Ucuz Fəhlə - MƏTN

Ucuz Fəhlə - MƏTN
21 aprel 2011
# 12:32
Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:

- Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:

- Hansı işi bacarırsan?

- Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.

- Bizə tornaçı lazımdır.

- Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.

- Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.

- Mən birinci dərəcəli modelçiyəm.

Sahib şirinliklə dodaqlarını yaladı:

- Əgər sən xarrat da olsaydın...

- Düz dörd il xarratlıq sənəti üzrə usta işləmişəm.

«Zavod üçün təzə tapıntıdır», – deyə sahib düşündü. – «İndi yəqin ki, yüksək məbləğdə pul tələb edəcək».

- Yaxşı, oğul, amma, təəssüf ki, bizim fəhləyə ehtiyacımız yoxdur.

- Mən bütün əmrlərinizə əməl edəcəyəm.

- Yaxşı, qoy olsun! Mən səni götürürəm. Amma yadında saxla: əlavə heç nə ödəyən deyiləm. Onsuz da adamım çoxdur.

- Təşəkkür edirəm, bəy əfəndi! Mən əlavə heç bir şey istəmirəm. Nə qədər versəniz, ona da sağ olun.

- Birinci dərəcəli ustalara biz gündə 5 lirə ödəyirik. Sənə isə artıq işçi kimi 2 lirə verəcəyik.

- Nə etməli, sahib, mən razıyam.

Öz qələbəsindən cuşa gələn sahib üz-gözünü turşutdu.

- Qulaq as, gör daha nə deyirəm. Bizdə iş saatı cədvələ salınmayıb. Sonradan narazılıq olmasın ha! Gündə ən azı 11 saat işləmək lazım gələcək.

- Qoy lap 14 saat olsun, sahib.

Sahib qulaqlarına inana bilmədi.

- Bəri bax, sonra deməyəsən ki, eşitməmişəm: iş yerin dar və qaranlıq olacaq.

- Necə desəniz...

- Hə, az qaldı yadımdan çıxa. Qabaqcadan bir qəpik də almayacaqsan. Bir ay işlərsən, təcrübə qazanarsan, ondan sonra əgər biz səndən razı qalsaq, gündə iki lirə verəcəyik.

- Necə istəyirsiniz...

- Hə, bir də ki, aldığın əmək haqqının iyirmi faizini texnikanın təmirinə və tullantısına görə ödəməli olacaqsan.

- Bəs necə, sahib, əlbəttə, əlbəttə!..

- Bir də ki...

- Eşidirəm!

- Mən sənə-yad bir adama ən əla mühərriklərimi etibar edirəm ha!

- Çox razıyam, əfəndi.

- Elə buna görə də səndən min lirə məbləğində vergi tələb olunur.

- Verərəm, sahib, and olsun! Atamdan mənə bir komacıq miras qalıb. Onu satıb vergini ödəyərəm.

- Yaxşı, onda yüyür sexə və işə başla!

Fəhlənin getməsindən bir neçə dəqiqə sonra iki polis nəfəri təngnəfəs halda sahibin kabinetinə soxuldu.

- Bəy əfəndi, sizin yanınıza bir ağıldankəm adam girmişdi. O, dəlixanadan qaçıb. Biz onu axtarırıq!..



Tərcümə: Ağaddin BABAYEV
# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər