Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Sənan İsmayılovun “Cənab Beyin” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Həyat, ölüm və... nələr, nələr....
Hər şey uşaqlıq xatirələrindən, daha doğrusu, bu xatirələrin şüuraltında qurduğu yuvanın sirrindən aydınlanır, daha doğrusu, həm də qatı bilinməzliyə bürünür.
Sənanın bu hekayəsi Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” povestinə oxşasa da, ondan kardinal şəkildə fərqlənir. Ölümü sinirməyən, ondan qorxan adam, Oltukun qardaşı nə yolla olur-olsun ömrünü uzatmaq istəyir. Ölümdən qaçış elə ömürdən, həyatdan qaçış ilə bir məqamda eyniləşir, üst-üstə düşür və çıxıb gedirsən.
Bu uzun hekayədə həmin məqamı anladan epizodlar var.
“Nədənsə, həmin an o, bir məqamı xatırladı: uşaq vaxtı bir gecə hansısa səbəbdən yuxudan hövlnak oyanmışdı – indi xatırlamırdı: bu, səs-küylə bağlı idi, yoxsa susamışdı. Yatdığı otağın qapısı nisbətən kiçik olan qonşu otağa açılırdı. Ora daxil olduğu zaman bir neçə kişi xeylağının divar boyu düzülən stullarda əyləşdiyini görmüşdü. Bir neçə qadın isə döşəmədəki xalının üstündə oturmuşdu. Otağın ortasındakı qədim Qarabağ xalçasının üzərinə iriölçülü, uzunsov bir şey qoyulmuşdu, onun üstünə salınan nazik, amma sıx toxunuşlu, qəhvəyi rəngli adyal isə bozumtul xətlərdən ibarət, seyrək naxışlarla bəzənmişdi. Həmin vaxt ora yığışan insanların üzünü o, sonradan heç cür xatirinə gətirə bilməyəcəkdi, həm də anlamayacaqdı ki, ata-anası da onların arasında idi, ya yox. Onun bütün diqqəti məhz o qəhvəyi adyala cəmlənmişdi, çünki gecənin bir aləmi bu insanları buraya yığan da adyalın altında yatan sirr idi”.
Bir-birini sevən, uzun ömür yaşamış iki qardaşın küsüb-barışması kimi digər hərəkətləri də ömürdən möhlət payıdır. Oltuk uşaqlığı ilə bağlı hadisə və insanlardan çox onlarla əlaqəli ağrıları, sarsıntı və həyəcanları xatırlayır. Babasının üzü, üz cizgiləri yox vəfat edərkən üstünə sərilən adyalın naxışları yada düşür. Hekayədə təhkiyəsi də məhz bu ağrılar, bu sarsıntılar üstündə qurulur.
Kiçik qardaş adyalın nahamar naxışlarını sığallayır, bu kələ-kötürlük onu ölümlə barışdırır, gözlərini açır, ruhunda daha çox susub müşahidə etmək xassəsi yaradır.
Təhkiyənin bu şəkildə qurulması və davam etməsi bu günün sosial-mənəvi problemləri ilə bağlı mesajlar verir. Bu mesajlar təhkiyənin sakit ritmindən yavaşca, amma qarşısıalınmaz şəkildə mətndən kənara axışır. Şüşəbəndlə bağlı epizod. Şüşəbəndin kiçik arakəsmələri arasından düşən gün işığı, kölgəli işığın döşəmədə yaratdığı romblar... Hər şey həm real, həm də realla irreal dünyanın sərhəddindədir. Bir də qardaşının təkidi ilə hansısa şəhərdə keçiriləcək “Həyatın səmərələşdirilməsi” adlı tədbirə qatılmalıykən yatıb əsl tədbiri yuxuda seyr etməsi... Ömrün bitməsi, yaşamaq şansının tükənməsi irreal olanı gerçəkləşdirməyi tələb edir. Hekayənin strukturunda (arxitektonika və kompozisiya həlli – !) bu vaqeələr “paralel” detallarla tükənir, sonuna çatır və geriyə dönüb zənginləşir. Kiçik qardaş oteli tərk edərkən bilmədən qapıçının ayağına toxunur. Fikrimizcə, təkcə bu detal kifayət etmir. Nisbətən həcmli mətndə bəlkə, başqa, daha incə detallara ehtiyac vardı?
Nərgiz Cabbarlı
“Cənab Beyin” hekayəsi haqqında “uğurludur” deyə bilmədim.
Sənan İsmayılovun yaradıcılığına az-çox bələdliyim var. İlk dəfə hekayəsini “Ədəbiyyat qəzeti”nə təqdim edən də mən olmuşam. O zaman da bu fikirdə idim – bu hekayədən sonra da eyni düşüncədəyəm ki, Azərbaycanda bir o qədər də populyar olmayan fantastika janrında o, maraqlı nümunələr yaradır.
Lakin fikrim bir mənada dəyişdi ki, əvvəl oxuduğum hekayələrin məzmun, süjet xətti, hadisələrin dinamik gedişatı və gözlənilməzliyi, bir də bütün bunların birlikdə yaratdığı həyəcanı bu hekayədə görə bilmədim. Halbuki onun obrazları da, yaratdığı vəziyyətlər də, adətən, orijinal, inandırıcı, həyəcanlandırıcı olurdu.
Əlbəttə, Sənan İsmayılov öz yaradıcılıq prinsipinə sadiq qalaraq burada da, digər əsərlərində olduğu kimi, bəşəriyyətlə, onun inkişafı ilə və bu inkişafın nəticəsi olaraq qarşılaşacağı qlobal problemlərlə bağlı nələrsə deməyə çalışıb. Təsəvvür etdiyini çatdırmağa nail olub və inandırıb da. Amma həyəcanlandıra bilməyib. Yaradılan konflikt, qaldırılan problem mahiyyət baxımından dərin olsa da, təsvir və ifadə baxımından, seçilən situasiyaların orijinallığı baxımından reallaşmayıb və müəllif “ola biləcəklərin” yaradacağı, arzuladığı gərginliyə, dərinliyə nail ola bilməyib.
“Yadlaşmış insan”, “ruhu ölmüş insan”, “beyni ilə işləyən insan” modelləri bu gün də artıq cəmiyyətimizdə (hələ ki, başqa formada və başqa formatda!) olduğundan, mənəviyyatın, ruhun, insanlığın məhvini müşahidə etdiyimizdən qaldırılan problemin aktuallığına sözüm yoxdur. “Beyinin məhz digər orqan və sistemlərdən sərbəst şəkildə var olması”nın “insanoğlunu həm uzunömürlülüyə, həm də xoşbəxtliyə qovuşdurar”, “Nəsli təbii artım yoluyla davam etdirmək zərurəti ortadan qalxacağı üçün insanlar zamanla övlad sahibi olmaqdan imtina edəcəklər” düşüncəsi və “bəşəriyyətin qurtuluşu – yalnız bundadır” qənaətinin özü qorxuludur (söz olaraq, düşüncə olaraq, informasiya olaraq o qorxu mətndə “görünür”). Lakin yaşanmır. Təsvir üçün seçilən hadisələr o qorxunu informasiyadan duyğuya, hissə, narahatlığa, həyəcana çevirə bilmir. Bəlkə də, səbəblərdən biri elə müəllifin dərhal da ortaya alternativ bir düşüncə atmasıdır. Çünki o, irəli sürdüyü “ideya”, bu “məqsədli gələcək düşüncəsi” ilə qarşı-qarşıya fərqli bir yanaşma gətirir: “Axı ...bir məxluq günəş şüalarının hərarətini, gümrahlıq aşılayan ayazı necə duya bilər ki?! Belə birisi sevdiyi insanın saçlarının barmaqları arasından necə süzülüb çıxdığını, onun dodaqlarındakı lətifliyi, bir çağadan gələn xoş rayihəni, hansısa uğurun qəlbə gətirdiyi həzzi və əzizlər itirilən zaman duyulan o dözülməz, amma işıqlı kədəri necə hiss edəcəkdi ki?!” Əslində, bu iki bir-birinə zidd yanaşmaların çarpışması bir “şimşək effekti” yarada bilərdi. Lakin, dediyim kimi, sadəcə, “söz” kimi görünür. Yaşanmır, hiss edilmir... Bu düşüncələr maraqlıdır. Lakin bu düşüncələrin ifadəsi üçün seçilən “yolu” alınmayıb. Elə buna görə də: “Ölümsüzlük – durğun, suyuna üfunət qarışan bir bataqlıqdır, ölümlü, fani həyat isə – qəfil dönüşlərə malik məcrası olan, sıldırım qayalar arasından axan və gözəl mənzərələrə açılan dəli-dolu bir çaydır. Nə qədər yaşayıram, yaşayım, elə bu da bəsimdir” – deyə düşünən Oltukun bu qənaəti də çox ənənəvi və sönük görünür.
Bundan başqa, hekayənin dili əvvəlki əsərlərində olduğundan da cansızdır. Təbii ki, tərcümədən, tərcümənin redaktəsindən (bizdə, təəssüf ki, çox da əhəmiyyət verilməyən redaktəsindən?!) doğan problemlər də var. Məsələn, məntiqi anlamda heç bir narahatlıq doğurmayan, amma ifadə və səslənmə baxımından oxu prosesini “ləngidən” ilk cümlə artıq “sürəti” azaltdı: “Mobil telefonun qulaqbatırıcı zəng melodiyası onun naharsonrası mürgüsünə haram qatdı”. Ya “qulaqbatırıcı zəngi”, ya da “qulaqbatırıcı melodiyası”... Bilmirəm. Bildiyim odur ki, bu ifadənin özü belə hekayənin əleyhinə işlədi... Və başqa bu cür ifadələr də az deyildi...
Məncə, Sənan İsmayılov dil məsələsi üzərində düşünməlidir. Rus dilində yazmaq – ola bilər. Amma mətnlərin tərcüməsində effekt zəif alınır. Hələ ki...
Azad Yaşar
Hekayədə tanış olduğumuz əhvalatın təxminən yarıdan çoxusunu baş qəhrəman yuxuda görür. Süni orqanların bədənə implantasiyası yoluyla insan ömrünün zorən uzadılması haqda təqdimata qatılmalı olan Oltuk otel otağında yatıb qaldığı üçün tədbirə gecikir. Bununla yanaşı, o, həmin gecə (və ya səhər) yuxuda ikən sabahkı tədbirdə danışılacaq, yaşanacaq məqamların mümkün versiyalarının birindən az qala “nöqtə-vergülünə qədər” agah olur. Fantastik mövzulu hekayə üçün bu yanaşma normal sayıla bilər.
İştirakçılara təklif olunan üsulların mənasızlığından əmin olduğu üçün Oltuk həmin tədbirə üzrlü səbəbdən gecikməsindən… məmnun qalır və elə həmin məqamda gələn zəng sayəsində özünü bu təqdimata qatılmağa məcbur edən böyük qardaşının dünyasını dəyişdiyini öyrənir… Qardaşının əvəzinə (hələ yuxuda ikən!) Oltukun sağlam düşüncəyə söykənərək, hansı seçimi edəcəyini oxucu onsuz da təxmin eləyir, amma qardaşı ölüncə, baş qəhrəmanın bu tədbirə nə qatılmasının bir mənası qalır, nə də ki seçiminin. Çünki “ölümsüzlük bunca itkiyə əsla dəyməz”, insanlara vəd olunan “o həyat da, əslində, canlı həyatın özü yox, surroqatı sayıla bilər”. Axı süni orqanlar, süni duyğular, hətta beyinin də süni akkumulyasiyası hesabına yaşanan ömürdəki hər şey zatən süniləşməyə məhkumdur. Vaxtilə antik və klassik ədəbiyyatda “itirilmiş cənnət”in axtarışları aktual idi, gələcəyin insanları üçün isə – Oltukun və tədbirin bəzi iştirakçılarının timsalında – onlara təklif edilən “tapılmış cənnət”dən birmənalı imtina gündəmə gəlir. Aşağıdakı sitat da bunu sübuta yetirir: “…dində “cənnət” anlayışı oraya düşən hər bir insana məhz başqalarından, hətta öz doğmalarından da əlahiddə xoşbəxtlik vəd edir. Yəni hər şəxsə fərdi xoşbəxtlik nəsib olacağı deyilir”. Həmfikiri sayılan insanlar da eynilə Oltuk kimi düşünürlər: “Nə qədər yaşayıram, yaşayım, elə bu da bəsimdir”.
Digər povest və hekayələrində olduğu kimi, bu mətndə də Sənan yuxu–gerçəklik, maddiyyat–mənəviyyat, varlıq–yoxluq, təbiilik–sünilik, itki–qazanc, xoşbəxtlik–bədbəxtlik kimi ikiqütblü, binar düşüncə tərzinə əsaslanır, bu yolla o, əslində, özünü narahat edən mənəvi seçimləri oxucuyla da bölüşməyə cəhd göstərir.
Bu əsər ilə müəllifin “Parçalanma hüdudu” hekayəsi arasında ilk baxışda zahiri paralellik sezilə bilər, ancaq Sənan özünü təkrarlamaqdan kifayət qədər uzaqdır: əgər həmin mətndə sırf karyera yüksəlişi xatirinə cavan oğlan onu böyüdən qadını eksperimentə qurban verməyə razı olmuşdusa, müzakirəyə çıxarılan hekayədə Oltuk öz böyük qardaşının süni həyat tərzini seçməsinə, yəni bir başqa eksperimentə qoşulmasına razı olmur.
Müəllifə yaradıcılıq uğurları arzulayıram.
Ayxan Ayvaz
Təəssüf ki, bu cür hekayələr Azərbaycan ədəbiyyatında çox azdır. Müasirlərimiz belə əyalət təfəkküründən uzağa gedə bilmirlər. Əyalətdən yazmaq pis deyil, ancaq əyalət təfəkküründə ilişib qalmaq dəhşətlidir. Hələ də qoyun qığından, təzəkdən hekayə yazılır. Hələ də Mövlud Süleymanlının, Əkrəm Əylislinin təsvir elədiyi hekayələri təkrarlayırlar. Artıq bu cür kiflənmiş mövzulardan qaçmaq lazımdır. Bu mənada Sənan İsmayılovun təqdim etdiyi dünya özlüyündə çox maraqlı və qeyri-adidir. Budəfəki hekayəsində də bir insan ömrünün uzadılması, yuxu, ölümsüzlük kimi mövzular yeni tendensiyada, yeni texnologiyaların bizə təqdim etdiyi meydançada görünür. Ədəbiyyat yeni fikir meydançasıdır. Artıq təhkiyədən başqa, həm də mövzular da dəyişməlidir. Əslində, klassikadan üzü bəri ölümsüzlük, varlıq-yoxluq temaları geninə-boluna işlənib. Sadəcə bu hekayədə dekor fərqli və yenidir. Ancaq hekayədə bircə məni kədərləndirən tərəf var idi. Hekayədə ürək döyünmürdü. Canlılıq yox idi. Quru süjet xətti adamı yorurdu. Yazıçılıq ürəklə beyinin vəhdətidir, məncə. Biri yerində deyilsə, hekayə axsamağa başlayır.