Kulis.az Vüsal Aydının Şamxal Həsənovun "Səs və ya qırmızı" romanı haqqında yazısını təqdim edir.
Bu romanı oxumaq xüsusi zövq tələb edir və adama xüsusi zövq verir. Ümumiyyətlə, Şamxalın üslubu belədir. Elə ilk cümlələrdən romanı oxuyub getmək, cümlələrin üstündən aşıb "görəsən nə baş verir" deyə tələsmək istəyirsən, ancaq bəlağətli və peşəkar yazı stili buna imkan vermir, sanki adamın qolundan tutub saxlayır ki, "hara tələsirsən? Sakit ol, otur aşağı, əsər oxuyursan burda". Sözümün yekununu əvvəldə deyirəm: çox bəyəndim! Əhsən! "Səs və ya Qırmızı" romanı ilə keçirdiyim vaxtları hər zaman xoş hisslərlə xatırlayacağam.
Bu kitab barədə yazılan bütün yazıları oxumuşam, heç kim romandan bəhs etməyib, hamı Şamxalın cümlələrinə "ilişib": kimi yaxşı mənada, kimi pis. Ona görə də sizə romanın özündən bəhs etmək istəyirəm.
Bu əsər haqqında hər yerdə deyilənin əksinə olaraq, təhkiyə daxili monoloq şəklində və şüuraxını texnikasında yazılmayıb. "Daxili monoloq"la qismən razılaşmaq olar, ancaq qətiyyən şüuraxını deyil. Birincisi, heç kimin şüuru o qədər bədii və bəzəkli axmır, ikincisi romanın özündə bu, inkar olunur. Sujeti tam açıb oxucuların marağını öldürməmək üçün bunun üstündə durmuram, özünüz oxuyanda görəcəksiniz.
Romanda məsələ belədir: Qurban bayramı ərəfəsidir, ana Səma 23 yaşlı oğlu İdrisi hiper-super gözəl kimi təsvir olunan Məryəmlə sevgililəşdirmək (başqa söz tapmadım) üçün iyirmi ildir görüşmədiyi rəfiqəsinin qızı (Məryəm) ilə birlikdə evə qonaq çağırır. Evin atası Ramiz necə və hansı yolla olduğu bilinməyən şəkildə uzun illərdir (8, ya 10 il ?) ki, onurğa beyni iflicindən xəstəxanada yatır. Düzü, mən bir həkim olaraq, hansı xəstəxana hansı xəstəlikli pasienti o qədər il palatada saxlayır, evə göndərmir, bilmirəm, ancaq (müəllifin dediyinə görə) bu elə də önəmli məsələ deyil. Əsərdə müəllifin, daha doğrusu, Şamxalın səsi bir dəfə də olsun eşidilmir. Heç yerdə "filan kəs filan şey elədi, filan sözü dedi" kimi ifadə yoxdur. Hər şey birinci şəxsin təkində, ana Səma, oğul İdris və ata Ramizin dilindən verilir. Romanda bir obraz da var: kitablar. Onlar Səmanın gözünə vaxtilə Ramizi, indi də oğlu İdrisi bədbəxt edən şər qüvvələr kimi görünür. Ancaq onların dilindən monoloq oxumuruq.
Sujetə qayıdaq. Qonaqlar gəlir, İdris bir könüldən min könülə vurulur Məryəmə, ancaq ondan çox Səma vurulur. İdris bütün günü kitab oxuyan və hərdəmxəyal oğlan olduğu üçün Məryəmlə bir neçə dəqiqə kitablardan danışır. Qonaqlar gedəndən sonra ana-bala atanı xəstəxanada ziyarət edir, bu "şad xəbəri" ata Ramizə çatdırır, o da, demək olar ki, dırnaqarası yanaşır məsələyə. Deyəsən, növbəti gün İdrislə dayısı gedir qurbanlıq ət almağa. Nəvə sahibi olmaq həsrətilə alışıb-yanan Səmanın evləndirməyə çalışdığı 23 yaşlı oğlu İdris qoyun kəsilməyinə baxa bilmədiyinə və qan görməkdən qorxduğuna görə keçib, ara məhəllədə oturub xəyal qurur. Bir azdan əti də götürüb gedirlər Səmanın bacısıgilə və məlum olur ki, Məryəmlə İdrisi sevgililəşdirmək planı təkcə anasının yox, həm də xalasının fikri imiş. Sonra ana uşağı birtəhər razı salır ki, Salman Rüşdinin kitabını apar ver Məryəmə, "qız özü istəyib". İdris isə Məryəmlə görüşməklə roman yazmaq arasında seçim qarşısında qalır. Nədənsə. Sonluğu da oxuyarsınız özünüz. Vəssalam. Romanın sujet xətti bundan ibarətdir. Ancaq ümumilikdə üç gün çəkən bu sujet kökünün elə budaqları, elə yarpaqları, elə meyvələri var ki, gəl görəsən, ləzzətdir, zövqü-səfadır. Həqiqətən Şamxalın qələmindəki ustalıq, incəlik, yumşaqlıq və sərtliyin yaxşı səsləşən vəhdəti adamı valeh edir. Eşq olsun!
Burada, nəyəsə görə, İdrisin Məryəmlə yaxınlaşması onun roman yazması ilə zidd qütblərə qoyulub, sanki ya Məryəmlə "dostlaşacaq", ya da roman yazacaq. Bilmirəm, məncə, bu məsələni ziddiyyətləşdirmək əvəzinə, Məryəmlə dostlaşandan sonra roman yazsaydı, daha dolğun yazılar yaza bilərdi. Yox?
Şamxal bu üç obrazın daxili aləmini hissbəhiss təsvir edir, roman da hadisəbəhadisə yox, fikirbəfikir irəliləyir. Hisslərin, duyğuların, fikirlərin rəgnbərəng təsviri gözəl alınıb!
İllərdir xəstəxanada yatan Ramiz, məlum olur ki, gəncliyində yazıçı olmaq istəyirmiş. Bütün günü oxuyub, yazırmış, ancaq necə olubsa, bir roman yaza bilməyib. Xəstəxanada olduğu müddətdə də başındakı səsləri yazıb çarpayısının altındakı yeşiyə yığır. O yazılar birmənalı olaraq QƏŞƏNGDİR! "Biz üç yarasa", "Mən bayquş bəyazam", "Mən qoyunam" və s. hissələrini oxumaq olduqca zövqlü, ləziz və ürəyəyatandır. Düzdür, bu hissələrdə bəzən müəllif bayquşun, yaxud yarasanın adından danışarkən texniki-bioloji məlumatlara girişir və bu mətnin bədii estetikasını pozur, ancaq onları çıxsaq, bu hissələr romana xüsusi gözəllik, səs və rəng qatır. Ramiz İdrisin anası Səma ilə evlənməzdən qabaq sevdiyi, evlənəndən sonra görüşdüyü, İdris doğulandan sonra sevişdiyi Z (Zeybə) adlı qadın barədə də yazılar yazır. Bu yazılarında "xəyanət" sözü çox populyar olmur, çünki Ramiz xəyanət etdiyini düşünmür və bu ikili sevgisini rəng-rəng, ehtiras-ehtiras, sevgi-sevgi təsvir edir.
Burada da müəllif bəzən detallara çox girir, zənnimcə, Ramizlə Z-nin sevişmə səhnələrində bu qədər dərinə getməyə ehtiyac yox idi. Oxuyanda başa düşəcəksiniz. Şamxal bu hissələrdə bizi gah uzaq, gah yaxın keçmişə aparır, gah da indiyə qaytarır və heç yerdə bunu xüsusi vurğulamır. Məncə, bu əla alınmışdı. Bundan başqa hadisələr monoloqlarla irəliləyir, yəni "durub filan yerə getdik, bundan sonra o baş verdi" kimi dəqiqləşdirmələr yoxdur, sən sujeti monoloqlardan izləməlisən. Bu da oxucunu diri tutur, gözüaçıq olmağa sövq edir.
Diqqətli oxucular üçün romanda bütün qarmaqarışıqların, daha dəqiq desək, Səma və Ramizin münasibətindəki "xoşagəlməzliklərin" açıldığı "Cetonia Aurata mənəm" alt başlıqlı bölməsi var ki, zənnimcə, bu hissəni romanın ən uğurlu, necə deyərlər, ən taraz yeri saymaq olar, çünki doğrudan da, hər şey orada tarazlandı mənim üçün.
Romanda "şezlonq", "şəmsiyyə", "gəlişigözəl" kimi dilimizə gəlişi heç də gözəl olmayan çoxlu ifadə var. Monoloq danışan adam bir tərəfdən dildə düzgün danışmaq istədiyini vurğulayıb "zamok" əvəzinə "zəncirbənd" işlədir (özü də buna gülüməsəyir), xoşbəxt, sevincli, şən sözlərinə alternativ olaraq "xoşnud" kimi gözəl söz tapır (bu çox xoşuma gəlmişdi), digər tərəfdən "peç", "duxovka", "kabluk", "lüstur" kimi sözlərlə mətni korlayır. Bundan başqa xarici müəlliflərin adı Jan Pol Sartr, Qarsia Markez, Salman Rüşdi olaraq yox, uyğun olaraq, "Jean Paul Sartre", "Garcia Marquez" və "Salman Rushdie" kimi verilib. Adların dilimizdə bu cür yazılışının nə dərəcədə düzgün olub-olmadığını bir çox cəhətdən müzakirə etmək mümkündür, ancaq "Dil haqqında qanun"a əsasən xarici adlar dilimizdə oxunduğu kimi yazılmalıdır.
Məncə, ixtisasca hüquqşünas olan Şamxal bu məsələyə, heç olmasa, daha qanunpərəst yanaşmalı idi. Hər halda bu məsələdə "Qanun(!) nəşriyyatı" və kitabın redaktoru, dəyərli yazıçı Şərif bəy Ağayar da diqqətli olmalı idi. Bunlar, nə yalan deyim, dilə həssas yanaşan adam kimi məni qıcıqlandırırdı, mətndən qoparırdı, bəzən də ətimi tökürdü.
Xırda-xuruş xətaları nəzərə almasaq, mətn olduqca axıcı və "dadlı" oxunur. Xüsusən, yumşaq piano sədaları altında oxuyanda qəşəng axır, adamı xüsusi "xoşnud" edir.
Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanı barədə çox danışmaq olar. Sonda qeyd etmək istəyirəm ki, Şamxal Həsənovun "Səs və ya Qırmızı" kitabı, mənə görə, mətn olaraq möhtəşəm, roman olaraq ortabab alınıb. Bu əsəri roman olaraq yox, mətn olaraq qiymətləndirsəm, Azərbaycan ədəbiyyatında oxuduğum ən yaxşı əsərlərdən biri saya bilərəm.