Ayağını yorğanına görə uzatmayıb – Yazarlar Narıngülü tənqid etdilər

Ayağını yorğanına görə uzatmayıb – Yazarlar Narıngülü tənqid etdilər
18 may 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Narıngül Nadirin “Qara” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

“Qara” Narıngül Nadirin mənə tanış olan mətnləri içində fikrimizcə, heç də ən yaxşısı deyil. Problem yazı metodundadır. Əhvalatı oxunaqlı və maraqlı edən, onu nəsrə çevirən, yaxud ciddi-cəhdlə bunun qarşısını alan da elə bu metoddur, Narıngüldə fikrimizcə detallar azdı, təsvir məqamları “düzünədir”, hiss olunur ki, müəllifin hadisələrə baxdığı yer də düzgün seçilməyib. Bu mətni, əslində, hekayə edən bircə məqam – detal var: anası ona demişdi ki, sən ağlamalı olsan, göydən yekə-yekə daşlar yağacaq. Heç kəsin yazığı gəlmədiyi, çiyinlərindən bədbəxtlik yağan (bu məqam çox mükəmməldi, qadınlarda bədbəxtlik, deyəsən, çiyinlərdən oxunur... - !) bu qadının ağlamasına ağlayır, cod tüklü üzünü yaş bürüyür. Amma göylərdən daş yağmır və son cümlə: anası onu aldatmışdı. Elə bu məqam göstərir ki, Narıngül, əslində, yaxşı, necə deyim “çoxgedişli” mətnlər yaza bilər və yazmalıdır da. Amma dediyimiz kimi, yazı metodu çox ənənəvi olanda mətndə fövqəladə işlər görmək çətinləşir, oxuyursan, cümlələr yerinə oturmur, çiyin-çiyinə gəlib həsrətlə gözlədiyin mənzərənin konturlarını pozurlar. Diqqət edin, Qara hələ “malış” işlədiyi çağlarla əlaqəli mətnə çox maraqlı və perspektivli detallar qoymaq olardı, elə detallar ki, sonda, yaxud təhkiyə boyunca niyə ağlamadığının, üzünün daş olduğunun səbəbi, əhatəsi, bütün xronologiyası, bəlkə də, açılardı, bundan da başqa (yəni məsələ o səbəbin heç açılmağında da deyildir - !) oxu zamanı fantaziyanı çalışdırmağa səbəb olardı. Çox köhnə metodla yazılan hekayələrdə təhkiyə massivinə “ilişib qalan” sözlər sadəcə yanıb-sönürlər, qaranlıq məqamlar, görmək istədiyin nəsnələri tez-tez unudursan, amma yuxarıda dediyimiz kimi, funksionallıq dərəcəsi artıq olan metodla işləyəndə sözlərin qabığı yox, dibi görsənə bilir. Narıngüldən daha yaxşı mətnlər gözləyirəm.

Mübariz Örən

Bu hekayəni, deyəsən, mən əvvəllər oxumuşam. Yaxşı hekayədi, dadı-duzu yerindədir. Təmizdir, ustaca yazılıb. Real həyatdan götürülüb, hətta, deyəsən, mən belə adam tanımışam nə vaxtsa, olub. Özü qara, adı Qara, həyatı qara və bütün bu qaralıqların içində xırdaca bir sevinc – payız günəşinin şüaları onu xoşbəxt edir, təsirlidi. Təbrik edirəm Narıngülü, təzə əsrlərlə sevindirsin.

Alpay Azər

Həm lirik, həm də kədərli hekayədir. Kasıb Qaranın adi, hardasa xoş keçən həyatında günlərin bir günü qəfildən faciə ilə üzləşməsi və bunu dərk edərkən həyatında ilk dəfə gözlərindən yaş gəlməsi, məncə, uğurlu bədii detaldır. Mətndə önəmli olan hadisənin özü yox, – çoxumuzun bildiyi hadisələr, – müəllif təhkiyəsidir. Məhz müəllif nəqli vasitəsilə adi həyat detalları hekayədə öz bədii həllini tapa bilib.

Rəvan Cavid

Hekayənin məzmunu onun janr konturlarından zəif qalıb. Müəllifin oxucuya çatdırmaq istədiyi fikir cümlələrin bədii təsir gücündən daha qüvvətlidir. Bir sözlə, müəllif ayağını yorğanına görə uzatmayıb. Hekayənin ən uğurlu cümləsi elə axırıncı cümləsidir. Klassik mövzuda, “sovet dili”ndə yazılmış bir hekayədir. Ümid edirəm, Narıngül xanım daha orijinal mövzuları daha sadə dillə yazacaq.

# 3661 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər