“Elektrik Lampalar”
20 sentyabr 2011
14:54
Filip Qrem (1951) müasir Amerika ədəbiyyatının ən məşhur nümayəndələrindən biridir. Ən məşhur kitabları − “Qapı döyməyin incəsənəti”, “Paralel dünyalar”, “Yazılmamış dili necə oxumalı”. Onun həm də Nyu York Tayms, Çikaqo Tribyun, Vaşington Post kimi jurnallarda məqalələri, kitablar üçün yazdığı otuza yaxın resenziyası dərc olunmuşdu.
“Elektrik Lampalar”
Ana ilə Ata övladlarından nadir hallarda xəbər tutur. Onların Asiyada tək yaşayan qızı məktub yollayarkən onu kalliqrafik xətlə elə yazırdı ki, valideynləri onları daha tərcümə etdirmir, əksinə, Ana onları laminasiya edib süfrədə qaynar xörəklərin altına qoyurdu. Üzərinə dağıdılmış sous, kofe damcıları üzündən incə hərflər daha böyük görünürdü. Arvadlarını öz aralarında dəyişib, indi də doğma uşaqlarına kimin sahib çıxacağı üstündə dava edən əkizlər isə nadir hallarda zəng vurardılar.
Evin sükutu pozulmur. Ana ilə Ata heç vaxt çox danışan olmayıblar, indi də deyillər. Onlar başlarını başqa şeylərlə qatırlar. Ana yenə də uşaqları üçün yun palaz toxuyur, toxunmuş hər yeni sırada kədərli, doğulmamış bir hərf dəhliz boyu sərilmiş xalıların qatları arasında gizlənir.
Ata unudulmuş oyuncaqları təmir etməyə davam edir, əkizlərin eyni oyuncaq istəyib, sonra da onları tamamilə eyni cür sındırmaqlarını təəccüb hissilə xatırlayırdı. İndi bu oyun otağı getdikcə daha az ziyarətçi qəbul edən bərpa mərkəzini xatırladırdı. Bəlkə, heç özlərinin də adlandıra bilmədikləri o “nə isə”ni gözlədikləri üçün Ana ilə Ata pərdələri axşamlar da çəkmir, işıqları da söndürmürdülər. Bəzən onlar körfəzə baxan pəncərənin qarşısında birlikdə dayanıb zülmət qaranlığa baxır, bu qaranlıqsa onların tənha, bir-birinə bənzər sifətlərini fotoneqativtək əks etdirirdi.
Son vaxtlar elektrik lampalar ən gözlənilməz anlarda sıradan çıxmağa başlamışdılar, gah kabinetdə, gah pilləkənin altında, gah da mətbəxdə yeni reseptin yazıldığı vaxtda. Bəzi gecələr Ana ilə Ata əllərində yeni elektrik lampaları ilə axtarışa çıxır, bütün qaranlıq küncləri işıqlandırmağa hazır olurdular. Kənardan baxanlara elə gəlirdi ki, onları evi əsəb göz qırmasına düçar olub.
Ata hiss edirdi ki, hər sıradan çıxan lampa öz səsi ilə onu özünə cəlb edir, bəziləri tüstülü partlama, digərləri zəif, üzrxahlıq edən pıqqıltı ilə. Sanki getmək üçün hərəsinin öz gizli səbəbi vardı. Üstəlik, o, köhnə lampaların girdə hissəsinin ovcunda bir körpənin başıtək yerləşməsinə fikir verməyə bilmirdi. Ata bunu dilə gətirmirdi. O, gecələr vaxtının çox hissəsini elektrik lampalarını izləməklə keçirir və körfəzə baxan pəncərənin önündə dayanan Anaya daha da az qoşulurdu.
Ata dəhlizdə dayanıb kitab rəfinin ətrafına nəzər yetirir, otağın qaranlığa qərq olmasını həsrətlə gözləyirdi. Bu, baş verəndə, o, yanmış lampanı açır və onun ölüm parıltısının yoxa çıxmasını izləyirdi. O, qonşu otağın azacıq işıqlandırdığı yanmış lampanın solğun bənmizinə baxır, gözü alnındakı çapığa sataşır, sonra da qulağına yaxınlaşdırır ki, bəlkə, son sözlərini eşidə. Ana onu küncdən izləyir. Onun arxasınca otaq-otaq dolaşır. Hər yanmış lampanı yenisi ilə necə əvəz etdiyini izləyir. “Bir azdan,” – o, öz-özünə pıçıldayır, “evdəki bütün işıqlar onun olacaq”.
Bir gecə Ata körfəzə baxan pəncərəyə yaxınlaşanda Ananı orada tapmır. Onu adı ilə səsləyir, amma cavab gəlmir. Bu hissi özü üçün tam aydınlaşdıra bilməsə də, sanki içindəki firavanlıq hissi yavaş-yavaş axıb getməyə başlayır. Dəhliz boyu qaçaraq hər qapıdan boylanır. Burada, yataq otağında, kətilin üstünə çıxıb tavandakı işığı dəyişən Anadır.
− Neynəyirsən? – Ata bağırır.
− Sənin elektrik lampalarına güvənmirəm, − Ana cavab verir.
Bu hadisədən sonra Ana ilə Ata bir-birindən qaçmağa başlayırlar. Onlar artıq ayrı-ayrı otaqlarda fikrə dalıb hərəsi əlində özünün lampasını tutur və onun cəzbedici işığına baxır. Sakitcə, heç bir xüsusi elan etmədən onlar evi öz aralarında bölməyə razılıq verirlər. Ata kabinet, qonaq otağı, ekizlərin yataq otağı, oyun otağı, zirzəmi və dəhlizin yarısını özünə götürür. Ana isə əsas yataq otağı, qızlarının otağı, oturaq otaq, mansard və dəhlizin digər yarısını seçir. Hamam otaqları mübahisəlidir, mətbəx isə ümumi.
Günlər keçir, məktublar üst-üstə qalaqlanır. Hesablar, kataloqlar, hətta okeanın o tayından gəlmiş gözəl bir məktub da açılmamış vəziyyətdə mətbəx masasının üstündə qalıb. Ata günortaları zirzəmidə keçirərək yanmış lampaları təmir etməyə cəhd edir. Gərəksiz vakuum boşluğu, içinə quraşdırılmış naqil, toxunulmaz içəri hissə onu oraya həbs edir. Hər axşam öz otaqlarına yoxlamaya çıxarkən bir az ümid edir ki, bu dəfə yanmış lampa tapmayacaq.
Ana isə toxumağa davam edir. Otaqlardan birində həzin bir ahla ölən lampa səsi eşidəndə ona sarı açılmış ovuclarla qaçır, buraraq açır, sonra onu dəhlizin yalnız özünə məxsus olan hissəsində sərilmiş yun xalılara sarı aparır. Onun qəmli, sıradan çıxmış lampaların alnına adlar: Bazzi, Canet, Spenser, Darlin, Kevin, Tia (bu adları övladlarına verməyi çox arzulayırdı) yazaraq adyalların arasına yığır. İndi də Ana axırıncı çıxartdığını − Çarlzı ora basır. O, elə qoyulduğu kimi qalır, heç vaxt ayılmayacaq balaca bir yatağan.
Ata sabotaj hazırlamağa başlayır. Günorta çağları Ana başını aşağı salıb toxumaqla məşğul olanda, Ata ona məxsus otaqların lampalarını ehtiyatla patronun içərisində buraraq tez sönməsinə şərait yaradır. Yuxulu, amma yenə də həvəsli olan Ana onları dəyişməyə tələsir, Atanın hiyləsindən tam xəbərsiz şəkildə. Axşamlar Ata xəstələrinə əlac qıla bilməyəcəyini görüb yenicə yanmış lampalarının yerinə Ananın aldanaraq açdıqlarını bağlamağa başlayır. Bu yolla, Ata öz otaqlarını Ananın lampaları ilə işıqlandırır. Bir dəfə Ana yuxusunda lampalarının narahat, naqillərini əsəbdən əsdirdiklərini görür. Ayılıb görür ki, Ata onun lampalarından birini açır. Ana təəccübdən donub qalır, səsi çıxmır. “Tezliklə,” – öz-özünə pıçıldayır, “bu evin bütün lampaları mənim olacaq”.
Amma planı baş tutmur. İşıqlandırıldıqda lampaların üstünə Ana tərəfindən yazılmış adlar əriməyə, damla-damla axıb aşağıdakı əşyaların üzərinə ləkə salmağa başladı. Ata bu ləkələrə − yad dilin çətin yazısına xeyli müddət baxırdı. Uğursuzluğa düçar oldusa da, Ata Ananın ərazisini daha da çox təftiş edir, yanmış, yazısı olmayan lampalar axtarırdı. Ananın gözləri yarıyumulu olsa da, əslində, hər zaman ayıq olub mürgüləyə-mürgüləyə gözünü Atadan çəkmirdi. Ata aşağı enən kimi, Ana toxumasını bir kənara qoyub əlindəki lampa ilə onun otaqlarına kəşfiyyata çıxırdı. Ata onun ayaq səslərini hardasa kabinetdən gəldiyini duyurdu. O da elə Ana kimi artıq anlamağa başlamışdı ki, hər bir lampa dost da, düşmən də ola bilər. Sərhədlər yoxa çıxır və Ata ilə Ana otaqlarda partizanlar kimi gəzib ayıq-sayıqlıqlarını itirmirdilər.
Bir gecə oyun otağının işığı sönür və Ana ilə Ata otağa fərqli qapılardan, amma tam eyni vaxtda girirlər. İkisi də əmindirlər ki, indi digəri ölü lampanı burub çıxartmaq üzrədir. Qaranlıqda dövrə vurub oyuncaq əsgərləri, plastik gəlincikləri yıxaraq tapdayırlar. Balaca taxta dəbilqə və kiçicik şüşə gözlər döşəmədə ora-bura diyirlənir. Ana ilə Ata burulan lampanın cırıltısını duymağa çalışaraq ehtiyatla, əşyalara toxunmadan barmaqlarının ucunda yeriyirlər.
Telefon zəng çalır. Kim ola bilər? Əkizlərdən biri? Əllərindəki lampaları daha da bərk sıxıb Ana ilə Ata qımıldanmadan dayanıb telefona kimin birinci cumacağını gözləyirlər. Bəlkə, zəng qızlarından gəlir! Hər ikisi dəstəyi qaldırmaq üçün irəli atılmaq istəyəndə onuncu zəng çalınacaq an telefon susur. Ana ilə Ata səssiz-səmirsiz dayanıb gözləri qaranlığa alışdığından bir-birlərinə baxırlar. Başlarının üstündəki lampa onları səbirlə gözləyir. Hər ikisi irəliyə iki addım atır, sonra isə Ata heç bir kəlmə demədən Ananı qaldırır və o, lampanı dəyişir.
İndi Ata ilə Ana birlikdə sakit həyat tərzi sürürlər. Onlar telefonu qovşaqdan ayırmış, zərfləri yenə də açmır, qapı zənglərinə cavab vermirdilər. Ana ilə Ata öz lampaları ilə məşğuldurlar. Ana evin lampaları üçün örtüklər toxuyur, hər biri üçün xüsusi bir rəng, divar kağızına uyğun fərqli ton seçir. Ata isə lampaları yığmaq üçün qutular − doğulmamış lampalar üçün pətək düzəldir. İndi lampa yananda Ana ilə Ata kəmşirin bir hiss keçirir, işıq payı zülmət payına yol açır. Xörək masasının üstündəki lampa onların çərəz yedikləri an yananda, sonuncu bir neçə qaşıq onlara qaranlıqda daha dadlı gəlir. Sonra onlar qalxır, Ana stula çıxb lampanı ehtiyatla çıxarır, Ata isə stulu möhkəm tutur. Onlar hələ ilıq olan lampanı Ananın çaynikin istiliyini saxlamaq üçün toxuduğu torbaçığa qoyub birlikdə mansarda qalxırlar.
Burada onlar ümid sandığı yaradıblar. Alatoranda da onun içindəki istifadədən çıxıb sıra-sıra düzülmüş lampaları görə bilirlər. Ana ilə Ata bir neçə an sakitcə dayanıb bir-birlərinin düşüncələrinə mane olmurlar. Sonra yeni gətirdiklərini o birilərin yanına qoyurlar. Yeni qoyulan digərlərinə toxunanda, sandıqdakı bütün lampaların bir-birinə dəyib cingildəməsi ilə yaranan musiqi Ana ilə Ata sandığın qapağını bağlayandan sonra da eşidilir. Sonra onlar pilləkənlə parlaq işığı yanan otaqlarına enirlər.
İngiliscədən tərcümə: Svetlana Quliyeva

1582 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024