Gənc AYB üzvü gənclər katibi Rəşad Məcidi topa tutdu - EKSKLÜZİV

Gənc AYB üzvü gənclər katibi Rəşad Məcidi topa tutdu - EKSKLÜZİV
28 aprel 2011
# 16:40
Diş ağrısı...

(Ramiz Rövşən üçün)

Hərdən öz-özümə fkirləşirəm ki, bu Rəşad Məcid kimdi və onun ala gözünə, qara qaşına aşiq olan kimdi və Rəşad hansı ədəbi zövqünə və hansı ədəbi fəaliyyətinə görə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibidir və hansı düşüncəsinə görə bir sıra nüfuzlu ədəbi mükafatların münsiflər heyətinin üzvüdür?

45 illik ömründə cəmi-cümlətanı, aman-zaman matah kimi “11 sentyabr” adında bir hekayə yazıb və bu bir hekayəni də 7 dilə çevirtdirib ki, hekayə ayrı şeydə olmasa da, heç olmasa kitabın qalınlığına görə fərqlənsin. Orasını da neyləmək olar ki, hekayənin də gəlib, tərslikdən sujet xətti və kompozisiyası oğurluq çıxıb.

Professor Nizami Cəfərov demişkən, hekayənin texnologiyası Markesin “Gözlənilən bir qətlin tarixçəsi” və yaxud Dilsuzun 80-cı illərdə qələmə aldığı “Yol” hekayəsinin təhkiyəsi, bir az da dərindən fikirləşsək III şəxsin dili ilə nəql edilməsi hələ ki, Rəşad Məcidin qulağına gəlib çatmayıb.

Və çoxlu sayda qələm adamları yeri oldu-olmadı hekayənin tərif yarışına çıxıblar və növbə hekayə yazılandan düz 8 il sonra zövqünə inandığım şair Səlim Babullaoğluna çatıb. O da nə az, nə çox düz iki səhifə ona vaxt ayırıb. Ayırsın, sözümüz onda deyil. Amma niyə 8 ildən sonra? Niyə Səlim bəy bu yazını yazmaq üçün 8 il fikirləşib?

Buradan yalnız belə bir qənaətə gəlmək olar ki, Türkiyənin əsas işi “Dardanel boğazı”ndan keçdiyi kimi Azərbaycan yazarlarının da qələmi “525-ci qəzet” boğazından keçir. Nə yazıq ki, bu çarəsizliyi ədəbi prosesin diş ağrısına da bənzətmək olar və diş demişkən, yadıma xalqın dilindəki dişli olmaq, yəni öz sözünü demək fikri düşdü.

Rəşad Məcidin gənclərə göstərdiyi əsas qayğının patogenezi gənc yazarların dişini çıxarıb Azərbaycan Yazıçılar Birliyi tərəfə yönəltmək olur. Bu diş kabineti də “Gənc Ədiblər Məktəbi” olub. Rəşad burda düz 2 il ancaq diş çəkib, pulunu da Mədəniyyət və Turizm Nazirliyi verib, Rəşad da analgindən, dimidroldan vurub və uşaqların çənələrini yaxşıca keyidib, sonra da bir-bir hamısın dişini çıxarıb. Düzü, bəzilərinin, yəni tutdurux vermiyənlərin əvvəlcə dişinin nervisini çıxarıb, bu da onları ələ almaq, yəni növbəyə dayanmaqları üçün həvəsləndirici rol oynayıb.

Gənc yazarların dişinin çıxarılmasına görə əsas mükafat isə əvvəlcə Azərbaycan Yazıçılar Birliyinə üzv və daha sonra prezident təqaüdü almaq olub. Bu dişsiz uşaqlar da həmişə elə zənn ediblər ki, bunlar prezident təqaüdü yox, “Rəşad Məcid təqaüdü” alırlar.

Doğrudur, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə ayırdığı “Gənc Ədiblər Məktəbi” nin məşğələləri diş çıxarılması məqamına qədər çox maraqlı keçib və burada Rəşadın oxunan şeirlər haqqında heç bir fikir bildirmək bacarığı olmadığına görə onun əsas xilas yolu “siz söhbət eləyin, mən çöldə bir siqaret çəkim gəlim” demək olub..

Sonra məclis Anar Aminin, Nahidin anektodları, gülməcələri ilə davam edib. Burada hər ehtimala qarşı Rəşad Məcid əlinin altında hücumcu da saxlayıb, birdən diş çəkdirmək istəməyən olsa və ya Rəşad Məcidin “məclis” təsərrüfatına etiraz eden olsa, tez onu boykot edə bilsin. Onu da deyim bilin ki, istedadı istedadla vurmaq əxlaqı bir yana, istedadsızı patron kimi avtomatının lüləyinə taxıb istedadı vurmaq istedadı və peşəkarlığı Rəşad Məciddə çox yüksək səviyyədədir.

Son vaxtlar Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə “diş həkimi” Rəşad Məcidin “Ədəbiyyat qəzeti” üzərinə hücumu da başa düşüləndir. Rəşadla yüzə-yüz razıyam ki, “Ədəbiyyat qəzeti” çox zəif çıxır. Amma, orası da var ki, bir az dərindən fikirləşib görürsən ki, Rəşad Məcidin özünün ədəbi zövqü heç “Ədəbiyyat qəzeti”ndən bir qarışqa boyu qədər də o yana keçə bilmir, yəni Rəşadla Ayaz Vəfalının istehsal etdiyi ədəbi məhsullar bir-birindən heç nə ilə fərqlənmir.

“Ədəbiyyat qəzeti”nin o biri üzü elə “525-ci qəzet” dir. “525-ci qəzet”də də 5-6 yaxşı müəllif çap olunur, “Ədəbiyyat qəzeti” də də. Hələ bu bir yana qalsın, orası da var ki, “Ədəbiyyat qəzeti”nin çap etmək istəmədiyi müəlliflər olduğu kimi, “525-ci qəzet”də də belə müəlliflər az deyil ki, onlar heç redaksiyaya belə buraxılmırlar.

“525-ci qəzet” boğazından ruhlanan Rəşad Məcid az qala Azərbaycan Yazıçılar Birliyini “525-ci qəzet”in ədəbiyyat şöbəsi elan etsin. Neyləmək olar ki, bu “boğaz” andırlar çox amansız olur. Təkcə boğaz olsa nə var, boğazdan irəli hələ diş var, o da o ola ki, diş də çıxarılmış ola. Bəli, dişlər çıxarılır, buna görə də bir çox məsələləri bütöv udmaq lazım gəlir.

“Gənc Ədəblər Məktəbi”in əksər üzvlərinin dişlərinin çıxarılması onları hərəkətsiz bir vəziyyətə gətirib, yəni dişli deyillər ki, bir şeyə etiraz edə bilsinlər. Ən dəhşətlisi isə burasındadır ki, bu dişizləri “gənc sovet şairləri” kimi qoruyan bir bolşevik təfəkkürü də formalaşıb, Azərbaycan Yazıçılar Birliyində onların müdafiəsi yaradılıb.

Onlardan birinin tənqid etmək Azərbaycan Yazıçılar Birliyini tənqid etməyə bərabər tutulur. O da ola bilər ki, bu dişi olmayan gənclər qaçıb protez dişi olanların (necə ki, vaxtı ilə onların da dişləri çıxarılıb) arxasında gizlənib deyələr ki, qoymayın məni tənqid edirlər, axı bizim dişimiz yoxdur, çıxarıblar, hələ ptotez də hazırlanmayıb. Ay protez dişlilər, nə olar, yox e bu cür deyirlər: Nooooolar bizə kömək eləyin. )))

Mən protez dişden və protez dişlilərdən çox qorxuram.

P.S. İnanmıram ki, o dişsizlərdən kimsə mənə cavab verə bilsin. Bəlkə də ola bilsin ki, Əsəd Cahangiri irəli verdilər, ancaq ona da inanmıram, çünki, Rəşad onun da dişini çoxdan çəkib.
# 1563 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #