Bir qəzet əhvalatı

Bir qəzet əhvalatı
11 iyul 2011
# 11:58
Səhər saat səkkizdə o, artıq Cuzeppenin köşkündə idi, sıxılmaqdan nəmlənmiş vəziyyətdə. Doğulduğu yerə məxsusi olan bir hiyləgərliklə Cuzeppe qarşıdan gələn müştəri ilə eşqbazlıq etməyə başladı, müdirlərini isə, şübhəsiz ki, qaynamağa qoyulmuş çaydan fərziyyəsinə uyğun olaraq, nuş eləmələrindən ötrü tək qoydu.

Sözügedən qəzet özünün ənənəsinə və tərtibatına uyğun olaraq, təhsilverici, məsləhətverici, xəbərləndirici, idman, evdarlıq və bələdçi funksiyalarını icra edirdi.

Onun bütün üstünlükləri arasından üç əsas xəbər başlığı seçilə bilərdi. Biri asan və sadə, amma maarifləndirici dildə yazılıb valideyn və müəllimlərə ünvanlanmış, uşaqlara cismani cəza verməni tənqid edən xəbər idi.

Digəri tətillərə çağırış edən məşhur fəhlə hərəkatı liderinə qarşı yönəlmiş günahlandırıcı bir başlıq idi.

O biri isə açıq-aşkar bir tələb idi ki, polislər cəmiyyətin qoruyucuları və xadimləri olaraq operativliyi artırmaqdan ötrü dayanmadan işləsinlər və hər bir situasiyada yardımçı olsunlar.

Bütün bu deyingənlik və tələblərdən əlavə, yaxşı vətəndaşlıq haqqında resept də redaktorun “qəlbdən qəlbə” rubrikasında çox incə bir mətləb şəklində − sevdiyi xanımın qəddarlığından şikayətlənən bir oğlana xanımın ürəyini necə qazana biləcəyini öyrətməklə verilirdi.

Hə, bir də gözəllik səhifəsində parlaq gözlər, al yanaqlar və gözəl görünüşü necə qorumaq haqqında gənc bir qızın verdiyi suala ətraflı cavab verilmişdi.

Xüsusi informasiya daşıyan digər bir yazıda aşağıdakını ifadə edən qısa “şəxsi” mesaj vardı:

“Əziz Cek... Məni bağışla. Sən haqlı idin. Məni və ...nı səhər saat 8.30-da Medisonda gözlə. Biz günorta yola düşürük.
Peşman olmuş biri.”

Saat 8-də yorğun görkəmli və gözlərində həyacan parıltısı olan cavan bir oğlan bir penni ödəyib Cuzeppenin köşkündəki ən üst qəzeti götürdü. Yuxusuz gecə onun gec oyanmasına səbəb olmuşdu. O, saat doqquza ofisə çatmalı idi, üstəlik üzünü təraş etməli və vaxtın çatmadığı bir anda bir fincan qəhvəni tələsik içməli idi.

O, bərbərinə dəyib yoluna davam etdi. Qəzeti cibinə basdı və qəlyanaltı vaxtı onu gec də olsa, oxuyacağını düşündü. Növbəti döngədə qəzet onun cibindən düşdü, onunla birlikdə oğlanın bir cüt yeni əlcəyi də. Üç küçə getdikdən sonra əlcəklərini itirdiyini aşkar edib tər içində geri döndü.

Yarım saata o, qəzetlə əlcəklərin düşüb qaldığı yerə çatdı. Amma axtardığına qarşı qəribə bir laqeydliklə yanaşdı. O, balaca əllərini bacardığından artıq dərəcədə sıxmış və peşman olmuş iki gözün içinə baxırdı, qəlbində isə sevinc hissi coşmağa başlayırdı.

“Əziz Cek,” – qız yazmışdı. “Mən bilirəm ki, sən çatacaqsan.”

“Görəsən, bununla nə demək istəyib?” – oğlan öz-özünə dedi. - Amma hər şey yaxşıdır, hər şey əladır.”

Qərb tərəfdən qəfildən qalxan bir külək qəzetin səhifələrini açdı və onu səkidən qaldıraraq yan küçənin aşağısına uçuraraq apardı. Həmin küçənin baş tərəfindən ipə-sapa yatmayan bir kəhər at arabaya qoşulmuş halda gəlirdi, arabanın içində isə “qəlbdən qəlbə” rubrikasına xanımı ilə münasibətlərini yaxşılaşdırmaqdan ötrü məsləhət üçün müraciət edən cavan oğlan oturmuşdu.

Külək dəlicəsinə əsərək qəzeti düz kəhər atın üzünə yapışdırdı. Kəhər at arabası ilə birlikdə bir göz qırpımında dörd küçəni qət etdi. Və bu kosmoqoniyada yanğınsöndürən maşın da öz rolunu oynadı, araba sanki talenin istəyi ilə bir kibrit dənəsi oldu və arabanı sürən oğlan gözəl bir evin qarşısındakı asfaltın üstünə sərələndi.

Evdəkilər bayıra çıxıb onu dərhal evə apardılar. Və orada onu heyrətlə izləyən baxışlara qətiyyən fikir vermədən özünü oğlanın başı üçün balış edən biri də tapıldı. Qız əyilib deyirdi: “Bu ki, sənsən. Bobbi, bu sənsən. Qabağındakını görmürdün? Əgər sən ölsəydin, elə mən də ölərdim, bir də ki...”

Bu küləkli havada elə etməliyik ki, qəzetimizdən aralı düşməyək.

Polismen O’Brayn onu nəqliyyata maneçilik törətdiyi üçün həbs etdi. O, qəzetin əzilmiş yarpaqlarını iri barmaqları ilə düzəldib Şendon Belz kafesinin işçilər üçün giriş qapısının bir-iki addımlığında dayandı. Bir başlığı yavaş-yavaş hecaladı: “Polislərə kömək hərəkatında qəzetlər öndə!”

Susun görək! Qapının arasından baş barmen Denninin səsi gəlir: “Gəl, bir qurtum iç, Mayk, dostum.”

Qəzetin ətraflı və sülhə səsləyən sütunları arxasından polismen O’Brayn cəld bir qurtum viskini qəbul edir. O, rəşadətlə, yenilənmiş, güclənmiş şəkildə öz vəzifə borclarını icra etməyə yollanır. Redaktor fəhlələri hərəkata sövq edən qədim, mənəvi və bədii bir töhfəni fəxrlə izləməyə bilməz.

Polismen O’Brayn qəzeti qatladı və yanından ötən balaca bir oğlanın qolunun altına zarafatyana dürtdü. Oğlanın adı Conni idi və o, qəzeti evə apardı. Onun bacısının adı Qledis idi, məhz Qledis gözəllik üzrə redaktora məktub yazaraq gözəlliyin praktik meyarlarını soruşmuşdu. Amma bu bir neçə həftə öncə baş vermişdi, ona görə də Qledis çoxdandır ki, cavabı görmək üçün qəzeti izləmirdi. Qledis solğun bənizə, məna ifadə etməyən gözlərə və hər zaman narazılıq ifadə edən üz cizgilərinə sahib idi. O, geyinirdi ki, avenyuya lent almağa getsin, ətəyinin altına isə Connini qəzetin iki yarpağını sancdı. O, yeridikcə əmələ gələn xışıltı səsi əsl ipəyin çıxardığı səsin eynisi idi.

O, küçədə bir mərtəbə aşağıda yaşayan Braunların qızı ilə rastlaşdı və söhbət etmək üçün ayaq saxladı. Braunların qızının rəngi yaşıla çaldı. Yalnız metrəsi beş dollara olan ipək parça Qledisin yeridiyi zaman bu cür xışıldaya bilərdi. Qız qısqanclıqdan məhv olmuş halda nə isə acı-acı dedi və dodaqlarını büzüb yoluna davam etdi.

Qledis prospektə tərəf getdi. Onun gözləri bir cüt brilyant kimi parladı. Yanaqları da al rəngə boyandı, çöhrəsini isə qalibiyyət saçan, incə, parlaq bir təbəssüm tamamilə dəyişdirdi. O, gözəl idi. Kaş ki, gözəllik üzrə redaktor onu bu an görə biləydi. Onun qəzetdəki cavabında bir məsləhət var idi, deyəsən, adi cizgilərin daha cəlbedici görünməsindən ötrü başqalarına qarşı xoş münasibət göstərmək barəsində.

Redaktor tərəfindən ciddi və ağır şəkildə mühakimə olunmuş fəhlə hərəkatının lideri Conni ilə Qledisin atası idi. Qledisin içindən ipək səsi çıxaracaq bir neçə vərəqini götürdüyü qəzetin qalıqlarını o qaldırdı. Redaktorun ona aid yazdığı başlıq gözünə dəymədi, əvəzində axmaqları və müdrikləri bir araya gətirən dahiyanə bir krossvord gözünə sataşdı.

Fəhlə hərəkatı lideri səhifəni ortadan cırdı, masanın arxasına keçdi və qələmi əlinə alaraq krossvorda yapışdı.

Üç saat sonra, onun gəlişini əvvəlcədən təyin olunmuş yerdə gözləməkdən bezən daha mühafizəkar fikirli başçılar münaqişənin həll olunmasına səs verdilər. Beləliklə, tətil öz acınacaqlı nəticələri ilə birlikdən aradan qaldırıldı. Qəzetin növbəti saylarında rəngarəng boyalarla, şeypur çalaraq fəhlə hərəkatı liderinin edəcəklərinin qarşısının müvəffəqiyyətlə alındığı elan olunacaqdı.

Qəzetin yerdə qalan səhifələri də öz güc-qüvvətini sübut etməkdə davam edirdi.

Conni məktəbdən qayıtdıqdan sonra sakit bir küncə çəkilib paltarının altından qəzetin yerdə qalan hissəsini çıxartdı. O, onları əvvəlcədən geyiminin altında elə yerləşdirmişdi ki, məktəbdə adəti cəzalar aldığı zaman onu alacağı zərbələrdən qorusun. Conni özəl məktəbdə təhsil alırdı və müəlliməsi ilə yola getmirdi. Öncədən deyildiyi kimi, qəzetin bu sayında cismani cəzalara qarşı olan mükəmməl bir məqalə vardı və şübhəsiz ki, məqalənin vermək istədiyi mesaj lazımi ünvana çatmışdı.

Bütün bunlardan sonra qəzetlərin gücünə hələ də şübhə edən varmı?

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 943 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #