Bu günlərdə tərcümə işi ilə polemika yazılar yayımladıq. Müzakirələrdə müxtəlif fikirlər səsləndi. Bəs inkişaf etmiş Qərb ölkələrində vəziyyət necədir? Tərcümə işi hansı vəziyyətdədir? Tərcüməçi öz peşəsi ilə rahat yaşaya bilirmi? Kulis.azın suallarına Strasburqda yaşayan həmyerlimiz, Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AİİC) ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəyli cavab verib.
- Elvin bəy, ilk olaraq ümumi bir sualla başlayaq: Avropada tərcüməçi kimdir?
- Burda tərcüməçiyə böyük hörmət var. Ədəbi tərcüməçi həm müəllif və nəşr evi, həm də oxucular tərəfindən yüksək hörmət edilən şəxsdir. Bütün bu tərəflər tərcüməçinin əməyinin qiymətini anlayır. Kitabın təqdimatı zamanı bəzən tərcüməçi də dəvət edilir. Texniki tərcüməçi də özünə dəyər verərsə, daha çox iş almaq üçün qiymətləri çox endirməzsə, tərcümə şirkətləri və fərdi müştərilər tərəfindən özünə hörmət edən tərcüməçi kimi qəbul edilir. Şifahi tərcüməçiyə gəlincə, ona hörmətdən əlavə böyük inam bəslənilir. Beynəlxalq təşkilatlarda bəzən bağlı qapılar arxasında keçirilən və jurnalistlərin buraxılmadığı iclaslarda, dövlət və hökumət rəhbərlərinin təkbətək və ya nümayəndə heyətlərinin iştirakı ilə aparılan görüşlərdə tərcümə edir. Beynəlxalq təşkilatlarda iclas başa çatarkən, sədr sinxron tərcüməçilərə də təşəkkür edir və bəzən iştirakçılar onları alqışlayır. Dövlət və hökumət rəhbərləri, nazirlər də görüşdən sonra tərcüməçiyə yardımı üçün şəxsən görüşərək minnətdarlığını ifadə edir. Bütün bunları öz praktikamdan söyləyirəm. Başqalarında da belə olduğuna əminəm. Bu, Avropada artıq ənənəyə çevrilib.
- Siz Fransa Respublikası Prezidenti Administrasiyasının rəsmi akkreditasiyasında olan tərcüməçisiniz. Üstəlik, bədii tərcümələrlə məşğulsunuz. Bunlar arasında fərq və oxşarlıqlar hansıdır?
- Sualınıza cavab vermədən öncə bir şeyi dəqiqləşdirmək istərdim. Dilimizdə bu iki fərqli peşəni ayırmaq üçün sadəcə “yazılı, texniki, bədii” və “şifahi, sinxron, ardıcıl” sifətlərinin əlavə edildiyi “tərcüməçi” sözündən istifadə edirik. Amma bir çox Avropa dillərində və hətta Türkiyə türkcəsində bu iki peşə üçün iki fərqli sözdən istifadə edilir. Yazılı tərcüməçiyə “mütercim” (translator), şifahi tərcüməçiyə isə “tercüman” (interpreter) deyirlər. Bundan əlavə bizim kimi hər iki peşə üçün istifadə etdikləri “çevirmen” sözü də var. Sualınıza gəlincə, yazılı və şifahi tərcümə ümumilikdə tərcümə ilə bağlı olsa da, tamamilə fərqli bacarıqlar tələb edən peşələrdir. Avropada bu iki peşəni master səviyyəsində oxuyub iki fərqli diplom ala bilərsiniz. Yazılı tərcüməçi demək olar ki, heç vaxt şifahi tərcümə ilə məşğul olmur. Əksi bəzən mümkündür. Mən hər iki diplomu aldığım üçün iki fərqli peşəyə sahib olduğumu düşünürəm. Oxşarlıqlarının hər ikisinin də yaradıcılıqla bağlı olmasıdır. Bədii tərcümə qalıcı olsa da, şifahi tərcümə də, keçisi görünməsinə baxmayaraq, qalıcıdır. Fotolarda, videolarda və ya arxivlərdə qalmaqdan bəhs etmirəm. Gördüyünüz işlə ikitərəfli əlaqələrə və ölkələrarası dostluğa öz səviyyənizdə töhfə verirsiniz. Fərqləri isə həyata keçirildikləri formatlardır. Bədii tərcümə zamanı ən yaxşı variantı tapmaq və düşünmək üçün vaxtınız var. Şifahi tərcümədə belə bir lüksünüz yoxdur. Bu da öz növbəsində əlavə stress mənbəyidir. İplə sığorta edilməmiş kəndirbaz kimisiniz. Düşəndə birdəfəlik düşürsünüz.
- Bu günlərdə monqol dili üzərində xeyli işlədiniz. Bildiyim qədər ilkin hekayələr də tərcümə etmisiniz. Niyə məhz monqol dili?
- Doktorluq işim türkologiya və tərcüməşünaslıq olduğu üçün türk dillərinə dil və mədəniyyət baxımından yaxın bir dil öyrənmək istədim. Zamanında yapon dili ilə maraqlanmışam. Cənubi Koreyanın paytaxtı Seulda olduğum zaman Monqolustanlı bir tələbə ilə tanış oldum. Söhbət əsnasında türk dilləri və monqol dili arasında düşündüyümdən daha çox bənzərliklərin olduğunu fərq etdim. Axtardığımı tapmışdım. Amma bu ölkə və onun mədəniyyəti ilə daha öncədən də tanış idim. Beləcə, Koreya dilindən əlavə monqol dilini də öyrənməyə başladım. Davaadorj Enxboldbaatar adlı yazıçının bir hekayəsini tərcümə etmişəm. Müəllifdən icazə aldıqdan sonra fransız dilinə və dilimizə tərcümə etdim. Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının ədəbi, tarixi, fəlsəfi və mədəni mövzulardan bəhs edən internet dərgisi “Litterosa”a fransızcasını, sizin sayta Azərbaycancasını göndərmişəm. Bir neçə günə yəqin ki, hər ikisi yayımlanar. Tərcümə asan olmadı. Bir az vaxt aldı. Bunu özümü sınamaq üçün etdim. Məncə pis alınmadı. Tərcüməmi fransızca bilən Monqolustanlı həmkarıma göstərdim. Bəyəndi. Təbii ki, cüzi düzəlişlər etdi. Gələcəkdə monqol dilindən fransız dilinə daha çox bədii tərcümə etmək istərdim. Azərbaycandan da təklif gələrsə edərəm. Bildiyim qədərilə çevirdiyim hekayə Azərbaycan ədəbiyyatı tarixində monqolcadan tərcümə edilən ilk əsərdir.
- Monqol ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında hansı analogiya var?
- Bənzərliklər düşündüyümüzdən daha çoxdur. Monqolustan ədəbiyyatını bizim kimi klassik ədəbiyyata, sovet ideologiyasının hakim olduğu ədəbiyyata və müstəqillik sonrası ədəbiyyata bölmək olar. Hər iki ölkə SSRİ-nin təsiri altında olub. Azərbaycan Sovet İttifaqının tərkibində olub, Monqolustanda isə sovet təsiri güclü olub. 50-60 yaşlı insanlar rus dilini bilir. Rus dili öncələr daha çox tədris olunurdu. Hal-hazırda ingilis və hətta Koreya dili onu sıxışdırıb çıxarmaq üzrədir. Hətta əlifbaları da kiril əlifbası üzərində qurulub. Kommunizm dəyərləri hər iki cəmiyyəti idarə edib. Bu da hər iki ölkənin ədəbiyyatında öz əksini tapıb. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra yeni imzalar ortaya çıxıb. Amma köhnə nəslin nümayəndələri də qalır. Monqolustanda da eyni vəziyyət mövcuddur. Bizdəki kimi onlarda da Yazıçılar Birliyi mövcuddur. Kommunizm dövründə yaşayıb-yaratmış yaczıçılar indi “bədii depressiya” dövrlərini yaşayırlar. Çünki yazmağa alışdıqları mövzular indi heç kimi maraqlandırmır. Gənc yazıçılar qloballaşan dünyaya və müasir Monqolustanın oxucularına daha asanlıqla ayaq uydurur. Yaşlı ədiblər “kolxoz dəyərlərindən” artıq yaza bilmədikləri üçün tarixi mövzulara baş vururlar. Məsələn, Çingiz xandan yazırlar, müasir oxuculara bu cür mövzuların maraqlı gəlmədiyini anlamırlar.
- Qərbdə bədii tərcümə necə bir peşədir?
- Hörmət edilən peşədir. Azərbaycan və Türkiyə kimi ölkələrdə çox az şəxs sadəcə bədii tərcümə edərək öz ehtiyaclarını təmin edə bilir. Bunu əlavə gəlir mənbəyi kimi və ya hobbi kimi edənlər var. Qərbdə isə yetərli qonorar və diqqət verildiyi üçün bu peşə ilə yaşayıb-yaradan şəxslər çoxdur. Həmkarlarımdan biri universitetlərin birində müəllimliyi buraxıb sadəcə bədii tərcümə ilə məşğul olmağa başladı. Sifarişləri o qədər çoxdur ki, bəzən imtina etmək məcburiyyətində qalır.
- Ümumilikdə, Fransda bədii tərcümə işi necə təşkilatlanır? Dövlətin hər hansı layihəsi olurmu? Yoxsa daha çox müstəqil nəşriyyatlar görür bu işi?
- Fransada bədii tərcümə nəşr evlərinin fəaliyyəti çərçivəsində həyata keçirilir. Azərbaycanda olduğu kimi hər hansı bir nəşr evi tərcümə etmək istədiyi əsərin hüquqlarını alır, tərcüməçi tapır və layihəni həyata keçirir. Fransa Mədəniyyət Nazirliyinə bağlı Dövlət Kitab Mərkəzi (Centre national du livre) mövcuddur. Bu qurumun rolu müəllifləri, naşirləri, kitabxanaları, kitab mağazalarını dəstəkləməkdən ibarətdir. Yəni dövlətin bəzən layihələri ola bilər, amma bu, sistematik xarakter daşımır. Nəşr evləri müstəqil şəkildə istədikləri ədəbi əsərləri tərcümə edib çap edir.
- Azərbaycanda da Tərcümə Mərkəzi var. Nəşriyyatlar da müstəqil olaraq işləyir. Analogiya aparanda Qərblə bizim aramızda nə kimi fərqlər görürsünüz?
- Öncəki cavabımda qeyd etdiyim Dövlət Kitab Mərkəzi Fransa ədəbiyyatının xarici dillərə tərcüməsinə yardım edir. Fransa dövləti sadəcə öz ədəbiyyatının xarici dillərə tərcüməsi işinə dəstək olur. Bunun da səbəbi aydındır: dil və mədəniyyətlə aparılan siyasət, yəni yumşaq güc (soft power). Fransız nəşr evi çıxardığı kitabın hüquqlarını tərcümə üçün xarici nəşr evinə vermək istəyirsə, bu mərkəzə müraciət edə bilər. Bura həm fransız dilində, həm də ölkədəki regional dillərdə yazılmış ədəbiyyat (elzas, bask, bretön və s. dillər) daxildir. Məqsəd Fransanın ədəbi müxtəlifliyini tanıtmaqdır. 500 - 35 min avro arasında dəyişən maliyyə dəstəyini almaq istəyən nəşr evi qoyulan şərtlərə cavab verməlidir. Azərbaycandakı kimi Qərbdə də nəşriyyatlar müstəqil fəaliyyət göstərir. Azərbaycan Tərcümə Mərkəzi həm Azərbaycan ədəbiyyatının xarici dillərə, həm də xarici ədəbiyyatın dilimizə tərcüməsi ilə məşğuldur. Fransada xarici ədəbiyyatın fransız dilinə tərcüməsi ilə nəşriyyatlar məşğuldur. Bəzi regionlar üzrə ixtisaslaşmış (Asiya, Afrika, Slavyan ölkələri və s.) nəşr evləri illərdir mövcuddur. Azərbaycanda nəşr evlərinin bu şəkildə ixtisaslaşmasına zaman lazımdır.
- Bu günlərdə Kulisdə Azərbaycan dilinə son tərcümələrlə bağlı kəskin tənqidi yazılar getdi. Bu haqda düşüncələrinizi bilmək istərdik.
- Maraqla və təəssüf hiss ilə izlədim. Amma ictimai reaksiya vermək istəmədim. Məncə, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Başqasını yerli-yersiz tənqid etmək vaxt itkisindən başqa bir şey deyil. Əgər biri dilimizə edilən tərcümələrdən qətiyyən məmnun deyilsə, buyursun özü də bir işin qulpundan yapışsın. Edə bilirsə, daha gözəl tərcümələr etsin. Necə deyərlər, bu meydan bu da şeytan. Kənarda durub tənqid etmək asandır. O işi zəhmətlə görən həmkarlarımın adının açıq şəkildə çəkilməsi heç də etik deyil. Tənqid edərkən, “İdeal tərcümə yoxdur” cümləsini unutmamaq lazımdır. Bir romanı beş tərcüməçiyə versəniz, beş fərqli tərcümə ərsəyə gələcək. Bu, çox normal haldır. Tərcüməçinin üslubu tənqid obyekti olmamalıdır. Tənqid sadəcə redaktə və korrektə xətaları ilə bağlı olmalıdır. Əgər redaktor da, korrektor da öz işini ciddi şəkildə görürsə, bu cür xətalardan xali əsər ortaya çıxır.
- Fransızcadan çevirən vardı, fransızcaya çevirən çox azdır deyəsən.
- Dünya praktikasında xarici dillərdən ana dilinə tərcümə etmək yayılmış və dəstəklənən və hətta arzuedilən praktikadır. Hər kəs ana dilini sonradan öyrəndiyi xarici dillərdən daha yaxşı bilir. Tərcümə bazarında böyük və kiçik dillər var. Fransız dili birinci Azərbaycan dili ikinci qrupa aiddir. Yəni, dilimizi bədii tərcümə edəcək səviyyədə bilən fransız hələ ki, yoxdur. Ona görə də dilin daşıyıcıları olan bizlər xarici dillərə tərcümə etmək məcburiyyətindəyik. Biz etməsək, kimsə etməyəcək və ədəbiyyatımızdan bixəbər qalacaqlar. Amma dünyada yayılmış fransız dilinin belə problemi yoxdur. Azərbaycanda bu dildən yüksək səviyyədə tərcümə edən həmkarlarım var. Bu praktika monqol dili üçün də keçərlidir. Fransada nəşr evləri monqol tərcüməçilərdən əsərləri fransız dilinə tərcümə etmələrini xahiş edirlər. Sonra isə tərcüməyə redaktor baxır və “fransızlaşdırır”. Buna da pis baxmaq lazım deyil. Bu, tərcüməçinin fransız dilini pis bilməsi anlamına gəlmir. Azərbaycanda da ana dilində qələmə aldığı əsərini redaktora göndərmək praktikası var. Bu, vacibdir. Başqa birinin baxması və fikrini söyləməsi lazımdır. Çünki yazı və tərcümə prosesində bəzi şeylər gözdən qaça bilər.
- Türk və rus dillərindən fransızcaya çevirmək ənənələri daha güclüdür. Bizim dillə bağlı bu ənənələrin formalaşmaması sizə çoxmu əziyyət verir?
- Bəlkə, qəribə səslənəcək, amma Azərbaycan müstəqilliyini itirib SSRİ-nin tərkibinə daxil edilməsəydi, bütün bu terminologiya, tərcümə və xarici dillərdə nəşr problemi olmayacaqdı. Yüz illik nəşr və tərcümə ənənəsi olan dövlət olacaqdıq. Türkiyəyə baxın. Biz illər keçdikcə gerilədik, rus dili ədəbiyyatda və tərcümədə hakim oldu. Amma bu arada bizdən bir neçə il sonra müstəqil olan Türkiyə irəlilədi. Bunu qətiyyən Osmanlı ilə bağlamaq lazım deyil. O zaman vəziyyət heç də ürəkaçan deyildi. Müstəqilliyimizi yenidən qazandıq. Proses yavaş gedir. Fransada Azərbaycan Tərcümə Mərkəzinin sifarişi ilə Azərbaycan ədəbiyyatı antologiyası “Kəpəz” nəşriyyatında işıq üzü gördü. Bu cür layihələr daha çox olmalıdır. Və bu prosesdə özümüzü Türkiyə və ya Rusiya ilə qətiyyən müqayisə etməməliyik. Onlar bizdən ən azı bir əsr öndədirlər. Gürcüstan kimi qonşularla müqayisə daha məntiqli olar. Cənubi Koreya 20-30 il bundan öncə bizim vəziyyətimizdə idi. Fransada Yaponiya və Çin ədəbiyyatı daha çox tanınırdı. Lakin qonşusu Yaponiyanın apardığı tərcümə strategiyasına baxan Cənubi Koreya bu sahədə sürətlə irəlilədi. Dövlət Cənubi Koreya ədəbiyyatının xarici dillərə tərcüməsinə böyük dəstək göstərir. Artıq Koreya dilindən tərcümə edə bilən xarici tərcüməçilər mövcuddur. Cənubi Koreya dövləti öz ədəbiyyatının tərcüməsi üçün mükafatlar təsis edib. Hal-hazırda Fransada Cənubi Koreya ədəbiyyatı Çin ədəbiyyatından demək olar ki, daha çox tərcümə edilir. Qonşusundakı yaxşı misallardan istifadə etmək qətiyyən pis fikir deyil. Ölkəmizdə bədii və texniki tərcümə ənənəsinin tam formalaşmış olmaması terminologiya problemləri də yaradır. Oturuşmuş terminologiyamız mövcud deyil. Türkiyədə “Türk Dil Qurumu”, Fransada “Fransa Akademiyası”, İspaniyada “İspaniya Kral Akademiyası” və İsraildə “İvrit Dili Akademiyası” kimi qurumlar mövcuddur. Siyahını uzatmaq olar. Bu qurumlar dil və terminologiya məsələlərinə nəzarət edir. Bizdə isə fərqli komissiyalar (Dil Komissiyası, Terminologiya Komissiyası) mövcuddur. Pərakəndəlik var. Bütün bunlar bir qurum altında toplansa, dövlətin rəsmi nəzarət qurumuna çevrilsə sıravi vətəndaşların və tərcüməçilərin qarşılaşdıqları dil və terminologiya problemləri kökündən həll oluna bilər. Bir misal çəkim. Koronavirus pandemiyası dövründə Fransız mətbuatı Covid-19 üçün ismin həm qadın, həm də kişi cinsini istifadə edirdi. Fransız Akademiyası bununla bağlı öz rəyini və tövsiyəsini verdi. Amma Azərbaycandan hələ də bəzi jurnalistlər “kArAnavirus” deməyə davam edirlər. Heç bir qurum bunun yanlış olduğunu söyləmir.
- Bədii əsərlərdən daha nələr üzərində işləyirsiniz?
- Bu yaxınlarda Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını fransız dilinə tərcümə etdim. Bu yaxınlarda Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında işıq üzü görəcək. Hal-hazırda yenə də “Kəpəz” nəşriyyatı üçün Nadir Adilmanın “Milyonçunun gündəliyi” romanını tərcümə edirəm. Bunlardan öncə eyni nəşr evi üçün Nəriman Nərimanovun “Bahadır və Sona”, Hüseyn Abbaszadənin “Haradansınız, Müsyö Abel?”, Məmməd Əmin Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitablarını fransız dilinə çevirmişəm. Bayaq bəhs etdiyim Azərbaycan ədəbiyyat antologiyasındakı hekayələrdən on beşini mən tərcümə etmişəm. Fransada poeziya sahəsində ixtisaslaşmış bir nəşr evində “Dünya poeziya antologiyası” çıxaracaq. Azərbaycan dilindən Ramiz Rövşənin bir şerini bu kitab üçün tərcümə etdim. Monqol dilindən tərcümə etdiyim hekayə yaxşı qarşılansa, bu dildən başqa hekayələri də tərcümə etməyi planlaşdırıram.
- Ümumilikdə hansı dillərdən hansı dillərə və nələri çevirə bilirsiniz?
- Ümumilikdə səkkiz dil ilə işləyirəm: Azərbaycan, fransız, ingilis, rus, türk, ispan, italyan və alman dilləri. Monqol dilini hələ ki, saymıram. Bu dil başqa dillər kimi hələlik hobbi dilləri siyahısına daxildir. Gələcəkdə dəyişə bilər. Sinxron tərcümədə ilk beş dil ilə işləyirəm. Yazılı tərcümədə isə bu beş dildən əlavə ispan, italyan və almanca var. Bu dillərdən də Azərbaycan və fransız dillərinə tərcümə edirəm. Yazılı dedikdə ümumi və texniki tərcümələri nəzərdə tuturam. Bədii tərcümədə sadəcə Azərbaycan və fransız dilləri var.
- Bir adam Qərbdə yalnız tərcümə işi ilə yaşaya bilərmi?
- Hər bir sahədə olduğu kimi karyeraya yeni başlayanda çətin ola bilər. Öncə tərcüməçi adı üçün işləyir. Sonra isə adı tərcüməçi üçün işləməyə başlayır. Kifayət qədər tanındıqdan sonra sadəcə tərcümə etməklə yaşamaq mümkündür. Bir az öncə universitetdə daimi maaşlı və prestijli işini buraxıb sadəcə bədii tərcümə edən həmkarımı misal çəkmişdim. O da başlayanda müəyyən çətinliklərlə üzləşib. Lakin indi verdiyi qərara görə peşman deyil. Azərbaycanda bu, hələ ki, qeyri-mümkündür. Türkiyədə də vəziyyət yaxşı deyil. Çəkilən əməyin qarşılığında tərcüməçi “qəpik-quruş” alır. Deməyim odur ki, bu oturuşmuş tərcümə ənənəsi ilə bağlı deyil. Ölkənin iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır.
- Bizi Türkiyə, Gürcüstan və İranla necə müqayisə edərdiniz?
- Fransadakı kitab mağazalarında Türkiyə ədəbiyyatından edilən tərcümələri hər zaman görmək mümkündür. İran və Gürcüstan ədəbiyyatını nadir hallarda görürəm. Lakin Gürcüstan öz ədəbiyyatının xarici dillərə tərcüməsi işinə ciddi baxır. Belə davam etsə ədəbiyyatda Qafqazın Cənubi Koreyası ola bilər. Beynəlxalq kitab yarmarkalarında da çox fəaldırlar. Bizdən daha çox yol qət etdiklərini düşünürəm. Azərbaycan hələ ki, daxili bazara çalışır.
- Ənənəvi sualımız da var: niyə dünyaya çıxa bilmirik? Bir də sizin rakursdan bu sualın cavabını axtaraq.
- Dünyaya çıxmadan öncə dünyanı özümüzə gətirmək lazımdır. Ədəbiyyat sahəsindən danışırıqsa öncə dünya ədəbiyyatı nümunələrini dilimizə tərcümə etməliyik. Bu prosesdə kifayət qədər yol qət etdikdən sonra ədəbiyyatımızı xarici dillərə tərcümə etmə prosesini sürətləndirə bilərik. Biz “dünya” deyəndə sadəcə Qərbin bəzi ölkələrini nəzərdə tuturuq. Bu yanlış yanaşmadır. Ədəbiyyatımız mümkün qədər çox dilə tərcümə edilməlidir. Yaponiyadan tutmuş Amerikaya qədər. Deyə bilərsiniz ki, o dilləri bilən tərcüməçilərimiz yoxdur və ya Azərbaycan dilini bilən xarici tərcüməçilər tapmaq qeyri-mümkündür. Razıyam. Amma ən azından istək və strategiya olsun, gerisi düzələr. Çox dəstəklədiyim proses olmasa da ikinci dildən tərcümə ilə bunu gerçəkləşdirmək olar. Məsələn, ingilis dilinə çevrilmiş bir kitabı dünyanın bütün dillərinə tərcümə etdirmək mümkündür. İlk başda bu cür etmək olar. Zamanla hər şey öz axarına düşər. Ədəbiyyatımızı oxuyan vyetnamlı bəlkə həvəslənib dilimizi öyrənəcək və bir gün orijinaldan tərcümə edəcək? Realist görünməyə bilərəm. Amma rastlaşdığım hallardan bəhs edirəm. Dili bu şəkildə öyrənmiş tərcüməçilər var.