Mehdi Hüseynin etirafı:

Mehdi Hüseynin etirafı:
17 iyul 2012
# 16:30
Bu günlərdə məşhur çex yazıçısı, Azərbaycan oxucusuna “Arxayınçılıq”, “Var oluşun dözülməz xəfifliyi” romanları ilə qısmən tanış olan Milan Kunderanın Fransa mətbuatına verdiyi müsahibəni internet vasitəsilə oxudum. Müsahibədə yazıçı son dərəcə maraqlı məqamlara toxunur və xüsusən romançılıq tarixi ilə bağlı mülahizələrində bu günün yazıçısı üçün olduqca faydalı bilgilər verir.

XX əsrin az qala unudulmaqda olan yazıçılarından biri Mehdi Hüseyn haqqında yazmaq qərarına gələrkən Kunderanın müsahibəsi sanki mənə təkan verdi və bu qərara gəldim ki, yazımı da elə onun adıyla başlayım. Kundera deyir ki, indi ötən illərin romanlarına olan münasibət yenidən gözdən keçirilir və yeni yanaşmalar ortaya çıxır.

M.Hüseyn ötən əsrin əvvəllərində “qızıl qələmlər” içərisindən bir proletar yazıçısı və tənqidçisi kimi pərvazlandı. O, öz qələmdaşları içərisində zəngin biliyi, geniş erudisiyası, intellektual səviyyəsi ilə seçilirdi. Faciə burasındaydı ki, onun istedadı sovet sisteminin qurbanı oldu. Mehdi Hüseyn ötən əsrin 20-ci illərində ədəbiyyata gələndə sovet hakimiyyəti yenicə qurulmuşdu və qarşıda quruculuq illəri dururdu, bu quruculuğun ilhamvericiləri gənc yazarlar olmalıydı. Onlardan biri də Mehdi Hüseyn idi.

Bu gün Mehdi Hüseynə münasibət birmənalı deyil. O, 37-ci il repressiyasından sağ çıxanlardan biri kimi hətta bəzilərinin nifrətinə də tuş olub. Amma zaman keçdikcə o dövrün yazıçılarına münasibətdə düzəlişlər etmək məcburiyyətində qalırıq. Mehdi Hüseyni ittiham etməkdən asan nə ola bilər? Əgər onun “Yeraltı çaylar dənizə axır” romanını oxumadan hər hansı bir mülahizə yürüdülürsə, bəri başdan yanlışlığa yol verilir.

Sovet dövrü dərsliklərinə onun ən zəif əsəri – “Abşeron” romanı daxil edilmişdi. Bu yazını yazdığım ərəfədə ərinməyib bir-iki həmlə ilə “Abşeron” romanını yenidən oxudum və bu qənaətə gəldim ki, əsərdə bədii konflikt istehsal prosesinin çətinlikləri ilə məhdudlaşdırılıb, yazıçı cəmiyyətin həqiqi ictimai- siyasi mənzərəsinin realist təsvirindən demək olar ki, tamamilə yan keçir. Amma deyilənə görə, bu roman çap olunduqdan sonra ədəbi tənqid tərəfindən realist nəsrin qələbəsi kimi qiymətləndirilib.

O dövrdə dünyanın otuzdan çox dilinə tərcümə olunan “Abşeron”u Venesuela yazıçısı Roman Şançesin “Neft” romanı ilə yanaşı tuturdular. “Qara daşlar”da bir növ “Abşeron”un davamı təsiri bağışlayır və məncə, bu iki əsəri birlikdə dilogiya adlandırmaq olar.

Yazıçı “Səhər” romanında dövrün ictimai-siyasi mənzərəsini realist boyalarla təsvir edib. Təbii ki, onun nəsrdə yerini yazdığı romanlar müəyyənləşdirib. Mehdi Hüseynə ədəbiyyat tarixində bəraət qazandıran ideoloji buxovlardan azad olan “Yeraltı çaylar dənizə axır” romanıdır ki, bu əsər də “Xruşşovski ottepel” deyilən dövrdə – 1961-64-cü illərdə qələmə alınıb. Bu əsər yazıçının ölümqabağı etirafıdır.

Burda bir haşiyə çıxaq. Yazını yazarkən İsmayıl Şıxlının və İlyas Əfəndiyevin Mehdi Hüseyn haqqında xatirələrinə bir daha ötəri nəzər saldım. Rəhmətlik İlyas Əfəndiyev öz yazıçı dostu ilə bağlı kifayət qədər maraqlı məqamlara aydınlıq gətirir:

“Bir dəfə 50-ci illərin ortaları idi, ona dedim ki, mən hələ orta məktəbdə oxuyanda, qəzetlərdə tez- tez sənin Cəfər Cabbarlı haqqında kəskin məqalələrin çıxardı, özün dilçi olmadığın halda böyük dilçi, professor B.Çobanzadəni haqsız olaraq ittiham eləyirdin. Nə üçün heylə eləyirdin axı?

O, boğulurmuş kimi dərindən köks ötürüb:

– Bunlar hamısı, – lənətə gəlmiş vulqar sosiologizm – bizi leninizm estetikasından uzaq salmışdı. Biz tribunalarda döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimisini nə adlandırırdıq. Biz Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlar atmaqdan da çəkinmirdik. Biz o tribunalardan hətta klassiklərimizə də atəş açırdıq”.

Mehdi Hüseyn heç olmasa, yazıçı dostu qarşısında olsa belə, günahlarını etiraf etməyə özündə güc tapa bildi. İlyas Əfəndiyev qeyd edir ki, Salyeri paxıllığı ondan uzaq idi, təmiz, namuslu adam idi, böyük ədəbiyyat uğrunda mübarizə apardığına səmimi qəlbdən inanırdı.

Bu yaxınlarda qocaman şair Əflatun Cəfərli ilə çay süfrəsi arxasında söhbətləşirdik. Qəfildən Əflatun müəllim söhbəti Mehdi Hüseyndən saldı, dedi ki, Yazıçılar İttifaqının həmin məşum iclasınin canlı şahidlərindən biri də mənəm. Əflatun müəllimdən xahiş etdim ki, şahidi olduğu məqamları artırıb- əksiltmədən danışsın.

SSRİ Yazıçılar İttifaqının qurultayına hazırlıq işləri müzakirə olunurmuş, İttifaqın nizamnaməsinə görə yalnız rəhbərlikdə, rəyasət heyətində təmsil olunan şəxslər qurultaya nümayəndə seçilmək hüququna malik idilər. Bu xüsusda, rəhmətə getdiyi üçün adını çəkmək istəmədiyimiz bir xalq şairi Mehdi Hüseyn ilə qızğın mübahisəyə girişir ki, bəs siz yalnız özünüzü fikirləşirsiniz, öz adınızı siyahıya salırsınız, mən xalq şairiyəm, mənim də qurultaya nümayəndə seçilmək haqqım var və s. və ilaxır. Axırda Mehdi Hüseyn yersiz mübahisələrdən zinhara gəlib həmin xalq şairinə deyir ki, ay nadan, nümayəndə seçmək mənim səlahiyyətimə daxil deyil, İttifaqın Nizamnaməsində açıq-aşkar yazılıb ki, yalnız yerli Yazıçılar İttifaqlarının rəhbərliyində təmsil olunan və Rəyasət Heyətinin üzvü olan yazıçılar qurultaya nümayəndə seçilə bilərlər.

Mehdi müəllim sədr stolu arxasında dayanıb papiros çəkə-çəkə kimisə dinləyirdi, sonra stola əyləşib başını mizə doğru əydi. Bu dəm Hüseyn Abbaszadə ilə İsmayıl Şıxlı Rəyasət Heyətinə tərəf qaçdılar. Hüseyn Abbaszadə dəhşətlə qışqırdı ki, Mehdi getdi! İsmayıl Şıxlı onun başını qaldırıb su içirtmək istədi, ancaq təəssüf ki, artıq gec idi, iş işdən keçmişdi...

Mehdi Hüseynin vəfat tarixinə baxıram. Həmin gün mart ayının 10-u imiş. Dünyaya gəlişi də mart ayına təsadüf edirdi, martın 22-ində doğulmuşdu. Ötən il onun 100 yaşı tamam oldu. O, sağlığında güman edirdi ki, böyük ədəbiyyat uğrunda mübarizə aparır. Həqiqətən də beləydi, baxmayaraq ki, kifayət qədər səhvləri olmuşdu, o, komunizmin gələcəyinə sidq-ürəkdən, yazıçı sadəlövhlüyü ilə inanmışdı, bütün bunlara baxmayaraq, bütün həyatını ədəbiyyat uğrunda mübarizəyə həsr etdi və sonda bu mübarizənin qurbanı oldu.

Onun hələ 1935-ci ildə qələmə aldığı “Kin” povestini oxuyun, feodal- patriarxal düşüncənin Azərbaycan ailəsində törətdiyi faciənin şahidi olacaqsınız. Aradan az qala bir əsr keçib, qloballaşma dünyanı ağuşuna alıb, amma Azərbaycan kişisi heç dəyişməyib, o, hələ də meyxana xəstəsidir, hələ də çayxanalarda nərd çırpa-çırpa namus-qeyrət haqqında sicilləmələr oxuyur, evdə arvadı basıb döydüyünü qəhrəmanlıq kimi öz tay-tuşları arasında tirajlayır. Müasir ədəbiyyatımızda “Kin” povesti səviyyəsində ailə-məişət mövzusunun bədii həllini ustalıqla tapa bilən əsərlər barmaqla sayılacaq qədər azdır. İsi Məlikzadənin “Quyu”, Elçinin “Dolça”, Mövlud Süleymanlının “Dəyirman”, Əkrəm Əylislinin “Kür qırağının meşələri” əsərlərini bu sıraya daxil etmək olar. Adlarını çəkdiyim əsərlər həmçinin dövrün eybəcərliklərini də ədəbiyyata gətirə bilib.

M.Hüseyn Stalin rejiminin ən sərt illərini yaşayıb, amma ideallarına sonadək sadiq qalıb, dilimizin yaşaması və inkişafı üçün xidmətləri az olmayıb. Biz bu gün öz ana dilimizdə yazıb- oxuyuruqsa, həm də Mehdi Hüseynə borcluyuq.

Kənan HACI
# 3243 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #