Kuli.az Məhəmməd Tanhunun "Röyalarınıza arxayınsınız?" yazısını təqdim edir. Məqalə Orxan Pamukun "Qara kitab"ındakı köşə yazarı Cəlal Salikin dilindən yazılıb.
(Cəlal Salikin yayımlanmamış köşə yazısı)
Unqapanı körpüsünə yolunuz düşəndə bir anlıq dayanıb Haliçin qurşuni mavi sularına kədərlə baxarkən limanındakı kilsə ətrafında fır dönərək axırıncı günlərini yaşayan kasıb və ürəkparçalayan həyatlara şahid olun, daha da irəli gedib onların röyalarına gömülün, əziz oxucularım. Hafizə bağçamın quruması əndişəsi və bu mövcud halətdən şikayətçi olmayacağıma dair razılaşmadığımızı, təbii ki, yaxşı xatırlayıram. Yaddaşa dair qurduğum cümlələri bir-bir xatırlayırsınız, yəqin ki. Bir köşə yazımda yaddaşımızın məhv olması mövzusuna toxunduğum da yaxşıca xatirimdədir. Görürsünüz də, yaddaşımdan bir qırtıq da şikayəçi deyiləm.
Diqqətli oxucular dərhal xatırlayacaq: bir gün, bəlkə, “röyalarımızdan bəhs edən yaxşı bir köşə” yaza bilərəm deyə, bir qeyd yazmışdım. Ələddinin mağazasından illər əvvəl aldığım yaşıl diyircəkli qələmlə qondarma ad seçərək ilk köşə yazılarımı yazdığım gündən indiyədək röya hey toxunmaq istədiyim mövzulardandır. Mətbəəmizə gəlib bizə yana-yaxıla hekayələr danışan insanlarımızın arasında qeyri-adi hesab etdiyim birisi, nəhayət, gəldi. Uzun zamandır üstündə baş sındırdığım yuxu mövzusu ilk dəfədir məni büsbütün öz əsrarına doğru sürükləməkdəydi. O gün çoxdan unudulmuş hekayənin də özünə xas unudulmuş hekayəsi olduğunu gənclik illərimdə ağlıma qaşıdığımı bir daha səmimiyyətlə xatırladım. Dialoqumuz qısamüddətli olmuşdu. Mətbəəmizin çayxana işçisi ayaqyolunu təmizləyirdi deyə çaya qonaq etmək yerinə “allaha amanında”ya qonaq edərək göndərdim qonağımızı. Oxucularımız bunu ədəbsizlik sanıb üz-göz süzdürməsinlər, təbii ki, növbəti bazar səhərinə çayımızı qurtumlayaraq, keksimizi dilimləyərək boğazımızdan içəri ata-ata daha rahat danışmaq üçün görüş vaxtı dedim bu gəncimizə.
Fevralın əvvəlində günəşli bir bazar səhəri tez-tez getdiyim bir çayxanada görüşdük. Fincanının içindəki qaşığın cingiltisini çoxaltmadan qarışdırdıq və çayımızı qurtumlaya-qurtumlaya söhbət etdik. Bu uzun bazar söhbətində bir tərəfdən də meydandakı qələbəliyi müşahidə edirdik.
Məhəmməd Tanhu adlı özünü gənc yazar olaraq təqdim edən bu yeni dostumuz Çindəki qadağan şəhər haqda araşdırma etməyə yeltənən axırda isə intihar edən bir gənc haqqındakı araşdırmasını verdi əlimə - “o məşhur mən öləndən sonra çapa verərsən” tövrüylə, əslində isə “günü sabah qəzetin ilk səhifələrində çapa ver” hiyləgərliyiylə. Bu adam mənim yuxusuzluq və yaddaş zəifləməsi xəstəliyindən əziyyət çəkdiyimdən xəbərdar olduğunu, bu həqiqəti köşələrim vasitəsilə yaxşı bildiyini sözarası ədəbsizliklə söylədi. Bu yazını Cəlal Salik kimi ünlü bir köşə yazarı meydana çıxartdı fikriyləmi, yoxsa asta-asta ağlını itirən bir jurnalistin səfsəfələri kimi görünəcəyi fikriyləmi vermişdi? Hansının beynində cərəyan etdiyini dəqiqləşdirə bilmədim, hekayənin daha çox yuxuyla bağlı olan hissəsi marağımı çəkdi. O gündən sonra isə o şəxsi nə gördüm, nə haqqında eşitdim.
Yazmaq təxəyyülü danışdırmaq, zehni isə onun canına daraşdırmaqdır, mətn isə hələ də əsrarını qoruyur. Gördüyü yuxunun diqtəsiylə Çinə gedən bir memarın qısa hekayəti hələ də mətn olaraq qalmaqdadır. Noyabr ayının tutqun, çiskinli günlərində həyat eşqi axtaranların məyusluğu sonrası, yaxud qalın-qalın kitabların səhifələrində sətirləri irəli-geri qovlayaraq qaçan gözlərin yorğun düşməsinin dalınca insan bir sıra qəribə duyğular sezməyə başlayır. Bu duyğu adamı illüziyaçılığa da aparıb çıxarar. Bu hiss “Evrika” vəziyyətinə ekvivalentdir. Bəhs edilən bu duyğu selində yuyunmaq üçün bu memar da uzaq bir ölkəyə getməyi planlaşdırır. Səbəbsə dəfələrlə eyni yuxunu görməsidir. Uzun gecələr boyunca röyasında at oynadan şəhər görüntüləri memarlığı və dizaynı ilə yuxuyla oyanıqlıq arasındakı o isterikada psixloloqların bar-bar bağırdığı fotoqrafik yaddaşına cızılmışdı. Çində tarixən imperator və sadiq silahdaşlarının yaşadığı sarayın yerləşdiyi qadağan şəhəriydi bu.
Eyni yuxunu dəfələrlə görməsi yavaş-yavaş yuxunun keyfiyyətinə zərər verməkdə, sirrini buxarlandırmaqdaydı. Beləliklə, bu uzaq ölkəyə getmək və ərazisinə giriş icazəsi veriləcəyinə inam bu şəhəri araşdırmaq üçün memarın gözünə taleyinə yazılmış bir vəzifə kimi görünməyə başlayıb. Şəhər divarlarının o tərəfində qalan vətəndaşların əsrlərcə bilgisiz olduqları bu şəhərin gizli saxlanılma məqsədinin imperator üçün şərəf və qürur məsələsi olması həqiqətini o çağı araşdıran tarixçilər də inkar etmir. Bu Çinin şərəf məsələsi imiş. Tarixçi-alim Yoah Sunqun yazdığına görə bir dönəm tanrı kimi qəbul edilən imperatorun eynən tanrı kimi laməkan olması düşüncəsini insanların şüuruna yeritmək zərurətindən qaynaqlanırmış. Yüzilliklər bir-birini arxada qoyduqca idarəçilik formasının də dəyişməsi ölkə liderinin iqamətgahının hamı tərəfindən bilinən yerlərə daşınması artıq köhnə yerləri araşdırmaq üçün gənc memarların və tarixçilərin yollarını açıb.
Evdəkilərə gördüyü yuxu haqqında danışsa da günlərin bir günü üstündə çox da dayanmağa lüzum olmayan bir bəhanə göstərərək ölkəsini tərk edən hekayədəki memar uzun müddətdir müharibədən uzaq, suyun qan yerinə axdığı şəhərin ərazilərinə ayaq basıb tədqiqatlara başlamaq üçün ölkə rəhbərindən icazə alan ilk şəxs idi. Hadisələrin qəribə bir şəkildə ard-arda gəlməsi ona görə sirrin ikinci əlaməti idi. Ölkə liderinin bu yenilikçi baxışı öncəki vaxtlarda xalqı çaşqınlığa yuvarlasa da tezbazar bu reallığı qəbul etdirir: toxunulmaz olan və öyrənilməyən heç bir şey qalmamalıdır!
Memarlığı, eyni zamanda da arxeologiyanı bitirən gənc memar mistisizmin sehri axışına Çe Gevaranın bütün insanların bir gün azad olacağına inandığı kimi artıqlamasıyla inanmaqda idi. Tədqiqatlar uzun çəkmədi. Qısa müddətdə qəzetlər qadağan şəhərin otaqlarından birində memarın özünü asdığını yazdı. İntihar məqsədi barədə isə dövrün qəzetlərində belə məlumat verilmişdi: “Ailəsindən alınan məlumata görə, gördüyü bir yuxunun təsiriylə olması qənaətindədirlər, çünki ta oralara qədər getməsi də sağlığında boynuna almasa belə gördüyü bir yuxunun diktəsi ilə imiş, böyük ehtimalla onu ölümə aparan da yenə gördüyü başqa bir röya imiş; axı insan tamamilə yabançı bir ölkədə niyə özünü assın?”
İndi, bu yazdıqlarımı oxuduqca heyrətdən böyümüş gözlərinizi az qala görürəm. Əziz oxucularım, tarix belə hadisələri ört-basdır etmək üçün həddən-ziyadə qocalıb. Həqiqət özünü çox gözlətməyib. Sən demə, gənc memarın icazə kağızını imzaladıqdan sonra imperatorun içinə əndişə qarışıq qorxu dolduğundan vərdiş etdiyi kimi heç cürə erkən yata bilməyib və yalnız gecəyarısının lacivərd və günahkar hiss etdirən rənglərinə qapılaraq yuxuya gedib. Röyasında qorxunc səsli, fəqət sir-sifətini seçə bilmədiyi bir qoca ona bu qol qoyduğu işin imperator adına ləkə olduğunu, dönüklük etdiyini, ata-babalarına xəyanət etdiyini, şəhərin yüzilliklərdir qorunan sirrinin itməsinə vəsilə olduğunu söyləyib və modernlik deyə-deyə ənənələri inkar edib ona həqarətlə baxan bir qrup parabeyinlərə qulaq asdığı üçün lənətlənəcəyini də əlavə etməyi unutmayıb. Bir neçə gün sonra imperator bənzərsiz bir plan quraraq yanlışını düzəltməyə səy göstərib və gizli bir tapşırıq üçün bir neçə adamı qadağan şəhərə göndərib.
Bəli, əziz oxucularım, bütün digər hekayələr kimi bu hekayədəki kədər də ehtimal ki, içimizə dolub. Bu qısa hekayəni ilk dəfə eşidəndə mənə yalnızca qorxulu və əcaib görünmədi, eyni zamanda da röyalarmızla bağlı yazmağa çalışdığım köhnə köşə yazıma bir göz gəzdirməyim üçün mənə xatırlatma etdi. Bu cümlələrə bir daha nəzər saldım: “O dumanlı səhərlərdə yuxularından oyananlar röyalarla həqiqəti, şeirlərlə həyatı və adlarla insanları da bir-birinindən ayıra bilmirdilər”.
Bir azdan Bəyoğlunun arxa küçələrindəki qələbəliyə qarışacağam və bir-birinin yanından ötərkən sir-sifətini turşudan insanların keçən gecə hansı röyanı gördüklərini düşünərək gülümsəyəcəyəm və oxucularıma, yəni sizlərə təqdim edə biləcəyim marağa dəyər bir xəbər varsa, o dəqiqə ilk günkü həyəcanla qələmi qucaqlayacağam. Bəlkə də, günlərin bir günü sizin də röyalarınız cümlələrimə axar, hörmətli oxucum. Çox oxunan bir köşəmdə qeyd etdiyim kimi: baxışlarımızın qorxunc sirrinə vaqif olmağa cəhd edəcəyəm bundan sonra, hazırlaşın.