Rafiq Tağı və Qan Turalının Sabir davası

Rafiq Tağı və Qan Turalının Sabir davası
26 sentyabr 2011
# 20:00
Cəlil Cavanşir: Hər ikinizi salamlayıram. Rafiq bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. “Molla Nəsrəddin” məktəbi Azərbaycana nə verdi”- debatımızın mövzusu belədir. İmkan daxilində bu mövzu ətrafında fikir mübadiləsi aparacağıq. Mövzu geniş olduğu üçün daha lakonik və qısa cavablar rica edəcəm. Rafiq bəy, öncə sizdən başlayaq. “Molla Nəsrəddin” məktəbinə və satiraya sizin münasibətiniz necədir?

Rafiq Tağı: “Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan ictimai fikrində inqilablara şərait və zəmin yaratdı. Dini xurafata ağır zərbə endirildi. Bu məktəb cəmiyyətin həyatında kardinal dəyişikliklərə səbəb oldu. Mirzə Fətəli Axundovdan başlayan ətalətli Şərq ədəbiyyatından qurtuluş yolu davam etdirildi. Azərbaycan ədəbiyyatındakı əksər yeniliklər, ictimai mühitdə modernist gedişlər bu məktəblə bağlıdır. İctimai tərəqqinin digər yönlərini təklif edənlərlə faydalı fikir toqquşmaları baş verdi. Bu cür toqquşmalar da faydalılıq əmsalını həmişə artırır. Bəli, Azərbaycanda dialektika işartıları göründü və getdikcə də parlaqlaşdı. “Füyuzat”çılarla toqquşmalar ictimai həyatda dinamizm yaratdı. “Molla Nəsrəddin” məktəbi XX əsrdə yeni ədəbiyyatçılar nəsli yetişdirdi və təxminən elə biz də onlardanıq. Məni düşmən kimi qələmə verənlər yanlışlığa yol verirlər. Mənim düşüncəm “mollanəsrəddinçi”liyi tarixdən silmək deyil. Bu, absurd bir hərəkət olardı.

Bununla belə, hesab edirəm ki, indiki mərhələdə biz onları adlayıb keçməyi bacarmalıyıq da. Epoxal dəyişikliklər bunu tələb edir. XXI əsrin ildırım sürəti bizi qədim qərinələrə itələməsin. Bizim səhvən postmodernist adlandırdığımız gənclər, - biri elə dostumuz Qan Turalı, - çalağan kimi başımın üstünü aldılar: “Sabiri rədd etməkmi olar?” Ədəbi mühafizəkarlar mənim sözlərimə daha tolerant yanaşdılar. Bunların yenilikçiliyi, postmodernistliyi tamam yalan imiş – hələ bu, kiçik bir ədəbi ekstremallıqda dərhal üzə çıxdı, gəl gör, ölkədə fors-major situasiya olmuş olaydı nə olardı. Qardaşlarım, sabirlərimizin sərhədlərində ləngiməyək, onları adlayıb yeni parametrlərə keçməyimiz gərək. Yeni dünyada Sabir estetikası lüzumsuzdur. Avropada klassiklərə münasibətdə bunu etməyi bacarıblar və yenə edirlər. Mirzə Ələkbər Sabir bütün fikirlərin son həddidir bəyəm? Sabirdən sonra söz demək mümkün deyilmi? Bunu kim deyir? Kim yasaq qoyub? Bir tək Sabirlə işıqlı gələcəkləri görmək bizə nəsib olmayacaq. Satira yeganə tərəqqi ünsürü deyil.

Qan Turalı: Burda bir məsələ var. Karl Marks məsələni belə qoyurdu: “Tarixi inkişafın davamı sürəkli və qarşısıalınmaz bir prosesdir və bunun da qarşısını heç bir dekretlə almaq, ya da üzərindən sıçramaq olmaz”. Mənim üçün də Marksın bu fikri təksibolunmaz bir fikir kimi görünür. Modernizm məktəbi Azərbaycana “Molla Nəsrəddin” məktəbi vasitəsi ilə gəlib. Bu məktəbin də fikir atası, fikir babası M. F. Axundovdur. M.F. Axundov haqqında Mirzə Cəlilin də bir neçə məqaləsi var. Onun kitablarını çap edib, hətta onun əsərlərində oynayıb. Onun təbliğ olunması üçün çox çalışıb. Hətta çoxları bilmir ki, Mirzə Cəlilin ən yaxın silahdaşı Ömər Faiq Nemanzadə Axundovun “Kəmalüddövlə məktubları” əsərini əldə edib və Nərimanova təqdim edib. Kitab səhv eləmirəmsə, 1924-cü ildə işıq üzü görüb.

Rafiq Tağı: Qan Turalı, indi bu tarixi faktları sadalamağa ehtiyac varmı?

Qan Turalı: İcazənizlə, mən də lazımi məsələyə gələcəm.

Rafiq Tağı: Gəlin, faktologiyanı yox, kvintessensiyanı üzə çıxaraq.

Qan Turalı: Faktları sizin üçün deyirəm. Sabir Azərbaycan, ümumilikdə Şərq ədəbiyyatı üçün çox böyük fiqurdur. Mən düşünürəm ki, onun haqqında hər şey yazmaq olar, şeirlərini lağa qoymaq da olar. Əslində, bu keçilmiş mərhələ olmalıdı. Ancaq mən həm də düşünürəm ki, bu mərhələ keçilməyib. Sabirin yazdıqları müasir Azərbaycan ədəbiyyatı üçün çox ciddi əhəmiyyət kəsb edir. Ölümündən 100 il keçib.

Rafiq Tağı: Biz bu polemika ilə onun yüzilliyini qeyd edirik. Deməyin belə, təşəbbüs mənimdir.

Qan Turalı: Ölümündən 100 il sonra müzakirəyə cəlb olunması, dartışdırılması özü də ciddi faktdır. Bəlkə də Sabir özü bunu düşünməzdi, inanmazdı ki, belə olacaq. Azərbaycan şeirinin 100 illik inkişafına nəzər salsaq, görərik ki, heç bir şair Sabir səviyyəsinə qalxa bilmədi.

Rafiq Tağı: Elə buna görə də biz Sabirə etiqad etməliyik?

Qan Turalı: Yox, etiqad eləməli deyilik.

Rafiq Tağı: Qan bəy, siz postmodernistsiniz, yoxsa mühafizəkar?

Qan Turalı: Rafiq bəy, mən fəlsəfə fakültəsini qurtarmışam. Bilirəm məsələ nə yerdədir.

Rafiq Tağı: Elə mən də sovet vaxtı Marksizm-Leninizm Universiteti çərçivəsində, Moskvada, Fəlsəfə İnstitutunda ikiillik kursları bitirmişəm. Bunu sözgəlişi dedim, belə şeylər heç nəyi həll etmir.

Qan Turalı: Siz marksizm-leninizm oxuyubsunuz, mən fəlsəfə. Postmodernizmin nə olduğunu da müzakirə edərik. Postmodernizmin əsas postulatlarından biri - “Yeni - yaxşı unudulmuş köhnədir”, fikridir.

Rafiq Tağı: Heç də həmişə belə deyil. Ola bilsin, bu, çoxsaylı variantlardan biridir.

Qan Turalı: ...Köhnə fikirlərin yeni dövrün qəliblərində aktuallaşdırılmasıdır. Sabir unudulmuş köhnə deyil, Sabir günümüzün reallığıdır.

Rafiq Tağı: Yəni millət əclaf olaraq qalmaqdadır?

Qan Turalı: Burda mühüm bir məsələni demək istəyirəm. Mikayıl Rəfili sovet dövründə deyirdi ki, “Azərbaycan fikri 150 ildə yeni bir fikir deməyib”. Ancaq o, Sabiri istisna edirdi. Sabirdən sonra 100 il keçib, ancaq yeni fikir yenə yoxdur. Ancaq Sabirin ədəbiyyatda qoyduğu sağlam təmayül qalıb. Mən sizinlə razıyam ki, satira əsas deyil. Ancaq Sabirin təkcə satirik şeirlər yazmayıb. Onun dini mövzulu şeirləri də var.

Rafiq Tağı: Bu gün Sabirin fikirləri millətin psixoloji durumuna adekvat deyil.

Qan Turalı: Məsələn?

Rafiq Tağı: “Füyuzat”çıları oxuyanda, görürsən ki, onlarda bu günlə, hətta gələcəklə səsləşən daha ciddi fikirləri var.

Cəlil Cavanşir: Rafiq bəy, biz satiranı, “Molla Nəsrəddin” məktəbini müzakirə edək.

Rafiq Tağı: “Füyuzat”ın ideyaları bu gün də qalır: turançılıq, ortaq türk dili, bayrağımızdakı göy, qırmızı, yaşıl rənglər, habelə türkləşmək, islamlaşmaq, avropalaşmaq. Yaxud “ittihad və tərəqqi” ideyası. “Dildə, fikirdə, işdə birlik”. Sabirdə fundamental ideya yoxdur. Sabirinki ifşa olub. Milləti ifşa etmək yox, yüksəltmək gərəkdir. Erməni üstünü mamır basmış bir daşın ora-burasını bəzəyib, mədəniyyət faktı kimi gələcəyə təqdim edir, bizsə “fitnə göyərir torpağımızdan, daşımızdan”, deyirik. Ay maşallah!

Qan Turalı: Cərəyanları qiymətləndirəndə, iki cür qiymətləndirmək olar. Estetik tərəfdən, siyasi tərəfdən. “Füyuzat” estetik baxımdan tamamən iflasa uğrayıb və bunu hamı bilir.

Rafiq Tağı: “Füyuzat”ı sovet dövləti “iflasa uğratdı”. Çünki bu ideyalar ona sərfəli deyildi. Burda siz sovet dövlətinə haqq qazandırmış oldunuz.

Qan Turalı: Söhbət “füyuzat”çıların estetik baxışlarından gedir.

Rafiq Tağı: Bəyəm turançılıq iflas olub?

Qan Turalı: Turançılıq estetik bir baxış deyil. Turançılıq, türkçülük siyasi baxışlardır.

Rafiq Tağı: Millətin taleyində siyasi baxışlar estetik baxışlardan daha vacibdir.

Qan Turalı: Mən estetik baxışdan danışıram. Yüz il qabaq Azərbaycanın bir faizi savadlı idi. Cəlil Məmmədquluzadə məhz buna görə jurnalı karikaturalarla buraxırdı. Heç karikatura çəkməyə rəssam da yox idi. Karikaturanı xarici rəssamlar çəkirdi. Oskar Şmerlinq və Rotter adlı iki alman rəssam bu işi görürdü. Əzim Əzimzadə son dövrlərdə qoşulmuşdu bu işə. Amma həmin dövrə bizim böyük Əli bəy Hüseynzadə “Faust”dan tərcümələr verirdi.

Mən bunu onları aşağılamaq üçün demirəm. Əli bəy Hüseynzadə millətimiz üçün çox böyük fiqurdur. Söhbət onların estetik iflasından gedir.

Rafiq Tağı: “Faust”un tərcüməsi estetik iflas anlamına gəlməz. Bəlkə, bunun əksini düşünmək daha doğru olar. Hə, demək, millət nə qədər avam qalsa, Mirzə Cəlil də bir o qədər aktual olacaq. Siz millətin avam olmadığı durumunu götürün. Bax, onda Əli bəy Hüseynzadə aktuallıq qazanasıdır. Perspektivdə savaddırsa, Əli bəy Hüseynzadənin parlaq dövrləri hələ qabaqdadır. Əgər əhalinin bir faizi savadlı olduğu dövrdə “mollanəsrəddin”çilər aktual idisə, gərək millət həmişə bir faiz savadlı olaraq da qala ki, bu aktuallıq itməsin.

Qan Turalı: Cəlil Məmmədquluzadə yazır ki, “Mən Tiflisdə idim. Həmin vaxt Əli bəy Hüseynzadə Tiflisə gəldi və mən onu çox böyük hörmətlə qarşıladım. Əli bəy redaksiyamızda oldu və jurnallarımıza baxdı. Əli bəy dedi ki, sadə yazırsınız, ancaq sadə yazmaq özü də bir hünərdir”. C. Məmmədquluzadənin “Xatiratlarım” kitabında var və bu cümlə ilə bitirir yazısını: “O dövrdə Əli bəy Hüseynzadə kimi bir yazıçının mənim yanıma gəlməsi və haqqımda bu sözləri deməsi böyük fəxr idi mənim üçün”.

Onların münasibəti şəxsi konflikt prizmasında olmayıb.

Rafiq Tağı: Onlar ideologiyada toqquşurdular.

Qan Turalı: Amma Əli bəy Hüseynzadənin etmədiyini siz edirsiz. Arqumentsiz təhqir edirsiz. Məsələyə belə yanaşaq. Rafiq Tağı yazıçıdır və mən ondan necə tələb edərəm ki, sən millətin gələcək yüz ili haqqında düşün? Nə ehtiyac var ki, deyəsən: biz Orta Asiya ilə birləşməliyik, Turan olmalıdı və ya sosializm düşüncəsi? Ya da İslam ümməti bir olmalıdır və s. Axı, bu, yazıçının peşəsi deyil. Əli bəy Hüseynzadə yaxşı olardı ki, öz işləri ilə məşğul olsun. Siyasi fəaliyyətlə məşğul olmağının axırı nə oldu?

Rafiq Tağı: Axırı bu oldu ki, “füyuzat”çıların ideyaları indi bütün türk dünyasını düşündürməkdədir. “Füyuzat”çılarla “mollanəsrəddin”çilərin konflikti məhz elə burda ortalığa çıxır. “Füyuzat”çılar və Əli bəy Hüseynzadə milləti irəli aparmağa, onu siyasi olaraq da tanıtmağa çalışır, Sabir və “mollanəsrəddin”çilərsə sanki irəliləyən çarxa ling soxurdular.

Cəlil Cavanşir: Həmin dövrdə məncə “füyuzat”çılar tələsik addımlar atdılar. Millət savadsız idi və “füyuzat”çılar bunu nəzərə almadılar.

Qan Turalı: Sabir və Cəlil Məmmədquluzadə müəllim işləyib və birbaşa millətin savadlanması ilə məşğul olub. Ən azından fiziki baxımdan bu işlə məşğul olublar.

Rafiq Tağı: Şəksiz, onlar millətin böyük insanlarıdır. Ancaq məni heç vaxt aldatmayan fəhmim burda mənə diktə edir ki, Sabirdə millətə qarşı nifrət və kin-küdurət olmamış deyildi.

Cəlil Cavanşir: Hansı məqamlarda? Mümkündürsə, bunu izah edin.

Rafiq Tağı: Hər şeyi başa düşmək üçün onun elə bircə bəndi kifayətdir: “Zülmətsevər insanlarız üç-beş yaşımızdan,” - bu misra ilə başlayan bəndi deyirəm.

Qan Turalı: Rafiq Tağı kimi böyük bir yazıçı bunun ironik yazıldığını başa düşmür?

Rafiq Tağı: Kimin dilindən?

Qan Turalı: Öz dilindən yazıb, ancaq ironik yazıb. Cəlil Məmmədquluzadənin “Xatiratım” kitabı necə başlayır? Yazır ki, “Gözümü qaranlıqda açmışam və ilk eşitdiyim söz “Allahu Əkbər” olub”. Mən əminəm ki, siz bunları bizdən də yaxşı bilirsiniz. Sabirin bir bədbəxtçiliyi də onda idi ki, o, Şamaxıda doğulmuşdu. Şamaxı həmin dövrdə ən qatı şəriət qaydaları ilə idarə olunan bir yer idi. Bakı kimi, Şuşa kimi deyildi.


Ardı olacaq
# 1689 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #