Köpək oğlu

Köpək oğlu
3 avqust 2011
# 11:11
Çoxdandı mətbuat üçün yazmırdım. İndi yazmağım da böyük bir iş deyil. Sadəcə, bundan sonra yaşadığımı, gördüyümü bölüşmək istəyirəm.

Əlimə bilgisayar keçib. Fikirləşdim ki, niyə də yazmayım. Onsuz da bu yay günü oturub kinossenari yazmağa həvəs qalmayıb. Artıq yeddinci cümləmdi, amma nədən yazacağımı belə bilmirəm. Belə məqamları müəllifə keçirlər. “Qoy yazsın” deyirlər: “Bir-iki yazıdan sonra düzələcək”.

Bəri başdan bu estafetdə nədən yazacağımı elan etmək istəyirəm. Əsasən Azərbaycan kinosunda gedən proseslərdən, filmlərdən, kinematoqrafçılardan və s. Ancaq sosial həyat, yaşadığım və rast gəldiyim hadisələr də maraqlıdı. Onlardan başlayım.

10-15 günlük Biləsuvara getmişəm. İsti bir məkana. Bildiyimiz kimi, son zamanlar Biləsuvar milli qəhrəman Mübariz İbrahimovla daha çox tanınır. Bu gün bütün Biləsuvar ondan danışır və onunla fəxr edir. Amma bizlər qəhrəmanlarımıza da münasibətdə mentalitetimizin köməyindən istifadə edirik.

Mübarizin doğulduğu Əliabad kəndin qonşuluğunda yerləşən bir kənddə qohum toyuna getməli oldum. Çadır toyu idi. Söhbət toylarımızdan getmir. Toylarımızın bütün mənada hay-küyü hamımıza məlumdur. Hə, deməli toyda nə baş verdi? Söhbət bundan gedir.
Cavan bir oğlan (sözsüz ki, içkiliydi) mahnı sifariş verdi və oynamağa başladı. Musiqi Niyaməddin Musayevin “Dünya mənim, dünya sənin” mahnısının ritmindəydi. Cavan oğlan başın yelləyib, yumruq şəkli almış əllərini bədəninin ətrafında fırladırdı. Müğənni başladı oxumağa. Sən demə, milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunan mahnı imiş. Sözləri də bayağı mətndən başqa bir şey deyildi. Maraqlı məqam bundan sonra baş verdi. Elə bu dəmdə tamada mahnını yarıda saxladı. Rəqs eləyən cavan oğlanın gözlərinə qan gəldi. Cumdu tamadanın üstünə ki, sən kimsən mənim sifarişimi saxlayırsan. Tamada əlindəki mikrafona qışqırmağa başladı: “Ay bala, oynayacaqsan ee, darıxma. Mən mahnını bilə-bilə saxladım. Bax bu mahnını oynayırsız, amma bilirsiz bu mahnının sözlərini kim yazıb!?”.

Cavan oğlanın içkili başı tamadanın dediklərindən bir şey anlamadı. O, tamadanın yaxasından yapışıb mahnını davam etdirməyi əmr etdi. Tamada yenə mikrafona qışqırmağa başladı: “A bala, oynadığınız mahnının, özü də milli qəhrəmanımız Mübarizə həsr olmuş mahnının sözlərini kim yazıb, bilmirsiz! Biz buna görə bu gündəyik də! Yaxşı, başqa bilən var bunu?”

Hamı susur. Sərxoş cavan oğlanı isə hirs boğmağa başlayanda o da tamadanın boğazında yapışıb boğmağa başladı. Sankı tamada da hiss etdi ki, son sözlərini deyir və xırıldaya-xırıldaya davam etməyə başladı (toy iştirakçıları isə məsələnin elə də qəliz olmadığını zənn etmişdi): “Bu mahnının sözlərini mən yazmışam - Alim müəllim! Həm müəlliməm, həm də tamadalıq edirəm! Burdakıların çoxu mənim şagirdlərimdi, yetirmələrimdi! Oynadığınız mahnının sözlərini kim yazdığ...(Mikrafona həm tamada müəllimin xırıltısı, həm də cavan oğlanın hirsindən çıxartdığı nərilti səsi gəlirdi. Bu səslər ikisi bir yerdə şir nəriltisinə bənzəyirdi)”.

Tamada boğulmağa başladı. Sanki mikrafonda yaranan şir nəriltisinin səsi 99%-i içkili olan insanları oyatdı. Hamı birdən cumdu mərkəzə. Tamadanın boğazını mahnı sifarişi yarıda kəsilmiş cavan oğlanın əlindən qopartdılar. Su səpib özünə gətirdilər. Mən su yazıram, həmin məqamda bu araq da ola bilərdi. Cavan oğlan isə nərildəyib musiqiçilərdən mahnını davam etdirməyi əmr edirdi. Tamada özünə gəlib ayağa qalxdı. Gəlib həmin musiqini sifariş verən oğlanı qucaqlayıb öpməyə başladı. Və özünüreklam işini davam etdirməyə başladı. Hamı mikrafondan eşidirdi: “Bu mahnının sözləri mənimdi – Alim müəllimin! Həm müəlliməm, həm də tamada! Sınığa da baxıram, sınığçıyam. Biləsuvar xalqı məni sevir, mən də onları sevirəm! Burdakıların hər birini öpürəm!”.

Nəhayət ki, tamada müəllim öz sözünü toy iştirakşılarına çatdıra bildi. Hamı əl çamağa başladı. Bu alqışlar, çəpiklər sanki bayaqdan bilərəkdən oynanılan tamaşa üçün səslənirdi. Şir kimi nərildəyən oğlan elə bil yuxudan oyandı. Gəlib müəlliminin üz-gözünü pişik kimi yalamağa başladı. Müəllimi də öpməyindən qalmadı: “Ə, bə məni niyə boğurdun? Ay köpək oğlu, oyna da nə qədər istəyirsən. Oynadığın mahnını mən yazmışam ee, a bala, onu deyirdim!”.

Beləcə, yarıda qalmış mahnı yenidən çalınmağa və xanəndə tərəfindən ifa olunmağa başlandı. Bayaqdan şir kimi nərildiyən oğlan yenə ortaya tək düşüb başını yelləməyə və yumruq şəkli almış əllərini bədəninin ətrafında, yəni havada oynatmağa başladı.
# 1228 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #