindən öyrənirik ki, 1945-ci ilin noyabrında səhnələşdirilən “İnsan” dramının tamaşa ömrü az olur. Əsəri tənqidə tutur, müəllifini də kəskin hücumlara məruz qoyurlar. Hazırda həmin tənqidləri nəzərdən keçirəndə görürsən ki, bütün bunlara sovet ideoloji mətbəxindən gələn təlimatla əslində hansı səbəbdən rəvac verilməsi aşkarlanmır. Müharibə dövrü və sonrası ideoloji təbliğatda yer alan sənədlərlə tanışlıq isə baş qəhrəmanın dili ilə “qalib gələcəkmi cahanda kamal?” deyə gələcəyi sorğulamasının kommunizmin qələbəsinə şəkk kimi yozulması, yaxud müəllifin bədii-fəlsəfi mücərrədliyə aludəçiliyi səpkisində tənqidləri sırf subyektiv saymaq üçün ciddi əsas yaradır.
Məsələ burasındadır ki, müharibə dövründə şəxsən Stalinin müəyyənləşdirdiyi ideoloji direktivlərin bir istiqaməti müharibənin ağırlığının məhz rusların üzərində olduğunun vurğulanmasını şərtləndirirdi. Sovet İttifaqına daxil xalqların heç biri rusların köməyi olmadan azadlığını qoruya bilməzdi fikri şüurlara hakim kəsilməli idi.[7]
Müharibə başlayar-başlamaz ölkədə rus millətçiliyinin təbliği fonunda ənənəvi hakim marksist fəlsəfəsi baxımından sinfi münasibət – düşmənə münasibətin alman burjuaziyasının, faşist rəhbərliyinin ifşası üzərində cəmlənməsi – müvəqqəti olaraq arxa plana keçmişdi. Sovet rəhbərliyi 1941-ci ilin dekabrın 10-da “Bütün ölkələrin proletarları, birləşin” şüarının hərbi qəzetlərdən silinməsi barədə xüsusi göstəriş də vermişdi. Almaniya ilə müharibədə səfərbərlik naminə ölkə rəhbəri Stalin hakim ateist ideoloji xəttin ziddinə olaraq kilsə institutunun bərpası üçün tapşırıqlar verir, rus pravoslav kilsə rəhbərləri ilə görüşlər keçirir, məscidlərin fəaliyyəti üçün şərait yaradırdı. Dini təsisatların fəaliyyətinə geniş meydan verilməsinin ideoloji aspekti kütləvi şüurda almanların şər, allahsız qüvvə kimi rəmzləndirilməsi zərurəti ilə də bağlı idi.
Müharibə illərindən başlayaraq Stalinin ölümünədək olan ideoloji mərhələ siyasi ədəbiyyatda “böyük dövlət rus millətçiliyi dövrü” kimi səciyyələnir. Rəsmi mövqe bundan ibarət idi ki, “dünya tarixində yaxşı nə varsa, hər şeyi ruslar etmişlər. Kommunizmin yayılması rus təsirinin yayılmasına bərabər tutulurdu... Böyük dövlət rus millətçiliyi siyasəti yalnız Stalinin ölümündən sonra yenidən nəzərdən keçirildi”.[8]
“İnsan” dramının tənqidləri, bir daha qeyd edim, əslində, məhz bu rəsmi mövqeyə zidd olduğuna görə idi. O başqa məsələ ki, müharibəyə qəhrəmanlıq töhfələrini vermiş milli respublikalar üçün belə həssas məsələnin bir bədii əsər ətrafında həmin aspektdə səs-küy doğurması da hakimiyyət dairələrinə sərfəli deyildi.
“İnsan”da alman faşistlərinə həm əqli, həm fiziki məğlubiyyəti məhz azərbaycanlıların – qalib dəstənin sıravi əsgəri də, generalı da azərbaycanlılardır – təlqini xeyli qabarıqdır.
Əlbəttə, məşhur Berlin əməliyyatında azərbaycanlılardan təşkil olunmuş 416-cı milli atıcı diviziyanın tarixə yazılan fədakarlıqları şairi öz həmvətənlilərinin müzəffər rollarda təsvirinə ruhlandırmaya bilməzdi. Əsər üzərində ilhamla çalışan müəllif azərbaycanlı general Heybət Atamoğlan oğlu Heybətovun (Vladimir Pavloviç Zyuvanov – atasının vəfatından sonra onu oğulluğa götürən rus zabiti Zyuvanovun rəsmiləşdirdiyi rus adlarına baxmayaraq rəsmi sənədlərdə milliyyəti azərbaycanlı göstərilir) rəhbərliyi altında Berlində mühüm obyektlərin ələ keçirilməsi, şəhərin Brandenburq darvazası üzərinə diviziyanın qələbə bayrağının sancılması kimi epizodlardan məlumatlı idi. Brandenburq darvazası önündə keçirilən mitinqdə azərbaycanlı general çıxış etmiş, S.Vurğunun “Azərbaycan” şeiri də səsləndirilmişdi. Həmin nitqdən sitat gətirən 5-ordunun general leytenantı F.E.Bokov yazır: “İlk olaraq V.P.Zyuvanov (H.Heybətov) çıxış etdi. O, Berlinin hücumla alınmasında döyüşçülərimizin qəhrəmanlıqlarından ruh yüksəkliyi ilə danışdı: - Berlin uğrunda tarixi savaşda son atəş, - general dedi, - burada, Brandenburq darvazasında səsləndi və bu atəşi azərbaycan xalqının oğulları açdılar”[9]. Bu məşhur azərbaycanlı generalın rəhbərliyi ilə faşistlərin işğalı altında olan məntəqələr də birər-birər azad edilmişdi. O, şücaətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olunmuş, bayrağı ona Səməd Vurğun özü təqdim etmişdi[10]. Şairin “İnsan” dramında azərbaycanlı əsirlərin azad edilməsinə rəhbərlik edən general İslam obrazını H.Heybətovun prototipi kimi qəbul etmək olar.
“İnsan” dramının Stalinin rus millətçiliyi mövqeyindən hakim direktivinə uyğun gəlməməsi öz yerində, məsələni tündləşdirən, heç şəksiz, bir də satqın obrazının əxlaqsız rus qadını Nataşanın timsalında verilməsi idi. Əsərdə azərbaycanlı qadınların yüksək əxlaqi keyfiyyətlərinin qəhrəmanların dilindən xüsusi vurğulanması qarşılığında satqınlığın başqası ilə deyil, məhz Nataşa obrazı ilə bir növ ümumiləşdirilməsi səciyyəsində təqdimi rəsmi dairələri qıcıqlandırmaya bilməzdi.
Qeyd etdiyim ideoloji direktivə başqa bir misal olaraq 1943-cü ildə ekranlaşdırılan “Bir ailə” tammetrajlı bədii filmini (rejissor Qriqori Aleksandrov, ssenari müəllifləri Mir Cəlal Paşayev, Lev Vaysenberq və İosif Prut) göstərmək olar. Bu film də qadağalar siyahısına düşmüşdü. Çünki filmdə azərbaycanlılarla rusların dostluğu nə qədər qabarıq verilsə belə, həm ön, həm arxa cəbhənin baş qəhrəmanları azərbaycanlılardır.
“İnsan” dramı fonunda “Sular pərisi” poemasına qayıdaraq bir daha vurğulamaq istərdim ki, gənc müəllif hər hansı ideoloji basqıdan, yaxud da sadəcə sovet vətənpərvərliyi ideyasından uzaq olmuş, əsərini siyasiləşməyə məruz qalmamış düşüncə tərzinin məhsulu kimi ərsəyə gətirmişdir.
Müharibə dövründə əsasən sevgi şeirləri yazan Qasımzadənin şəxsi bioqrafiyası göstərir ki, gənc yaşına görə bədii ədəbiyyat sarıdan xeyli mütaliəli olsa belə, müharibə dövrünün siyasi kontekstinə onun dərin bələdliyi də şübhə doğurur. Əslində, “xəyalı göylərdə gəzən” gənc şair üçün bu, bəlkə də təbii idi. Məsələn, müharibədə 1945-ci ilədək rəsmən neytral qalan, Almaniya ilə diplomatik münasibətlər saxlayan Türkiyəyə rəğbətli bir şeir yazıbmış Qasım. Bu barədə gündəliyində qeydləri var: “Mən Universitetə daxil olanda (1944-cü ildə) Şərqşünaslığın türk şöbəsinə girmişdim. Türk dili müəllimimiz Cabar Cabarov idi. Çox intellektli bir ziyalı idi. Türkcə yazdığım “Türk əsgər marşı”nı (gərək ki, 1945-ci, ya da 1946-cı il olardı) ona etibar edib verdim ki, oxusun. Səhəri gün gəlib dedi “sən odla oynayırsan, yavrum, böylə işlərlə məşğul olmaq yaramaz”. Demə, Cabar müəllim DTK-nın polkovniki imiş. Hərbi tərcüməçi sifəti ilə. Yəni, taleyim tükdən asılı imiş o dəhşətli dövrdə. Görünür, mənə yazığı gəlib, ya da özü elə sadəcə humanistmiş. Onu da deyim ki, Cabar həm də radioda türk verilişləri üzrə diktor işləyirdi. Nəbi də (şair Nəbi Xəzri – N.Q.) o zaman Azərbaycan dili üzrə diktor idi. Bu barədə mənim həmkarım kimi Nəbiyə də deyib ki, ona de, belə işləri buraxsın...”.
Əcəba, Qasım “geyib dava paltarını” Hitlerin üstünə “Türk əsgər marşı”nın sədaları altındamı gedəcəkmiş?!
Ümumiyyətlə, çap edilməmiş qalan “Sular pərisi” poeması müharibə mövzulu ədəbiyyatımızın kontekstində süjet və məzmun baxımından ayrıcalıqda, sovet ideoloji sisteminin müəyyənləşdirdiyi meyarlara zidd məzmundadır.
Poemada diqqət çəkən başqa bir məqam onun türk şöbəsində aldığı təhsilin təsiri ilə “martılar” (qağayılar), “siyah” (qara), “yıkayırdı” (yuyurdu), “sığışamaz” (sığışa bilməz) qəbilindən kəlmələrin işlədilməsidir.
Oxucu haqlı olaraq soruşa bilər, bəs ötən əsrin 80-ci illərində sovetlərin “yenidənqurma və aşkarlıq” siyasəti dövründə, eləcə də hələ həyatda olduğu Azərbaycanın milli müstəqilliyinin ilk iki ilində müəllif hansı səbəbdən uzaq 45-ci ilin martında bitirdiyi “Sular pərisi” poemasını üzə çıxartmamış, çap etdirməmişdi? Şəxsən belə müşahidə etmişəm ki, həmin illər Q.Qasımzadənin daha çox qəzet və jurnallar üçün yazdığı publisist məqalələr, verdiyi müsahibələr, radio və televiziyada çıxışları, fəal ictimai-siyasi fəaliyyəti, eləcə də çalışdığı Ədəbiyyat institutunda dissertasiya müzakirələrinə rəhbərliyi dövrüdür. Görünür, ilk poemasına qayıdışını müvəqqəti olaraq həmin dövrdə gündəlik işlərinə qurban verirmiş. Poemasına biganə qaldığına inanmıram. Heç unutmayıbmış da. Xatırlayıram, təxminən 70-ci illərin əvvəlləri idi. Dənizkənarı parkda gəzişirdik. İstəyirdik sorağını yenicə eşitdiyimiz, dənizdə yarım kilometr aralı estakada üzərində qurulmuş kafeyə baş çəkək. Kafeyə yaxınlaşanda üzərində “Sadko” yazısını görən Q.Qasımzadə üzünü mənə tutub dilxor-dilxor “sən bir bunlara bax, bu nə addır qoyublar, rusların dəniz qəhrəmanının bizə nə dəxli?” dedi. “Sən nə ad qoyardın?” deyə soruşdum. “Sular pərisi” – dedi və fikrə getdi. O zaman heç ağlıma gəlməzdi ki, ilk poemasının adını çəkirmiş.
Düşünürəm, əsərini yazıldığı dövrdə sovet senzurasından keçirmək ehtimalı olsaydı, şəksiz, sətirlərdə bəzi şeiriyyət qüsurlarını cilalayardı. Poemada belə sətirləri cüzi redaktəyə məruz qoymaqla onun əvəzinə bunu indi mən etdim. Əminəm, həyatda olsaydı, öz əsərini özü daha peşəkarlıqla redaktə edərdi: dəfələrlə şahidi olmuşam, əsərlərini çapa verməzdən öncə üzərində xeyli həssaslıqla düzəlişlər aparırdı... Ona da inanıram ki, poemasına qayıdıb onu bədii baxımdan cilalamaq istəsəydi, tapındığı milli idealına uyğun hansısa əlavələrini edərdi.
Bu yazının əvvəlində haqqında bəhs etdiyim dəftərdə gənc Qasımın Türkiyənin ünlü yazar, ədəbiyyatçı, qəzetçi, siyasətçi və diplomatı Ruşen Eşref Ünaydından gətirdiyi bir sitat da yer alır: “Ruşen Eşref, Damla-damla isimli kitaptan bir parça: Ressam gider, resmi kalır; şair ölür, şiiri kalır; mimar yıkılmış, yapısı ayakta; bestekar susmuş, bestesi kulakta!... Bu cihan hep yaratılmışların cihanı mı ki, yaratanlar birer hiç geçip gidiyor?!...”
Nəriman Qasımoğlu
[1] B.Nəbiyev, Seçilmiş əsərləri, 2-ci cild, Bakı, 2009, s.49
[2] Hovannes Ter-Martirosyan, A-do. Qafqazda erməni-türk toqquşmaları: sənədli, statistik, topoqrafik izahlarla, ermənicə. İrəvan, 1907, s.286-287 – bu sitat Nazim Mustafanın “Ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdiyi qırğınlar” məqaləsindən götürülmüşdür, Xalq qəzeti, 1 aprel, 2013.
[3] Sönən işıq, yanan işıq” məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetinin 1 oktyabr 1993-cü il sayında dərc edilmiş, amma təəssüf ki, qəzetin redaksiyası müəllifin əlyazmasında gedən bu sitatın “Mansur müəllimə” aid hissəsini məqalənin dərcində ixtisara salmışdır.
[4]S.Vurğun, Seçilmiş əsərləri beş cilddə, dördüncü cild, “Şərq-Qərb”, Bakı-2005, s.s.348-350
[5]Русское и немецкое коммуникативное поведение, Выпуск 1 Научное издание, Воронеж, 2002, стр. 112
[6]B.Nəbiyev, Seçilmiş əsərləri, 2-ci cild, Bakı, 2009, s.s.220-221
[7]Azərbaycanlıların 2-ci dünya müharibəsində qəhrəmanlıqlarına münasibətdə siyasi qısqanclığa Rusiyada indi də rast gəlinir. Məsələn, müharibədə həlak olmuş azərbaycanlıların sayı 300 mindən artıq ola-ola “Россия и СССР в войнах XX в. Потери вооружённых сил” (Олма-Пресс. 2001) kitabında bu rəqəm 48,5 minə endirilir. (s.238)
[8]Журнал «Политическая наука», Институт научной информации по общественным наукам Российской Академии Наук, №1, 2016, с.c.106-107
[9]Ф. Е. Боков, Весна победы.«Мысль», 1985, с. 309.
[10]Şəmistan Nəzirli, Xalq qəzeti. 19 aprel, 2009. s. 8.