Detektiv roman oxumaq ayıbdırmı? - Qismət Rüstəmov

Detektiv roman oxumaq ayıbdırmı? - Qismət Rüstəmov
24 mart 2024
# 10:00

Kulis.az Qismət Rüstəmovun "Detektiv roman oxumaq ayıbdırmı?" yazısını təqdim edir.

Görkəmli alman sənətşünası, jurnalisti, kino tənqidçisi Ziqfrid Krakauer nadir düşüncə adamlarındandır ki, hələ detektiv janrının çox da hörmətli sayılmadığı vaxtlarda - XX əsrin əvvəllərində "Detektiv roman: fəlsəfi bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu gün də zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini almamış, eləcə tutuquşu kimi təkrarlanan, tiftiklənən bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib: bütün detektiv əsərlər eləcə oxunub sonra başqasına hədiyyə ediləsi boş kitablardırmı? Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr məsələlərinə XIX əsrin sonu - XX əsrin əvvəlindəki yarımçıq yanaşmanın təzahürüdür. Mən bu qənaətə COVİD pandemiyasından əvvəl iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir neçə paneli və bir neçə əhəmiyyətli nəşri görəndən sonra gəlmişəm.

Ümumiləşdirib deyəsi olsam, ədəbiyyatşünaslıqda pis janr, pis növ anlayışı ola bilməz, bu, gülməlidir. İstanbuldakı panelin başlığı indiyəcən yadımdadır: "Yaxşı detektiv yaxşı ədəbiyyatdır!" Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra, lap dəqiqi, ötən əsrin 70-ci illərindən əvvəllər barmaqarası baxılan janrlara münasibət dəyişdi. Bunun bir səbəbi müharibənin yaratdığı travmatik ovqatdırsa, digər səbəbi postmodernizmin kütləvi ilə elitar arasındakı iyerarxiya uçurumunu aradan götürməsidir.

Edqar Podan Fernando Pessoaya, Çestertondan Borxesə, Truman Kapotedən də Patrisiya Haysmitə, Orxan Pamuka qədər bir sıra ciddi müəllif detektivə biganə qalmayıb; ya qələmini bu sahədə də sınayıb, ya da onun imkanlarını öz məqsədinə xidmət etdirib. "Saqqallı planet" ləqəbli ustadlar ustadı Umberto Eko "Populyar roman qəhrəmanları" kitabında Şerlok Holms, Arsen Lüpen kimi detektiv qəhrəmanlara yer ayırır və necə böyük həvəslə populyar romanlar oxumağından danışır.

Maarifçilikdən başlayan, XIX-XX əsrlərdə öz zirvəsinə çatan "qatı olanın buxarlaşması", sirrin sirr olmaqdan çıxması, möcüzəyə inamın itməsi, ağlın, rasionalizmin ön plana keçməsi detektiv kimi bir janrın yaranmasını və yayılmasını şərtləndirdi. Bu gün həmin proses özünün nirvanasına çatıb, məsələ təkcə detektivlə bağlı deyil; məsələn, artıq 2000-ci illərdən bəri sehrbazların tryukları yox, bu tryukların sirrini deşifrə edən videolar daha çox maraq doğurur. Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin bir səbəbi də bəlkə də budur - kadrarxasının kadrönünə keçməsi, "ismi pünhan"ın cismi aşkara çevrilməsi, könül gözünün yerini instrumental ağlın tutması.
Krakauer deyir ki, detektiv əsərlər sekulyar teologiyadır. Detektivin cinayətkarı tutması müəyyən mənada ayindir, formasını dəyişmiş cinçıxarma ritualıdır, eksorsizmdir, ancaq tanrısız və duasız şəkildə. Detektiv göylərin yox, yerin janrıdır. Xəfiyyə sekulyar keşişdir, könüllü münzəvidir. Bəlkə də bu qarşıdurmanı, əksliyi bir qabda birləşdirməyə çalışan yeganə müəllif Çesterton olub, bilərəkdən göy adamı keşişlə yer adamı detektivi birləşdirərək bir xəfiyyə yaratmışdı - keşiş Braun.
Krakauerin sxemində kilsənin sükutunu otelin sükutu əvəz edir. Əvvəllər günahkar olan, indi cinayətkarla əvəzlənir. Doğrudan da, əksər detektivlərdə, trillerlərdə məkan kimi otel xüsusi yer tutur. Tanışlıqlar, təsadüfi rastlaşmalar, gözləntilər, düyünlərin açılması - çox vaxt oteldə baş tutur.
Nə vaxtsa bir ədəbiyyat jurnalında detektivlə bağlı maraqlı bir məqalə oxumuşdum, orada deyilirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilərmi? Suriyalı-alman yazıçı Rafiq Şamini bu suala belə cavab verirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilməz, çünki yaxşı detektivlərdə cinayət həmişə iyerarxiyanın elə məqamlarıyla bağlı olur ki, Şərqdə bunlar tabudur. Məncə, mübahisəlidir.

Qərb detektivinin əsası Edqar Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsi ilə qoyulub, hekayənin qəhrəmanı Ogust Dupin sonradan məşhur olacaq Şerlok Holmsun, Herkül Puaronun əcdadıdır. Əqli-analitik bir növün əsasını romantik bir şairin qoyması ədəbiyyat tarixinin maraqlı faktlarından biridir. Edqar Podan Aqata Kristiyə gedən istiqamətdə detektiv daha çox riyazi problemdir, insan xislətindəki şər, ekzistensiya haqqında deyil. Halbuki lap dərindən baxsaq, əslində, bütün detektiv süjetlər "Habil-Qabil" əhvalatının genişləndirilmiş, fonu dəyişdirilmiş variantlarıdır.
Bu gün bütün dünyada nordik nuar (skandinav detektivi) populyardır. Xüsusilə Stiq Larsonun "Millenium" seriyasından olan "Əjdaha tatulu qız" romanı, oradakı ekssentrik Lisbet Salander personajı və həmin əsərə çəkilən eyniadlı filmin geniş yayılması, son illərdə isə Yu Nesbonun Harri Hol personajı geniş oxucu kütləsinin sevimlisinə çevrilib. Çağdaş detektivin ən nəzərəçarpan xüsusiyyəti hər hansı milli personajın dünyanın müxtəlif ölkələrində baş verən cinayətləri çözmək üçün səyahətə çıxması, getdiyi ölkəni, bir növ, turistik reflekslə oxucuya tanıtmasıdır.

# 1957 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #