Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel

Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel
7 may 2025
# 09:00

Kulis.az Rahid Uluselin "Məhşər, yoxsa Əbədiyyət" adlı yeni essesini təqdim edir.

Yerüzünün səhrasında bitən tək çiçəyə

Semitköklü dinlərdə onları arxaik və antik Şərq mifləri və inanclarından, əsasən də, iudey mifologiyasından yoğuranların (1) üstünlük və hökmranlıq psixologiyasına uyğun olaraq, Tanrı Kainatın Yaradıcısı kimi deyil, Kainatın Qoçusu kimi təqdim edilir. Bu dinlər bütpərəstliyi etiqadlardan silmək iddiası ilə meydana atılsalar da, dolayısı ilə, bütün cinahlar üzrə bütpərəstliyi yenidən özlərinin Tanrı-Bütünə itaət şəklində dirçəldirlər. Semit Tanrı-Bütü dünyanın ən qocaman bütündən – şumer-akkad baştanrısı Mardukdan, gənc yunan baştanrısı Zefsdən min qat hökmlü və qorxunc görkəmdə dini dünyagörüşünün mərkəzinə çəkilir.

Bəşəriyyətin zehniyyət qalasına soxulmuş bu Troya atı hələ Təkdir. Ancaq şəhər-düşüncəyə qaranlıq çökən kimi Troya atının içindən onun peyğəmbərləri, mələkləri, cinləri, şeytanları, papaları, apostolları, ayətullahları, imamları, min cür vaiz və darğaları... çıxıb, bütün azad fikir sərhədlərini tutur, yağmalayır, sağlam, rasional ideyaları qılıncdan keçirirlər.

Bəşəriyyətin yüz min illər öncə “mitoxondrial Həvva” və “Y-xromosomlu Adəmlə” (2) başlayan real təkamül tarixini semitköklü dinlərin əsarətinə salmağın arasıkasilməz hüznlü-qanlı savaşlarına start verilir. Yerdəki mağaradan çıxan İnsanın (homo-sapiens) əvəzinə göydəki cənnətdən qovulan İnsan (mifik Adəm və Həvva) gətirilir. Özü də necə: “Bir-birinizə düşmən olaraq [Cənnətdən] yerüzünə enin” (3) – (7:24). Gətirilir ki, axırda... məhşər ayağına çəkilsin!..

Məhşərlə Tanrı – Tarixə son qoyur. Bəşəriyyətin min illərlə davam edən tarixi, bu tarixin içində onun addım-addım böyüməsi, sözdən məbədəcən, kitabdan teleskopacan qurub-yaratdıqları, qazandığı zəka və duyğusallıq, elm, mədəniyyət, təcrübə, Kainata açdığı yol... hamısı hədərmiş.

Dini doktrinalarda xüsusi olaraq və dəfələrlə bəyan edildiyi kimi, bu dünya – “oyun-oyuncaq, əyləncə” imiş – “Dünya həyatı aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir” (3:185); “Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir” (47:36); “[Ey insanlar!] Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir... Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir” (57:20). Yalnız iki məqamda, o da universal varlıq kontekstində özünü təkzib edərək bildirilir: “Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq, əyləncə yaratmadıq” – (44:38; 21:16). Ziddiyyət!

Gerçək Kainat, onun Yer planeti, planet üzərində bəşəriyyət, bəşəriyyətin böyük zəhmət, iradə və səylə yaratdığı tarix, sən demə, puç bir şeymiş. Bu qapalı layihəyə görə, insan yaranmazdan öncə Xeyirə və Şərə məhkum edilmişmiş, iradəsi sayılmayaraq onun üçün qiyamət – cənnət və cəhənnəm qurulmuşmuş, cənnət kimi cəhənnəm də boş qalmayacaqmış, çünki Tanrı yaratdıqlarından cəhənnəmlik olacağını qabaqcadan proqramlaşdırmışmış. Bütün hallarda insan axirət dünyasında istəsə də, istəməsə də, bu iki məkandan birinə əməlinə – savabına və günahına görə düşəcəkmiş.

Hətta peyğəmbərlərin belə bu mütləq Taleyi dəyişməyə gücü çatmayacaqmış (Bəs onda onlar nə üçün göndərilmişmişlər?! – Təkcə buna görəmi?!: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm” [27:92]): “Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi” (16:93); “Əgər Rəbbin istəsəydi, yerüzündə olanların hamısı iman gətirərdi. Onları iman gətirməyə sənmi məcbur edəcəksən?! Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah inanmayanları qəzəbə, əzaba düçar edər” (10:99-100); “Əgər biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: “Cəhənnəmi mütləq bütün [günahkar] cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm!” (32:13); “Biz küfrü günahkarların ürəklərinə belə yeridirik” (15:13).

Semitköklü inanclara görə, öyrətməyi yox, sanki bir “zəhmli müəllim” tək yalnız cəzalandırmağı bacaran, eyni anda özünə həm “Biz”, həm də “Mən” deyən (?!) Tanrı bəşəriyyəti – onun içərisindən özünə sadiq bəndələri seçmək üçün yaratmışmış: möminləri cənnətə göndərmək, kafirləri cəhənnəmə vasil etmək üçün. Vəd edilən cənnət insana pay, cəhənnəm isə cəza kimi nəzərdə tutulmuşmuş: “Hər bir kəs [canlı] ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan [Cəhənnəmdən] uzaqlaşdırılıb, Cənnətə daxil edilən şəxs muradına çatacaqdır” (3:185). Hələ Şəxsiyyət! Hələ Yaradıcı İnsan! Görəsən, o hansı Cəhənnəmə və Cənnətə gömülür?!

Mələyi İblisə, İnsanı Qatilə (Kain=Qabil) çevrilən Semit Allahının doktrinalaşmış dini özü-özünü suçla başlayıb suçla da sona çatdırdığı dünya-qəfəsinə çıxmazca salır: əgər bu Allah dünyanı suç evi kimi tikibsə, onda Onun İblislə müşayiət etdiyi İnsanın nə günahı?! Yox, əgər İnsan da, onun əbədi peyki İblis də bu Allahın iradəsinə qarşı çıxıb Ondan üz döndərirlərsə, onda ilahi qüdrət sarsılmırmı, yaratdığı qarşısında acizlik durumuna gəlmirmi?!

Qaçılmaz şəkildə semit versiyası öz Allahını bir-birinə zidd əlamətində zühur etdirir: O ya “eksperimental dünyada” yaratdığı insan üzərində laboratoriya təcrübəsi aparan kimyagər, ya da yaratdığı od-mələk (iblis) və gil-canlı (insan) önündə çarəsiz qalan intiqamçıdır! Semit yozumunda dini dünyagörüşünün getdikcə qabalaşıb-vulqarlaşan anti-varlıq proyeksiyası cəhalətdən başqa nəyi oyandıra bilərdi ki?! Dünyanı tamamilə tərsinə anladan bu yozumun, görün, cəhənnəm qorxusundan özgə hansı dayağı var ki?! Gerçəkdənmi, ilahi varlığın təsdiqi üçün bir yandan İblisin hiyləsinə, bir yandan cəhənnəm qorxusuna əl atılmalı imiş?!

Fəqət bütün altyapısından da görünür ki, bu modeldə – yaşadığımız “fani dünya” (28:60-61) qabaqcadan və bilərəkdən ədalətsizliyin poliqonu kimi yaradılmışmış! Belədirsə, faniliyin bütün əlamətləri müncər edilən “oyuncaq” dünyadan xeyir və ədalət ummaq mümkünmü və bunun bir əhəmiyyəti varmı?! Efemer (gəldi-gedər) dünyanı substansial dünya nədə ittiham edə bilər?! “Fani insan” əbədi Allah qarşısında hansı məsuliyyət daşıya bilər?!

Bəlkə, elə buna görə insan dünyaya siğə arvad kimi baxır?! Əgər sən və sənin fəaliyyətin “oyuncaq” dünyanın ölçülərinə sığdırılıbsa, qiyamət sənin üçün faciədir, yoxsa komediya?! Əgər yerüzünə insan şeytanla birgə göndərilibsə, şeytanlı dünya “əyləncə və oyuncaq” olmaqdan savayı hansı “qüdsiyyətə” can atardı?! Dağılacaq bu dünyanın “əşrəfi” insan heçdirsə, puçdursa, Tanrı ona məhşər qurmaqda özünü inkar etmirmi?! Əgər insan həyatının bütün mənası Tanrıya behişt qazanmaq üçün itaətdən ibarətdirsə, İnsanın Quldan, Tanrının Firondan nə fərqi var?!

İnsanı və Tanrını bir-birinə bağlayan Sevgi yox, Qorxudursa, demək, cahanın qapısı Əbədiyyətə deyil, Məhşərə açılar və onların Vəhdəti heç zaman baş tutmaz! Ağa ilə Kölənin nə sevdası?! “Harda müsəlman görürəm, qorxuram!” Niyə? Çünki “...bu yox olmuşların / fikrini qan-qan görürəm, qorxuram!” (M.Ə.Sabir). Ona görə ki, “Allahdan qorxun!” deyən doktrina qorxduğundan qorxudan və qorxunc olan məxluqat bəslər! Başında oturanı ölümə fərman verər, aşağıda dayananı terrorist olar, icra edər!

Burada insanı sarsıdan bir məqam da var: məlum olur ki, “Allaha və peyğəmbərə itaət” (33:71) müqabilində Cənnət vəd edilən insan yaradıcısı tərəfindən tovlanmışmış! – İnsan “çox zalım və çox cahil” olduğundan, göylərdən, yerlərdən, dağlardan fərqi olaraq, bu itaəti boynuna götürmüşmüş (33:72)! Deməli, bu yükün ağırlığını qansaymış, götürməzmiş?! Cahilliyi səbəbindən itaətkarlıq edən bəndədən Tanrısına pak və məsum sədaqət gözləmək olarmı?! Bunca əskildib alçaltdığı varlıq Xaliqinə hansı məhəbbətlə bağlana bilər?! “Zalım və cahil” məxluqun yalnız qorxu və itaətlə adil və kamil insana çevrilməsi mümkündürmü?! İnsan yaranışının ilahi mənasını heçə endirməkdən ötrü din daha nəyi uydura bilərdi ki?!

Siyasət qatına transformasiyası ilə də birbaşa mütləq monarxiyaya yol açan semitköklü dinlər Allahla İnsan arasında elə bir sədd çəkib ki, min illərdir, bəşəriyyət o səddi keçmək üçün çırpınır və çarpışır!.. Təbəqələşmiş “fani dünyamızdakı” kimi məhşərdənsonrakı “əbədi cənnət” də, sən demə, bərabərlik səltənəti deyilmiş! O da iyerarxik quruluşa malikmiş, “Ədn”, “Firdövs”, “Mə’va”, “Nə’im” bağlarından ibarətmiş. Yalnız Firdövs bağının ən yüksək qatında “Allahın kürsüsü” – Ərş yerləşirmiş (7:54; 9:129; 10:3; 23:116; 43:82).

Allahla İnsan arasındakı uçurumu sonradan sezən ilahiyyatçılar müqəddəs kitablara istinadla bəşəriyyətin yalnız seçilmişlərinin – peyğəmbər, şəhid və ən əməlisaleh möminlərin Ədn cənnətində “Allahın üzünü” görmək səadətinə çatacaqlarını bəyan etməklə (Əl-Buxari. Təfsir) onları Vəhdətəmi çatdırırlar?! “Allahın kürsüsü göyləri və yeri əhatə etmişdir” (2:255) – ayəsi dini doktrinanın ziddinə olaraq, ilahi varlığa cismanilik və fiziki məkan “bəxş etmək” üçündürmü?!

Daha çox insanı öldürməklə “Allah yolunda” özünü şəhidlər şəhidi etdiyini güman edən fanatik terrorçu da Allaha qovuşmaq üçün alovlanmırmı?!
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır” (9:111); “Allah öz yolunda öldürənlərin əməllərini əsla puç etməz... Onlar... cənnətə daxil ediləçəkdir” (46:4-6); “Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur” (48:20). Heç Allah da İnsanla bazarlıq edərmi, mömin bəndələrini kafirlərlə müharibələrə qaldırıb, onların başlarını kəsməyi, yurdlarını yağmalamağı, qənimətlər əldə etməyi əmr edərmi?! – “Ya Peyğəmbər! Kafirlərə qarşı [qılıncla], münafiqlərə qarşı [sözlə] vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir” (66:9).

Allah “İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün” (48:28) cənnət və cəhənnəmin yolayrıcında dayandırdığı fani dünyanın oyuncaq insanını nədən insanlararası intriqa və savaşlara sürükləsin?! “Yalan dünyada” İslamın cahanşümul təsdiqi və təntənəsi ona hansı haqqı və etimadı qazandırarmış?! Belə bir fatal mövqeyi çağımızın dünya düzəninə uyarlasaq, əldə etdiyimiz nəticə islam dünyasının günümüzdəki anlaqsız və viran vəziyyəti bizi təəccübləndirməlidirmi?!

Əgər dünya “fanidirsə”, nə üçün “Rəhim və Rəhman olan Allahın” tam ziddinə, despotlaşması, tiranlaşması qaçılmaz olan əski xəlifələrdən indiki siyasi kral-şeyxlərəcən bütün mömin monarxlar allahsızca hakimiyyətdən qırxayaq tək yapışıb-qopmur, təkayaqlı dövlətlərinin başına öz nəslini tac qoyur, dəfələrlə Kə’bə daşına alın döyüb kəfən geysələr də, halal-haram bilmədən dünya malını başarınca hərisliklə toplayır, Hakimiyyəti Kə’bəyə çevirirlər?! Kə’bə ziyarətindən ildə 50 milyard dollar civarında gəlir götürüb “müttəfiqi” ABŞ-dan (əlbəttə, amerikalıların istəyi ilə!) silah almaq üçün (kimə qarşı?!) onunla 110 milyard (perspektivdə 380 milyard!) dollarlıq müqavilə bağlayan (4) dini hakimiyyət, görəsən, müasir dünya siyasətinin hansı küncündədir?!

Əgər Semit qafasından doğan mütləqiyyətçi dinlər və onların törəmələri öz həqiqətlərinə uzun əsrlər boyu inanıb və indi də inanırlarsa (“yəqin”), niyə tənqidə açıq deyillər və skepsisi (“şəkk”) qadağan edirlər?! Özünün qarşı tərəfi görməyən kor düşüncəsi ilə “fani dünya” insanı hansı dayanıqlı Dövlət təsisatlarını yarada bilər?! Onun cənnət vərdişləri qazanması üçün Hərəmxana yaratmaqdan savayı əlindən nə gələrmiş ki?!

Altından qızıl çaylar axan bağları, sərin bulaqları, dumduru gölləri, iri, qara gözlü bakirə huriləri, “nar məməli qızları” (78:33), zinətlərlə bəzənmiş geyimləri, südlü, ballı, şərablı (“Ağappaq, özü də içənlərə ləzzət verən şərab” – (37:46) yeyimləri ilə bu dünyanın ideal (həm də maddi!) obrazında vəsf edilən cənnət, bitməz əzabları ilə onun anti-ideal obrazında təsvir edilən cəhənnəm, mütləq ədalətin yalnız bu şəkildə bərqərar olması, doğrudanmı, Kainatı onun bir zərrəsinin – Yer İnsanının buradakı “təhkimli” missiyası ilə qapadacaqmış?!

Semit finalizmi nəinki insanın, hətta bütün varlığın qapılarını rəhm etmədən kip bağlayır. Məhşərlə nəinki insan epoxası, eyni zamanda varlığın təkamülü dayandırılır. Bu yarımçıq teleologiya ilahi məqsədlərdən irəli gələ bilərmi?! Bu dünyada ədaləti qura bilməyənlər, ondan barınmayanlar qiyamətin hesab gününəmi bel bağlamalıymış?! Bu dünyanın problemlərinin həllini o dünyaya tullamaq, öldürülən günahsız bir körpənin “intiqamını” o dünyada məhşərlə almaq, yerüzünün ədalətsizliklərini zamansızlığa dəfn etmək absurd deyilmi?! Allah qeyri-kamil yaratdığı, cin-şeytanla doldurduğu, aldadıb-tora saldığı bu sınaq-dünyanın suçunu Məhşərdə yalnız insana yükləyər, yoxsa onunla birgə özü də çəkər?! Yaratdıqlarına inanmadığındanmı Allah onları sınağa çəkir?! Əyarı şeytan olan Allaha yaratdığı İnsan hansı meyarla inansın?!

Şərq İntibahının yaradıcılarından - klassik fars şairi və filosofu Nasir Xosrov min il öncə, Qərb rasionalizminin banilərindən – ilahi varlığın mahiyyətini və dini idrakın təkamülünü dahiyanə bəsirətlə araşdırmış böyük alman filosofu İmmanuil Kant üç yüz il öncə bu ritorik sualları verməkdən özlərini saxlaya bilməmişlər: “İlahi, əgər Sən məni ibadət üçün yaradıbsansa, şeytanı nə üçün yaradıbsan?!. Hökmünlə qoy məni cəhənnəmin lap dibinə atsınlar! Fəqət hər dəfə deyişməyin bir faydası varmı ki, biz Sənə sidq-ürəkdən ibadət edərkən, “Onları azdır!” – deyə şeytana əmr edirsən?! (sətri tərcümə)” (5); “...Soruşmaq gərək: insanları – qoy az qismi olsun, lap bircəsi olsun – nə üçün yaradasan ki, əgər onlar yoxluqdan da acı olan əbədi məşəqqətlərə məhkum ediləcəklərsə?!” (6).

Semit-İuda Allahı necə Allahdır ki, yaratdıqlarını Öz yoluna – Haqq yoluna gətirə bilmədən Cəhənnəmə tökür?! İnsanı Semit-İuda Allahı qədər azdıran ikinci bir determinant varmı?! İnsanların məhz şeytanın əli ilə yoldan çıxarılaraq cəhənnəmə vasil edilməsi ilahi qüdrətin təsdiqidirmi?! Yerüzündəki inkvizisiya qaydasında Məşhərdə günahkarların yandırılması – şeytanın İnsan üzərində qələbəsidir, yoxsa Allah üzərində?! Allahı şeytana məğlub etdirən bir düşüncənin görkü nə?!

Məhşər – buradakı həyatın davamıdır, yoxsa yeni bir həyatdır: əgər onun Cənnət və Cəhənnəmində heç nə dəyişməyəcəksə, o necə həyatdır?! – Əbədi həzziəbədi əzabı insanın sonundan başlayan həyat saymaq olarmı?! Tale – Məhşərlə bitir, yoxsa Məhşərlə başlayır?! Doğrudanmı, bəşər – tarixin başa çatdığı yerdə başlayan qızıla bükülmüş cənnətdə kef eləmək (“Cənnət əhli keflə, əyləncə ilə məşğuldur” – [36:55]) üçün doğulmuşmuş, hətta qəbul etdikləri Əflatunu – Aristoteli yanlışa çevirərək, onun eudaimonia (səadət) idealını (7) o dünyaya – qiyamətdən sonraya keçirib yalnız orada ona qovuşmaqdan ötrü yaradılmışmış?! Bu dünya ləzzətlərinin o dünyadakı cəmi Cənnət elə bu imiş – tərtəmiz ərəb təxəyyülü?!

“Dünyanı axirətdən üstün tutmaqla” cəhənnəmlik olan İnsan (79:38-39) nəyə xəyanət etmiş sayılır?! Axı, bütün varlığı yaradan Xaliqin özünün o varlıq içrə xəlq etdiyi bizim “fani dünyamız” – “fani” bəşəriyyət, “fani” tarix nəyinə lazımmış?! Kainatı yalnız mömin və kafir insanın esxatoloji aqibətinə məhkum etmək nə üçün lazımmış?! Zərurətdənyüksək Allahın buna nə ehtiyacı varmış?!

Allah öz surətində (“Tövrat”, Varlıq, 1:31), öz ruhundan və nurundan yaratdığı (15:29) İnsanı hər hansı bir yaradıcı aktdan məhrum olan zamansız cənnətə həbs edib, onu yalnız məsum Adəm və Həvva vəziyyətinə qaytarmaqla sonlayarmı?! Ən dəhşətlisi və inanılmazı – Allah öz varlığından yoğurduğu İnsanı, lap günahkar olsa belə, əbədi olaraq yandırarmı?! Bir düşünün: Allah özünü yandırarmı?! Cəhənnəm alovlarında İnsan və onun Tarixi yanıb kül ola bilərmi?!

Əslində, suçlarına görə mənəvi iztirablar çəkməli olan insanın bədənini cəhənnəm oduna qovurub ona dayanılmaz cismani işgəncələr verən, cəlladlaşdırılan “Allah”a din nə üçün bu dünya tiranlarının rəhmsizliyini həkk edir?! Din necə bir mənəviyyat hadisəsidir ki, nə insanın ruhunu zəncirləməkdən, nə də canını dirildib oda yaxmaqdan əl çəkir?! Dinin Cənnəti də, Cəhənnəmi də İnsanın Canının məskənidir! Maddiyyət məqsədlərini gizlətməyən din üçün insanların canları və malları satın alınmışdır (9:111)... Semitköklü dinlər əski çağlarda olduğu tək bu gün də yerüzünün milyardlarla insanını belə bir cəhalətin burulğanında fırladıb da dibinə çəkir. Ona görə də onların zahiri humanizmi insanlığa nicat və təkan verə bilən hər hansı bir gerçək daxili enerjidən məhrumdur.

İlahi varlığın yolunu bunca azdırmaq, yaranışın böyük məqsədlərini bunca cılızlaşdırmaq, tanrısallığı cənnət və cəhənnəmlə bitirmək, Allah – Kainat – İnsan münasibətlərinin genişlənmə və dərinləşmələrini, sonsuzluğa uzanışlarını, bütün varlığın İnsan təcəllasında ilahi başlanğıca qayıdıban yüksəlişini və bu ilkin fazasının tamamlanmasından sonra yeni dünyaların və kainatların yaranışına daha böyük qüdrətlə başlanılmasını, İnsanın özünüyaratma proseslərinin bitməzliyini – Onun əbədiyyət içrə yürüşündə yarandığı çağdan Xaliqindən (demiurq) ayrılmazlığını, idrakın optumumunda Böyük Vəhdətə çatışını və hətta bundan sonra da irəliləməkdən dayanmazlığını, əbədi olaraq kosmikləşmə, cilalanma, saflaşma, kamilləşmə, nurlanma, ucalma, ucalma, ucalma təşnəsini görməmək və danmaq, beləcə, İnsanı Yerin qucağında – beşikdə körpə ikən boğub öldürmək iblislik deyil, bəs nədir?! Allaha böyük sevgini bunca yanıltmağın özü günah və kafirlik deyil, bəs nədir?!

Bu gün bəşəriyyət Məhşərin, yoxsa Əbədiyyətin yolundadır?! Əlbəttə, Əbədiyyətin!

Kainat sonsuzca yox ola və yenidən yarana: İnsan onun damarlarında daim dolanacaq!

Mən varlığın mayasındakı YARADICI QÜDRƏTƏ Əbədiyyət Sevgimi bu qanla yazıram!

-----------------------------------------------------------------------------------------------------------------

(1) Smith R.W. Lectures on the Religion of the Semites. London, A. & C. Black, 1894

(2) Sykes B. The Seven Daughters of Eve: The Science That Reveals Our Genetic Ancestry. W. W. Norton & Company, 2002

(3) Sayyid Abul A’la Mawdudi. Towards Understanding The Qur’an. Translated and Edited by Zafar Ishaq Ansari.UK Islamic Mission Dawan Centre, Birmingham (UK), 2011. (Bütün istinadlar bu kitabdandır).

(4) US and Saudi Arabia sign arms deals worth almost $110bn // http://www.aljazeera.com/news/2017/05/saudi-arabia-sign-arms-deals-worth-110bn-170520141943494.html

(5) Хосров Н. Спор с богом / Лирика. Из персидско-таджикской поэзии. М.: Худож. литер., 1987, с.87, 91

(6) Kant I. The End of All Things / Religion and Rational Theology. The Cambridge Edition of the Works of Immanuel Kant. The Cambridge University Press, 1996, p. 223

(7) Aristotle. Nicomachean Ethics. Eudemian Ethics / The Complete Works of Aristotle. The Revised Oxford Translation. Vol. 2. Ed. by J.Barnes. Princeton University Press, 1995, pp.1729-1867, 1922-1981

# 983 dəfə oxunub

Oxşar xəbərlər

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

11:19 7 may 2025
"Milli Kitab 10-luğu" - "Dəli Kür"

"Milli Kitab 10-luğu" - "Dəli Kür"

09:00 7 may 2025
"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

12:00 6 may 2025
Varlıq və heçlik arasında - Firuz Mustafa

Varlıq və heçlik arasında - Firuz Mustafa

10:00 3 may 2025
Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

10:15 30 aprel 2025
"Milli Kitab 10-luğu" - "Əli və Nino"

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

09:10 30 aprel 2025
# # #