Yazıçılar üçün etika kodları

Yazıçılar üçün etika kodları
30 aprel 2011
# 14:39
Bu yaxınlarda belə bir ifadəyə rast gəldim; Google – bir software, yəni kompyuter proqramı olaraq öz vaxtını “nə axtarırsan, sənə nə lazımdır?” tipli cümlələrə sərf etməklə məşğuldur. Amma etiraf etməliyik ki, dünyada Google-a tay ola biləcək yeni proqramların axtarışı davam etsə də, hələ ki, ciddi nəticə əldə edilməyibdir. Konkret fikrimi ifadə etmək istəyirəm; hamı bilir ki, google bəşəriyyətin ən çox gündəlik internet tələbatını ödəyən saytlardan biridir.

Beləliklə, səmimi qəlbdən deyə bilərəm ki, cahanda baş verən yenilikləri, standartları, istənilən tanınmışlar haqqındakı məlumatları əldə etmək üçün ondan yaxşı ikinci bir yer tanımıram. Ona söz yox, sadəcə, yazım bir az daha savadlı, axtarışlı alınsın deyə, oturdum komputerin qarşısında, açdım google-u, axtarışa verdim “yazıçı və əxlaq” sözlərini. Aydın oldu ki, yazıçı və əxlaqı birlikdə müəyyən edən heç bir teoremə, nəzəriyyəyə rast gəlmək mümkün deyildir. Daha google-da belə bir ciddi məlumat verilməyibsə, mən inanıram ki, həqiqətən, dünyada yazıçı və əxlaq prinsiplərini təyin edən konkret heç nə yoxdur. Qərara gəldim ki, ən yaxşısı, öz şəxsi fikirlərimə əsaslanan bir yazı yazım.

Nədir bu yazıçı - əxlaq prinsipləri? Kim icad edib və düşünüb ki, yazıçı həm də əxlaqlı olmalıdır? Yaxud, əxlaqı olmayan yazıçı cəmiyyətə gərək deyildir. Doğrudanmı, oxucunu ən çox maraqlandıran yazıçının əxlaqıdır, nəinki, ortaya qoyduğu sənəti, yazısı? Hə, məsələ bu yerə çatanda çox zaman yazıçıyla oxucu arasında mübahisə yaranır. Oxucu deyir, mənə həm də sənin şəxsiyyətin, əxlaqın lazımdır. Yazıçı da iddia edir ki, sənin mənim şəxsi həyatıma qarışmağa ixtiyarın yoxdur. Mən isə bu məsələyə bir az oxucu gözü ilə yanaşmaq istəyirəm.

Əgər bir yazıçıdan özünün cəmiyyətdəki mövqeyini, siyasi mənsubiyyətini aid etmək tələb olunursa, oxucunun yazıçıdan əxlaq prinsiplərini qoruması tələblərinə haqq qazandırmaq olar. Çünki mənə görə əxlaqı olmayan, davranışlarına nəzarət edə bilməyən bir kəsin insanlara yol göstərməsi məsləhətli deyil - əslində yolverilməzdir yazmaq istəyirdim, amma dedim, lənət sənə kor şeytan!

Mənim oxucunu qınadığım əsas bir şey var, o da yazıçını həddindən artıq qısmağıdır. Söhbət təbii ki, Azərbaycan oxucusundan gedir. Məsələn, oxucu istəyir ki, yazıçı dünya standartlarına cavab verən sənət əsəri ortaya qoysun, eyni zamanda, orada onun fikirlərinə zidd olan heç bir şeyi qəbul etmək istəmir.

Hər hansı bir söyüşə, nalayiq və tərs ifadəyə rast gələrsə, əlacı olsa yazıçının gözünü çıxarar. Ola bilsin ki, bir yazıçı şəxsi həyatında olduqca əxlaqlıdır, amma yazıları, dünyaya baxış tərzi toplumda qəbul olunmur. Daha doğrusu, yaşadığı cəmiyyətin zəkası onu qəbul edəcək qədər irəliyə getməmişdir. Bu halda kimi qınamaq lazımdır? Əxlaq prinsiplərini yazılarında aşmaq istəyən yazıçını, yoxsa çox şeylər tələb edən oxucunu?

Yazıçı iddia edir ki, “mən özüm üçün yazıram, oxucuyla işim yoxdur, bəyənsə də, bəyənməsə də öz işidir”. Onda belə deyərlər, “niyə yazdığını tez internetdə, orada-burada yayımlayırsan, nəşriyyatları o qədər əziyyətə salıb kitab çıxartdırırsan? Balam, get evdə otur özün üçün yaz da, kim səni məcbur edir?” Demək ki, oxunmaq istəyirsənsə zillətinə də dözməlisən!

Ötən həftələrdə, işdən sonra dostlarla bir qısametrajlı filmin premyerasına dəvət almışdıq. Hərə də iş-güc adamı, yoğun-arğın getdik oraya. Bu işi sənət əsəri adlandırmaq doğru olmazdı. Nəsə, 15-20 dəqiqəlik filmdən sonra rejissor fikirləri öyrənmək istədi. Amma bir nəfəri belə cavasız buraxmadi. Ona qarşı bütün iradları rədd edərək, özünə haqq qazandırmağa çalışdı. Belə fikir bilmək istəmirdinsə niyə bu qədər adamı başına toplayırdın?

Başdan-ayağa söyüş səhnələri olan film gündəlik həyatdan götürülmüş hadisələr üzərində qurulmuşdu. Doğrusu, gənc bir oğlanın kompleksləri aşa bilməsi məni sevindirdi. Ancaq etiraf etməliyəm ki, lazımsız söyüş səhnələri az olmadı. Bu da yəqin təcrübəsizlikdən, ya da “mən hər cür açıq debata hazıram” demək istədiyindən irəli gəlirdi. Hər halda, mənə görə bu film çoxsaylı tamaşaçıların ixtiyarına verilsəydi, “düüüüüddd” kimi səslərdən başqa ortada heç bir şey qalmazdı.


Bir sözlə, yazıçı nə əxlaqdan qaçmalıdır, nə də onu gözə soxmalıdır. Amma yazı boyunca əxlaqlı olmalıdır deyə söhbət yoxdur. Yazı cəmiyyəti əks etdirirsə, orada gündəlik tələbata daxil olan nüanslar da öz əksini tapır. Biz necə deyə bilərik ki, tələbatlarımız əxlaq çərçivəsindən kənara çıxmır? Düzdür, normal cəmiyyətlərdə bu mövzular müzakirə olunmur. Bizim kimi qapalı cəmiyyətlərdə isə insanlar əxlaq çərçivələrini aşa-aşa hər şeydə stabillik axtarırlar.

Cəmiyyətdəki əxlaqsızlıq isə tamam başqa şeydir. Burada artıq əxlaqsızlıq qanunlara ziddir, qanuna zidd olan şeylər də başqalarının rahatlığını poza bilər. Əxlaq prinsipi hər kəs üçün başqa-başqa qəbul olunur. Onda, qoy buradan hər kəs öz payına nəticə çıxartsın.
# 1273 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #