“Arvad öləndə həm sevinir, həm ağlayırsan”

“Arvad öləndə həm sevinir, həm ağlayırsan”
25 iyul 2012
# 11:38
İki dost Yıldızelindən Sivasa getmək üçün şosenin kənarında maşın gözləyirdik. Axşam üstü idi. Ağıllının biri gecəyarı gələn qatarı gözləməkdənsə tez-tez keçən yük maşınlarından birinə oturmağımızı tövsiyə etmişdi və biz də düz saat yarımdan bəri yolun o biri ucunun bitdiyi tərəflərdən görünən hər toz buluduna ümidlə baxaraq bu “tez-tez” deyiminin neçə saat aralığında nəzərdə tutulduğunu düşünürdük.

Nəhayət, hava əməlli-başlı qaraldıqdan sonra iki fara toz buludlarını işıqlandıraraq dayandığımız yerə çatdı. Biz yanğından və ya seldən qaçan adamlar kimi qollarımızı havaya qaldırıb qışqıraraq yolun ortasına atıldıq. Maşın o dəqiqə qabağımızda dayandı. Qısa bir söhbətdən sonra əlli qəpiyə sürücünün yanına minməyə razılaşdıq.

Hərəkətə keçən kimi bütün insanlara yaraşan bir maraq və cahilliklə və bir-birimizin sözünü kəsərək sıraladığımız suallardan çıxan nəticəyə görə orta yaşlı bir yük atı qədər keçmişi olan bu köhnə yük maşını üç gün bundan əvvəl Erbadan Turhala yük gətirmiş və orada Sivasa gəlməli olan şəkər yükünə rast gəlib yolunu bura qədər uzadıb. Başımı çevirib peysərimdən yuxarıda duran kisələrə baxınca içində ağ kristalları görmüş kimi oldum və maşının silkələnməyindən idi ya nədəndi bilmirəm, ürəyim bulandı.

Sürücüdən:

-Başqa bir müştərin var? – deyə soruşdum.

Bir neçə dəqiqəlik sükutdan sonra başını yüngülcə arxaya çevirərək:

-Üç qadın var.... Kisələrin üstündə yatırlar! – dedi.

Elə bu aradaca başımın üstündəki kisələr tərəfdən sürücü müavininin əlavəsi gəldi:

- Yolda rastlaşdıq... Nə yuvanın quşu olduqları bilinmir... Pulunu qabaqcadan verdikləri üçün götürdük.

Kisələrin üstündə uzanan və bəlkə də ayaqları bir- birinə toxunan qadınların bu sözlərdən inciyəcəklərinə fikir vermədən danışır, süni amma yorğun bir səslə pal-paltarları, görünüşləri haqqında məlumat verirdi.
Bu sırada maşın bir neçə dəfə silkələndi və müavin boşboğazlığı buraxaraq gur bir səslə “ Usta!” – deyə qışqırdı.

Gözlərimiz sürücüyə tərəf döndü. Onun təlaş içində yerində tərpəndiyini və bir əliylə gözlərini ovuşdurduğunu, o biriylə sükanı möhkəmcə saxladığını gördük.

İki dost heç bir şey anlamadan bir-birimizə baxdıq. Müavin yenə izahat verdi:

- Qorxmayın bir şey olmayıb... İki gecədi yatmır, yuxusuzdur.. Bu axşam üçüncü gecə olacaq. Ara - sıra özündən gedir.

Sonra sürücünün onu eşidib eşitmədiyinə önəm verməyən halıyla çəkinmədən əlavə etdi:

- Başımıza bir iş açmasın.... Parperssdən uçarıq.. Gördünüz yuxu tutur, dümsükləyin.

Bu dəfə yenə bir-birimizə baxdıq, amma heç bir şey anlamadığımızdan deyil, lazım olduğundan çox şey anladığımızdan.
Maşın dayandı. Maşının işığı bir neçə metr qabaqda yolun solundakı bir bulağı işıqlandırdı. Sürücü yarıyuxulu səslə qışqırdı:

- Rəhmi!

-Buyur usta!

- Qaç, maşına su tök.

Arxadan vedrə qabın səsi gəldi. Bayaqdan bəri səsini eşitdiyimiz köməkçini ilk dəfə gördük. Əslində özünü deyil, səfərin və peşəsinin ona verdiyi maskanı görmək mümkün idi. Şübhəsiz, kirşanlı kimi görünən ağ kirpikləri və saçları həmişə belə deyildi. Tər, maşın yağı, benzin və toz qarışıq palçıqla bulaşmış üzü hər halda əslində başqa rəng və şəkildə idi.

Vedrə qabı bulaqdan doldurduqdan sonra radiatora boşaltdı. Sürücünün oturduğu yerə yaxınlaşaraq:

- Hazırdı, usta! – dedi.

Ala gözlərində yorğun, amma heç bir səbəblə yox olmayacaq kimi görünən kefli bir ifadə vardı. Bu arada sükanın üstünə uzanaraq bir müddət mürgülədiyi başa düşülən sürücü qəfil yerindən sıçradı:

- Hə, oldu, hazırdı? Qapağı yaxşı bağladınmı?- dedi.

Köməkçinin gözlərindəki sevincli ifadə daha da canlandı:

-Hamısı hazırdı ,usta!

- Bir də bax!

Sürücü başını yenə sükana qoydu. Müavin radiatorun qapağını bir də yoxladıqdan sonra insafsız bir gülümsəməylə:

-Oldu, usta, hazırdı- deyə qışqırdı.

Sürücü qurtuluş olmadığını anladı və əsnəyib başını qaldırdı. Maşın sahibinin əsnəməyini bir az daha gurultulu şəkildə təkrar etdikdən sonra yola düzəldi.

Gecə uzandıqca sürücünün yuxuyla mübarizəsi daha da artırdı.
Mən kinayəli şəkildə sual verdim:

-Bu yolda tez-tez qəzalar baş verirmi?

Sürücü başa düşülməyən cavab verdi, amma müavinin qıcıqlandıran səsi təpəmizdən eşidildi:

-Həmişə olmur!

O zamana qədər varlığını bildirməyən qadınlardan biri nazik, cır ve saflığını itirməyə başlamış Orta Anadolu ləhcəsiylə soruşdu:

-O gün mal müdürünün arvadı harada ölmüşdü?

Müavin:

-Keçdik deyəsən –dedi.

Sürücü yuxusunun arasında düzəliş etdi:

-Hələ çatmamışıq.

Maraq içində soruşdum:

-Nə oldu? Bir qadın ölüb?

Bu suallarla sürücünün fikrini yayındırıb yuxusunu qaçırtmaq istəyirdim.

Qısa cümlələrlə hadisəni danışdı. Arabir köməkçi “ Xeyir elə olmadı belə oldu” deyə düzəltməyə çalışır və qadınların da qarışdığı bir münaqişə qalxırdı.

Sürücü:

-Onsuzda qadın əsəbi idi. Başına belə bir iş gələcəyi məlum idi.

Köməkçi dilləndi:

-Əri də ondan yanıqlı imiş, elə hey sürücülərə bunu da bir xəndəyə atıb canımı qurtarmadınız deyirmiş.

Sürücü çiyinlərini çəkdi:
-Onu bilmirəm... Amma bir dəfə Sivasa aparmışdım. O zaman ekskursiya maşını işlədirdim. Yolda qırx dəfə maşını saxlatdırdı. Yüz addım gedən kimi : “ Sürücü, dayan paltomu çıxaracam, sürücü, dayan kirşan çəkəcəm, sürücü, dayan çox silkələndik başım fırlandı, azca gözləyək..”. Bezdirdi məni, ondan sonra bir də onu maşınıma mindirməyi tövbə elədim.

-Canım, qəza necə olub?- deyə söhbətə müdaxilə etdim.

Müavin:

-Yük maşınıyla Sivasdan qayıdırlarmış. Əriylə bir yerdəymiş. Yük maşını bizim Kösenin maşınıdı... On bir yaşındadı... Bir gün əvvəl yolda sağ təkərin diski sınır, tellə bağlayırlar...Sivasda təmir etdirməyib, sərnişin mindirib geri dönüblər....

-Bələdiyyə maşınları yoxlamır ki?- deyə soruşdum.

Köməkçi cavab vermədi. Sürücü məni süzdü və əlavə etdi:

-Bələdiyyə maaş verməyə pulu qalmayanda cərimə yazmaq üçün sürücülərdən yapışır. Başqa vaxt rahat buraxır!
Bir müddət susduq. Sürücü onu yenə yaxalamaq istəyən yuxudan özünü silkələyərək uzaqlaşdırmaq istədisə də alınmadı. Müavin söhbətinə qaldığı yerdən davam etdi:

-Qadının yenə tutması tutub maşını bir neçə dəfə saxlatdırıb.
Deyəsən, işdə bir əksikliyin olmasından yazıq xəbər tutub. Nə isə, əriylə bərabər sürücünün yanında oturublarmış, bax, sizin kimi!

Bu xoşagəlməz bənzətmədən tüklərimiz biz-biz oldu.

-Qadın qapının yanında oturubmuş. Bir gurultu eşidən kimi qışqırıb maşını saxladırmış. Bu dəfə doğurdan da arxada bir taqqıltı olub və qadın qapını açan kimi özünü aşağı atıb...

-Təkərlərin altına düşüb?-deyə qışqırdım.

-Yox. Daha betər! Arxa təkərin diski doğurdan da açılıb. Maşın yüklə dolu olduğundan təkər də partlayıb. Qadın maşının yanında dayanıb hara qaçacağını düşünərkən, maşın sağa çevrilib, qadını xəndəyə itələyib özü də onun üstünə aşıb.

Sonra həzin bir səslə davam etdi:

-Elə o dəqiqə yerindəcə ölüb.....

Bir az bundan əvvəl danışan qadın söhbətə girişdi:

-Əri üstünə pencəyi örtüb dayanmadan ağlayırmış. Kəndlilər belə deyirlər.

Köməkçi etiraz etdi:

-Yox bir... Səhərisi gün parkda gördüm. Sərxoş idi, danışıb gülürdü.

Sürücü başını yellətdi:

-Ola bilər... Həm ağlayar, həm gülər... Arvaddı bu... Öldüyünə görə ağlayarsan, yaxanı qurtardığına görə sevinərsən.

Uzun müddət heç birimiz danışmadıq. Maşın çalxalana-çalxalana gedirdi. Bir ara qarşımızda uzanıb yox olan yolun qırx-əlli addım irəlidə kəsilib qaranlığa qarışdığının fərqinə vardım. Maşın o zamana qədər fərqinə varmadığımız bir sürətlə bu qaranlığa doğru gedirdi. Bir anda özümüzü bu qaranlığın tam içində gördük.
-Aman!- deyə qışqıraraq sükana sarıldım və sola çevirdim. ...

-Həə! Döngəyə çatmışıq ki-deyərək yuxudan oyanan sürücü cəld əyləci basdı.

Faralar qısa otlarla örtülmüş bir tarlanı və qarşımızdaca olan dərin bir xəndəyi işıqlandırdı. Ağ tozlarıyla parlaq və çirkli bir lent kimi uzanan şosse solumuza doğru qıvrılıb gedirdi.

Özümü saxlaya bilməyib:

-Özünə gəl, maşını aşıracaqdın- deyə qışqırdım.

Sürücü səhvini bildiyi üçün üzr istər kimi bir səslə:

-Heç nə olmaz - dedi.

Köməkçi o qəribə səsiylə :

-Aşmazdıq, qabaq təkərlər xəndəyə girərdi. Maşın dayanardı.

Daha sonra isə kefli bir səslə əlavə etdi:
-Amma maşın silkələnib arxa təkərlər havaya qalxınca şəkər kisələri peysərinizə düşərdi.

Başımı çevirib tərs baxışlarla bu səviyyəsizə həddini bildirmək istədim, amma qaranlıqda üstü möhürlü kisələrdən başqa bir şey görmədim.

Bundan sonra yuxu, sürücü və maşın arasında qorxunc bir mücadilə başladı. ...Yazıq adam üçünçü yuxusuz gecəni də yarılamaq üzrəydi, sükan arxasında əlləri titrəyirdi. Bir neçə dəfə onu tutub oyandırmaq lazım gəldi. O zaman yalvaran gözlərlə üzümüzə baxaraq:

-İcazə verin burda dayanıb on dəqiqə yatım sonra yolumuza davam edərik.

Mən razı oldum, amma dostum daha təcrübəliydi:

-Olmaz! O indi yatsa sabah günortadan tez oyanmayacaq, zorla oyandırsaq da key kimi olar, başımıza bir iş çıxarar.

Maşın birdən – birə dayandı və sürücünün səsi eşidildi:

-Rəhmi, maşına su tök!

Həqiqətən də kənarda kəndir kimi axan bir bulaq vardı. Gecənin səssizliyinə incə və ürpərdici bir şırıltı yayılırdı. Sürücünün başı sükana düşmüş və hərəkətsiz qalmışdı.

Eyni şey iki-üç kilometrdən bir təkrar olmağa başladı. Adamın yuxusuz və yarı qapalı gözləri yolun sağında və ya solundakı ən kiçik bir bulağı belə gözdən qaçırtmırdı. Maşın zınk deyə dayanır və sərxoş səs benzin qoxusuna, toz buludlarına qarışaraq “ Rəhmi...” deyə gecənin divarlarına çırpılır, əks-səda verirdi.

Sürücü onu hər dəfə oyandırdığımızda yalvaran baxışlarıyla “ İcazə verin beş dəqiqə yatım” cümləsini təkrar edirdi.

Bir ara yenə dayandıq. Hər iki tərəfimə diqqətlə baxsam da heç bir bulaq görə bilmədim. Buna baxmayaraq məchul bir tərəfdən zəif bir su şırıltısı eşidilirdi.

-Rəhmi, maşına su tök!

-Bayaq tökdük axı, usta!
-Sus görüm... Yol pisdi, motor qızır!
Yol bir çox sürücülərin “ Çox gözəl” dedikləri döngəsiz, yoxuşsuz, sadəcə daşları çıxmış bir şoseydi və yuxusuz adam iki-üç dəqiqə yuxusunu almaq üçün bu bəsit yalana üz tutacaq qədər pis vəziyyətdə idi.

Rəhmi vedrəni götürüb bulaq axtarmağa başladı. Bulaq yox idi. Nəhayət sol tərəfdən quru otların arasındakı palçıqlı bir əkin sahəsindən aşağıya, şossenin xəndəyinə süzülən bir su axıntısı kəşf etdi. Böyük vedrəni bu suyla doldurmaq mümkün deyildi. Amma məqsədin radiatora su tökmək deyil, bir neçə dəqiqə dayanmaq olduğunu anlayana bənzəyən Rəhmi ovucunu doldurub vedrəyə boşaltdı. Maşının yanında bir taqqıltı səsi çıxartdı və yorğun bir halda uyuşmuş ayaqlarının üzərində sallanaraq o insafsız cümləni qışqırdı:

-Hazırdı, usta!

Sürücü bu dəfə ayılana oxşamırdı. Papağının altından sıçramış, tozdan ağappaq olmuş saçları sükanın üstünə sərilmişdi. Başından zərbə almış kimi tamamilə bayılmış vəziyyətdə görünürdü. Müavin təkrar etdi:

-Usta, hazırdı!

Bunu da işə yaramadığını gördüm, işə qarışdım, sürücünü dümsüklədim:

-Hə, az qaldı, dur!

Nə qədər qaldığını heç özüm də bilmirdim, sadəcə yazığı həvəsləndirmək istəyirdim.

Sürücünün başı qalxdı:

-Gedə bilməyəcəm- dedi və yenə başı sükana düşdü.

Dostuma baxdım. Üzündə heç insaf yox idi. Sərt bir səslə:

-Gedə bilməyəcəm nədi!?... Qalx üzünə bir az su vur ayılarsan!

Sürücü tərpəndi, yanındakı qapını açdı. Yuxunun onun hər bir üzvünə necə ağır daş kimi düşdüyü hərəkətlərindən görünürdü. Ayaqları mövcud olmayan daşlara ilişərək xəndəyin kənarına qədər səndələdi. Orada bir az dayandı. Hər halda qarşısındakı suya qədər getmək onun üçün çox mühüm və çətin bir səyahət kimi gəldi. Nəhayət yavaşca yerə oturdu, əliylə bizə tərəf bir işarə edərək:
-İcazə verin beş dəqiqə yatım!- dedi və elə oradaca tirtap yerə sərildi.

Çarəsiz halda dostumla bir-birimizə baxdıq. Beş dəqiqə, on dəqiqə, iyirmi dəqiqə gözlədik. Rəhmi vedrəni yerinə qoyub kisələrin üstünə çıxmışdı. Nə onun,nə də qadınların səsi eşidilirdi. Sadəcə quru otların, palçığın arasından süzülüb xəndəyə axan və orada əhəngli torpaqlardan bozqırın quru bağrına sızan suyun mırıltısı vardı. Nə qədər davam edəcəyini bilmədiyimiz bu gözləntidən bizi qarşı təpələrdən birdən-birə görünən iki fara işığı və motor gurultusu qurtardı.

Getdiyi yuxudan heç top səsinə də ayılmayacağını düşündüyümüz sürücü dərhal yerindən sıçradı, gözlərini ovuşduraraq yerində oturdu. Heyrət içində soruşdum:

-Nə oldu?

-Maşını qırağa verim, qarşıdan gələn var.

-Necə fərqinə vardın?

-Dünya dağılsa xəbərim olmaz amma motorun səsini meyidim də eşidər!
Faraları görünən maşın bizi müdhiş bir toz dumanı içində qoyub yanımızdan sürətlə keçib getdi. Yolumuza davam edirdik. Udduğumuz benzin buxarıyla toz bizi də sərsəm etmişdi. İki saatlıq yol altı saat olmuşdu, qurtarmaq bilmirdi. Yatıb sürücünü başıboş buraxmaqdan qorxurduq.

Olduqca dik bir yoxuşu çıxıb bir müddət getdikdən sonra sürücünün dalmaq üzrə olduğu yuxudan diksinib gözlərini ovuşdurduğunu gördüm. İrəliyə baxırdı, mən də gözlərimi qırpıb baxdım, tozlu şüşədən başqa bir şey görə bilmədim.

Maşın yenə dayanmışdı. Əvvəlkilərdən daha yazıq bir səslə amma eşidiləsi şəkildə:

-Rəhmi- dedi.

Dostum əlini kürəyimdən uzadaraq sürücünü dümsüklədi:

-Dəymə bu dəfə... Bu bulağın suyu yoxdur, boş-boşuna oğlanı çürütmə.

Sonra mənə tərəf çevrildi:

-Sivas göründü. Başımıza bir iş gəlməmiş düşüb piyada gedək.

Qapını açdı, aşağı düşdük. Faranın işığına cibimdən bir lirə çıxartdım. Bu arada yenə sükanın üstünə sərilmiş sürücüyə uzadıb:

-Al pulunu!-dedim.

Heç bir səs yox idi. Dümsüklədim.

-Al da pulunu...Yoxsa pulunu verməyib gedərəm haa!..

Başını əziyyətlə qaldıran sürücüyə bu təhdid heç bir təsir etmişə bənzəmirdi. Yüzlərcə kiloluq ağır yük daşıyırmış kimi əlini uzadıb:

-Siz sağ olun-dedi.

Başını yenidən sükana yerləşdirərkən ovucundakı yaşıl pul qabısının yerə düşdüyünü gördüm. Yavaşca qapını örtdüm.

Yük maşınının arxa tərəfinə keçərək şəkər kisələrinin üzərindəki qaranlığa baxdım. Kimisə oyatmaq qorxusuyla yavaşcada “Rəhmi” –deyə köməkçini çağırdım.

Cavab verən olmadı. Səs-səmir gəlmirdi. Maşın apardığı canlı varlıqlar, şəkər kisələri və hər tərəfinə yapışan tozlarla birlikdə dərin bir yuxuya dalmışdı. Ancaq soyumaqda olan motordan, yarpaqlar üzərində dolaşan böcəklərin ayaq səsinə bənzəyən cırıltılar yayılırdı. Faraların işığı yolun üstünə dağılmış kimi duran daş parçalarına ölçülərindən iki-üç dəfə böyük görünən kölgələr verir və qırıq-qırıq nəfəs alırmış kimi titrəyirdi. Dostumla qol-qola girərək uzaqdan tək-tük parıltıları görünən şəhərin yolunu tutan kimi bu işıq kürəyimizə yapışdı, kölgəmizi ucsuz-bucaqsız qaranlığa qədər uzatdı və biz peysərimizdə hiss etdiyimiz bu yapışqan əldən qurtulmaq üçün addımlarımızı sürətləndirdik.


Tərcümə: Elnarə AĞAOĞLU
# 2420 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #