Tənqidçi Əsəd Cahangir: “Quqark”ı oxuya bilmədim

Tənqidçi Əsəd Cahangir: “Quqark”ı oxuya bilmədim
11 avqust 2011
# 15:22
Kulis.az-ın müsahibi tənqidçi Əsəd Cahangirdir. Əsəd Cahangir öz yaradıcılığından, Azərbaycan tənqidinin durumundan, ədəbiyyatın mənzərəsindən, AYB-dən, dramaturgiyadan və s. məsələlərdən danışmışıq.

- Nədən danışacağıq? Həmişə məndən başqaları haqda soruşurlar. Öz yaradıcılığımla bağlı suallar vermirlər. Mən öz yaradıcılığım haqda danışmaq istərdim.

- Bəlkə, bu, tənqidçi olmağınızla bağlıdır?

- Təbiidir ki, ondan. Amma mən özümü ənənəvi, standart tənqidçi saymıram. Mənim romanım var, bitirməmişəm. Şeirlər, poemalarım var. Yazılarımın böyük bir qismi essedir. O da bədii nəsr janrıdır. Ədəbi tənqidi məqalələr yaradıcılığımın bir hissəsidir. Bütövlükdə mənim yaradıcılığımı əhatə etmir.

- Romanı niyə bitirməmisiniz?

- Romanı 1997-ci ildən yazmağa başlamışam. İlk qaralamasını o vaxt etmişəm. Üstündən illər keçdi. Bir il bundan qabaq yenidən qayıtdım romanın üzərinə. Bu dəfə daha ciddi işləməyə başlamışam. Vaxt tapa bilmirəm qurtarmağa. Bəlkə də yarımçıq qoydum bunu. 2001-ci il zəlzələsinə aid bir povest yazmışdım. Amma çapa vermədim.

- Nəsrə belə soyuq münasibət nəylə bağlıdır?

- Nəsrə soyuq yanaşmıram. Mən ədəbi-tənqidi fəaliyyətimə nəsr haqda yazılarımla başlamışam.

- Öz yaradıcılığınızdan danışıram.

- Poema min misradır. Oturub bir nəfəsə yaza bilirsən. Eləcə də məqalələri. Amma roman yazmaq üçün bir nəfəs çatışmır. Bir neçə il çəkməlidir. Arada fasilələr yaranır. Bu fasilələrdə başqa işlər çıxır, adamın fikri yayınır. Amma elə adamlar var ki, romanı bir aya yazır.

- Qısa müddətə yazılan roman uğurlu ola bilməz?

- Ola bilər. Elçin Əfəndiyev “Mahmud və Məryəm”i 18 günə yazıb. Onun ən uğurlu romanlarından biridir. Sabir Əhmədli “Yamacda nişanə”ni bir həftəyə yazıb. Kafka “Çevrilməni” bir neçə saata, hətta bir gecəyə yazıb. Onun da ən oxunaqlı əsəri məhz budur. Onlar yazacaqları mövzunu uzun müddət düşünüblər. Tam hazır olanda oturub yazıblar. Birnəfəsə yazmaq – ilhamla yazmaq deməkdir. Uğurlu alına bilər.

- Birnəfəsə yazanda birnəfəsə də oxunurmu?

- Bəli. Mən inanıram ki, İlyas Əfəndiyev romanlarını birnəfəsə yazırdı. Çox oxunaqlıdır. Qurtarmayınca yerə qoymaq istəmirsən. Aleksandr Duma da çox güman ki, belə yazırmış.

- Seymur Baycan da “Körpüsalanlar”ı yazdı. İlyas Əfəndiyevdəkindən daha oxunaqlı deyil bu?

- Mən belə hesab etmirəm. Seymurun sonuncu “Quqark” romanını mən oxumaq istədim, amma əllinci səhifədən o tərəfə oxumadım. Onun romanında müəyyən nasir müşahidələri var. Təfərrüat bolluğu bezdirir adamı. Bir muğamat ustası həddən artıq gözəl oxuya bilər, amma həddən artıq boğazlar edəndə bezdirici olur. Pis təsir bağışlayır. Hər şey qədərində olmalıdır. Yazıçılıq təkcə nəyi yazmağı bilmək deyil, həm də nəyi yazmamağı bilməkdir, həm də pozmağı bilməkdir.

- Pərvizin “Yad dildə” romanını çox sərt tənqid etmişdiniz. Sonra bu əsər MKM-də birinci oldu.

- Bu heç nəyi həll etmir. Məsələn, rus poeziyasının “gümüş dövrü”nün şairi Bolmond əsrin əvvələrində Rusiya şairlərinin şahı elan olunmuşdu. Onda Blok da var idi, bir az sonra Anna Axmatova, Yesenin də peyda oldu. İndi hamı Yesenini oxuyur, Bloku sevir, Axmatova məşhurdur. Amma Bolmondu tanıyan yoxdur. Pərvizə o mükafatın verilməsi daha çox ədəbi-estetik yox, siyasi amillərlə bağlıdır.

- “Siyasi” deyəndə nəyi nəzərdə tutursunuz?

- MKM mükafatının missiyası nədir? Biri var “Qızıl kəlmə” mükafatı – bu dövlət tərəfindən verilir. MKM isə buna alternativ yaradılmış mükafatdır. Bu mükafat nöqteyi nəzərindən MKM ədəbi müxalifətdir. MKM öz üzərinə bu missiyanı götürüb. Buna görə də siyasi müxalifət meyilli yazıçıya mükafatı verdilər.

- Ondan əvvəl də Qaraqana verilmişdi. O da siyasi müxalifət nümayəndəsidir?

- Qaraqanın da ruhunda bir müxalifətçilik var. Qaraqan əsərinin ideyası budur: hər şey dağılmalıdır və yenidən qurulmalıdır.

- Sizcə, Rafiq Tağı ola-ola Qaraqana mükafatın verilməsi normal idi?

- Bir məsələ var. Rafiq Tağı kimi yazıçılar çoxdur. Həm yazdığı janr, həm də yaşı baxımından. Amma Qaraqan alternativ janrda ilk nümunə idi. Həm də sonra yazdığı romanlarla sübut etdi ki, o mükafatı almağa haqqı var. Düzdür, “A” romanı birmənalı qarşılanmadı. Amma böyük ajotaj yaratdı, oxundu. Mən inanıram ki, o, gələcəkdə yaxşı nasir olacaq. Sampasa, ədəbiyyatı atmasa.

- Üçüncü MKM-in də keçirələcəyinə inanırsınızmı?

- Məncə, bu il də MKM olacaq. Ümumi bir fəhmlə duyuram.

- Bayaq dediniz ki, standart tənqidçi deyiləm. Standart tənqidçi necə olmalıdır? Azərbaycanda belələri varmı?

- Bir adam oturub ədəbi tənqidi məqalələr yazır. Bədii janrlarla məşğul olmur. Onun yazıları daha çox akademik üslubda olur. Mən bu iki meyarın heç birinə uyğun gəlmirəm. Mən bilərəkdən akademik üslubda yazmıram. Mümkün qədər sadə və bədii-metaforik dildə yazıram.

- Oxunması yaxşı olsun deyə?

- Bəli, oxucu amilini nəzər alıram. Həm də bu, mənim içimdən gəlir. Mən özüm akademik üslubda olan yazıları oxumağı sevmirəm. Bezirəm bundan. Uzun uzadı cümlələr, sinonim sözlər işlətmək, bir fikir müxtəlif variasiyalarda təkrar etmək, çoxlu sayda klişeləşmiş ifadələrdən istifadə emək… Bunlar artıq beyni döyəcləyir. Bundansa canlı xalq dilindən gələn ifadələr üstünlük verirəm.

- Bizdə kimlər var akademik üslubda yazan?

- Demək olar ki, hamı. İstisnasız olaraq hamı.

- Bəs onlardan kimləri oxuyursunuz?

- Mən Azərbaycan tənqidçilərindən demək olar ki, heç birini oxumuram. Başdan bir az oxuyuram, ortadan və axırdan. Sürətlə göz gəzdirirəm. Axıracan oxuduğum və zövq aldığım tənqidçi 20 il bundan qabaq olub: Kamal Abdulla, Yaşar Qarayev, Nizami Cəfərov. İndi rus tənqidçilərini oxumağı sevirəm. İnternet vasitəsilə bu yazıları oxuyuram. Bu yazılar mənə çox şey verir. Hökmən ordan nəsə götürürəm. Amma Azərbaycan tənqidçilərinin yazıları mənə heç nə vermir. “Oxu zalı”nın keçirdiyi müzakirələrdə mən özümü zorlayaraq yazıları oxuyurdum. Haqqında danışdığımız əsərlər haqda başqalarının nə düşündüyünü bilmək üçün oxuyurdum. Bəzilərinin nə demək istədiyini isə ümumiyyətlə başa düşmürdüm.

- Bir aya təxminən neçə kitab oxuya bilirsiniz?

- Son bir ayda çox az kitab oxumuşam. Yəqin ki, istilərlə bağlıdır. Qışda çox gərgin mütaliə etmişdim. Fransız ədəbiyyatından 2 aya 18 roman, 10 pyes, sayını bilmədiyim qədər hekayə, 10 povest oxumuşdum.

- Planlaşdırılmış şəkildə oxuyursunuz? Tutaq ki, Fransa ədəbiyyatını bir, sonra İngiltərə ədəbiyyatını…

- Tələbəlik illərini çıxmaq şərtilə, heç vaxt planlaşdırılmış şəkildə oxumamışdım. Təkcə ötən qışda ilk dəfə planlı şəkildə Fransa ədəbiyyatını oxudum. Tarixi və proqramını qoydum qarşıma. Oxumadığım bütün əsərləri oxudum. Hətta monoqrafiyaları da oxudum.

- Uzun illərdir mütailə edirsiniz. Oxumadığınız nəsə qalıb?

- Çox şey qalıb. Çində ildə 750 roman çap olunur. Mən bir dənə də olsun Çin romanı oxumamışam. Kimsə deyirsə oxumuşam, ona inanmayın.

- Kimləri özünüzdən daha mütailəli hesab edirsiniz?

- Ramiz Rövşən, Həmid Herisçi, Anar, Elçin Əfəndiyev. AYB-də Vladimir Qafarovun oğlu Rövşən Qafarov var. Onun heyrətamiz mütaliəsi var. Dünya nəsrindən az-az şeylər var ki, oxumasın. Mənim mütaliəmin spesifik xüsusiyyəti ondadır ki, heç kimin oxumadığı bəzi şeyləri oxumuşam.

- Məsələn…

- Mən Azərbaycanda Maks Genderin “Kosmoqonik konsepsiya” əsərini oxuyan adama rast gəlməmişəm. Mistik, ezoterik bir kitabdır. Ölüm, ruh, insanın axirət dünyasına gedişi, yenidən doğulması- reinkarnasiya problemi, qan, müxtəlif canlılar, bitkilər, heyvanlar onların bir-birindən fərqli şüur dərəcəsi… Bibliyanın mistik-ezoterik təsviri. Ən müxtəlif məsələlər barədə yazılmış kitabdır. Hər adamda bir “həyat kitabı” olur. O kitabı oxuyandan sonra formalaşırsan, sən olursan. Məni formalaşdıran odur. O kitabı tapmasaydım, bəlkə, mən dahi olardım. Çünki ordakı məsələri özüm araşdırmağa başlayacaqdım.

- Dediniz ki, Azərbaycan tənqidçiləri oxumursunuz? Bəs yeni çıxan romanları necə?

- Romanları mümkün qədər oxumağa çalışıram. Qaraqanın, Şərif Ağayarın, Aqşinin, Məqsəd Nurun, Pərvizin, Nərmin Kamalın, Mirmehdinin romanını oxumuşam. Bunların arasında Məqsəd Nur, Şərif Ağayar və Mirmehdinin (“Küləyi dişləyən”) əsərlərini bəyənmişəm.

- Sərt tənqidlərə reaksiyalar necə olur?

- Reaksiyalar də bəzən çox sərt olur.

- Ən sərt necə olub? Sizi döymək istəyən olub?

- Yox. Amma söyən olub. Birbaşa da, yazı vasitəsilə də. Məsələn, mən Pərvizin əsərini tənqid etmişdim. Amma cavabında dedi ki, bu mənim ailə tərbiyəmdən irəli gəlir. Artıq şəxsi müstəviyə keçir dərhal. Aqşin çox təhqiramiz cavab yazmışdı. Məni ən sərt şəkildə tənqid edən adamı görəndə mümkün qədər təmkinlə davranıram, salam verirəm, heç nə olmamış kimi onu canlı dialoqa dəvət edirəm. Mümkün qədər heç bir qərəzimin olmadığını sübut etmək istəyirəm.

- Bəs haqqında sərt yazdığınız adamı görəndə peşmançılq hissi keçirdiyiniz olurmu?

- Qətiyyən. Mən heç kimin haqqında ədalətsiz yazı yazmıram. Məsələn, Aqşini, Pərvizi ədalətli tənqid etməmişəm.

- Kulis.az-da Qismətin, Səlim Babullaoğlunun AYB jurnalları ilə bağlı tənqidi fikirləri səslənmişdi. AYB-nin ədəbi orqanları sizi qane edirmi? Qismət günahın redaktorlarda olduğunu deyirdi.

- Jurnallar məni də qane etmir. Bunun günahını ayrı-ayrı şəxslərdə görmürəm. Mənə elə gəlir ki, bütövlükdə sistemdə dəyişiklik olmalıdır. Ayrı-ayrı adamlar dəyişsələr belə, kosmetik dəyişikliklər olacaq.

- Sistem deyəndə konkret kimləri nəzərdə tutursunuz?

- Sistem bütün insanların cəmindən ibarətdir. AYB-nin özündə islahatlar getməlidir. Yeni qüvvələr cəlb olunmalıdır. Yenilikçi təfəkkürülü, müəyyən təcrübəsi olan adamları gətirmək lazımdır. Mən inqilab yox, islahatlar tərəfdarıyam.

- Səlahiyyətiniz olsaydı, AYB-ə kimi sədr qoyardınız?

- Mən həmişə xalq deyəni demişəm. Demokratik yolla kim seçilsə o da olmalıdır.

- Müsahibə boyunca bir neçə dəfə Əfənədiyevlərin adın çəkmisiniz.

- Mən Azərbaycanın bütün istedadlı yazıçılarını sevirəm. İlyas Əfəndiyev mənim uşaqlıq xatirələrimlə bağlı yazıçıdır. Bizim regionda İlyas Əfəndiyev kultu var. Onun əsərlərindəki insan tipləri, təbiət mənə doğmadır. Mənim bədii ədəbiyyatla ünsiyyətim “Mahnı dağlarda qaldı” əsəri ilə başlayıb. Onun tamaşasına baxırdım. Elçin Əfəndiyevsə sanki Bakıya gəldikdən sonrakı həyatımı yazıb. Bu iki yazıçı sanki mənim həyat xronologiyamı yazıb.

- Belə fikir var ki, Azərbaycanda şeir nəsrdən daha yaxşı inkişaf edib. Bizdə nəsr alınmır, amma şeir yaxşı alınır.

- 1960-cı illərə qədər bu fikirlə razılaşmaq olardı. Amma bu illərdən sonra nəsr şeiri üstələməyə başlayıb. Məsələn, İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm Əylisli, Anar, Elçin Əfəndiyev, İsi Məlikzadə, Sabir Azəri, Afaq Məsud, Məmməd Oruc, Azər Abdulla… Mən hələ müəyyən bir qismini saydım. Bu qədər istedadlı şair adı 60-cı illərdən sonra çəkmək olmaz. Yaxşı şairlərdən bircə Ramiz Rövşəni deyə bilərəm. Digərlərinin adını çəkməkdə mən artıq tərəddüd edirəm.

- Bu nasirlərdən 3 ən yaxşısını seçsəydiniz…

- Bu çox çətindir. Əsərlərə görə deyə bilərəm. Anardan “Əlaqə”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, Sabir Əhmədlidən “Yaşıl teatr”, “Yamacda nişanə”, “Qan köçürmə stansiyası”, Əkrəm Əylislinin “Adamlar və ağaclar” silsiləsi, Elçin Əfəndiyevdən “Mahmud və Məryəm” romanı, “Parisdə avtomobil qəzası” hekayəsi, “Bayraqdar” povesti, İsi Məlikzadədən “Quyu”, “Dədə Palıd”, “Yaşıl gecə”, Yusif Səmədoğludan “Qətl günü” romanı, İsa Hüseynovun “İdeal”, “Şəppəli”, “Saz” əsərləri. Bunların sayını artırmaq olar. Amma adların çəkdiklərim ən çox xoşuma gələnlərdir.

- Azərbaycan dramaturgiyası haqda danışaq. Sizcə, ən yaxşı dramaturqlarımız kimlərdir?

- Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Haqverdiyev, Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Sabit Rəhman, İlyas Əfəndiyev, Anar və Əli Əmirli.

- Müasir dramaturgiyamızın durumu haqda nə deyə bilərsiniz?

- İndi hardasa 25 nəfər dram yazır. Bunun içindən 10 adamı seçib ayırmaq olar. Onlar iki yerə bölünür: ənənəçilər və yenilikçilər. Ənənəçilərdən Əli Əmirlini demək olar. Yenilikçilər – Elçin Əfəndiyev, Afaq Məsud, Elçin Hüseynbəylidir, Kamal Abdulladır. İndiki dövrün dramaturgiyası İlyas Əfəndiyevin dramaturgiyasından müqayisədə düşüncə miqyasları baxımından çox inkişaf edib. Məsələn, İlyas Əfəndiyevin ən böyük idealı vətəndaşlıq idi. İndi düşüncənin miqyası gedib axirət dünyasına qədər çıxır. Metafizika problemləri ortaya qoyulur. Məsələn, Afaq Məsud “O məni sevir” pyesi ilə Azərbaycan dramaturgiyası tarixində ilk dəfə olaraq insanın virtual aləmini, ruhunu dramaturji məkana çevirib.

- Afaq Məsudun Kafkadan təsirləndiyini deyirlər.

- O Kafkadan da irəli gedib. Kafkada belə şey yoxdur. Kafka cəmiyyəti təsvir edirdi. Afaq Məsudda mühit insanın öz içidir. Onda insanın cismi ilə ruhunun konflikti gedir. Amma sırf sənət nöqteyi-nəzərindən dramaturgiyada geriləmə var. Amma dramaturgiya təkcə bizdə deyil, bütün dünyada geriləmə tendensiyası yaşayır.

- Nəylə bağlıdır bu?

- Bunun əsas qlobal səbəbi odur ki, bugünkü dünya dramaturji dünya deyil. İndiki dünya monodünyadır. Dram isə iki qütb tələb edir. SSRİ dağılandan sonra Amerika dünyanı təkbaşına idarə edir. O, yeganı super dövlətdir. Ona qarşı çıxan güc yoxdur. Dram üçün qarşı duran iki tərəf və onların toqquşması lazımdır. Mübarizə gedir, tərəflərdən biri qalib gəlir, konflikt həll olunur. Dünyanın dramaturji tarazlığı pozulub. Biz qeyri-dramaturji dünyanın sakinləriyik.

İkinci məsələ, bu gün teatr keçən əsrin birinci yarısındakı mövqeyini itirib. Teatr aktyoru bu gün kumir deyil. Bu gün kumir Hollivud qəhrəmanıdır, müğənnilərdir. Teatr həyatın dar bir məkanına sığışdırlılıb. Elitar bir şey olub. Yalnız bir qrup insanın maraq dairəsindədir. Bu gün internet, futbol, televiziya, DVD var.



Söhbətləşdi: Elmin HƏSƏNLİ
# 1957 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #