Amerikanın yeni dini - “New Age”

Amerikanın yeni dini  - “New Age”
3 sentyabr 2011
# 07:00
“New Age” (“Yeni Çağ”) - psixoloji mövzularla əlaqəli baxışların eklektik (“xüsusi bir sistemə aid və ya ayrılıqda mənası olan fikirlərin bir araya gəlməsi ilə ortaya çıxan sistem”) yanaşma ilə səciyyələndirən spesifik termindir. XX əsrin sonlarında ortaya çıxan cərəyan həm də dünyanın ən sürətlə yayılan dini kimi də təqdim olunur. Elə buna görə də “New Age” ehtimal edə biləcəyimizdən daha geniş kütləyə xitab etməyi bacarır. Termini Alisia Beyli adlı bir ingilis xanım yaradıb.


“New Age”i ən çox tanıdan isə onun qollarından biri kimi tanınan Sayentologiya olub. “New Age” Hollivud təriqəti olaraq tanınır. Ən məşhur üzvləri rejissor Oliver Stoune, Tom Kruz, Con Travolta, Dastin Hoffman, Demi Mur, Britni Spirsdir. İddialara görə, bir çox Hollivud filmlərində bəzən gizli mesaj olaraq, bəzən də açıq şəkildə sayentologiya təbliğ edilir. Bununla da təriqət, xüsusilə gənclər arasında daha çox yayılıb. Qısa zamanda, böyük tərəfdar toplayıb. Təriqət başda Amerika olmaqla, Qərb ölkələrində çox məşhurdur.

Sayentoloqçular dini təriqət üzvləri kimi fəaliyyət göstərsələr də, əslində bu “təriqət”in dəyişdirilməsi günah, mütləq müqəddəslik tələb edən anlayışları və dini təşkilatı, eləcə də dini iyerarxiyası olmadığından dini sosiologiyada onu ənənəvi dinlərdən fərqləndirmək üçün akademik ədəbiyyatda “New Age”ə “saxta din” (quasi-religion) və ya “öyrənən kult (din)” (audience cult), yaxud da “dinə yaxın “din” (cultic mileu) kimi təriflər veriblər.

Tarixi: “New Age”in 150-dən çox ölkədə 10 milyona yaxın üzvü, minlərlə kilsəsi və külli miqdarda varidatı var. “New Age” 1980-cı illərə qədər də submədəniyyət kimi mövcud olsa da, onu bir din kimi Ron Habbard adlı amerikalı yazıçı yaradıb. Habbard əsasən elm-fantastik hekayələr yazıb. Ölümündən sonra dini axına çevrilən “New Age”in ideya müəllifidir. Habbard II Dünya müharibəsindən sonra yaratdığı “Diyanetik” adını verdiyi cərəyanı yaradıb. Hazırda bu cərəyan sayentologiya kimi tanınır.

Habbard dünyada ən çox xarici dildə əsəri olan yazıçı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Ümumilikdə onun 233 milyondan çox kitabı satılıb. O həm də 1084 çap edilmiş əsərin sahibi kimi də Ginnes rekordunun sahibidir. Habbard “Elektrometr” adlı bir cihaz kəşf etdiyini və bu cihazın vasitəsilə insan beyninə daxil olub əvvəlki həyatının xatırlanmasını təmin etdiyini iddia edirdi.

Fəlsəfəsi: “New Age” 1980-ci illərdən etibarən Amerika KİV-ində meditasiya, reinkarnasiya, kristallar, psixaloji təcrübə, mükəmməl sağlamlıq, NUO (naməlum uçan obyekt) kimi mövzuları özündə cəmləşdirən psixoloji sub-mədəniyyətləri daha yaxşı tanımaq üçün istifadə edilən məşhur bir terminə çevrilib. Bu sub-mədəniyyətlərin tipik fəaliyyəti meditasiya ilə məşğul olmaq, kitab oxumaq, musiqi dinləmək, büllur əşyalar və büxur (dini ayinlər zamanı havanı təravətləndirmək dəyişmək üçün yandırılan qatran) kimi nəsnələr almaq, sağlamlıq haqda məlumatlar əldə etmək, təbiblərlə daim əlaqədə olmaqdan ibarətdir.

“New Age” düşüncəsi 19-20 əsr Amerikan dini, fəlsəfi və psixoloji düşüncə və qruplardan bəhrələndiyi qədər Şərq mistikası və Qərb ezoterik ənənəsindən də müxtəlif nüansların eklektik qarışığıdır. Transsendentalizm, spiritualizm (mənəviyyat), “New Thought” (“Yeni təfəkkür”) kimi Amerika mənşəli mənəvi axınlar, “The Human Potential Movement” (“İnsan Potensialı Hərəkəti”), “Humanist Psixologiya” kimi psixoloji axınlar, hinduizm, Zen buddizmi, sufizm, kimi tarixi mənəvi yollar, “Christian Science” (“Xristian Elmi”) kimi xristian təbabət məlumatları nəzəri və praktiki olaraq “New Age” düşüncəsinin inkişafına təsir edib.

Terminologiya: “New Age” ədəbiyyatında elmi terminologiyasında 19 və 20 əsrlərdə yaranan dini, mənəvi, fəlsəfi axınlardan və şərq mənəviyyatının ənənələrindən götürülmüş terminlər, mənlik mərkəzli (Self-Spirituality) bir fəlsəfi təməldə yenidən yozularaq istifadə edilib.

Bu terminologiyada Allah, Tanrı, Yüksək Mənlik (High Spirituality), Daxili Uşaq (İnner Child), Mütləq Güc (Absolute Power) kimi terminlər insanın iç potensial və enerjilərini göstərir.
“New Age” xüsusilə sağlamlığa önəm verir. Ona görə, insanın içində onun fiziki və psixoloji problemlərinin öhdəsindən gəlməsini təmin edən kosmik bir güc var. Eyni gücdən Kainatdakı müxtəlif güc mərkəzlərindən də enerji şüaları yayılmaqdadır. İnsanın şüuru inkişaf etsə, daxilində olan bu gücü hiss edəcək və beləliklə də hər hansı bir xarici təsirə (dini təşkilat, iyerarxiya, rəhbər və s.) ehtiyac duymadan bu gücdən istifadə edəcək.

Astrologiyaya əsasən, dünyanın Dolça Bürcünə qədəm basması ilə birlikdə meydana çıxacaq mənəvi oyanış, bu güclərin daha təsirli bir şəkildə istifadə edildiyinin, daha əxlaqlı və rahat bir dünyanın formalaşmasının xəbərçisi olacaq.

Tərəfdaşları: Demi Murdan Britni Spirsə, Madonnadan Riçard Qirə qədər bir çox tanınmış sima artıq bu təriqətin üzvüdür. Əslində, özünü din kimi qələmə verən “New Age” daha çox ticarət məqsədli şirkəti xatırladır. İddialara görə, artıq bütün aksesuarlarını özü istehsal edib satan “təriqətin” əsas hədəfi şou-biznes nümayəndələridir. Bu da təsadüfi deyil, çünki şou-biznesin tanınmış simalarının həm pulu çoxdur, həm də nüfuz dairəsi genişdir. Başqa sözlə, onların vasitəsilə daha asan pul qazanmaq və bu zaman insanları tora salmaq mümkündür. Təsadüfi deyil ki, Seyntologiyanın qurucusu Ron Habbard “Hər sözü bir sentə hekayə yazmaq axmaqlıqdır. Əgər həqiqətən də 1 milyon dollar qazanmaq istəyirsənsə, bunun ən yaxşı yolu öz dinin yaratmaqdır”…


Vüqar QURDQANLI
# 1728 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #