Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Əli Zərbəlinin "1/2" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.
Aqşin Yenisey:
"Hərdən mənə elə gəlir ki, bu cür, sadəcə, sujet xəttinin təsviri üzərində qurulan hekayələrin vaxtı keçib. Ancaq bütün böyük yazıçıların bu cür başladığını düşünüb fikrimdən daşınıram. Bu hekayə də məndə böyük ədəbiyyata uzanan yolun başlanğıcı təəssüratı oyatdı. Çox sözlə az şey deməkdən başlayıb az sözlə çox şey demək ustalığına aparan yolun..."
Sevinc Elsevər:
"Oxudum. Hekayədir. Alınıb. Ancaq xeyli uzundur. Düzünü deyim, dünən oxumağa başlamışdım. Gördüm, ləng gedir, uzundur, saxladım. Bu gün yenidən baxdım. Ortalarda dinamikləşməyə başladı. Elə bil müəllif uzun hekayə yazmaq istəyib əvvəldən. Ya da mühiti çatdırmaq üçün oxucunun canını qəsdən sıxmaq istəyib."
Vüqar Van:
"Hekayənin yarısında ağzım təəccübdən açıldı. Elə bil məni qaldırıb hündür bir yerdən atdılar. Dondum. Səbəbini deyim. Əli Macarıstandan Bakıya gəlmişdi. Xəbərləşdik, görüşdük. Qiyabi tanışlığımız olsa da, ilk dəfə idi real ünsiyyətdə olacaqdıq. Axşama yaxın bulvara düşdük, ürəyim açılmışdı, gəzə-gəzə ona öz həyatımdan, yazmaq istədiklərimdən, ağlımda olan hekayələrdən və süjetlərdən danışdım. Bu hekayəni də məhz həmin gecə Əliyə mən danışmışam. Diqqətlə oxusanız, görərsiniz ki, hekayədəki işsiz, anasının təqaüdü ilə yaşayan və həyatı gözündən düşmüş adam elə mənəm. Ən son yazdığım "Bir əsim yel" hekayəmdə də işsiz bir qəhrəmanın böhranda başına gələn hadisələri yazmışam. Silsilə hekayələr olacaqdı. "İki əsim yel", "Üç əsim yel" ... Əlinin hekayəsindəki süjeti və hadisələri də "Üç əsim yel" adlı hekayəmdə yazacaqdım. Bu hekayəni məndən oğurlayıb. Yumşaq desək, bunun adı nankorluqdur. Özümü saxlaya bilməyib ürəyimdə olan, yazmaq istədiyim mətnləri Əliyə danışmışam. O da götürüb yaddaşa vurub, bir az kosmetik vasitələrlə bəzəyib, öz adıyla dərc etdirib. Heç gözləməzdim. İnsafən, yaxşı yazıb. Hekayə mənim olsa da, üstündə çoxlu işləyib. Xəzinənin yerini mən demişəm, amma torpağı Əli qazıb. Bütün hallarda, hekayə mənimdir və halal etmirəm. Qarşı tərəfin cavabı olarsa, dərc edin. Mən faktlar da gətirə bilərəm..."
Rəqsanə Süleyman:
"1/2" hekayəsi Azərbaycan gəncliyinin sadə həyat tərzindəki yüngül psixoloji vəziyyəti çatdırır. Müəllifinin gənc olması xüsusi əhəmiyyətlidir. Gənc ədəbiyyatımızın böyük həyat təcrübəsi tələb edən mövzulara meyillənməyindənsə, artıq gündəlik - cafe-bar mövzularına keçməyi ürəkaçandır. Bu mövzuda Müşfiq Şükürlünün "Road'ın sərçəsi" hekayəsini xatırlayıram. Əli Zərbəlini ilk hekayəsindən bəri izləyirəm, bu hekayə onun ədəbi axtarışlarının nəticə verəcəyini göstərir. Orijinallığa can atmağı yaxşı haldır."
Orxan Həsəni:
"Çağdaş Azərbaycan ədəbiyyatında yeni mətnlərini həvəslə, maraqlı gözlədiyim, oxumaqdan, şərh eləməkdən xüsusi ləzzət aldığım tək-tük müəlliflər var. Əli Zərbəli həmin müəlliflərdən biridir. Onun axtarışları ədəbiyyatımıza gözəl mətnlər qazandırır.
Bu hekayədə isə ənənəvi süjetə yeni nəfəs vermək istəyib. İnsanın özü kimi olana, özünə bənzəyənə reaksiyası mətnin sütunudur. Mark Tvenin "Şahzadə və dilənçi" əsəri ingilis şahzadəsi Eduard Tyudorun və balaca dilənçi Tom Kentin rollarını dəyişməsindən bəhs edirsə, Əli Zərbəlinin hekayəsi insanın özü kimi olana qarşı qəddar münasibətindən bəhs edir. Bu hekayəni daha çox Dostoyevskinin "Oşxar" əsəri ilə müqayisəli təhlil eləmək mümkündür, çünki hər iki əsərdə oxşar olan qəhrəman həm xaraktercə, həm də həyat tərzicə əksdir. Bir tərəf "xeyir"dirsə, digəri "şərdir".
Klassik mövzular haqqında yazmaq olduqca çətindir. Ona görə ki, illərlə yazıla-yazıla gələn mövzular üstündə yeni bədii mətn yaratmaq istəyirsənsə, gərək ona müəyyən yeniliklər gətirəsən, fərqli pespektivlər tapasan. Əli Zərbəlinin bu hekayəsində isə konkret yenilik görə bilmirik..."
İlkin Öz:
"Əvvəla, hekayəninin dili çox bərbaddır. Yaxşı olar ki, müəllif Azərbaycan dilini dərindən mənimsəsin və mümkün qədər yerli yazıçıları çox oxusun. Ədəbi dilimizdə “qulaq şahidi olmaq”, “yansımaq”, “dublikat”, “tirtap”, “silkənmək”... kimi frazeoloji birləşmə və sözlər yoxdur. Belə ifadələr dili ağırlaşdırır, oxucunu mətndən soyudur.
Açığı, hekayə məzmun-forma baxımından da məni qane etmədi. Çünki mətnin məzmunu müasir həyatla demək olar ki, səsləşmir. Uzunçuluğa yol verdildiyi üçün süjet adama cəlbedici gəlmir.
Həmçinin, bənzətmələr də düzgün və yerində işlənməyib:
Məsələn, “Heç vaxt hiss etmədiyi iyrənc, əzabverici hisslərin qatı, qara tüstüsündə boğulurdu”, “Aralarındakı sükut danışılmayan sözlərə hamilə idi”, “Sanki o, tamamilə məhv olmuş, məğlub ordunun yeganə sağ qalan əsgəri idi”, “Elə bil sinəsində vəhşi at sürüsü dördnala qaçırdı” kimi bədii təsvir və ifadə vasitələri uğursuz alınıb və pafosludur. Bu da mətnin ümumi məzmununa xələl gətirib.
Məncə, bu hekayə hələ çiydir və redaktəyə ehtiyacı var. Müəllifə uğurlar arzulayıram!
Tural Turan:
"Hekayə olduqca zəif təsir bağışladı. Təhkiyə üsulu primitivdir. Sonluq qeyri-adi deyil. Hadisələrin axarı da cansıxıcı tellərlə bir-birinə bağlanır. Digər oxucuları bilmirəm, amma mövzu seçimi də mənim üçün ürəkbulandırıcı və boz çalarlıdır. Oxuyandan sonra itirdiyim vaxta heyfim gəldi. Müəllifin ədəbi dili çox dayazdır. Azərbaycan dilinin zənginliklərindən daha yaxşı formada istifadə etmək olardı. İstənilən halda, yazarımıza gələcək fəaliyyətində uğurlar arzulayıram.
Təvəkkül Boysunar:
"Hekayəni sonacan oxuya bilmədim. Yarıda dayandım. Səbəb: yazıçı mətni lazımi qədər maraqlı edə bilməyib. Söhbət sujetdən də getmir. Tamamilə sujetsiz elə bir mətn yazıla bilərdi ki, oxucu bezmədən sonacan oxumağı bacarardı. Burda məsələ fərqlidir. Müəllif bu hekayəni uğurlu mətn üçün gərəkli olan ilham və yaradıcılıq anında yazmayıb. Cümlələri bitirmək üçün ən yaxşı versiyası ərsəyə gəldiyi anacan gözləməyib. Bəzən ilk ağlına gələn versiyalarla cümləni qapayıb. Bəli, belə olan halda da yaxşı cümlə ortaya çıxarmaq mümkündür, lakin bunun üçün müəllif yuxarıda qeyd etdiyim ilham anında olmalıdır. Olmadığı zaman bir cümləni ortaya çıxarmaq üçün daha çox çalışıb əziyyət çəkməlidir ki, o cümlənin "üstü-başı" yazıçının içindəki yaradıcılıq məhluluna azdan-çoxdan bulaşmış olsun. Oxucunu mətndə saxlayan da bu "məhlul"un dadını hiss etməsi və o dadı növbəti cümlələrdə duymaq arzusudur. Bu hekayədə o dad yox idi. Müasir ədəbiyyatımızdakı mətnlərin 90 faizində olduğu kimi. Adi bir nümunə: "Ramin onun nüfuzedici baxışları qarşısında dəlmə-deşik olmuşdu, sanki bu baxışlar onun tənhalığının və nisgilinin dərinliklərini görürdü." Məsələn, əgər bu cümlədə mən, həqiqətən də, o qadının Raminə baxdığına, Raminin bundan təsirləndiyinə inansaydım, bunun eşqinə mətni sonacan oxuyardım. Amma bu cümlə qətiyyən inandırıcı deyil, nə qadının baxışını hiss etmək olar, nə də Raminin bu baxışdan oda düşdüyünü. Eləcə də Raminin əvvəllərdə qeyd edilən başqa dərdləri. Bu hekayənin oxuduğum qismində informasiya var, amma o informasiya oxuya təsir edəcək bədii yüklə qələmə alınmayıb. Zənnimcə, bu xüsusiyyətlər bir müddət əvvəl haqqında yazı yazdığım "Və dalğalandı yaddaş tarlası"nın müəllifi Orxan Həsəninin də nəsrinə aiddir. Vəziyyətdən çıxış yolu kimi bir müddət həyatı axışına buraxaraq yazmamaq və başqa işlərlə məşğul olmaq lazımdır. Üzərində işləyib yarımçıq qoyduğum son mətnlərimin zəif olduğunu hiss edəndən sonra eynən özümün də etdiyim kimi. Lakin dərd orasındadır ki, bizdə yazıçıların çoxu ömrünün sonunacan zəif yazırlar və bunu heç vaxt da hiss etmirlər..."