Siqareti iştaha ilə sümürən, unudulmuş yazıçı

Siqareti iştaha ilə sümürən, unudulmuş yazıçı
2 noyabr 2012
# 08:45
Tənqidçi dostum Əsəd Cahangirlə söhbət əsnasında az qala unudulmaqda olan yazıçı Sabir Azəri xatırlandı. Daha doğrusu, Əsəd qayıtdı ki, görəsən Sabir Azəri haralardadır? “Mühacirətdədir”-, dedim. Həmsöhbətim təəccüblə üzümə baxanda demək istədiklərimi göydəcə tutdu. Hə, düz deyirsən, dedi, o, ədəbiyyatdan mühacirət edib...

Bu söhbətdən qısa müddət sonra Sabir Azəri dünyasını dəyişdi. Əslində bu yazının qəhrəmanı Sabir Azəri yox, mərhum yazıçımız Arif Abdullazadədir. Bu mühacirət söhbətinin Arif Abdullazadənin ədəbi taleyi ilə sıx bağlılığı yadıma o məqamı saldı.

Arif Abdullazadə Azərbaycan nəsrinin 60-cı illər nəslinə mənsub yazarlarındandır. Amma nədənsə 60-cılardan söz düşəndə heç vaxt onun adı çəkilmir. O, son dərəcə geniş yaradıcılıq diapazonuna malik bir qələm sahibi idi. Filologiya elmləri doktoru, professordu. Rəsul Rzanın yaradıcılığından bəhs edən “Od nə çəkdi” monoqrafiyasının, bir neçə poeziya kitabının, “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı” və digər romanların müəllifi olan Arif Abdullazadəni bu günkü ədəbi nəsil demək olar ki, tanımır. Niyə?

Ədəbiyyatın da üzü torpaq qədər soyuqlaşıbmı?! Axı o, miyanə alim, pis yazıçı deyildi, ən əsası, unudulmağa layiq deyildi, niyə bu qədər tez unuduldu?

Arif Abdullazadəni ilk və son dəfə Nizami adına Ədəbiyyat İnstitutunun dəhlizində görmüşəm. Ən çox dalğın görkəmi ilə yadımda qalıb. Əynində boz rəngli miləmil kostyum vardı, əlindəki siqareti iştaha ilə sümürüb tüstünü düz xətlə tavana doğru üfürürdü. Hər dəfə onun kitablarını əlimə alanda siqaret tüstüsü içində itib-batmış dalğın görkəmi gözlərim önündə canlanır.

“Bir ovuc torpaq” romanı Arif Abdullazadənin ilk nəsr əsəridir. O zamanlar Türkiyə ilə əlaqələrimiz yox dərəcəsindəydi, Elçinin “Yaxın-uzaq Türkiyə” adlı yol qeydləri hədsiz maraqla oxunurdu. Söhbət 70-ci illərin axırlarından gedir. Həmin dövrdə Arif Abdullazadə Türkiyə mövzusuna müraciət etdi. Bu da təsadüfi deyildi, müəllif uzun müddət qardaş ölkədə yaşayıb işləmişdi, Türkiyənin həyat və məişətinə dərindən bələd idi. Dəqiq yazıçı müşahidəsi romandakı hadisələrin canlı və real çıxmasına zəmin yaratmışdı. O dövrün Türkiyəsini, bu məmləkətdə baş verən ictimai-siyasi prosesləri, bizlərə azəri türkü kimi yox, sovet adamı kimi baxdıqları çağların ayrıntılarını bilmək üçün həmin romanı oxumağa dəyər. O vaxtlar ki Azərbaycan müstəqil deyildi, Türkiyə Azərbaycana ürək genişliyi ilə can deyə bilmirdi, münasibətlərdə bir soyuqluq vardı, oralar bizim üçün müəyyən mənada qürbət sayılırdı, bax, o zamanların acı gerçəkliklərini qələmə almaq, Türkiyəni ideallaşdırmadan, necə var, o cür təsvir etmək təkcə Arif Abdullazadəyə müyəssər olmuşdu.

Əlbəttə, Azərbaycan ədəbiyyatının gur nəhrində nəsrin şaxələnən qolları kifayət qədərdir, bu qollar içərisində Arif Abdullazadə çeşməsinin sakit zümzüməsi bir müddət eşidilməyə də bilər. Amma heç ola bilməz ki, bu zümzümə tamamilə eşidilməz olsun.

Bu günlərdə “Bir ovuc torpaq” romanını oxudum, bu ədəbi mətn hər şeydən əvvəl canlı insan surətlərinin bolluğuyla diqqətimi cəlb etdi. Nəsr hər şeydən əvvəl realizmi sevir, sırf realist düşüncənin məhsulu olan bu romanda bircə saxta, pafoslu cümləyə rast gəlməzsən.

Müharibənin qızğın dövründə almanlara əsir düşən İsmət güllələnəcəyini bilib əsirlikdən qaçır, yenidən ələ keçir, bu dəfə əsirləri Avstriyaya yollayırlar. Onların bir çoxu aclıqdan və xəstəlikdən tələf olur, müharibə başa çatdıqdan sonra müttəfiqlərin qoşunları şəhərə daxil olur, ingilis və amerikan əsgərləri mühafizəsiz qalmış əsir düşərgəsindən əsirləri sərbəst buraxırlar. Bundan sonra tale İsməti Türkiyəyə gətirib çıxarır və acılarla dolu qürbət həyatı başlayır.

Sovet mütəxəssislərinin iştirakı ilə tikilən zavodlarda tərcüməçilik edən İsmət heç vaxt doğmalarına qovuşa bilmir. “Təkliyə ancaq insan dözə bilər”. Necə ki, İsmət sona qədər bu təkliyin cəngində çabaladı...

Arif Abdullazadənin bir romanı da var. “İşıq zolağı”. Siracla Nərgizin tələbəlik illərindən başlayan uğursuz məhəbbət hekayəsi sonrakı illərdə də onları təqib edir, bu uğursuz məhəbbətin fonunda dövrün ictimai, sosial mənzərəsi bütün parametrlərilə təqdim olunur. Bəzən publisistika bədiiliyi üstələsə də romanın strukturuna qətiyyən xələl gətirmir, əksinə, hadisələrin mahiyyətinə nüfuz etməkdə yardımçı rolunu oynayır.

İndi bu əsərlər heç yerdə xatırlanmır. Arif Abdullazadənin latın qrafikasında heç bir əsəri çap olunmayıb. Halbuki onun yazdıqları bu gün də aktualdır və bu günün ədəbi kriteriyalarına cavab verir. Bəs elə isə bu qədər biganəlik haradandır?

Artıq bir neçə ildir ki, Arif Abdullazadə aramızda yoxdur. Neçə illər bundan əvvəl Nizami adına Ədəbiyyat İnstitutunun darısqal dəhlizində dayanıb siqaret tüstüsü içində itib-batmaqda olan boz rəngli miləmil kostyum geyinmiş dalğın, yorğun görkəmli adamı görəndə zamanın amansızlığı məni sarsıtmışdı. Zaman hələ o vaxtdan onun əleyhinə işləməyə başlamışdı, bəlkə özü də bunu duymuşdu...

Yaşasaydı, yəqin ki, öz əsərlərinin qayğısına qalardı. Amma heç şübhəsiz, bu qədər tezliklə unudulacağına inanmazdı...

Kənan Hacı
# 1751 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #