Kulis.az “Hekayə müzakirəsi” layihəsində Müşfiq Şükürlünün "Qafqazlı xoruzlar" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Aqşin Yenisey
Mövzu, dil, ironiya! Əla hekayədir!
Şərif Ağayar
Müşfiq Şükürlü qeyri-adi duyuma malik bir yazardır. Heyf tənbəldir. Bu hekayəsində də tənbəlliyi hiss olunur. İşləməyib hekayəni. Birdəfəyə yazıb və yayımlayıb. Yazıçılıq bir az da səbir işidir. Mən tanıdığım Müşfiq bu hekayəni indikindən qat-qat yaxşı yaza bilərdi.
İlham Əziz
Əvvəla onu deyim ki, mən bu qəbildən hekayələri bəyənmirəm. Niyəsini də deyim. İroniya, zarafat mətnin özündə olmalıdır. Bu hekayədə zarafatı mətndən kənarda yazıçı edir. Oxuyan kimi hiss edirsən ki, yazıçı sərxoşdu, obrazlar ayıq. Hekayədə atmosfer yaranmayıb, parçalı buludludur, get gəldədir. Bədii mətnin standartlarına cavab vermir. Cümlələr həddindən artıq sərt, bayağı, bəsitdir. Status hekayə janrı olsaydı, o janrın yaxşı hekayəsi sayıla bilərdi. Mən Müşfiqdən daha yaxşı bədii mətn gözləyən adamlardanam. Yəqin qəribliyin sıxıntısı (hekayədə işlətdiyi kimi oxu) bic hekayənin doğulmasına bais olub.
Rəşad Səfər
Cizgiləri olmayan situativ əhvalatdır. Bir az da dəyişkən ani duyğular, düşüncələr əlavə olunub. Amma bu cür hekayələrin nümunəsi müasir ədəbiyyatda az deyil. Oxuyanda hekayənin dilində üç məqam narahat etdi: 1. Bəzən yersiz məzəli olmaq cəhdləri (yazanda çoxumuz bu tələyə düşürük); 2. "Tərcümələrə bir quş", "Türkcə guppuldadır" kimi ifadələr; 3. "Sikinti-sıkıntı" oyunu. Son iki məqam elə birincinin davamıdır həm də. Müəllifə uğurlar!"
Samirə Əşrəf
Hekayə mənim xoşuma gəldi. Bizim yazıçıların mətnlərində son dövrlərdə təsadüf etdiyim təəssüfləndirici məqam dövrün, məişətin, başqa cəmiyyətlərin, oradakı insanların yaşantılarının təsvir edilməməsidir. Ümumiyyətlə, yazıçılarımız təsvir baxımından çox əziyyət çəkirlər. Baxırsan ki, Bakı həyatından və yaxud da, ucqar bir kənddən və ya Alp dağlarından hekayə, roman yazır. Amma təsvir, əhatələndirmə, mühiti çatdırmaq yox dərəcəsindədir. Yeri gəlmişkən, bu yaxınlarda Ulucay Akifin yenicə yazdığı bir hekayəni oxudum. Təsvir etdiyi mühiti, onların yaşantısını və hisslərini o qədər əhatəli və maraqla çatdırmışdı ki, sözün yaxşı mənasında təəccübləndim. Üstəlik, mən bilən bu Ulucayın nəsrdə ilk təcrübəsidir. Müşfiqin hekayəsində də həmin arzuladığım təsvir vardı.
Vacib deyil, uzun-uzadı hər detalı, hadisəni vurğulayasan. Bir neçə cümlə ilə də bunu etmək mümkündür. Misalçün: “Tələbəyəm. Bu dəfə Polşada. İkinci təhsilimdir. Dərd məni götürüb. İlahi, bunu tamamlayıb ölkəmə dönsəm… Elə darıxmışam Azərbaycandan ötrü. Aygünsə oxumağındadır. Badə nə badə. Pivə içirik, ağız. Kəs”. Bu bir neçə cümlədə Müşfiq xarici ölkədə təhsil almasını, Aygün Kazımovanın ən məşhur mahnısını, qəribçiliyi, qəribçiliyin gətirdiyi kədəri pivə ilə qovmağa çalışması, tələbəyə və azərbaycanlılara xas hövsələsizliyi təsvir edə, oxucunu həmin atmosferə sala bilir.
Hekayəni daha yaxşı işləyə, təqdim edə bilərdimi? Bilərdi. Amma vacib deyil ki, bütün mətnlər fövqəladə şəkildə cilalansın. Mənə elə gəlir ki, hekayə qısa, cümlələr lakonik olduğundan Müşfiq onlara toxunmaqdan ehtiyat edib ki, çatdırmaq istədiyi səmimiyyət, ironiya itməsin.
Orxan Saffari
Açığı, mən belə hekayələri hekayət kimi qəbul edirəm. Baxırsan, heç nə yoxdu, amma nəsə var. Sadəcə, o nəsəni bilmirsən, görmürsən, duymursan heç vaxt. Struktur boşluğu var. Müşfiqin bu hekayəsi başdan ayağa nəql etmədir, bədiilik demək olar ki, yox səviyyəsindədir. Ümumiyyətlə, nəyi necə demək istədiyi anlaşılmır. Oxuyandan sonra ortaya bir sual çıxır: hə, nooolsun? Əlavə heç nə etməyib, ağlına necə gəlibsə, elə də yazıb. Gülə-gülə oxudum. Müəllifin öz xarakterinə bələd, yazı üslubunu da bilirəm deyə bu tərəfdən bir az maraqlı gəldi. Amma gözləmirdim. Digər hekayələrinin fonunda çox zəif qalsa da oxunaqlı idi. Sadəcə bu. Oxumaq olurdu.
Təvəkkül Boysunar
Hekayə, düzün desəm, məni əsəbiləşdirdi. Müasirlik və yenilik anlayışlarını azdan-çoxdan başa düşüb qəbul etsək də, müəllifin əsərdə birinci şəxsin təkində istifadə etdiyi dil, məncə, qətiyyən mətnə oturmayıb. Yazıçı, əhvalatı elə nəql edir ki, ortada heç bir bədii örtünmə gözə dəymir. Gözə görsənən şey sadəcə və sadəcə çirkin və eybəcər çılpaqlıqdır. Əgər bədii örtünmə olsaydı, daha açıq-saçıq, daha ağır ifadələr də uğurlu alınardı. Amma burda bir çox sözlər və ifadələr məhz o çılpaqlığa görə sadəcə ikrah doğurucu təsir yaradır. Üstəlik bu sözlər dialoqda yox, təhkiyənin özündədir.
Məsələn, aşağıdakı cümlələrə baxaq:
“Oğraşın balası üç dil bilir.”
“Bədbəxt qayıdıb nağarsa yaxşıdı? Götünü buraxır.”
“Başlayır dişlərini göstərməyə. Sarı donuz dişlərinə yaxşı baxır.”
“Təzədən Azərbaycan mahnısı qoyuram. Xiyarın milliyətçiliyi tutmasa yaxşıdır.”
“İrakli aradan cırdırıb.”
Bütün bunların sadəcə bir adı var: biabırçılıq.
Müəllif Hafiz Hacıyevdən ilhamlanıb, “aradan çıxmaq” ifadəsinin o versiyasını istifadə etmək istəyirdisə, heç olmasa, onu “aradan cırdırmaq” yox, “aradan cırmaq” şəklində doğru istifadə edərdi.
Qurşaqdan aşağı sözləri qoyuram bir qırağa, mənə maraqlıdır “Bədbəxt qayıdıb nağarsa yaxşıdı" cümləsindəki "nağarsa" sözünün kökü nədir? Mənə elə gəlir, müəllif bu hekayəni içkili olarkən yazıb, bu, o qədər də anormal bir hal deyil, anormal olan hekayəni çapa göndərərkən də müəllifin içkili olmağıdı. Əks halda, məncə, göndərməzdi.
Bu cür müasir hekayə yazmaqdansa, Sovet ədəbiyyatını imitasiya eləyib, qoyundan-quzudan, peyindən-filandan yazmaq min dəfə yaxşıdır.
O gün müəllifin Polşa təəssüratları haqqında yazısını oxuduqdan sonra, kulis-də əvvəllər dərc edilmiş bir çox başqa yazılarını da oxudum və zövq aldım. Hətta publisistikada belə, oxucuya bədii zövq yaşatmaq iqtidarında olan bir istedad, bu cür hekayə qələmə alırsa, qələmə almaq o tərəfə, hətta çap etdirirsə, o zaman yuxarıda bildirilən rəyimə görə də məni üzrlü sayacağına ümid edirəm.