“Artıq heç kəs heç kəsi “bizim dildə yazmır” kimi klişe ibarələrlə itttiham etmir. Çünki hər yazarın öz ahəngi, öz musiqisi, hər mətnin öz yeri, öz təyinatı var…”
Kulis.az xəbər verir ki, bu sözləri yazıçı, tərcüməçi Etimad Başkeçid feysbukda yazıb.
O, gənc yazıçı Ramil Əhmədin "Mücrü" nəşriyyatında çapdan çıxmış, tərcüməsi Cəlil Cavanşirə aid “Hekayə” kitabı haqqında yazısının dilini tənqid edən Seymur Baycanın məqaləsini “yerində olmayan yazı” adlandırıb:
"Ramil Əhmədin “Tərcüməçi labirintdə olduğunu anlamayanda”, ardınca da Cəlil Cavanşirin “Ramil tənqidin barıtını çox eləyib” başlıqlı yazılarını oxudum. Bilməyənlər üçün deyim, Cəlilin tərcümə etdiyi bir kitabdan söhbət gedir.
Cəlil də, Ramil də mənim üçün qiymətli, qələm adamı kimi dəyərli sənətkarlardır.
Onların öz arqumentlərini manipulyasiya predmetinə çevirmədən, etik normalar çərçivəsində məsələni müzakirə etməsi doğrudan da təqdirəlayiqdir və örnək davarınşdır.
Burada yerində olmayan Seymur Baycanın “Məqsədim Cəlil Cavanşiri müdafiə etmək deyil” yazısıdır. Ona görə yox ki, sənətkar məsələyə yersiz müdaxilə eləyir. Ona görə ki, Ramil Əhmədin bəzi cümlələrini misal göstərib, yanlış hökm verir: “Bu cümlə Azərbaycan dilində yazılmayıb”.
Məsələn: “Məsələn, Ramil bəy yazır: “Ana dilimizdə ssenari strukturunun öyrədilməsiylə bağlı yazılmış məşhur bir kitabın insanlar üçün əlçatan olmasının sevincini yaşamışdım”. “Sevincini yaşamışdım” nə deməkdir?” kimi.
“Sevincini yaşamışdım” ifadəsini başa düşməyən varmı? Ümumiyyətlə, Ramil bəyin bu cümləsinin harası Azərbaycan dilində deyil?
Digər iradlar da bunun kimi!
Bunu “dilimizi qorumaq” üzrə ixtisaslaşmış hansısa filologifa üzrə fəlsəfə doktoru yazsaydı, dərd yarıydı. Seymur bəyin bütün arqumenti ondan ibarətdir ki, “hər dilin öz ahəngi, öz musiqisi, hər sözün öz yeri, öz təyinatı var”. Yəni Ramil Əhmədin hansısa cümlələri bu standarta cavab vermir.
Bu standarta görə Hüseyn Cavid və Əhməd Cavad da Azərbaycan dilində, Dostoyevski ilə Platonov isə rus dilində yazmayıblar. Dostoyevskiyə “nebrejenie slovom” (dilə, sözə məsuliyyətsiz, etinasız yanaşmaq)” yarlığı yapışdırıb, “rus dilində yazmamaqda”, “ukrainizmlər”dən gen-bol istifadə etməkdə günahlandıranların tozanağı çoxdan yatıb. Burada Dostoyevskinin həm bədii yaradıcılığından, həm də publisistikasından söhbət gedir. Bir dəfə redaktor Dostoyevskinin “Cinayət və cəza”sında “səhv” tutur, xahiş edir ki, “Küncdə ovalşəkilli dəyirmi stol vardı» cümləsindən ya “oval”ı, ya da “dəyirmi”ni çıxarsın, amma sənətkar hər şeyi olduğu kimi saxlayır.
Yeri gəlmişkən, bir dəfə cavan və “qanlı” vaxtlarımda mən də Kamal Abdullanın əlyazmasından buna bənzər “səhv” tutmuşdum; bunu özünə deyəndə, müəllim cavabında cadəcə gülümsünmüşdü.
İnidi, əziz dostlar, gözəl insanlar, sözügedən mövzu ilə bağlı stereotip təsəvvürlər göz açmağa qoysa, aman və macal versə, bunu demək istəyirəm: bir var hamımızın danışdığı, ümumi dil, bir də var yazıçının dili. Bunlar fərqli şeylərdir. Ədəbiyyatşünaslıqda İdiostil deyilən bir anlayış var: yazıçının mətninin dil, üslub spesifikasını, fərdi üslubunu araşdıranlar bilir və tədqiqatçılar “Dostoyevskinin dili”, “Tolstoyun dili”, nə bilim, “Axundovun dili” deyə araşdırmalar apararkən bunu nəzərdə tutur, artıq heç kəs heç kəsi “bizim dildə yazmır” kimi klişe ibarələrlə itttiham etmir. Çünki hər yazarın öz ahəngi, öz musiqisi, hər mətnin öz yeri, öz təyinatı var.
Öz dili, üslubu, hər şeyə öz yanaşması olan, standart dil qəliblərinə sığmayan Ramil Əhməd və Cəlil Cavanşirə sayqılarımla!