Xanəmir: “Axundovu 37-də güllələyərdilər”

Xanəmir: “Axundovu 37-də güllələyərdilər”
4 sentyabr 2011
# 10:44
Yazıçı Xanəmirin Kulis.az saytına müsahibəsi

- Son vaxtlar Azərbaycanda hətta təsəvvüfdən anlayışı olmayanlar da bu haqda danışmağa başlayıb. Sən bu barədə daha çox bilgisi olan adamsan. Ümumiyyətlə, təsəvvüf və təsəvvüf şeiri nədir?

- Təsəvvüf və təsəvvüf şeiri ayrı-ayrı qavramlardır. Azərbaycanda sovet dövrünü çıxmaq şərti ilə, həmişə təsəvvüf ədəbiyyatı bu və ya digər formada yaranıb. Azərbaycan ədəbiyyatı sovet dövrünü çıxsaq, bütövlükdə təsəvvüf ədəbiyyatıdır. Bizdə təsəvvüf ədəbi nümunələri hər zaman dövriyyədədir. Təsəvvüf bir anlamda da materialist dünya görüşünə qarşı bir məktəbdir. Təsəvvüf materialist dünyagörüşündən təcrid olunmağa xidmət edir ki, mədəniyyətdə insanların eqosu, dövlətin hakimiyyət sistemində diktatorluq, cəmiyyətdə totalitarlıq hökm sürməsin. Təsəvvüf, bir növ, bunlara qarşı sədd, baryer rolunu oynayır. Bu barədə çox danışmaq olar. Ancaq çox danışmaq istəmirəm, çünki mənim “Göyə qayıdan mətnlər” adlı kitabımda bu barədə kifayət qədər fikirlərim var. Çağdaş Azərbaycan təsəvvüf poeziyası nədir, düşüncəsi nədir və sair fikirlər o kitabda yer alıb. Mən poeziyanı burda ədəbiyyatdan ayırıram. Çünki ədəbiyyat bir az geniş anlayışdır. Ancaq poeziya bizdə hər zaman dramaturgiyanın, nəsrin, ədəbi-tənqidin olmadığı yerlərdə olub. XIX əsrin əvvəllərinə qədər Azərbaycanda poeziyası bu işi görüb. Hətta Azərbaycan təsəvvüf poeziyası iki dəfə dövlət yaradıb ( 16-ı və 20-ci əsrin əvvəlləri). Mümkünsə, Məmmədəmin Rəsulzadənin Nizami ilə bağlı yazdığı əsəri oxuyun. Demək, şeir bizdə daha çox anlam kəsb edir. İndi-indi şeirlə ədəbiyyat qavramları, anlayışları arasında balanslaşma getməyə başlayır bizdə. Təsəvvüflə bağlı əsərlərim var ortalıqda.

- Təsəvvüf orta əsr İslam düşüncəsində yaranmış bir düşüncədir. Müasir dövrdə nə üçün yaşamalıdır?

- Məncə, imperializmə qarşı dayanmaq üçün. Çünki İraqda Amerikaya qarşı dayanan bu məzhəblər, təriqətlər, sufilər oldu. Əzilsələr də, öldürülsələr də, başları kəsilsə də, yerli-dibli yox edilməyə çalışsalar da, baş qaldırdılar, sınmadılar, vuruşdular. Çeçenistanda ruslara qarşı dayanan da İslami təriqətlər oldu. Bu gün İslami inanc sistemi içində barınmış təriqətlər hansı düşüncəyə qarşı real olaraq döyüşür, savaşır. Bu yerdə inqilab-zad o qədər gülməlidir. Bir də ki, orta əsrlərdən bu gün yaşayan, günümüzə gəlib çıxan nələr yoxdur, nələr yaşamır ki? Sizcə, çağdaş dünya ədəbiyyatında son illərdə gedən proseslərdə nəyə görə ortaçağ dönəminə baş vurulur? Digər yöndən təsəvvüfün yaranma tarixi orta əsrlərə təsadüf eləmir.

- Düzdür, dirəniş göstərən İslamdır, amma bu sufizmdir axı...

- Sufizmin içəriyi də İslamdır. Nə cür başa düşülməyindən, necə anlamağımızdan asılı olmayaraq, sufizmin içəriyi İslamdır, Qurani-Kərimdir, “Allahdan başqa məbud yoxdur” inancıdır. İslam əsrlərdir bir ayətlə döyüşüb, vuruşub şərə qarşı. İslam indiyə kimi Şərqdə başqa ayətlərini hələ işə salmayıb, düşüncəsindəyəm.

İstənilən dünyagörüşün kökündə ona qədərki xeyli ekolların, fəlsəfələrin, baxışların izlərini, köklərini tapmaq mümkündür. Onda bu məntiqə görə, gərək biz özümüzdən danışanda özümüzdən deyil, elə atamızdan tutmuş Adəmə, Həvvaya qədər ən azından danışaq.

- Yəni sufizmin, təsəvvüfün əsas məqsədi imperializmə qarşı mübarizədir.

- İlkin olaraq insanın özünün özüylə mübarizəsindən başlayan yol gedib imperializmə kimi çıxır. Bugünkü imperiya nəfsi şər deyilmi? Şərə qarşı mübarizə deyə bilərik buna. Ədəbiyyatda da təsəvvüfün məqsədi şərlə mübarizədir. Çağdaş sufi ədəbiyyatının belə deyək ki, özünün bombalamaq istədiyi ədəbi obyektlər, poetik, estetik, sentimental məkanlar var. Sözün aurasında sufi dünyagörüşünün iqlimi hakim kəsiləndə, mətnlərin və mətinlərin yönəldə biləcəyi mədəniyyətlər “özünün gizli təbəqəsində” qocalmır. Qocalıq sadəcə, zahiri xarakter daşıyır. Elə Axundovla Füzulinin vuruşu kimi. Amma bu aralıqda Səfəvi dövləti yaranır.

- Eyni zamanda təsəvvüfün materializmə qarşı olduğunu dedin. Materealizm ədəbiyyata realizm şəklində yansıyıb. Təsəvvüf realizmə qarşıdırmı?

- Təsəvvüf Allaha, sonsuz olana inancdır. Öldükdən sonra da böyük bir aləmin olduğuna inancdır. İnsan bu inanc içində heç vaxt özünü öldü bilməz, diri bilər. onun bir də bitib-tükənməz bir yolçuluğu vardır. Yol sözü də əslində “yox ol”dan törəyib. Görünmə, it. Bizim çevrəmizdə də bunu anlaya bilməyənlər var. Təsəvvüf daha çox insanın içini yazır. Materialistlər daha çox situasiyanı, təsəvvüf isə situasiyanı yaradan səbəbləri yazır. Təsəvvüfçü, metafizik düşüncə sahibi gördüyü hadisəni yox (cinayət və cəzanı deyil, cinayət və cəzaya qədərki, həm də cinayət və cəzadan sonrakı baş verənlərin martağında olar, araşdırar), daxildə gedən prosesləri yazır. Ədəbiyyatda düşüncənin estetik səviyyəyə qalxması üçün bu daha doğrudur, məncə.

-Azərbaycanda XVIII əsrin sonları, XIX əsrin əvvəlləri İslama, təsəvvüfə qarşı mövqe var idi. Bunu necə dəyərləndirirsən? Məsələn, Axundovun Füzuliyə münasibəti.

- Mənə elə gəlir ki, insan mədəniyyətinə işləyə biləcək istənilən detalın kökü, barındığı bir yer var. Türk insanın təfəkküründə daha genişdir bu məsələ. Bizdə “Su içində su”, “Nur içində nur”, “söz içində söz” kimi anlayışlar var. Eyni zamanda təbiətdə gedən proseslər, dünyada gedən proseslər var. O dövrdə də, Fransa İnqilabı, kilsələrdə baş verənlər proseslərin dalğasının qaçınılmazlığı məlum fikirlərdir. Eyni zamanda, Şərqdə gedən mədəni, siyasi qalxınmalar da qaçılmaz olmuşdu. Şərqin içərisində Avropaya meyilli, qərbyönümlü, yəni o zamana uyğun olaraq irəliçi, öngörüşlü vaqelərə biganə olmayan ortaya çıxmışdı. Axundov da bu proseslərin içərisində idi. Axundov rus məmuru olsa da, Avropa təmayüllü düşüncəni mənimsəmişdi, ancaq bizdə rus ədəbiyyatından Axundovdan sonra etkilənmə daha güclü oldu. Mənə elə gəlir ki, Axundov Füzulini daha yaxşı başa düşürdü. Əgər Axundov Füzulini dərk eləməsə, anlamasa, onu tənqid edə bilməzdi. O dövr üçün ədəbiyyatımızda təbii proseslər Axundovun Füzuliyə yanaşmasını belə zəruri qılırdı. Əgər Axundov sovet dövründə yaşasaydı, Hüseyn Cavidin səfində yer ala bilərdi. O da 37-ci ilin qurbanına çevriləcəkdi. Mənim düşüncəm budur. Bizə elə gəlir ki, qəbul elədiyimiz yaxşı bir dəyər, min, milyon il davam eləməsə, o pisdir. Belə şey yoxdur. dövrlərə, zaman görə yerdəyişmələr baş verir. Füzulinin düşüncəsini ən çox Hüseyn Cavidə yaxındır. Düşüncələrin alt qatı baxımından Füzuli və Hüseyn Cavid arasında heç bir zaqlıq görünmür.
Düşünürəm ki, Axundov Füzulini inkar eləməyib. Füzulinin şeirləri bu inkarı doğurdu. Çünki Füzulidə olan ironiya kimsədə yoxdur (Ümumiyyətlə, sufi mətlərində olan ironiyanın aristokratlığı, əfəndiliyi heç bir mətndə yoxdur. Onların gülüşü pis olur. Birbaşa silir. Dağıtmır, öldürmür, silir). Axundov iki dünyagörüşü qavramış (metafizikanı və materializmi) birisi kimi, Füzulidəki bu dərd, ələm, göz yaşlarının altında boy göstərən həzzi, sonra yuxunu, sonra xorultunu görə bilirdi. Füzulinin əsərlərinin “kimyəvi zaman çevrilməsi” Axundov şəklində zühur eləyir. Axundov məncə, Cavid əfəndi şəklində. Cavid Əli Kərim şəklində...

- Xanəmir, sənin belə bir fikrin var ki, “Mənə qədər Azərbaycanda yazılı ədəbiyyat olmayıb”.

- Yazılı ədəbiyyat soyuq və yad bir anlayışdır. Soyuqluq, yadlıq fəsli kimidir, hətta uzaq başı, yaxın qonşu kimidir. Şifahi ədəbiyyat daha çox işləmsəldir. Özünsən, başqası deyilsən. İstidir, sıcaqdır. Şifahi ədəbiyyat, şifahi düşüncə tərzi, şifahi təfəkkür mədəniyyətə nəyi isə transfer etmək baxımından ölü deyil. Ədəbiyyat şifahi olduğu zaman enerji itmir, nəsillər arasındakı keçiddə mədəniyyətə “genetik informasiya” itkisi kimi zərbələr dəymir. Amma yazılı təfəkkürə sahib olan ədəbiyyatda müəyyən itkilər olur. Şifahi təfəkkürlü ədəbiyyat, mənə görə, dil baxımından türkcə, mahiyyət baxımından ilahi qaynağa dayanmalıdı. Bizdə diri mətnlərin şeirdə əksəriyyəti ya ərəb, ya fars, ya ərəb-fars tərkiblərində yaranıb. Bu gün mənim yazdığım ədəbiyyatı mahiyyət baxımından incələsəniz, bu yolu heç kəs getmir. Bu yolu mən gedirəm. Çağdaş Azərbaycan türkcəsində o inancı ehtiva edən yazar özümü hesab etdiyim üçün on il qabaq belə bir fikir bildirmişdim.

- Səni oxuyanlar da, oxumayanlarda yeri gəldi-gəlmədi fikir səsləndirirlər ki, “Xanəmiri başa düşmək çətindir”. Bu fikrə münasibətin necədir? Səni oxumaq üçün bir açar varmı?

- Danışanların, danışmaq meyli olanların fikirlərinə, düşüncələrinə sayğıyla yanaşmaq lazımdır. Bəzən deyirəm, bəlkə elə problem oxuyanın özündədir. Bizdə özünü ədəbiyyatçı adlandıranların çoxu bu dünyada gəlib keçmiş, ya davam edən necə düşüncə tərziylə, fəlsəfi baxışla, inanc sistemiylə, məfkurəylə tanışdır, görəsən? Əksəriyyətini tanıyıram. Düz deyirlər, Xanəmiri başa düşən tapılmaz dəəə.... Onu da deyim ki, bu fikri həmişə məni aşağılamaq istəyənlər söyləyirlər. Hesab etmirəm ki, qəliz yazmıram. Sadəcə, hamının yazdığı kimi yazmıram. Mən heç vaxt kiminsə keçdiyi yolu keçmirəm. Hətta bilirəm ki, kim hansı əsəri kimin hansı əsərindən sonra yazıb. Bu saat üzdə olan bir çox yazar və yazarın yazlarını göstərə bilərəm ki, mənim ən adi yazımın içindən çıxıb. Sonra deyir səni bəyənmirəm. Kimlərin gizlində kitablarımı oxuduğunu da yaxşı bilirəm. Bunu incələmək təbii ki, mənim işim deyil. Mən ümumiyyətlə, kiminsə çoxlu oxucusu olmağına şübhə edirəm. Oxucu məsələsi elə yazar çevrəsi ilə məhdudlaşır. Mənim əsərlərimi oxuyan yazarlar mənimlə söhbətdə tamam başqa şey gəvələyir, ancaq mətbuatda danışanda tamam başqa şey qırıldadırlar. Ad çəkmək istəmirəm.

- Konkret Həmid Herisçinin müsahibədə səsləndirdiyi fikrə münasibət öyrənmək istəyirəm. Sənin sualına cavab olaraq bildirib ki, bu Xanəmirin tapmacasıdır.

- Hesab etmirəm ki, Həmid nəsə təhqiramiz bir söz söyləyib. Həmid bizim yazarlarımızdan birisidir. Sadəcə, Həmid baxdı ki, “sualım” tapançadır, o da qafiyəpərəst, iranpərəst dostumuzdur, çaşıb tapmaca deyib də. Fikirlərə normal yanaşıram. ”Ədəbiyyat həm də tapmacadır “ - deyən Platonov deyildimi?

Hər halda Həmid mənimlə qarşılaşanda, ayrılanda yəqin ki, mənimlə bağlı dediyi sözləri yaxşı xatırlayır.

- Sən anqlo-sakson kültürünə alternativ göstərmişdin. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” və “Füyuzat” məktəbləri vardı. Səncə, bu gün ədəbiyyatda hansı məktəb daha doğrudur?

- Adını çəkdiyin məktəblər köklü məktəblərdir. Hətta Füzuli də, Nizami də bu məktəblərin formalaşmasında rol oynayıb. Nizaminin bu məktəblərin formalaşmasındakı rolu daha böyükdür. Bu məktəblərin yaranmasına qədər yazılan əsərlər bu məktəblərin yaranmasına, şəkil almasına yardımçı oldu. Bir məmləkətdə, əsrdə yaşayırsansa, savunduğun bir düşüncən olmalıdır. Şərqdə o qədər düşüncə, fikir, ədəbiyyat məktəbləri var ki, insana xidmət eləmir. Amma Azərbaycanda yaranan bu düşüncələr birbaşa insan üçündür. “Azərbaycançılıq” və “Turançılıq” anlayışları bir-biri ilə savaşmırdılar. Əslində ruh və bədən kimi bir şey idi bu məfkurələr o dönəmdə. Bu düşüncələr təbiətin yetişdirdiyi düşüncələr idi. Amma bu o demək deyil ki, o düşüncələri indi olduğu kimi tətbiq eləmək mümkündür. Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Qaspıralının yazdıqlarında müəyyən məqamlar var ki, mən razı deyiləm. Ancaq onların arasında mən Əhməd bəy Ağaoğlunun yazdıqlarına, düşüncələrinə daha çox önəm verirəm. Onun düşüncələri daha çox realdır. Ədəbiyyatın özündə isə, sənin yazar türkcəndə, ərəb-fars tərkibləri didərgin düşən bir dildə, metafizik inancı və mədəniyyətə yönəlik baxışları çəlişməyən təfəkkürü qəbul edirəm. İnsan öz dilində danışanda artıq enerji xərcləmir, “yazıda kosmik asayişə” daha rahat əməl edir, sən özünü, Allahı daha yaxşı ifadə edirsən. Öz dilində sözünü vasitəsiz deyirsən, mətnin karmasında şübhəyə yer qalmır. Mən öz dilimdə yaranan təsəvvüf şeirini daha çox qəbul edirəm. Bunu öz yaradıcılığım üçün düzgün yol hesab edirəm.

- İstəyirəm çap olunmayan romanların haqqında danışasan.

-Gəl çap olunmamışları qoyaq bir tərəfə, çap olunanlardan danışaq (gülür). “ağğğbağğğ” ramonum cəmi 50 ədəd çap olunmuşdu. Ondan sonra “Osmanlı” ramonum çap olundu. Bu ramonum üç ayrı addan və mətn içində üç ayrı mətndən ibarətdir. “Osmanlı”nın digər adları “Surda gizlənən səs” və “Saz”dır. Ayrı-ayrı adlar altında oxunanda əsər ayrı-ayrı formada, mövzuda yansıyır oxucuya. Üç adda, o adların hər birini ehtiva edən əsərdir. Sonra “A mədəniyyətinin A lüğəti” ramonumu yazmışam. Əslində o əsər yanlış anlaşılır. Baxanlar bunu elmi əsər hesab edir. Ancaq bu nəsr nümunəmdə obrazlar insanlar deyil, obrazlar bu millətin insanının işlətdiyi sözlərdir və sözlər bir-biri ilə üz-üzədir. Hər söz qu quşu kimi sonuncu nəğməsini oxuyub gedir. Bunların dışında əlimin altında çap olunmayan əsərlər var. 10 ildən çoxdur ki, yazdıqlarımı üzə çıxarmıram. Təsəvvüf şeiri ilə bağlı bir çalışmam da hazırdır .

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsən amma AYB-nin içində ayrı bir fraksiya kimi görünürsən. Çox da qaynayıb qarışmırsan.

- AYB-də vəziyyət başqa cürdür. Dövlət AYB-yə kifayət qədər maliyyə vəsaiti ayırır və bu birlikdə hamımızın haqqı var. Dövlət hamımızındır. AYB əsl Azərbaycan yazıçılarından kənarda qalıb. AYB-nin nəşrlərində iki-üç imzanı imzanı çıxmaqla, bir normal ədəbi nümunə tapa bilərsinizmi ki, deyəsiniz “bu yazardır”, “bu əsərdir?”. Heç olmasa son 20 ildə bir nəfər istedadlı gənc yazarı bu nəşrlər təqdim etməyib, üzə çıxarmayıb. Zəif də olsa da, öz ədəbi nümunəsini, bəli, məhz öz ədəbi nümunəsini ortalığa qoyan imzaları çap eləmək lazımdır. Başqasının mətnlərinin boynundan sallaşan yazıları deyil. Etiraf eləsək də, eləməsəkdə, ortalıqda imzalar var. Bu imzalar nəyə görə dövlətin büdcəsindən - hamımızın haqqından maliyyələşən dərgilərdən kənarda qalmalıdır? Yanlış anlaşılmasın, AYB-də ürəkaçan mühit görmədiyimidən, ordan uzaq dururam. Ancaq bu o demək deyil ki, AYB kiminsə atasının şəxsi mülküdür və ona məxsusdur. Bu dövlətin bir qurumu olduğu üçün, dövlət də bu ölkənin yazarlarının hamısına (təkcə bir qurupuna deyil) məxsus olduğu üçün AYB-yə sahiblənməli, oranı özümüzünkü bilməliyik. Çünki bizim olan bu dövlətdə yazar kimliyinə, kişiliyinə sahibik. Ancaq oranı necə özümüzünkü bilək? Təsəvvür edin ki, XXI əsrdə 20 ildir ki birini gətirib AYB-yə sədr qoyublar. Dərgilərdə, qəzetlərdə də eyni simalar, eyni yazılar. Ümumiyyətlə, bu barədə danışmaq çox yorucu və cansıxıcıdır.


Söhbətləşdi: Cəlil CAVANŞİR
# 1074 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #