Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Mübariz Örənin “Qum adası” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Mübarizin “Qum adası” hekayəsi üslub baxımından əvvəlki hekayələrinin davamıdır, – demək olar, yəni deyiləcək söz, açılacaq mətləb hadisələr, olaylar, düşüncələr arası süzüb keçən çox kiçik, “qum zərrəciklər”ində bəllənir. Bu zərrəciklər hekayəni oxuduqca vizuallaşır, “əriyir”, itib gedir və müəlliflə oxucunun istədikləri həcmdə, masştabda fərqli şeyləri ifadə edir.
Bu hekayədə heç nəyə xüsusi olaraq önəm verilmir, nəyinsə içindəki, bətnindəki məna qabardılmır. Əksinə, bəzi şeylərin adları, nəm-nişanı gizli saxlanılır, gizlədilir. Bu artıq formalaşmış üslubun diktəsidir. Dostlar Hövsana dostlarının qəbrini ziyarətə yollanırlar. Gül almaq həmişə yaddan çıxır. Ordan çıxıb kafeyə gəlirlər: yaxşı da adı vardı, – deyirlər. “Dostlar” kafesində oturub dostluqdan danışan adamların arasına düşürlər. Dostluğun tərifi, təyinatı pafos sevmir, aşçı düz deyir, əsl dost dostunu unudandır. Ən çox unudan ən yaxın olur. Çərçivə burdaca qapanır. Adi, hamıya tanış olan əhvalatlar, sözlər, tostlar, giley-güzar… Bəs fərq nədir? Yox olan dostun susması…
Bir də “qum adası” metaforasında…
Nərgiz Cabbarlı
Bəzən bütöv bir mətn bir cümlədə gizlənir. Nadir yazıçılarda belə olur. Ya da nadir yazıçıların nadir mətninin nadir oxunuşunda. Məsələn, Mübariz Örənin “Qum adası” hekayəsində olduğu kimi. Bu hekayə, bəlkə, bir cümlə kimi də yazıla bilərdi. Ya da “onun mahiyyəti o bircə cümlədə əks edilmişdi” də deyə bilərik: “Divardakı saat qapını göstərirdi”.
Bütün hekayənin – Hövsana getmək üçün toplaşan, “Adam var ki, küləylə dostluq eliyir, başqa arzu-diləylə dostluq eliyir…” meyxanasının sədaları altında taksi ilə yol gedən, gül almaq istəyinə düşsələr də, almayan, sonda belə “Gərək gül alaydıq” heyfsilənməsini yaşayan, dünyadan erkən köçmüş dostlarına fatihəni belə yaxınlıqda gəzişən mollaya deyil, özlərinə “oxu”dan, “anma mərasimi”ni xatırladıqları “cızbız”dan “xəngəl”ə, ondan da “küftə-bozbaş” qonaqlığına adladan və dostluq haqqında mübahisələrin səs-küyünə qulaq verə-verə dostluq haqqında düşünən bu dostlar üçün “Divardakı saat qapını göstərirdi”. Dostluq, birgəlik, birləşdirən bağların bitdiyini xatırladırdı. “Dostluğun, sadəcə, bir “xatırlama” içinə sığdırıldığını” deyirdi. “– Yaxşı ki gəldik… – Elə bil çiynimdən ağır yük götürüldü. – Amma gərək gül də alaydıq…” qədərində bir xatırlatma olduğunu bildirirdi. Hətta: “Səndən heç gözləməzdim, – başdaşıdan sakit-sakit baxan Yusifi görəndə ağ kepkalı ağlamsındı. – Burda sənin nə işin var?” sözlərinin içdənliyi belə öləzimiş, sönmüş bağlılıqların ruhunu təzələyə bilmir. O bağlılıq üstünə çökmüş tozu silə bilmir.
Bu mətndə nə o meyxananın sözləri təsadüfən səslənir, nə gül alınmaması faktı göydəndüşmə görünür, nə də dostluq haqqında söhbətin və qızğın mübahisənin getdiyi kafedəki saat boş yerə qapını göstərir.
Professional üslub, rəvan dil, mətnin çatdıra bildiyi, yaratdığı “gedişatın əhvali-ruhiyyəsi”, təsvir edilən hadisələrin “canlı hava”sı, canlı mühit, fərqli duyğu keçidləri... yerli-yerindədir. Fərqli mühitlər arasında baş verən keçidlər çox sürətli olsa da, “mühitin koloritini ötürmək” bacarığından heç nə itirilmir. İlk baxışdan adi – vəfat etmiş dostun anılması, mahiyyətdə isə “Onlar, həqiqətən, dost idilərmi?”, “Dostluq nəyi gərəkdirir?” sualları ilə aranan daha dərin bir mətləblər verməyə çalışıb müəllif. Və... Böyük əksəriyyət üçün dostluğun “son borc”da nöqtələnməsi həqiqətini pıçıldaya bilib. Elə bu səbəbdən də, “Divardakı saat qapını göstərir”, bir günlük, bir neçə saatlıq “xatırlama”nın (dostluğun) elə buradaca bitdiyini deyir.
Hərçənd mətnin “hava”sında özlərini “Filçi”, “Dilçi”, “Zibilçi” adlandıran “itirilmiş nəsl”in nümayəndələri, onların “Sovet dağıldı, ümid getdi öz işinə. Diplom heç kimə lazım olmadı. Kim harda iş tapdı, orda da işlədi…” ağrıları da vacib məqamlar kimi görünür. Amma bu “ştrixlər”in özü belə mətnin yaratdığı təəssüratı, sadəcə, gücləndirir.
Maral Yaqubova
Ortaq dəyərlərin hər ötən gün anlamını itirdiyi çağımızda “biz” olmaq “mən” olmağa uduzur, zamanın aşınmalarına məruz qalır, yaşamın dolanbaclarında gücsüzləşir, sosial parçalanmanın təsirinə düşür, dağılır, eləcə də əbədi sayılan dostluqlar tədricən itir, yox olur. Mübariz Örənin “Qum adası” hekayəsi sosial-psixoloji çalarları ilə dostluq/birgəlik, yadlaşma/ özgəlik kimi, bütövlükdə “həyata dair” olan mövzudan bəhs edir, bu baxımdan oxucunun “sarı siminə” toxunur. Hekayənin oxucuya aşıladığı katarsis ovqat da ilk baxışda estetik olandan ziyadə əxlaqi olanı vurğulayırmış kimi görünməsi ilə bağlıdır. Əslində isə, “Qum adası” yetərincə estetik hadisədir. Bilirik ki, bədii mətn “həyatda olan” ilə “mətndə olan” arasında qət edilən məsafədə – estetik inşada özünü doğruldur. Bu hekayənin estetik inşası mətnin adı ilə özü arasındakı paratekstual döngüdə gerçəkləşir. Belə ki, hekayənin mətnində oxucu janr, mövzu, bütövlükdə kontekst (lap sosial, ictimai, psixoloji olsun) baxımından “tanış repertuar”la üz-üzədir, ad isə oxucunu asanlıqla tanıdığı və mənimsədiyi bu tanış dünyadan qoparır, tanış dünyanın nizamını pozur, “həyatilik” xəttinin sabitliyinə müdaxilə edir, onu qırır. Oxucunun zehnində mətnin adı və özü arasında toxuduğu yolda “Qum adası” tədricən toponim statusunu itirir, zamanla baş verən dəyişikliklərdən qaçmağın mümkünsüzlüyünü ifadə edən vizual metaforaya dönüşür. Əsl hekayə – sənətin hekayəsi məhz bu məqamda başlayır. Hekayənin minimalist formadakı səliqəli “reallığı” – “həyati”liyi adın ehtiva etdiyi geniş, dərin ekpressionist məzmunla dialoqa girir, bədii dünya inşa edilir. Təhkiyəçi “səs”in qismən neytral mövqeyindəki “duyğusuzluq” adın metaforik emosionallığı ilə tənzimlənir, estetik balans təmin edilmiş olur. Ümumiyyətlə, Mübariz Örənin bütün yaradıcılığında estetik balansa önəm verdiyini görmək olar, bunu fərqli forma və üsullarla gerçəkləşdirməsi isə müəllifin nasir peşəkarlığı ilə bağlıdır. Estetik oxu deyilən bir hadisə də var, bilgi və zövq arasındakı təsadüfi, ani bağlantıları kəşf etmək məqamlarına dayanır. Mübariz Örən “yazı”sı bu baxımdan Azərbaycan nəsrində estetik oxuya şərait yaradan təklərdəndir və özünəməxsusdur.
Qismət
Mübariz Örənin hekayəsi qatı olan hər şeyin buxarlaşması, qum dənəcikləri kimi əldən sürüşüb getməsi haqqındadır. Hekayənin qəribə daxili simmetriyası var: imperiya nağılı bitəndən sonra yol yenidən üç yerə haçalanıb və hərəsi bir yolu tutub gedən üç “dost” mərhum dostlarının məzarını ziyarət etmək üçün görüşür, yəni ünvan bəllidir. Ancaq müəllif bilərəkdən qrammatikanı pozaraq “qəbristanlıq” yox, “qəbrəstanlıq” yazmaqla, dilin yox, həyatın qaydalarına göz vurur, belə ki, bütün yollar ora aparır – mərmərlərin dikbaş dünyasına...
Hekayə başdan-ayağacan üç rəqəminin üstündə qurulub: üç dost, üç yol, üç lüğət tərkibi, üç prizma, üç şüur... Bu üç nəfər üç istiqamətə uyğun gəlir: biri yuxarını təmsil edir – dilçidir; biri arada qalıb – filçidir, sirk aralıq məkandır; biri ən aşağıya aiddir – zibilçidir. Sovet maddənin qatı halıydı, sonra böyük ideallar buxarlandı, indiki postmodern epoxada isə hər şeyin maye halıdır. Burada müəllif maye halına analoji olaraq qum metaforasından istifadə edib, kafenin adı “Qum adası”dır. Kafe səhnəsində zamanın da üç halı görüşür: xatirələr şəklində yad edilən keçmiş zaman, axıb sürətlə keçmişə zamana çevrilən indiki zaman və yan masadakı gənclərin arzu və araq dolu qədəhlərində cingildəyən gələcək zaman. Ancaq bir incə detala fikir verək: gənclərin masasında dörd nəfər var, yəni onların “Yusif”i hələ sağdır...
Finalda üç cümlə verilib: ancaq hansı cümlə kimə aiddir, bilinmir. Çünki elə bir an gəlir ki, istəyirsən “qəbristanlıq” yox, “qəbrəstanlıq” yaz, ayrı-ayrı cümlələr elə eyni şeydən xəbər verir.