“Çağırsa ellər, gedərəm davaya...” - ARAŞDIRMA

“Çağırsa ellər, gedərəm davaya...” - ARAŞDIRMA
27 iyul 2011
# 06:00
“Bizim Cəbiş müəllim”. 60-cı illərin sonu – 70-ci illərin əvvəlində bu film bütün keçmiş İttifaq ekranlarını dolaşdı. Böyük uğur, mükafatlar...

Hadisələri İkinci Dünya müharibəsi illərində və Bakıda cərəyan edən kinopovest qəhrəmanlarının replikaları hazırda dillər əzbəridir. “Mən sabun bişirməyəcəyəm” kimi. Bu, müharibə illərində hər cür maddi çətinliklərə dözüb ailəsini halal zəhmətlə dolandırmağa çalışan, Vətənin düşmən tapdağından azad olunmasını hər şeydən yüksək tutan sadə bir adamın – orta məktəb müəlliminin mənəvi ucalığını göstərən bircə cümlədir. Amma “Bizim Cəbiş müəllim”dən yadda qalan başqa sözlər də, təbii ki, var – meyxana.

Ssenari müəllifi Maqsud İbrahimbəyov və quruluşçu rejissor Həsən Seyidbəylinin birgə işi olan filmdə meyxananın səslənməsi o dövr üçün nonsens idi. Doğrudur, müharibə illərində Əliağa Vahidin vətənpərvərlik ruhlu qəzəl və meyxanalarına “rəsmi icazə” verilmişdi. “Bizim Cəbiş müəllim” filmindəki şeir parçası da elə həmin mövzuda idi:


“Çağırsa ellər, gedərəm davaya,
Ol mənə dilbər, gedərəm davaya..."


Amma 60-cı illərin sonunda bunun kinoekranda görünməsini sərt sovet senzurasının yuxusu adlandırmaq olardı.

“Bizim Cəbiş müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, “Çağırsa ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi gerçək, həm də Allaha şükür hələ də aramızda olan şəxsdir – Molla Məhəmməd.

Ən maraqlısı budur ki, filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də o zaman bığ yeri yenicə tərləyən şairin özüdür.

73,5 dəqiqəlik “Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?

Ümumiyyətlə bu şəxs kimdir?

Marağını boğa bilməyənlər, tələsik deyim, Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. “Molla Məhəmməd” təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Allah ölənlərinə rəhmət eləsin, yeniyetmə Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kəndə məşhurlaşıb.

Uşaqlığı Bakının “Sovet məhəlləsi”ndə, yayda “Albalı bağları”nda keçən Molla Məhəmməd, əlbəttə, təkcə şeirləri sandıqlarda gəzdirən kənd söz ustadlarını görmüşdü. Amma Əliağa Vahid kimi sənətkarlara uzaqdan-uzağa baxmışdı. Ona yaxınlaşmaq əsarəti tapmayan yeniyetmə böyük ustadı yaxşı xatırlayır. “Onu bağda görmüşəm, paltoda, başında şlyapa, əlində də çətir. Yaxınlaşmağa üzüm gəlmirdi. Elə uzaqdan-uzağa baxırdım...”

Mərhum Nəsibə Zeynalovanın oğlu Cahangirlə isə uzaqdan-uzağa deyil, yaxından-yaxına ünsiyyətdə olurdular. Çünki bağ qonşusu idilər. Və günlərin bir günü məhz uşaqlıq dostu Molla Məhəmmədin yazdığı “Çağırsa ellər, gedərəm davaya” meyxanasının yazılı şəkildə anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.

Əruzun ən sadə bəhrində yazılan meyxanada Molla Məhəmməd bircə nəfəri ustad sayır: “Ağahüseyn Əfsunun tayı-bərabəri yox idi. Heç Vahidin də onunla deyişməyə gücü çatmırdı. O, 1967-ci ildə öldü. Aclıq və səfalətdə...”

Qəzəlxan şairlərdən Ələkbər Şahidlə möhkəm dostluğu olmuş Molla Məhəmmədin ürək qızdırdığı simalar arasında bir ad xüsusi durur – Məmmədbağır Bağırzadə. Molla Məhəmmədin şeirlərini öz mahnılarına (“Bu dünyadan o dünyaya” və s.) cilalayan mərhum müğənni onun müəllif hüquqlarına daim hörmətlə yanaşıb. Təəssüf ki, bunu digərləri haqqında demək olmaz. Məsələn, “Bakılı balasıyam” adlı mahnısının sözlərini kimin yazdığını demək Səməd Səmədovun heç yadına düşmür.

Sovet dönəminin məşhur cütlüyü – Eyvaz Həsənov və Təranə Vəlizadə duetinin ifa etdiyi “Bilmirdin, biləydin” mahnısının da müəllifi Molla Məhəmməddir. Zeynəb Xanlarovanın bir neçə populyar mahnısının da sözləri eyni dəst-xətlə yazılıb. Baloğlan Əşrəfovun repertuarındakı “Kim deyir, sevməyir hər naxələf övlad ananı” sözləri olan mahnı isə həbsxana divarından köçürülüb.

Bəli, bəli, Molla Məhəmmədin 58 illik tərcümeyi-halında belə bir epizod var. “Məhbəsdə kağız-qələm tapmadım. Odur ki, şeiri divara yazdım...” Şeirlərinin bir qismi çap olunmuş Molla Məhəmmədin evində olan yeganə yadigar nəşr 1993-cü ildə işıq üzü görmüş “Meyxanalar” kitabıdır. 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəl festivalında (həmin festivalı Vahid Xeyriyyə Cəmiyyəti təşkil etmişdi) ona verilmiş diplomda isə bu qeyd var: “Vahid davamçısı”.

Böyük ustadın layiqli davamçısı, təəssüf ki, layiqli hörmətlə çox az qarşılaşıb. “Məndən çoxları qəzəl istəyir, amma vermirəm. Çünki aparıb öz adlarına çıxırlar. Yeni meyxanaçılar isə lap hədlərini aşıb. “Yadıma düşmür harda görmüşəm səni” mənimdir. Amma onu meyxana müsabiqəsində başqası öz adına çıxdı. Molla Məhəmmədin adını dilinə gətirən yoxdur. Çünki ayaq üstə deyiləm...”

Molla Məhəmməd ev dustağıdır. “1994-cü ildə tutuldum, 4 il iş kəsdilər”.

“Beş il bundan əvvəl də ayaqları və dili tutuldu”, - bunu bayaqdan ərinə “tərcüməçilik edən” xanımı deyir. Doğru başa düşməniz üçün deyim: Molla Məhəmməd danışa bilmir və onun adından bayaqdan dırnaqarası gedən cümlələri anladan ömür-gün qadınıdır. Nahaq yerə deməyiblər ki, lalın dilini anası bilər. Əgər lal evli kişidirsə, anasından başqa bir də xanımı...

“O vaxtdan Molla Məhəmmədi itirib-axtaran yoxdur. Hərdən tələbəsi Mirsadıq Axundov baş çəkir (Mirsadıq Axundov ötən il dünyasını dəyişib - Ə.R.). Bir də meyxanaçı Ağamirzə. Əvvəllər rəhmətlik Elçin ondan dərs alardı. O da həyatdan nakam getdi. Qətlə yetirdilər... Saymamazlıq, unutqanlıq ona pis təsir edir. Heç televizora da baxmağa qoymuram. Oğurlanmış misralarını eşidəndə hirslənir. Bir dəfə bərk əsəbi vaxtı neçə-neçə şeir dəftərini oda atdı...”

48 vərəqlik dəftər. Molla Məhəmmədin evində əl xətti ilə yazılıb-doldurulmuş sovet istehsalı olan belə dəftərlər qalaq-qalaqdır. Qəzəllər, meyxanalar... Ən çox da Vahidə nəzirələr. Bir-iki nümunə gətirək. Məsələn, bax, bu
lap arifanədir:

Dustilər, siz seyr edən meyxanələr bizdən qalıb,
Sizlərə qəmxar duran həmxanələr bizdən qalıb.
Qaldırıb sağlıq deyərkən bizləri bir yad edin,
Doldurub siz nuş edən peymanələr bizdən qalıb.

Bizlər də bir gün əsir idik meyə-meyxanəyə,
İndi o siz söyləyən, dinlənən əfsanələr bizdən qalıb.
Bizlər artıq məst düşilb ayılmışıq canənədən,
Siz sevən, siz dərdləşən canənələr bizdən qalıb.

Çox da fəxr eyləmə sən, ey meyxanələr divanəsi,
Sizdən də məşhur olan divanələr bizdən qalıb.
Söyləyim mən bunu, bir dinləyin, biz varıq,
Çünki siz abad edən viranələr bizdən qalıb.


Və bir lirik parça:

Gördüm o günü gül bağında dilbəri xəlvət,
Qaşları hilal, gözləri ala, ləbləri şərbət.
Son sözünü mənə söylədi, gəlləm hələ əlbətt...

Ardını oxuya bilmədim... əsəbi xətt!

“Hazır qızıl külçədir! – deyə düşünürəm. - Əlbəttə, şeirlərin əyər-əskiyi də var... Sənə yaxşı bir ədəbi redaktor gərək, Molla Məhəmməd. Amma indiki zamanda zər qədrini bilən zərgərlər varmı?..”

Əziz RZAZADƏ

yanvar, 2009.


P.S. Molla Məhəmməd 2010-cu il fevralın 23-də dünyasını dəyişib.O, Maştağa qəbristanlığında dəfn olunub.
# 2805 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #