Doqma-95 - MANİFEST

Doqma-95 - MANİFEST
17 may 2011
# 11:16
Aygün ASLANLI


Biri varmış, biri yoxmuş, çox illər əvvəl (daha dəqiq 16 il) uzaq Skandinav ölkəsi Danimarkada üç-dörd (bəlkə daha çox, bəlkə də az) gənc varmış. Ən böyük arzuları kino çəkməkmiş. Arzularını gerçəkləşdirməyin yalnız bir yolu varmış – Sinematoqraf adlı sehrli şəhərə getmək. Amma o kəhkəşanlı şəhərin geniş darvazasını çoxbaşlı bir bədheybət qoruyurmuş. Darvazadan keçmək istəyənlərin bəziləri bədheybətin başları ilə vuruşmaqdan yorulub geri qayıdırmışlar. Bəziləri də nəhayət, içəri keçməyə fürsət tapanda elə yorğun düşürmüşlər ki, ora nə üçün gəldiklərini unudurmuşlar.
Bütün bunları kənardan izləyən gənclər nə geri qayıtmaq, nə də arzularından əl çəkmək istəmədiklərindən qərara gəlirlər ki, Sinematoqrafa girməyin başqa yolunu tapsınlar. Çox fikirləşəndən sonra şəhərin qala divarlarından birində kiçik, adamboyu bir yarıq açırlar və şəhərə daxil olurlar. Görürlər ki, kənardan bər-bəzəkli, güllü-çiçəkli görünən şəhərin gülləri quruyub, Günəşi öləziyib, camaatı da yarıyuxulu-yarıoyaq dolaşır. Gördükləri mənzərə gəncləri məyus etsə də, arzularını gerçəkləşdirmək naminə şəhəri yenidən canlandırmağa çalışırlar. Ancaq tezliklə Sinematoqrafın havası onların da ciyərlərinə dolur. Kimisi xəyallarını unudur, kimisi özünü.. kimisi də hələ də əlləşir-vuruşur...

Göydən üç.. üç.. 3D düşdü...

Doqma-95

“Doqma-95” – 1995-ci ildə bir qrup rejissor tərəfindən Kopenhagendə yaradılıb.

“Doqma-95” – qarşısına müasir kinodakı bəzi “məlum tendensiyalarla” mübarizə aparmağı məqsəd qoyub.

“Doqma -95” – xilas aksiyasıdır!

1960-cı ildə hər şey bitmişdi. Kino ölmüşdü və dirilməyə can atırdı. Hədəf doğru idi, amma üsul yanlış seçilmişdi. “Yeni dalğa” prosesə sadəcə yüngül ləpə kimi təsir etdi: sahildəki qumları yudu və geri çəkildi.

Azadlıq və müəlliflik şüarları altında bir neçə əhəmiyyətli filmlər yarandı, lakin onlar vəziyyəti kökündən dəyişməyi bacarmadılar. O filmlər, tortdan öz paylarını almağa gəlmiş rejissorların özlərinə bənzəyirdilər.

Dalğa, arxasında dayanmış insanlar qədər güclü olmadı. Antiburjua kinosu burjua kinosuna çevrildi, çünki burjua incəsənətinin nəzəriyyələri əsasında yaranmışdı. Müəlliflik konsepsiyası lap əvvəldən burjua romantizminin qalığı idi və buna görə də o... saxta idi!

“Doqma-95”-ə görə kino şəxsi iş deyil.

Texnoloji təzyiqin hazırkı azğınlığı kinonun ekstremal demokratizasiyası ilə nəticələnəcək. İlk dəfədir ki, hər kəs kino çəkə bilmək imkanı qazanıb. Ancaq kütləvi kommunikasiya vasitələri nə qədər əlverişli olursa, onun avanqardı bir o qədər vacib rol oynamağa başlayır. Təsadüfi deyil ki, “avanqard” termini hərbi konnotasiyaya malikdir. İntizam! Bizim cavabımız budur.

Filmlərimizə uniforma geyindirməliyik, çünki individual film – özlüyündə düşgün filmdir!

“Doqma-95” individual filmin əleyhinə çıxır və ona qarşı bakirəlik adı altında tanınan bir neçə sərt qayda irəli sürür.

1960-cı ildə hər şey bitdi! Kinoya, gözəllik vasitəsilə canı çıxana qədər işgəncə veriblər və bu işgəncəni uğurla davam etdirirlər.
Dekadent rejissorların “ali” məqsədi – publikanı aldatmaqdır. Məgər bizim qürur mənbəyimiz elə budur? Məgər dilimizdən düşməyən “yüz il” bizi bu nəticəyə, bu sona gətirməli idi? Məgər KİNO emosiyaların köməyilə illüziyalar təlqin etməli idi? Üstəlik, sənətkarın sərbəst şəxsi seçim hüququ vasitəsilə və hoqqabazlığın xeyrinə...

Öncədənbilmə - (başqa adla dramaturgiya) – ətrafında halay vurduğumuz qızıl buzovdur. Personajların öz daxili həyatı varsa, süjet həddən artıq mürəkkəb hesab olunur və “yüksək sənət nümunəsi” sayılmır. İndi səthi oyun və səthi kino əvvəlkindən daha çox alqışlanır.

Nəticə – kinonun yoxsullaşması. Hisslər illüziyası, sevgi illüziyası.
“Doqma 95”-ə görə kino – illüziya deyil!

Bu gün texnologiyanın təzyiqi zahiri parıltını ilahiləşdirir. İstənilən adam yeni texnologiyanın köməyilə istənilən anda həqiqətin son izlərini sensasiyanın ölümcül ağuşunda məhv eləyə bilər. İllüziya sayəsində kino hər şeyi gizlədə bilər.

“Doqma-95” kinoda illüziyanın əleyhinə çıxış edir və “bakirəlik andı” kimi tanınan sərt qaydalar toplusunu iləri sürür.

Bakirəlik andı

“Doqma 95” tərəfindən irəli sürülmüş və təsdiqlənmiş aşağıdakı qaydalara əməl edəcəyimə and içirəm:

1. Çəkilişlər naturada aparılmalıdır. Heç bir rekvizitdən, butaforiyadan istifadə etmək olmaz (Əgər filmə xüsusi bir rekvizit lazımdırsa, film həmin rkkvizitin əvvəldən olduğu məkanda çəkilməlidir).

2. Səs heç vaxt təsvirdən ayrı yazılmamalıdır, habelə təsvir də səsdən (Musiqidən istifadə qadağandır. Yalnız bir halda buna yol vermək olar - musiqi sizdən asılı olmadan, məsələn, seçilmiş naturada səslənirsə).

3. Çəkilişlər yalnız əl kamerası ilə aparıla bilər. Əllə edilən istənilən hərəkətə və ya hərəkətsizliyə icazə verilir (Filmi kamera quraşdırılmış yerdə çəkmək lazım deyil. Kamera film çəkilən yerdə quraşdırılmalıdır).

4. Film rəngli olmalıdır. Süni işıqdan istifadə qadağandı (İşıq kifayət etmirsə, ya həmin kadrı kəsin, ya da balaca bir lampa əlavə edin).

5. Quraşdırma çəkilişlərdən, optik effektlərdən və filtrlərdən istifadə qadağandır.

6. Filmdə zahiri hərəkət, ekşn olmamalıdır (qətl, silah və bu kimi şeylər qadağandır).

6. Məkan və zaman uzaqlaşması qadağandır (film hadisələr burda
və indi baş verməlidir).

7. Janr kinosu yolverilməzdi. Filmin formatı 35 mm olmalıdır.

8. Titrlərdə rejissorun adı yazılmamalıdır.

And içirəm ki, bundan sonra rejissor kimi şəxsi zövqümü göstərməkdən çəkinəcəyəm.

And içirəm ki, “əsər” yaratmaqdan çəkinəcəm, çünki bir an əbədilikdən daha dəyərlidir!

And içirəm ki, əbədi dəyəri olan filmlər yaratmaq çəkinəcəm. Mənim ali məqsədim – həqiqəti personajlarımdan və vəziyyətdən son damlasına qədər sıxıb çıxartmaqdır.

And içirəm ki, bütün mümkün vasitələrlə bu qaydalara əməl eləyəcəm, məqsədimə aparan yolda yaxşı zövq və ya hər hansı estetik konsepsiyalar mənə mane ola bilməyəcək. Öz bakirəlik andımı imzamla təsdiqləyirəm!

Kopenhagen, bazar ertəsi, 13 mart 1995-ci il.

“Doqma 95”-in adından Lars fon Triyer, Tomas Vitenberq. (Habelə Kristian Levrinq, Syören Kraq-Yakobsen).
# 1075 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #