50 ilin sirri: seks-simvolun müəmmalı ölümü

50 ilin sirri: seks-simvolun müəmmalı ölümü
9 avqust 2012
# 11:59
Avqustun 5-də bütün dünya Merilin Monronu yad edirdi. Amerikalı kinoaktrisa, müğənni və seks-simvol 50 il əvvəl – 1962-ci il avqustun 5-də sirli şəraitdə həyatla vidalaşdı. Onun ölümünün təsadüfi və ya sui-qəsd planının bir hissəsi olub-olmaması hələ də sirr olaraq qalır. Yəqin ki, dünyanın ən sirli aktrisası adlandırılan Monronun ölümünün səbəbləri hələ uzun müddət bağlı qalacaq. Bəlkə də bu sirr heç bir zaman çözülməyəcək.

1962-ci il avqustun 5-də Merlin Monronun Los-Anceles ətrafındakı Hellen rayonunda yerləşən evinə birinci olaraq gələn polis serjantı Cek Klemmons əminliklə bildirirmiş ki, məşhur aktrisanı qətlə yetiriblər: otaq səliqəli şəkildə yığışdırılıb, yataq isə yenicə salınmış kimi görünürmüş. Üstəgəl, Monronun xadiməsi gecə yarısı paltar yuyurmuş və polis əməkdaşının bütün suallarına eyni cavabı verirmiş: nə o özü, nə də aktrisanın şəxsi psixoterapevti Ralf Qrinson pis heç nə etməyiblər. Əslində, xadimə Yunis Mürrey və doktor Ralf Qrinson həyatda tamamilə tək olan Merilin Monronun ailəsi adlandırıla biləcək şəxslər olub.

Patoloqoanatom Tomas Noquçi ölümün tibbi preparatlardan həddən artıq istifadə edilməsi səbəbindən baş verməsi barədə rəy verib. Amma ortaya daha bir qaranlıq məqam çıxıb. Yataq otağında dərman qabı tapılıb. Qabdakı dərmanlar xüsusi kapsulanın içində olmalıymış. Patoloqoanatom isə Monronun orqanizmində həmin kapsulların izinə rast gəlməyib. Maraqlıdır ki, Noquçi tam ekspertizanı həyata keçirə bilməyib. Polis tərəfindən çəkilən və Monronun bədənindəki göyərmə izlərini qeydə alan fotolar da harasa yoxa çıxıb.

Monro bundan əvvəl də dəfələrlə həyatına son qoymaq üçün cəhdlər edib və bu səbəbdən hətta psixiatrik klinikada da müalicə olunub. Ona görə də, seks-simvolun intihar etməsi versiyası tamamilə inandırıcı görünüb.

Kennedi izi

Merilin Monronu xatırlayan yaşlı amerikalıların çoxu əmindir ki, 1962-ci il avqustun 5-də gecə öz yataq otağında, əlində telefon dəstəyini tutaraq ölən Hollivud ulduzunun ölümü bu və ya başqa şəkildə o zamanın ən güclü siyasi klanı ilə bağlıdır. Həmin klana isə ABŞ prezidenti Con Kennedi və onun qardaşı, ədliyyə naziri Robert Kennedi başçılıq edirmişlər.

Ölümün Kennedilərlə bağlı olması barədə versiya 1962-ci ildə bütün Amerikada dillər əzbəri olub. Amma o zaman hamı tərəfindən qəbul edilən ümumi etiketə uyğun olaraq bu versiya kütləvi informasiya vasitələrində səslənmirmiş. Çünki yüksək ranqlı siyasətçilərin şəxsi həyatı sirr qatı ilə örtülübmüş.

Con Kennedi ilə mümkün əlaqəsi barədə rəylərin meydana çıxmasına da «platin sarışın» ləqəbli Monro özü rəvac verib. Sirli ölümündən cəmi bir neçə ay əvvəl Monro biserlə bəzədilən, bədəninə tarım yapışan, çoxlarının «nə çılpaq, nə də geyimli» adlandırdıqları paltarda Con Kennedinin yubileyində çıxış edib. Monro Medison skver-qardendəki zalda, bir neçə min qonağın qarşısında ABŞ-ın 35-ci prezidentinin 45 yaşı ilə bağlı həddən artıq seksual, insanı başdan çıxaran və intim münasibətlər olduğuna açıq işarə olan səslə məşhur «Happy Birthday, mister President» mahnısını oxuyub.

Bu o zaman böyük qalmaqal yaradıb. O vaxtlar televiziya ilə Elvis Preslini ancaq qurşaqdan yuxarı nümayiş etdirirlərmiş və qurşaqdan aşağı nümayiş qeyri-etik sayılırmış. Çünki Elvis Preslinin qurşaqdan aşağı hərəkətləri publika üçün qəbuledilməz sayılırmış. Monro isə hamının gözü qarşısında ABŞ prezidentinə qarşı belə hərəkət edib...

1962-ci ildə sakitləşdirici dərmanlardan və alkoqollu içkilərdən həddən ziyadə istifadə «bütün mənalarda sarışın» haqqında cəmiyyət arasında idarəedilməz, öz hərəkətləri ilə prezident və naziri pis vəziyyətə salan qadın imici yaradır. Bəzi mənbələr iddia edirlərmiş ki, Monro məşhur qardaşlarla özəl danışıqlarını yaymaq, onlarla münasibəti barədə memuarlar yazmaq fikrində olub. Amma bunların heç biri baş verməsə belə, seks-simvol sadəcə arzuedilməz şəxsə çevrilməyə başlayır.

Federal Təhqiqat Bürosunun (FTB) Monronun həyatı və ölümü ilə bağlı açıqladığı arxiv materiallarında aktrisanın prezident Con Kennedi ilə münasibətləri barədə bir kəlmə belə yoxdur. Əvəzində isə ədliyyə naziri Robert Kennedi ilə intriqaları barədə bütöv bir hesabat yer alıb.

FTB arxivindəki mənbəyə istinad edilmədən saxlanılan raportlardan birində yazılıb: «Robert Kennedi Merilin Monroya çox dərin hisslər bəsləyirdi. O, 1961-1962-ci illərdə tez-tez Hollivudda olurdu. O, həyat yoldaşından ayrılaraq onunla evlənəcəyinə söz veribmiş... Monro isə əks halda münasibətləri barədə geniş açıqlama verəcəyi ilə hədələyirmiş».

Solçu baxışlar və kommunist ideologiyası

Prezident üçün oxunan «Happy birthday» mahnısı «Somethings got to give» (Nəsə baş verməlidir) filminin çəkilişləri zamanı Nyu-Yorka uçmaq üçün Los-Ancelesi tərk edən aktrisanın həyatında həlledici rol oynayıb.

Aktrisanın növbəti addımının necə olacağının bəlli olmaması, onun özünü aparmasının qeyri-adekvatlığı, daima çəkilişlərə gecikməsi, çəkilik qrafikini pozması Elizabet Teylor və Tim Bartonun iştirakı ilə «Kleopatra» filminin çəkilişləri zamanı ciddi ziyana düşən «Fox» kinostudiyasını Monronun əvəzinə baş rola daha az tanınan, amma şıltaqlıqları da az olan başqa aktrisanı çağırmağa məcbur edir. Bu, Merilinin depressiyasının güclənməsinə daha bir təkan olur.

Bundan əvvəl isə heç bir zaman ana ola bilməyəcəyini öyrənmişdi. Onu da bilirdi ki, sayca üçüncü əri olan Artur Miller onunla ayrıldıqdan dərhal sonra jurnalist və fotorəssam İnqrid Moertlə evlənib və onlar uşaq gözləyirlər. Və anlayırdı ki, onun aktrisa kimi ulduz karyerası bitmək üzrədir. Nəhayət, gözəlliyin canlı etalonu sayılan (!?) Monro doğum günlərini ağrılı qəbul etməyə başlayıb. O, 1962-ci il iyunun 1-də qeyd edilən doğum gününü içki içmək üçün əlavə bəhanədən başqa bir şey hesab etmirmiş...

Milyonların kumiri həqiqətən də hamı tərəfindən atılıbmış. Münasibətləri şəxsi həkim və pasient çərçivəsindən çıxan Qrinson iddia edirmiş ki, Merilinin Millerdən boşanandan sonra bir dəfə belə intim münasibəti olmayıb. Onun ürəyi Millerdə qalıb. Merilin məşhur dramaturq olan keçmiş həyat yoldaşının şəxsi həyatını diqqətlə izləyirmiş. Aktrisa üçün intellekt və ağıl etalonu olan Millerin isə nikahlarının ilk günlərində öz gündəliyində bu sözləri yazdığı ortaya çıxıb: «Mənə elə gəlir ki, o, balaca uşaqdır. Mən ona nifrət edirəm!»

Solçu baxışlarına görə FTB-nin nəzarətində olan Millerin təsiri ilə Merilin Monro da kommunistlərə, Sovet İttifaqına simpatiya bəsləməyə başlayır və xüsusi xidmət orqanlarının nəzarət dairəsinə düşür.

FTB-nin arxivindəki sənədlərdən birində bildirilir: «WW konqresin araşdırma üzrə komissiyasında (bu komissiya 1934-1975-ci illərdə anti-Amerika fəaliyyəti ilə bağlı fəaliyyət göstərib) Miller və Monro problemini müzakirə edib. WW dedi ki, onlar ilişiblər. Onlar Marks və Lenini Romeyo və Cüleytta ilə səhv salıblar. Hökumət Miller və Monronun arasındakı münasibətlərə qarışmağa çalışmır».

Amma zaman keçdikcə hesabatların tonu da dəyişir. Çünki Amerikanın seks-simvolu getdikcə sola doğru daha çox meyl edir, Meksikaya səfəri zamanı Kommunist Partiyasının üzvləri ilə əlaqə qurur, rəsmi ideologiyaya zidd olaraq Kubaya səfər edir.

FTB-nin daha sonrakı hesabatlarında bildirilir: «Merilin Monro Kommunist Partiyası ilə yaxınlaşmağa başlayır. Ona məxsus «Marlyn Monroe Production» kompaniyasının pulları isə kommunistlərin kassasına axmağa başlayır».

Rusiyanın «Maşası»?

Merilin Monronun ölümünün 50 illiyi ilə bağlı kitab buraxan yazıçı Meri Kleyton iddia edir ki, həmişə hər yerə gecikən, başqalarını gözləməyə məcbur edən Monro həyatında cəmi bircə dəfə görüşə gecikməyib – 1959-cu ildə sovet lideri Nikita Xruşovun ABŞ-a səfəri zamanı onunla keçirilən görüşə. Kitabda Hollivud ulduzunun sovet liderinin «FOX» kinostudiyasını ziyarəti zamanı onunla şəkli də var. Merilin ağıllı məktəbli tələbə kimi Xruşovun nitqini diqqətlə dinləyir.

Guya ki, Xruşov Monroya deyib: «Siz çox cəlbedici gənc xanımsınız».

Aktrisa isə cavab verib: «Kino iki ölkənin bir-birini daha yaxşı anlamasına kömək etməlidir».

Bu görüş Merilin barədə yeni şayiələrin ortaya çıxmasına səbəb olub – bu dəfə şayiələr SSRİ-da yayılıb: KİV-də Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Lyudmila Temnovanın «Monro Dostoyevskinin ölkəsində» adlı sənədli filmində DTK-nın diplomatik örtük altında Nyu-Yorkda fəaliyyət göstərən zabiti ilə filmdə Maşa adlı sovet agenti kimi fəaliyyət göstərən Merilin arasında qısamüddətli eşq macərası barədə məlumatlar yayılır. Naməlum sovet agenti hətta Hollivud ulduzunun gizli şəkildə Moskvaya 2 həftəlik səfər etməsindən, mehmanxana pəncərəsindən Kreml ulduzlarına öz gözləri ilə baxmasından danışır...

Monro həqiqətən də Sovet İttifaqına sıcaq, xoş münasibət bəsləyirmiş. Onun 1955-ci ildə SSRİ-yə getmək üçün viza almaq müraciəti isə əsl sensasiyaya çevrilib. Aktrisa əvvəlcə «dəmir pərdə»nin o biri üzünə keçmək istəyi ilə bağlı məlumatlara heç bir reaksiya vermirmiş. Amma SSRİ-nin Vaşinqtondakı səfirliyinin viza müraciəti ilə bağlı məlumatı təsdiq etməsi, «biz müraciətə baxırıq» kimi açıqlama verməsindən sonra aktrisa bildirib ki, SSRİ-yə mədəniyyət xadimləri qrupunun tərkibində getmək istəyir. Qrupa isə Frenk Sinatra kimi dahi də daxil imiş...

Əsl adı Norma Cin Mortenson olan, hətta məktəb attestatı belə olmayan Merilin Monro isə Stanislavskinin vətənində teatrı öyrənmək, Dostoyevskinin «Karamazov qardaşları»nda rol almaq istəyirmiş. Monroya 2 il sonra Sovet ittifaqına getmək üçün viza verilir. Amma bütün Amerikanın sevdiyi sarışının SSRİ-yə səfər etməsi ilə bağlı hətta FTB arxivlərində belə məlumat yoxdur. İstisna deyil ki, onun buna sadəcə vaxtı çatmayıb... Gözlənilməz, vaxtsız və ən əsası planlaşdırılmayan ölüm Monronun planlarının üstündən xətt çəkib.

Monronun intihar etməsini təkzib edən daha bir maraqlı fakt var. Bir qədər öncə İtaliyanın «La Repubblica» qəzeti onun intiharını təkzib edən maraqlı məqalə dərc edib. Həmin məqalədə qeyd edilib ki, Merilin Monro sirli ölümündən cəmi bir gün əvvəl bahalı komodun alınması ilə bağlı pul çeki imzalayıb. Bu fakt doğrudan da onun intihar etməsi versiyasını şübhə altına alır. Axı bahalı kamod özünü öldürməyə hazırlaşan sarışının nəyinə lazımmış?

Kamal Gürşad
# 2814 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #