Bədii ədəbiyyatda ənənə nə deməkdir? - Cavanşir Yusifli

Bədii ədəbiyyatda ənənə nə deməkdir? - Cavanşir Yusifli
24 yanvar 2025
# 16:55

Kulis.az tənqidçi Cavanşir Yusiflinin "Qorxulu həqiqətlər" adlı yazısını təqdim edir.

Hərdən yuxu janrında yazan tənqidçi və esseistlər ədəbiyyatımızın tarixini ələk-vələk edərək qəribə (əslində ciddi - !) suallar verirlər. Dünya ədəbiyyatı və incəsənətində, ümumən mədəni fikirdə belə bir ayrıntı var ki, dünyada yalnız öyrəniləsi dühalar bizdən nə qədər uzaqlaşsalar da, onlardan öyrənmək zərurəti heç zaman arxa plana keçmir. Öyrənə bilsən, udarsan, yazıların, düşüncələrin xüsusi çəkisində, yaddaşının ən önəmli yerində həmişə, bəlkə durğun və qüssəli vaxtında sənə nəfəs almağı öyrədən bir-iki kəlmə qalmış olar.

Çexovun hekayələrində elə məqamlar, yaxud bu kimi məqamların elə ardıcıllığı - silsiləsi var ki, əvvəllər dediyimiz kimi, süjet anidən "gözdən qaçır", yəni sən bir anda elə indicə "eşitdiyin" çox kədərli mənzərənin təsiri altına düşürsən. Ən yaxşı süjet transformasiyasında reallıq hadisələrlə bağlı deyil, onsuz bütün bədii mətnlərdə reallıq əslində "olmayanlardır", yazıçı, yaxud şair bu olmayanlara can verir (Mirzə Ələkbər Sabir hadisəsi - !), içində doğan gerçəkliyi hər şeyin fövqündə təsvir etməyə çalışır. Çexovun bir neçə ən yaxşı hekayəsində təhkiyənin hansı məqamındasa, "ekranda" nəyisə görmüş kimi olursan, bundan sonra hər şey o görüntünün təsiri altında qalır, beləliklə, vizuallıq effekti beynində, şüurunda elə şırımlar açır ki, bunların sayəsində insanın daxili dünyasının, xarakter və xasiyyətinin onun özünə də açılmayan sirrinə bələd olursan. "Qara rahib", "At familiyası" və sair hekayələrdə, gənc yaşlarında qələmə aldığı "Çöl" povestində bu dediyimiz mənzərələr bütün duyumlu oxucuların haçansa görüb şahidi olduğu nəsnələrdir.

Mirzə Cəlilin hekayələrində ironiya güzgüləri, bizim baxdığımız, üst-başımıza nizam verdiyimiz güzgünü çatladan nəsnələrdir. Hər şey onun qələmə aldığı əhvalatlarla yox, içində qətrə-qətrə doğan ironiya şırnağı ilə bağlıdır (bununsa mənbəyini harda axtarırsan-axtar, yenə cavab təxmini olacaq...). Bu hadisələrin və hekayələrin yaranma, "boy göstərmə" metodunu bilmədən Mirzəcəlilşünas olmaq mümkün deyildir. Yaxud bütün bunları bilmədən hekayə yazmaq xam xəyaldır.

Bədii ədəbiyyatda ənənə əslində nə deməkdir? Kimisə yamsılamaqmı? Ondan, yaxud onlarla müəllifin yazdıqlarından dərs götürməkmi? Dərs almaq öz yerində, amma "Molla Nəsrəddin"in özü əsrlər boyunca bədii təfəkkür saxlancına yığılan nüansların yenidən doğuluşu, əks (bəlkə də onu təkzib edən - !) nəsnələrlə birləşib, onlarla qovuşaraq yeni tendensiya yaratmasıdır. Bu mənada, yenilik, novatorluq həmişə gələcəkdən çox, keçmişə dönüşdür, keçmişdə gözdən qaçan, qələmə alınması mümkün olmayan olayları "oğurlamaqdır". Bunun ən dərin analizini M.F.Axundzadənin "Aldanmış kəvakib" nəsr mətnində tapmaq mümkündür. Axundzadə təsadüfi demirdi bu sözləri: "roman da dram fənninin bir növüdür..."

İndi "dram fənnində roman" yazılırmı?

Bu barədə gələn dəfə danışacağıq.

# 986 dəfə oxunub

Oxşar xəbərlər

"Milli Kitab 10-luğu" - "İblis"

"Milli Kitab 10-luğu" - "İblis"

21:40 25 mart 2025
Türk poeziyasında sufizmin inkişaf paradiqmaları - Nizami Cəfərov

Türk poeziyasında sufizmin inkişaf paradiqmaları - Nizami Cəfərov

17:10 24 mart 2025
Mühəndisin tamadaya çevrilməsi - Qızının qisasını alan ana kim idi?

Mühəndisin tamadaya çevrilməsi - Qızının qisasını alan ana kim idi?

12:00 24 mart 2025
Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova

Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova

15:00 23 mart 2025
Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Fəxri Uğurlu

Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Fəxri Uğurlu

10:00 23 mart 2025
Detektiv roman oxumaq ayıbdırmı? - Qismət Rüstəmov

Detektiv roman oxumaq ayıbdırmı? - Qismət Rüstəmov

16:00 22 mart 2025
#
#
# # #