Kulis.az Şərif Ağayarın "İnşa yaza bilməyən intellektuallar" yazısını təqdim edir.
***
Postmodern epoxanın özəl keyfiyyətlərindən biri də oxucuların yazı prosesinə cəlb olunması, yazıçı-oxucu sərhədlərinin aradan götürülməsidir. Bugünkü texniki irəliləyiş buna nəinki şərait yaradır, hətta təhrik edir. İki-üç sözü dalbadal yazmaq bacarığı və azca müşahidə qabiliyyəti olan istənilən adam asanlıqla sosial şəbəkələrin fenomeninə çevrilir.
Belə olan təqdirdə sənət anlayışı harda qalır? Bəlkə elə buna görə postmodernizmi sənətin sonu hesab edənlər var?
Lakin son 50 ili müşahidə etsək görəcəyik ki, yenə də seçilənlər, oxunanlar, qəbul edilənlər məhz peşəkarlardır. Heç bir meyar-filan itməyib. Ciddi qələm adamlarının esse və müsahibələrində aşağı-yuxarı eyni adamların adı çəkilir. Yenə də söhbət Servantesdən, Tolstoydan və Kafkadan gedir.
Yazılan ən müasir əsərlər də bir az Servantes, bir az Tolstoy, bir az Kafkadır. Ədəbiyyatın əzəli-əbədi qanunları dəyişməz olaraq qalır. Həyat nə qədər güclü bədii boyalarla əks olunub nə qədər yüksək söz sənətinə çevrilirsə o qədər dəyərləndirilir.
Ancaq bizdə, bütün sahələrdə olduğu kimi, durum bir az fərqlidir. Biz hər şeyin pis halını yaşayırıq. Eyni zamanda postmodern xaosun...
Xırda bir misal...
Facebookda dostum olan gənc bir yazar sənətlə bağlı hansısa statusumun şərh bölümündə mənə belə bir bəyanat vermişdi: “Sizinlə ədəbiyyatdan hər cür mübahisə edə bilərəm!”
Bir gün necə oldusa təsadüfən həmin gənclə üz-üzə gəldik və beş-on dəqiqə söhbət eləmək imkanı qazandıq. Mən ondan heca şeirinin təqt bölgülərini bilib-bilmədiyini soruşdum və məlum oldu ki, adamın ümumiyyətlə bu barədə anlayışı yoxdur.
Ancaq...
Ancaq, deməyə də utanıram, status və yazılarında ağzını Coysla açır, Prustla qapayır. İstirahəti isə Kafkanın “nisbətən asan” mətnlərində edir.
Təsəvvür edirsiniz?
Borxes deyirdi ki, ingilis dilinin oynaq intonasiyasında və alliterasiyasında yazan Coysu başqa dildə anlamaq mümkün deyil. Kim başqa dildə onu oxumuşam deyirsə, yalan deyir.
Dahi sənətkar xüsusilə qeyd edir ki, Coysu ispan dilinə çevirmək mümkün deyil. Çünki ingilis dilində sözlər qısa və oynaq, ispan dilində uzun və musiqilidir.
Özünü hər cür ədəbiyyat söhbətinə hazır hesab edən gənc dostumuz isə doğma dilinin ən populyar şeir növlərinin beşinci sinif səviyyəli bəsit nəzəri xüsusiyyətlərini bilməyə-bilməyə Coysdan ağzı köpüklənə-köpüklənə danışır, hətta qarşısındakını aşağılamaqdan çəkinmir.
Heca şeirinin təqt bölgüsünü bilməyən, duymayan, fərqləndirməyən adamın Coysdan, Prustdan, Kafkadan danışması ömründə Azərbaycandan çıxmayan hacıqabullunun Kürdəmiri tanımadan dünya xəritəsindən danışmasına bənzəyir.
Bəzən baxırsan yazdığı balaca bir statusda, hətta qısa bir cümlədə söz sıralamasını pozur, da, də ədatını yerində işlətmir (bitişik yazmağı demirəm – Ş.A.), isə hissəciyinin funksiyasını anlamır, amma, ancaq, lakin bağlayıcılarını hara gəldi səpələyir, hətta mübtəda ilə xəbəri şəxsə-zamana görə uzlaşdıra bilmir, böyük ədəbiyyatdan, dünyaya çıxmaqdan, Nobel almaqdan dəm vurur.
Və bu adamların çoxu inanılmaz dərəcədə informasiyalıdır, demək olar ki, hər şeyi bilirlər, hər şeydən danışırlar, bir əlləri Vikipediyadadır...
Bu cür internet qurdları və sosial şəbəkə qəhrəmanları bəzən zövqlü adamları da asanlıqla aldada bilirlər.
Bu gün ədəbiyyatımızda Ramiz Rövşən havasını Salam Sarvandan ayıra bilməyən, qəzəllə meyxananı qarışıq salan, Rasim Qaraca ilə Nazim Hikmətin oxşar və fərqli xüsusiyyətlərindən xəbəri olmayan çoxsaylı intellektuallar var. İntellektual sözünü özüm dırnaqda yazmadım. Çünki bunlar bizim cameə üçün doğrudan da intellektual hesab olunurlar. Hərəsi bir sahədə babat təhsil alıb və oxuduqları sahənin ədəbi mətnə dəxli olmayan spesifik bilikləri ilə silahlanaraq ədəbiyyatda kor atı köndələn çapmaq istəyirlər. Ən pisi, zövqsüz, özünə güvənməyən oxucuların hesabına bunu xeyli bacarırlar da!
Mən burdakı intellektual sözünü dırnağa o zaman alardım ki, biz bu ifadənin dürüst mənasını biləydik.
Umberto Eko yazır ki, yaradıcı olmayan adamı intellektual saymıram. Bu nə deməkdir? Hər şeydən xəbəri olmaq, informasiyalı olmaq, hətta bəzən savadlı olmaq hələ intellektual olmaq deyil. İntellektuallıq həzm olunmuş biliklərdir.
Bir fəhlə düşünün, əlində enerji verən içki var. O fəhlə o içkini göstərirsə, aldanmayın. O fəhlə o içkiylə öyünürsə, heç inanmayın. Hətta o fəhlə o içkini içirsə, yenə inanmağa tələsməyin. Nə vaxt ki, enerji verən içki özünü fəhlənin işində - hördüyü divarda, çəkdiyi suvaqda, bəzədiyi tavanda göstərəcəksə, onda inana bilərsiniz.
Elmi biliklər də belədir. Onlar “yaradıcı bədəndə” həzm olunub praktikada ecaz yaradırsa, ədəbiyyatın malına çevrilir. Yoxsa hər yan doludur həzm olunmadan əzbərlənmiş bilgilərlə.
Eko məhz bu məqamdan danışır. İntellektuallıq əzbərləmək deyil. İntellektuallıq bilmək deyil. İntellektuallıq əzbərlənən və öyrənilən bilgiləri özündə ehtiva edən yaradıcılıqdır. Başqa sahələrdə bəlkə mübahisə etmək olar, ancaq ədəbiyyatda kəsinliklə belədir.
Mətnində yazdığı dilin söz sıralamasına riayət etməyən qələm adamı dünyanın bütün elmlərini əzbərləsə də onun ədəbiyyata aidiyyatı yoxdur. İntellekti varsa da ədəbiyyat istiqamətli deyil.
Mətnin oxucu yaddaşına, oxucu düşüncəsinə və oxucu qəlbinə təsiri üçün ilkin mərhələ cümlənin minimum tələblərə uyğun yazılmasıdır. Bundan sonra cümlənin standartdan çıxarılması, fərqli yazılması mərhələsi gəlir. Bizdə isə normal cümlə qura bilməyənlər fərqli mətnlər yazmağa girişirlər. Naşı oxucu da çox zaman belə mətnlərin tələsinə düşür. Guya çox dəhşətli yeniliklər varmış.
Mən sınamışam, belə hallarda oxucunu ayıldan kimi o doğru qərar verir və məlum olur ki, elə əvvəldən, ilkin təəssüratı doğru imiş, sadəcə bir az təbliğatdan, bir az bilgisizlikdən başını itirib.
Yadımdadır 90-cı illərdə Ramiz Rövşənin və Salam Sarvanın imitasiyası ilə məşğul olan çoxsaylı şairlər peyda olmuşdu. Hətta mühit o qədər xəstələnmişdi ki, elə yazmayan adama pis baxırdılar. Məhz bu aşamada çox şairlər özlərini itirdilər, içlərinin səsi batıb-getdi. Bəlkə də o şairlərin arasında Ramizdən və Salamdan istedadlıları da vardı. Sadəcə bilmirdilər. Mühit də yox idi ki, onları istiqamətləndirsin.
Və o mühit yenə yoxdur...
Və Ramiz nədir, Salam nədir, müasir dünya dahilərinin ağzı açılıb Azərbaycana...
Və elliklə başlayıblar bu böyük yazarları imitasiya etməyə.
Kafka kimi, Eko kimi, Pamuk kimi yazmaq epidemiya kimi yayılıb.
Bu cür yazan və səs-küyü bütün ədəbi mühiti götürən yazarların ətəyindən yapışıb saxlayın, deyin, qardaşımsan, dünya səviyyəli əsərini bir anlıq kənara qoy və “Mənim doğma məktəbim” mövzusunda iki səhifəlik inşa yaz, əgər o inşa normal bir dil-ədəbiyyat müəllimindən “üç” alacaqsa, yenə yazmağa davam elə.
Almayacaq!
Sizi əmin edirəm.
Ədəbi mühitimiz cəhalətə yuvarlanmış və özü ilə oxucularını da cəhalətə yuvarlamış “intellektual”larla doludur. (Bu dəfə dırnaqda – Ş.A.)
Onlar yaza bilmədiklərindən başqa hər şeyi bilənlərdir.
Onlar ciddi bir iş görməyən, sadəcə əlindəki enerji verən içkini göstərib hava atanlardır.
Oxuduğu tərcümələr kimi yazanların ömrü uzun deyil.
Biz də bir az ayıq olaq ki, xəyallarımız suya düşəndə peşmançılığı dərin yaşamayaq.