Bu gün tənqidçi-ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlunun 60 yaşı tamam olur. Kulis.az bu münasibətlə Tehran müəllimi təbrik edir və həmkarı Elnarə Akimovanın onun haqqında yazdığı “Tənqidçi imzası” yazısını oxucuların diqqətinə çatdırır.
Xatırlayıram, 2012-ci ilin 16 yanvarında Tehran müəllim telefonu hamının təbriklərinə qapadıb “Mənim əlli yaşım” yazısını yazmışdı. Yaradıcılıq bioqrafiyasının, elmi-ədəbi tərcümeyi-halının müəyyən məqamlarını incələyərək əlli yaşın tamamında, adladığı yarım əsrlik dönəmə çevrilib sanki özü-özünə hesabat vermişdi: “İnsanın yarım əsr yaşaması necə olur? Əlli yaş yaşayıb da bunu bilmək gərək”. Kim nə deyirsin-desin, mən bu hesabatda bir qədər üsyan havası, özünüdərk faktının doğurduğu ironik çalar da duymuşdum: insana hesabatı və dəyəri onun özündən başqa, daha doğrusu, özü qədər kim verə bilə bilər ki?! Bu, əlbəttə belədir, yalnız zaman amilini unutmayaq... Sən zamana xidmət edirsən, zaman da sənə xidmət etməyə başlayır, hamını əvvəl-axır olması gərəkən yerə qoyur. Tehran Əlişanoğlunun indi olduğu, qərar tutduğu yerə baxmaq üçünsə nə az, nə çox, ötən əsrin səksəninci illərindən başlamaq lazım gəlir.
Adətən, 80-ciləri ədəbiyyatımızda “itirilmiş nəsil” deyə xarakterizə edirlər. Bunu şərtləndirən amillər hamıya məlumdur, keçib gəldiyimiz o məlum-məşum səhifə yaxın keçmişimiz, dünənimizdir. Düşünürəm ki, həmin fəci proseslərin gücü sadəcə, nəsli parçalamağa çatdı, onları haçalanmağa məruz qoydu, fəqət ayrı-ayrılıqda fərdlərin təsdiqini əngəlləməyə müvəffəq olmadı. Onsuz da ədəbiyyatı nəsillər deyil, fərdlər yaradır. Həmin yaradıcılar sırasında ədəbiyyatşünas-tənqidçi Tehran Əlişanoğlunun imzası öz fərdi üslubu, bədii-estetik zövqü ilə dündən bu günə daim yerində, baqi və funksionallığında qalmağındadır.
Tehran müəllim ədəbiyyata, ədəbi cameəyə ilk qədəm qoyduğum anlarda mənə ədəbiyyatın yolunu tanıdan, izini göstərən kəslərdən olub. Bu yaxınlarda həmkarım Mətanət Vahid Tehran müəllimin ona və digər gənclərə göstərdiyi mənəvi dəstəkdən, ədəbiyyatın ünvanını tanıtmaq yönündə qayğısından ağızdolusu danışanda bu duyğuların qanadında on dörd il əvvələ döndüm. Talemi, qismətmi deyək, 2001-ci ildə unudulmaz Yaşar Qarayev aspiranturaya qəbul üçün yazdığım resenziyamı (Elçinin “Tənqid və nəsr” kitabı haqqında) dəyərləndirmək üçün məni Tehran müəllimin yanına göndərdi. Məqaləyə müsbət rəy verən Tehran müəllim olsun ki, mətndəki tənqidi düşüncəni sezdiyindən dərhal ədəbi prosesə cəlb etdi. O zaman gənclərin üzünə o qədər də açıq olmayan “Ədəbiyyat qəzeti”ndə köşə yazıları təşkil olundu. Belə ki, ayda dörd tənqidçi olmaqla həftəsonu prosesi analiz etmək məramında bulunurduq. Təəssüf ki, bütün yaxşı işlər kimi, onun da ömrü az çəkdi, fəqət prosesə münasibət ənənəsinin başlanğıcı mənim üçün artıq qoyulmuşdu. İlk addım, ilk yazı, ilk sevinc... Xatırlayıram, ilk dəfə Tehran müəllimin köşə yazısında mənim məqalələrimə də münasibəti görüb necə sevinmiş, pərvazlanmışdım. Sonra ətrafında birləşdiyimiz “YeniSİ” ədəbiyyat və sənət təzahürləri mərkəzi, sonra “Tənqid. net” jurnalı, müxtəlif müsabiqələrdə ekspert çalışmalarımız.
Tehran Əlişanoğlu 1960-80-cı illər ədəbi düşüncəsini, onun təcrübəsini, bədii-estetik dəyərlərini ehtiva edən tənqidçilərdəndir. Həmişə hiss eləmişəm ki, öyünür bununla, yüksək erudisiyası, fəhmi ilə seçilən Yaşar Qarayev məktəbinin davamçısı olmaqla... Niyə də olmasın? Bu dövr professional tənqidin potensial imkanlar mərhələsidir, yüzdən çox yaşı haqlayan Azərbaycan ədəbi tənqidinin ən yaxşı dəyərlərini, mətnə səriştəli və yaradıcı yanaşma manevrlərini ehtiva edən zaman kəsimidir. Alimin xüsusən, nəsrlə bağlı yazılan tədqiqatlarında həmin səriştənin təsiri hər məqamda hiss olunur. Ötən il eksperti olduğumuz “Azadlıq radiosu”nun oxu zalında təşkil edilən nəsr əsərlərinin təhlili zamanı Tehran müəllimin yanaşmalarını səbirsizliklə gözləyər, bu yazılardakı analizləri, əsəri təhlil etmək səriştəsini həm də master klass olaraq həzm etməyə çalışardım.
Əvvəla Tehran müəllim “XX əsr Azərbaycan nəsrinin poetikası” (2006) kimi fundamental monoqrafiyanın müəllifi idi, nəsrin inkişaf qanunauyğunluqlarına yaxşı bələd olması ona mətnə nəsrin fəzasından nəzər yetirmə imkanı verirdi. Həmin üstqat - mətnə, şəxsiyyətə, yaradıcılığa fəzadan baxış çaları onun demək olar yazı texnologiyasının əsasını, təhlilinin stixiyasını təşkil edir. Bunu nəinki onun müəllifi olduğu – “Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu” (1996), “Əsrdən doğan nəsr” (1999), “Azərbaycan nəsri sosrealiam çevrəsində” (1999), “Azərbaycan yeni nəsri” (1999) “Azərbaycan, Azərbaycan” (2005), “Əjdər Ol. Bir könül savaşı” (2008), “Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi” (2010) və s. kitabları deyil, hətta məqalələri belə ehtiva edir.
Ən diqqətçəkici məqam odur ki, Tehran Əlişanoğlu bir şəxsin simasında bəzən bütöv dövrü, zaman və məkan çəkilib-qabarmalarını əyaniləşdirməyə müvəffəq olur: “Yaşar Qarayev tənqidinin dərsləri” yazısında ustad ədəbiyyatşünasın yaradıcılığı, elmi axtarışları, üslub, dil özəllikləri incəliklərinə qədər şərh edilməklə yanaşı, bu tənqidin ədəbi prosesdə işlənmə səviyyəsi tədqiq olunur, “Mir Cəlal romanlarının xronotopu” məqaləsində XX əsr ədəbiyyatı tarixi, tipoloji vahid kimi götürülərək bütöv əsr var-varlığında, canlılığında, bütün tərkib və parametləri ilə birlikdə görünür, yazıçının romanları isə zamanı, epoxanı, gerçəkləri bədii mənimsəmə, idrak və təqdim üsulu olaraq səciyyələndirilir.
Yaxud lap son yazdığı “İsa Həbibbəyli məktəbi” məqaləsi akademikin yaradıcılığına verilmiş elmi, dolğun, əhatəli və peşəkar yanaşmanın təzahürü idi. Məqaləni oxuduğum zaman həməncə fərqinə vardığım – müəllifin yenə üstqat, yenə ədəbiyyata yüksək elmi-nəzəri səviyyədən nəzər yetirmək cəhdi idi ki, oxucu(su)nu da həmin məlum-məhcul qata aparmağı ilə düşündürürdü. Hər şey o nöqtəyə qədərdi, ədəbiyyat, mətn adlı məqama. O yerə çatdımı, mühafizəkarlıq yalnız Mətnin xeyrinə işləyir, onun dışında hər nüans sadəcə, bir fon səciyyəsi daşıyır. Mən bu məqamı elmi tədqiqat əsərim üzərində işləyərkən dərk etmişəm. İş elə gətirdi ki, namizədlik işim müstəqillik dövrünün ədəbi tənqidini araşdırmaq oldu. Bu araşdırma zamanı çətin bir dövrün, dönəmin yükünün daha çox dörd tənqidçinin – V.Yusifli, C.Yusifli, Ə.Cahangir və T.Əlişanoğlunun çiyinləri üzərində dayandığını yəqin etdim.
Bu üzdən, “dissertasiyanda Tehran Əlişanoğluna nə qədər istinad var”, - eyham-işarə-tənəsinə cavab verməməyi tərcih edirdim: cavabı alimin həmin dönəmin ağırlığını, mürəkkəbliyini, gərginlik, o cümlədən rəngarəngliyini qapsayan ədəbi-tənqidi mətnləri verirdi. Müəllifin bu dövr ərzində çap edilən yazılarında – 1995-1997-ci illərdə "Press-fakt" qəzetindəki "Ədəbiyyat söhbəti", 1996-1998-ci illərdə "Ədəbiyyat qəzeti"ndəki "Məqamlar", 1998-ci ildə "Rezonans" qəzetindəki "Gündəlikdən", 2000-2001-ci illərdə yenə "Ədəbiyyat qəzeti"ndəki "Tənqidçinin dəftərindən", 1999 və 2002-ci illərdə "Bizim əsr" qəzetində "Tənqid meridianları", "Polemik" və "Tənqid" sırasından olan məqalələrində ədəbiyyat tarixçiliyi, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş çağdaş prosesimizin inkişaf meyllərinin öyrənilməsinə, cari bədii təsərrüfatın təhlilinə qədər yeni kontekstdə yanaşma, fərqli baxış bucağı nəzərə çarpırdı.
Xüsusilə, müəllifin T.Mustafayi imzası ilə yazdığı "Ədəbiyyat söhbəti" başlıqlı silsilə mətnlərdə müəllif yeni ədəbiyyat düşüncəsini sırf estetik-nəzəri, poetika məxrəcinə kökləməyə çalışmış, çağdaş ədəbiyyat məsələlərini daim ədəbiyyat tarixi kontekstində, onun tarixən gəlişmiş qanunauyğunluqları əsasında izləməyə istiqamətləndirmişdir. Bu məqalələr tənqidçinin "ənənə-tarixi dəyər" anlamının mahiyyətinə sadiqliyi nümayiş etdirmək baxımından xüsusi tutuma malikdir. Yeni düşüncə, yeni ifa tərzi, müasir bədii prosesə müdaxilə, hətta Qərb, eləcə də dünya nəzəri-estetik fikrindən faydalanma, onu çağın ədəbi müstəvisinə proyeksiya etmək cəhdləri – bütün yeniliyi ilə bahəm min illik tarixə malik milli ədəbiyyatımızın inkişaf qanunauyğunluğuna istinadən dəyərlidir. Bu "söhbət"lərdə iki pozitiv cəhətin uğurlu sintezi ehtiva olunub: yeni epoxanın bəxş etdiyi azad, müstəqil, ədəbiyyat haqqında ehkamsız, buxovsuz mühakimə səriştəsi və "modern dünya" havasına çağırış, məsələlərin dünya ədəbiyyatı kontekstində dərki, "çağdaş Dünyayla, Zamanla ayaqlaşmaq ideyasının təzə təzahürü" ki, bu son münasibət elə müəllifin elmi-nəzəri təfəkkürünün formalaşdığı 1960-80-ci illərin ədəbi məramından (oxu: platformasından) doğurdu.
"Müasir ədəbi prosesin əsasında… ümumi tarixi potensial dayanır" – bu kontekst ümumən, T. Əlişanoğlunun prosesə bütöv yanaşmasını stimullaşdıran özəlliklərdən biridir. Bu mənada, onun ədəbi mətnə yanaşmasında mərhələlər və dövrlər arasında dəqiq sərhəd aramaq səyləri əbəsdir. Burada hər çağdaş ədəbi cəhdin, avanqard, novatorluq kimi səciyyələndirilən yeni meyllərin zəmini daha əvvəlki dövrlərin ədəbi nümunələri ilə müvazi verilir, anoloji müqayisələr aparılır, bununla da mənzərə bütövlüyündə, gərəyincə aydın, təfərrüatlı formada görünməyə müvəffəq olur.
Bu gün tənqidçinin prosesə müdaxilə etmə məramını təsisçisi və redaktoru olduğu “Tənqid.net” jurnalı realizə edir. A.Səhhət Sabir şeirlərinin özəlliyindən bəhs edərkən yazırdı ki, “onun şeirləri İran məşrutə inqilabına bir ordudan ziyadə xidmət etmişdir”. Ədəbi tənqid sahəsinin inkişafında göstərdiyi çabaları və ortaya qoyduğu jurnalla T.Əlişanoğlu bu sahəyə bir ordudan ziyadə xidmət göstərmiş olur. Onun 2006-cı ildən başlayaraq bu jurnalı çıxarmaq yönündə çabaları, fəaliyyəti də mənə daim XX əsrin birinci yarısının aydınlarının çətinliklərini xatırladıb. Hər nömrənin necə çətinliklə araya-ərsəyə gəldiyinə şahidəm.
Burada çap olunan məqalələrin əksəriyyəti olsun ki, yeni olmur, müxtəlif ədəbi portallara, dövrü mətbuata səpələnmiş yazıları çevrələyir. Amma bu mətnlərin hər birini oxumaq, onlarla tanış olmaq və bir konsepsiya ətrafında yığmağa nail olmaq – az zəhmətin bəhrəsi deyil. Tənqidçinin bu yöndə xidmətini “ədəbi fədakarlıq nümunəsi” hesab edən Elçin yazır: “O, səviyyəli, professional ədəbiyyat söhbəti aparır, elə bir söhbət ki, onun həmsöhbəti, tərəf-müqabili də adi oxucu yox, professionaldır. Bu məcmuə professionalın professionallarla apardığı söhbətdir və belə söhbət bədiiyyatı da, ictimai fikri də irəli aparmaq işində çox effektli əhəmiyyətə malikdir”.
“Müasir ədəbiyyatın təcrübəsi olmadan milli mədəniyyətin sərhədlərini axıracan təsəvvür və təyin eləmək mümkün deyil; jurnalımız çağdaş ədəbiyyatın praktikasına xüsusən həssasdır, bütün təzahür və tendensiyalarında onu görükdürməyə maildir. Ən nəhayət, modern düşüncə, fikir, örnəklər əsas prioritetimizdir.” Jurnalın ilk sayında yer alan vahid konsepsiya son nömrəyədək öz dominantlığını qoruyub saxlamaqdadır. Cariliyə meyl, onun bütün tendensiya və istiqamətlərini görükdürmək çabası əsas məqsəddir. Prosesə yalnız dünənin təcrübəsini çatdırmaqla bahəm həm də bugünün görünməyən, qapışıq mətləblərini çözüb ötürməyə ehtiyac var. Bu, həm də elə tənqidin başlıca missiyasıdır.
Cariliklə nəfəs almaq, onun havasını oxucuya çatdırmaq, üst qatın məsələlərini qabartmaq. Bu üzdən müstəqillik dönəmindən sonrakı ədəbi prosesin polifonizmini görükdürməyə, mənzərəsini cızmağa bu jurnalın gücü yetərincə çatır. Məgər çağdaş ədəbiyyatımızda sırf cariliyə köklənən çoxmu dərgi var ədəbiyyatda?... İndən beləsinə ümid var təbii. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə mütəmadi olaraq Ədəbiyyat İnsitutunda illik keçiriləcək “Ədəbi proses” müşavirələrindən sonra həmin məruzə mətnlərinin yer aldığı kitab istifadəyə veriləcək. İlk toplunun keçən il meydana qoyulması bu yöndə ümidlərimizi artırdı. Hər halda çağın ədəbi tənqid mənzərəsini yaradan, yaşadan bir dərgi olaraq bu cür toplulara ehtiyac var. Meydana qoyulan hər bütöv əsər çağdaş Azərbaycan ədəbiyyatının hərtərəfli mənzərəsinin görünməsində effektli rol oynaya bilər. “Tənqid. net” jurnalı bu istiqamətdə mövcud elmi-nəzəri arsenaldır.
Tehran Əişanoğlu haqqında səsləndirilən təyinlərdən ən dəqiqini zənnimcə, K.Abdulla onu “ədəbiyyatın mirzəsi” deyə səciyyələndirərkən verir: “O, əslində, mirzədi, sözün əsl mənasında – mirzə. O, ədəbiyyatın içində eşələnən, onu duyan cəfakeş bir fəhlədi”. Bu fikirlərin nə qədər dəqiq və dürüst olduğunu hiss eləmək üçün yarım əsrdən artıq bir ömrə boylanmaq, onun ədəbiyyat yönündə xidmətlərinə nəzər yetirmək kifayətdir. Ziya Paşa söylədiyi kimi: “Ayinəsi işdir kişinin, lafa baxılmaz, Şəxsin görünür rütbeyi-ağlı əsərində...”
2015