Kulis.az bu günlərdə yeni romanının təqdimatı olan gənc yazar Aytən Cavanşirlə müsahibəni təqdim edir.
- Yeni romanınız nəyi ilə sizin üçün xüsusi önəm daşıyır? Bir az ədəbi yaradıcılığınızdan danışın.
- “Qayıtmasam da, gözlə” romanı digər müəllif kitablarım kimi mənim üçün çox dəyərlidir. “Vəkil” kimi – ədəbiyyata çox sərt sonluqla bitən bu romanla gəlmişəm, o əsər mənim ilk məhəbbətimdir. O cümlədən, çox müzakirə olunan “Ayaqlarım üşüyürdü” qədər – bu kiçik hekayələr kitabında olduqca ciddi problemlərə toxunmuşdum. Bütün bu ciddiyyət təbii ki, zərifliklə qələmə alınmışdı.
Kitabda qara kürü həsrətindən tutmuş xəyanətlərini bağışlayacaq qədər sevməyəcən bir çox mövzularda lirik hekayələr yer alıb.
Həmişə dediyim kimi, üçüncü kitabım “Pərdələri çəkin” italyan, fransız musiqisi və kinematoqrafiyasına sevgimin təzahürüdür. Fikrimcə, bu kitab incəsənəti sevən və ən azından, dünya retro kinosu və musiqisi haqda bilgi almaq istəyən hər bir kəsin kitab rəfində olmalıdır.
Kolin Makkalounun dünyaca məşhur “Tikanlıqda şərqi deyənlər” əsərini dilimizə tərcümə etmək uzun zamanımı aldı. Ağır roman tərcüməsinə baş qoşmaq məsuliyyət və əzmkarlıq tələb edən bir iş idi. Romana ilk növbədə müəllif kimi, daha sonra tərcüməçi və redaktor kimi yanaşdım. Bu, sevdiyim əsər olduğu üçün uzun prosesdən zövq aldım.
“Qayıtmasam da gözlə” həyatımda nə kimi önəm daşıyır? Daha əvvəl də demişdim, bu roman, həyatımın bir parçasıdır, taleyimin bir hissəsidir. Onu fasilələrlə qələmə aldım. Bakıda olmadığım müddətdə yazmağa uzun ara verdim. Vətənə geri dönərkən romanımı qaldığı yerdən davam etdim və tez bir zamanda bitirdim.
- Romanın mövzusundan danışardınız...
- Əslində, mövzunu tam açmaq istəmirəm. Onu deyə bilərəm ki, roman üç hissədən ibarətdir. Eynilə “Vəkil” kimi. İlk hissədə əksər hadisələr Bakıda baş verir. Sonradan hər şey qəfil dəyişir. Dünyadakı siyasi proseslər və şəxsi ambisiyalar fonunda böyük sevgi macərası yaşanır. Klassik musiqi heyranı olan cərrahla xoşbəxtliyin nə olduğunu bilməsə də, ona can atan bir xanımın eşq münasibətləri bəzilərini heyrətə gətirəcək. Nə mənada heyrətə gətirəcək? Bax bunu oxucu romanı oxuyandan sonra anlayacaq.
- Romanın müasir ədəbiyyatımızda yerini necə görürsünüz?
- Hansısa xüsusi yer haqda düşünmürəm. Ümumiyyətlə, yer barədə düşünmürəm. Mən sevdiyim işlə məşğulam. Yazmaq içimdən gələn bir tələbatdır. Bunu sevərək edirəm. Sadəliyin tərəfdarıyam. Savadım, mütaliəm icazə versə də, heç vaxt kimisə tənqid etmək məqsədini güdmürəm. Kimisə bəyənmirəmsə, onu oxumuram. Operanı sevirəm, bayağı musiqilərə qarşı ikrah hissi keçirirəm, amma bu barədə sosial şəbəkədə paylaşmalar etmirəm. Əlimə qələm alarkən əsl inqilabçıya çevrilirəm. Səsimi kim eşidir? Kitablarımı oxuyanlar. Bu, məni qane edirmi soruşacaqsınız. Bəli, qane edir. Boşboğazlığı artıq bir şey hesab edirəm, yaradıcı adama bunu ümumiyyətlə yaraşdırmıram.
- Kitabın təqdimat mərasimi ürəyinizcə oldumu?
- Ziyalı təbəqə kitabı sevir. Bir oxucu dairəm var ki, onlar kitablarımı gözləyir və həvəslə alırlar. Təəssüf ki, ziyalı təbəqə cəmiyyətin az bir hissəsini təşkil edir. İmza günümə qaldıqda, kitaba pul xərcləməyi “sevən” insanların çoxluğunun qarşısını virus qorxusu bir az əngəlləsə də, razıyam. Yaxın vaxtlarda daha bir imza günü təşkil edəcəyik.
- Azərbaycanda qadın üçün yazmaq nədir?
- Azərbaycanda ümumiyyətlə, yaradıcı insana bir az çətindir. Bəzən cəmiyyətin anormal münasibətinin şahidi olursan. Bilmirsən, qibtədənmi doğur, yoxsa natamamlıq kompleksindən. Əlbəttə, cahil insanlar “wow” dediyimiz XXI əsrdə də mövcuddur.
Qadın zərifliyini qorumaqla bərabər, içində bir əminlik yetişdirməlidir. Qorxaqlıq çox zaman cahillikdən doğur. Bir qadın ayağını yerə sərt vurmağı öyrənəcək və prinsiplərinin, ideallarının arxasında möhkəm dayanacaq.
- Yeni dövr romanlarından nələri oxuyursunuz?
- Mən dəbdə olanı oxumağı sevmirəm. Təbii ki, müasir dünya ədəbiyyatını izləyirəm. Ancaq özüm dünyanın tanımadığı az tanınmış müəllifləri kəşf etməyi sevirəm. Siyasi məsələlərdən doğan və dünyaya tirajlanan bestseller müəlliflərindən daha çox, o, kəşf etdiyim əsərlərdən zövq alıram. Hər bir sahədə diktə olunanın ardınca getməyi maraqsız hesab edirəm. Cəsarətin varsa, özün axtar, özün kəşf et, həyat belə daha rəngarəng olar.
- Yazmaqdan başqa daha nələr sizə rahatlıq bəxş edir?
- Özüm nasir olsam da, gözəl şeirlər oxumağı sevirəm. Xüsusilə də orijinalda – italyan, ingilis və slavyan dillərində. Asudə vaxtlarımda onları tərcümə etməyi də çox sevirəm. Bundan zövq alıram. Məsələn, “Qayıtmasam da gözlə” romanımdakı bu şeiri özüm tərcümə etmişəm.
Böyük körpünün üzərində
yorğun quşlartək
ötür ağır arabalar.
Hər axşam burada dolaşarkən
Sərin və boş səmanın altındakı körpüdə
Astaasta,
dinməzcə keçən insanları görürəm,
narahat,
yorğun insanları...
Görürsünüz, necə gözəl şeirdir?
Bir də təyyarə deyil, məhz qatarla səyahət mənə hüzur bəxş edir. Yadımdadır, bir müddət qabaq, anamla qonşu ölkəyə qatarla səfər edirdik. Hamı yatsa da, mən yuxuya gedə bilmədim. Buna heç can atmırdım. Köhnə qatarın pəncərəsindən kimsəsiz səhralara baxırsan və məmnunluq hissi yaşayırsan. Böyük bir kainatın bir parçası olduğunu və məsum-məsum dünyanın sirlərini açmağa can atdığını düşünürsən və kədərlə özünə rişxənd edirsən.