Simona əri Sartrı oğlu kimi sevirdi..

Simona əri Sartrı oğlu  kimi sevirdi..
27 aprel 2011
# 08:00
Kişilərə demək istəyirəm: əgər sevdiyiniz qadın həlledici anda sizi yox, karyerasını, işini seçirsə, deməli, o sizi sevmir. Əslində heç vaxt da sevməyib.

Sadəlöhvcəsinə də “müasir qadın müstəqil olmaq, özünü ifadə etmək istəyir” fikirləri ilə də boş təsəllilərə qapılmayın.

Ya XV ya XXI əsr... heç fərqi yoxdur. Qadının təbiətində fədakarlıq hissi güclüdür: valideynlərinə, qardaşına və... sevdiyi kişiyə. Və zaman onun bu hissinə qalib gələ bilmir.

Əgər o sizə qarşı fədakar olmayıbsa, yalnız ona görə ki, onun içindəki qadını dəyərləndirə, duya, özünüzü sevdirə, qəlbini fəth edə bilməmisiz. Vəssalam.

Hətta müasir qərb cəmiyyətdən nümunə də gətirə bilərəm.

Bir neçə il əvvəl Almaniyada Murat adlı türk tanışım məni Melisa adlı keçmiş sevgilisi ilə tanış etdi.

Zəngin alman ailəsindən olan, ixtisasca vəkil Melisa zərif və gözəl qızdır. O Muratın evlənmək təklifindən imtina etmiş, karyerasının onun üçün vacibliyini deyərək başqa şəhərə vəkil kimi işləməyə getmişdi.

Həmin şəhərdə bir kişiyə vurulan Melisa uzun müddət onunla xoşbəxt yaşayır və onlar hətta evlənməyi də düşünürlər.

Amma günlərin birində sevgilisi başqa bir qadına görə Melisanı tərk edir.

Mən Melisa ilə tanış olanda o hələ də depressiyada idi.

İşini gücünü buraxıb tənhalığa çəkilən, bir neçə dəfə intihara cəhd edən qız içir, kişiləri söyürdü.

Onda düşündüm ki, Murada kareyrasının önəmli olduğunu deyən Melisa başqa bir kişiyə görə həyatını məhv edir...

Feminist hərəkatının ideoloqlarından biri, “İkinci cins” fəlsəfi traktatında qadınların uzun illər kişilərin qənimətinə və əmlakına çevrilməsini anladan, kişilərlə bərabərlyini təsdiqi kimi uşaq doğmaqdan imtina edən Simonanın da içində əslində sadə, sıradan bir qadın mürgüləyirdi.

Bu qadını Sartr duya bilmədi. Bilməzdi də.

Çünki Sartr kişidən çox filosof idi.

Simona isə daha çox qadın.

Simona Sartrı qardaşı kimi sevirdi.

O, məktublarında yazırdı: “Seksual mənada bizdə tam harmoniya olmayıb, əsasən də onun üzündən: seks onu o qədər də maraqlandırmır. O ehtiraslı, temperamentlidir, amma yataqda yox. Təcrübəsizliyimə baxmayaraq, mən bunu intuitiv dərhal anladım və tədricən biz yatmağı artıq hesab etdik”.

Simona içində gizlətdiyi qadını sevgilisi, Amerika yazıçısı Nelson Alqrenə açdı.

Onun Nelsona yazdığı məktublar adi bir qadının məktubları qədər hissiyyatlı, emosional, bəzən bayağı, amma sevgi ilə dolu idi.

O Nelsonu “sevimli əri” adlandırırdı.

Amma Simona Nelsonla birlikdə olmaq üçün fədakarlıq etmədi.
Əvəzində əsərlərində qadının qurban olmasına etiraz edən feminist Simona özünü başqa bir kişiyə - Sartra qurban verdi.

Çünki Simonanın yazdığı kimi Sartr zahirən müstəqil olsa da, daxilində həmişə tufan, qarışıqlıq idi.

Zəif Sartrın güclü Simonaya ehtiyacı vardı.

Balaca, köməksiz uşağın anaya ehtiyacı olan kimi.

Bir ana oğluna görə sevdiyi kişidən imtina edən kimi Simona daha çox Sartra görə sevdiyi kişi ilə bərabərlik təklifini rədd etdi.

Amma fərq etməz.

Bu vəziyyətin əsasında yenə də kişiyə görə özünü qurban dayanır.

O qadın təbiətinə qalib gələ bilmədi.

Simonanın fədakarlığı mənə rejissor Hüseyn Mehdiyevin “Özgə vaxt” filmini xatırladır.

Filmdə gənc qadın sevgilisindən imtina edərək həyatını xəstə atasına qurban verir. Son nəticədə özünü də məhv edir.

Sartr ağır xəstələnəndə Simona ona bu cür sadiqliklə qulluq edirdi.
Yazımı Simonanın Nelsona yazdığı bəzi məktublardan seçmələrlə bitirirəm. Amma beynimdə var-gəl edən suala cavab vermək çətindir: Bu qurbana dəyərdimi?

“Mənim əziz, ecazkar, sevimli aborigenim, sən məni yenidən ağlamağa məcbur etdin.... Mən burnumu illüminatora söykəyib ağladım... Amma bu şirin göz yaşlarıdır, bizim sevgidən doğan göz yaşları. Mən həmişə səninlə olacağam, sadiq qadın sevdiyi əri ilə olduğu kimi”.

“...bu gecə özümü bir az bədbəxt hiss edirəm. Icazə ver bir az ağlayım. Sənin sinəndə ağlamaq gözəl olardı, amma indi ona görə ağlayıram ki, bu mümkün deyil. Sən sevinə bilərsən, çünki hətta okeanın o tayından belə məni ağlada bilirsən. Sənin varlığından, məni gözləməyindən güc alıram. Sənin üçün darıxıram, mən sənin arvadın, sən isə mənim ərimsən”.

“Bilirəm ki, dünyada rahatlıq və xoşbəxtlik var, bunun üçün sənin qucağında olmaq yetər.”

“Nelson əzizim sən dünyada tanıdığım ən qayğıkeş və əziz insansan.”

“Mənə kiminsə əli və ya dodaqları dəysə buna qatlana bilmərəm. Səndən başqa. Mən sənə sadiq olacam, nümunəvi həyat yoldaşı kimi ”.

“Nelson, əzizim, hiss etdiklərimi sənə yazmasam özümə yer tapa və sakitləşə bilmərəm. Bütün yol boyu – qatarda, taksidə, təyyarədə ağlamışam və xəyalən sənlə danışmışam. Tanışlığımızın ilk günlərindən sənin qarşında günah hissi duymuşam. Mənim sevgim böyük olsa da sənə az şey verə bilərdim. Sən mənə inanırdın, bilirəm. Sən heç vaxt həmişəlik Fransada qalmaq istəməzdin, hərçənd məndən fərqli olaraq sənin Amerikada kiminsə qarşısında öhdəçiliyin yoxdur, olmayıb. Özümə haqq qazandırmaq istəməzdim, amma Sartrı, Fransanı ata bilmərəm. Düşünürəm ki, sən mənə inanırsan. Amma anlayış belə faktları dəyişmir: mən sənə ömrümü vermədim. Yalnız ürəyimi verdim, yalnız bunu bacardım. Mən özümü həmişə günahkar hiss edirdim inan. Sevdiyin insan qarşısında özünü günhakar sayanda bu xüsusən ağırdır. Mən böyük sevginin gətirə biləcəyi xoşbəxtliyi sənə verə bilmədim, amma mən də çox bədbəxtəm. Sənin üçün hər dəqiqə darıxırdım, bu xiffətin bütün forma və növlərinin acısını çəkdim. Həyatımda ilk dəfə sənə yalvarıram: “ya məni ürəyində saxla, ya da həmişəlik qov, sənin sevgindən yapışıb qala bilmərəm, çünki birdən ayılıb onu yenə də görməyəcəyimdən qorxuram. Mən bu əzabı yenidən yaşamaq, hətta təsəvvürümə gətirmək belə istəmirəm.... İstəyirəm məni yenə heç olmasa sevgiylə bir dəfə öpəsən. Səni elə sevirəm ki”.


Sevda Sultanova
# 1409 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #