Dahi

Dahi
9 sentyabr 2012
# 18:02
Sovet rejiminə təkcə yaradıcılığı ilə meydan oxuyan adamların adını saysaq bir əlin barmaqlarını keçməz.

Amma Sovetin ideoloji sistemini açıq mətnlə hədəfə alan, marksizm təlimini anti-insani saydığını elan edən cəmi bircə adam vardı: Asif Əfəndiyev.

Və bu gün bu adam öz layiq olduğu qiyməti ala bilıməyib, nə bir heykəli var, nə də bir adı.

Onu çox az adam xatırlayır, halbuki adı fikir tariximizə qızıl hərflərlə yazılmalıydı.

Bunun günahı kimdəydi?

Hər şeyi xalqımızın unutqanlığına yaza bilmərik.

İlk günahkar Asif Əfəndiyevin özüdür.

Təlimini dinə çevirəndə, özünü Peyğəmbər elan edəndə, dinə qarşı çıxıb yeni din yaradanda dalbadal səhvlər edən böyük filosofun özündə.

Bu cür davranmaqla o özünü cəmiyyətdən ayırdı, marjinal bir qrupun atası oldu, amma böyük filosof ola bilərdi.

Olmuşdu da, lakin bu filosofun fikirləri bir ocağa həbs edildi, idrak müstəvisindən çıxdı, milyonların beynini oxşayan bu nəzəriyyə axırda gəlib ayinləri, ritualları olan dinə çevrildi..

Bütün bunların nəticəsində böyük fəlsəfə kiçikləşdi, cılızlaşdı, kiçildi.

Kiçilə-kiçilə yox ola biləcək qədər balacalaşdı.

Ardıcılları da filosofun yox, peyğəmbərin ardıcılları oldular, aralarına nifaq düşdü, bölündükcə bölündülər, kiçildikcə kiçildilər.

Bütün bu prosesin də ilk günahkarı filosofun özü idi.

Müridlər isə bu günah zəncirini uzada bildikləri qədər uzatdılar.

Asif Ata ölümündən sonra intellektuallıq dünyasından uzaqlaşdı, onun fikirləri cəmiyyət üçün əlçatmaz, intellektuallar üçün anlaşılmaz qaldı.

Onu cəmiyyətə təqdim edən olmadı.

Çünki müridlərin arasında Asif Ata qədər fəlsəfi mədəniyyəti olan yoxuydu, Asif Ata müridlərini intellektual potensialına görə sədaqətinə görə seçirdi.

Bu mənada özündən sonra bir Nəsimini qoyub gedən Fəzlullah Nəimi qədər şanslı deyildi Asif Ata.

Zəmanə inamını inamsızlıq görüb yeni inam yaradan Asif Atanın İnam Təlimi də digər inamsızlıqların sırasına qoşuldu.

İndi onun kitabları az tirajla olsa da çap edilir, müridlərin xidmətidir bu, gəlin danmayaq.

Amma bu kitabların tirajı az, təbliğatı yox, təqdimatı isa Asif Ata-İnam Ata kimidir.

Beləcə bir dahimizin “intiharını” özü əlimizlə sona çatdırırıq.

Bundan 50 il sonra Asif Atanı kimsə xatırlayacaqmı, bu məchuldur.

Amma iki istedadlı tələbəsi bu işləri görə bilərdi, zülmətdən seçilməyən fəlsəfə səmamızda Asif Ata ulduzu bərq vurardı.

Yox, daha olmayacaq, bu ulduz sönməyə məhkumdur...
Mən ən çox buna yanıram...

Asif Atanın sabahını dumanlı görürəm.

Bu cür böyük fikirlərin təqdimatı yoxdur.

Bu cür böyük fəlsəfə dinə çevrilib yox olur.

Bəlkə də kimsə elə günü sabah Asif Atanın fəlsəfəsi ilə dini kitablarını bir-birindən ayıracaq, fəlsəfi kitabları çap etdirəcək, beləcə Asif Ata yaratdığı Ocaqdan xilas olub layiq olduğu yeri alacaq.

Bu görkəmli esseisti, ədəbiyyat tənqidçisi, estet və filosof layiq olduğu qiyməti almalıdır, bunun amması, ancağı yoxdur, İnam Ata getməli, yerinə Fəlsəfə Atası gəlməlidir.

Asif Atanın qurtuluşu bundadır.

Elə ədəbiyyatın da...

Elə fəlsəfənin də...
# 1152 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #