Axır ki, səni tapdım, Mahir Mehdi!

Axır ki, səni tapdım, Mahir Mehdi!
28 avqust 2012
# 11:02
Kənan Hacı



Mən onunla harda, nə vaxt tanış olmuşam? Xatırlamıram...

Neçə vaxtdı özümü quru rəqəmlərdən azad eləmişəm. Çünki bu quru rəqəmlər də quru adamlar kimidi...

O, bir az mənim içimdəki adama bənzəyirdi; dalğın, narahat, həyatının axarını başsız Bakı küləklərinin ixtiyarına vermiş küsgün, içəndən sonra kövrəlib ağlayan, bir az da dəlisov adama...

Özünü yerdən-yerə vurmaqla deyil, tale nə yazıbsa, odur. Vəssalam! Aramızdakı məsafə bir şüşə araqla ölçüləndə mən şeir oxumuşam, o, yumruqlarını stola çırpıb ağlayıb, o şeir oxuyanda mən arağı “zakuskasız” içmişəm...

Xatırlayırsanmı o günləri, Mahir?!

“Təmiz, yaxşı oğlan ola bilərdim, alınmadı...”

Bu, sənin sözündü... Hər dəfə əclaflıqlar önündə gücsüzlüyümü hiss edəndə sənin bu sözün yadıma düşür... “Yaxşı oğlan ola bilərdim...”

Bizi “yaxşı oğlan” olmağa qoymadılar, Mahir...

Bu illər ərzində gözüm həmişə səni axtarıb... Dost məclislərində, şeir gecələrində, tək-tənha şəhərin küçələrini dolaşanda...

Bəlkə də bu yazı heç vaxt yazılmayacaqdı, sənin sözün qəfildən rastıma çıxmasaydı... Yaxşı söz də yaxşı adam kimi xatırlanır; yaxşı adamdı dedikləri kimi həm də yaxşı şeirdi, deyirlər. Sənin sözün də təmiz qızıl kimidi; dəyərini heç vaxt itirmir.

Şeirə çörək ağacı kimi baxanların əhatəsində sən yad planet kimi dolaşırdın... Axır ki, dözmədin, getdin bu şəhərdən... Və sənin özünü axtarmaqdan yorulanda sözünü axtarmağa başladım. Neçə vaxtdı həmin o məşhur şeirin izinə düşmüşdüm, o şeir isə nədənsə elə hey məndən gizlənirdi. Dostlardan, tanışlardan soruşurdum, yoxdu, deyirdilər, o şeir heç kimdə yoxdu, olsa, yenə də özündə ola bilər. Özün isə inzivayə çəkilmişdin... Deyəsən yorulmuşdun, Mahir... Bu şəhər məni də yorub, amma getməyə gücüm çatmır. Çünki sənin qədər güclü deyiləm... Sən bu dünyadan “istefa verməyi” bacardın. Sən daha bu dünyanın adamı deyilsən. Heç o biri dünyaya da səsin-sorağın yetməyib. Sən öz dünyasını yaradıb o dünyanın içində bəxtiyarcasına yaşamağı bacaran söz adamısan...

Nəhayət, həmin saralmış dəftər kağızını öz arxivimdən tapdım. Nə vaxt kağıza köçürdüyümü xatırlamıram. Amma bu şeiri tapanda küçənin ortasında qəfildən əzizini tapmış bir adam kimi elə ürəkdən sevindim ki!

Axır ki, səni tapdım, Mahir!


Sənə sevişməyi mən öyrətmişəm...

Çıxıram özümdən bir az yuxarı,
Enirəm özümdən bir az aşağı.
Qalmışam özümlə sənin aranda,
İndi hara gedim, məhlə uşağı?

Hara gedirəmsə, əvvəl-axırı
Gedib-gəldiyimə dirənir bu yol.
Mənə yol getməyi sən öyrətmisən,
Məndən yol getməyi öyrənir bu yol.

Söznən güləşirsəm, başım qarışıb,
Söz güləşdirirəm varağın üstə.
Sənə sevişməyi mən öyrətmişəm,
Bu dar çarpayıda, bu ağın üstə.
# 3476 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026